Yeni insan, kamil insan?
 
        Son illər, müstəqilliyimizin 
          artıq oturuşmuş zamanında cəmiyyətimizdə köklü dəyişikliklərə ciddi 
          ehtiyac əmələ gəlib. Əbədi atalar və oğullar probleminə daha bir neçə 
          həll olunası məsələlər də qatılıb. Nəsillər arası münasibətlərin qırılması, 
          kütləvi savadsızlıq, xalqımıza qətiyyən xas olmayan yeni davranış və 
          etika qaydalarının əmələ gəlməsi belə bir fikir üzərində dayanmağa vadar 
          edir: Bəlkə yeni insan yaranışının astanasındayıq? Efiri zibilləmiş 
          mədəniyyətsizlik, nadanlıq yeni prosesin əlavə məhsullarıdır bəlkə? 
          
           Küt insan küt qılıncdan betər kəsir
           Hörmətli professorumuz Azad Mirzəcanzadənin dost tanışları 
          xatırlayır ki, nəyisə başa salandan sonra o, dediklərinin müsahibə kifayət 
          qədər anlaşıqlı oloduğunu aydınlaşdırmaqçün standart ifadələr əvəzinə 
          həmişə «Deyə bildimmi?» soruşardı. O, «Başa düşürsünüzmü?!», «Anlayırsız?», 
          lap kobud desək «Qandınmı?» soruşmağı özünə icazə verməzdi. Çünki onun 
          daxili mədəniyyəti deyirdi ki, söz müsahibə çatmayıbsa deməli fikrini 
          kifayət qədər aydın ifadə edə bilməyib. Qarşısındakının axmaq olduğunu 
          düşünmək çox pis adətdi. Bu insanın özünə ərki çatırdı, öz imkanlarını 
          aşağılamaqla natamamlıq kompleksləri keçirmirdi. Başa salmaq ifadəsinin 
          özü də daxili mədəniyyətin qayda-qanununu pozur. Baş gərək yerində olmaya 
          ki, insanın qafasını yerinə salmaq lazım gələ. Nə olsun ki, bu günün 
          müəllimləri, məruzə deyən professorlarımız əslində tələbələrin başını 
          yerinə salmaqla məşğuldur. 
          Müqayisə üçün bu günün necə deyərlər mənəviyyat liderlərinin televizorda 
          çıxışlarına baxaq. Orkestr qarşısında dirijorluq edirmiş kimi əl-qolu 
          yelləmək, ayağın birini qoyub o birini götürməklə səbirsizlik ifadə 
          etmək, bir-birinin sözünü kəsmək elə bil ki, adi haldı. Danışmağa elə 
          «Bilirsinizmi….» ilə başlayırlar. Bu ifadənin arxasında gizli mətn «Mən 
          bilirəm və indi sizi də qandıraram» fikrini deyir. Bunu həssas qulaqlar 
          duyur. Aparıcının heç ağlına da gəlməz ki, bu mövzuda kimisə məzəmmət 
          etsin. Onun incə eyhamları duymağa, sonra onları təhqir etmədən çatdırmağa 
          daxili mədəniyyəti çatmır. 
          Polad almaq üçün müxtəlif metalları müəyyən tempraturda əridib qarışdırıb 
          sonra yaxşıca döyəcləmək lazımdı. Döyəcləməsən, sonra onu soyuq suda 
          diksindirməsən hazırladığın «qılınc» küt olar, kəsməz. Bizdə bir ifadə 
          də var, sözünün dalı da kəsir, qabağı. Bəzən qılıncının dalı da kəsir, 
          qabağı da deyirlər. Yəni azərlər üçün söz qılınca bərabərdir. İnsanlar 
          da küt ola bilir. Heç kim küt qılıncı tullamır. Ona başqa metallarlə 
          qarışdırıb yenidən döyəcləmək olar. Yəqin ki, insanlarla da belədi. 
          Bir neçə nəsil yaxşı, uğurlu izdivacdan sonra bir də gördün normal nəsil 
          gəldi. 
           Avtomat, sinir və əzələdən ibarət maşın
           Keçən əsr yeni insan yaranışı məsələsində çox irəli getdi. 
          Sonu faciəylə nəticələnən eksperimentlər qoyuldu, çoxlu qurbanlar verildi, 
          amma nəticəsi ürəkaçan olmadı. Bolşevik inqilabı baş verən kimi yeni, 
          sovet insanı yaratmaq üzərində təcrübələrə başlandı və cildlərlə indi 
          lazımsız olan kitablar yazıldı. Yeni cəmiyyətə yeni insan gərək idi. 
          Əlbəttə, yaradılmış yeni isnan obrazı daha çox karikaturaya bənzəyirdi. 
          O, fiziki cəhətdən çox güclü olmalı, kolletivizm ruhunda böyüyüb kommunizm 
          uğrunda gözübağlı bütün dünya ilə vuruşmalı idi. «Biz avtomat , sinir 
          və əzələlərdən ibarət maşın yaratmalıyıq və onları təbii fəhlə hərəkatına 
          çevirməliyik» yazan sovet alimləri dövlətin zəhmətkeş işlək kütləsini 
          belə görürdü. Arabir intellektual səviyyənin artırılması barədə də şəffaf 
          replikalar eşidilirdi. Amma onları da hərbçilərin əlinə verib tərbiyələndirməyi 
          düşünürdülər. Bir növ ağıllı idmançı, ya da hərbçi obrazına yaxın yeni 
          insan yaranmalıydı. Biz də sovet tərbiyəsini keçdik, amma mentalitetimizdə 
          bu insan obrazı oturuşmadı.
           «Qar adamı»nı Stalin sifariş verib
           Yeni insandan danışanda Bulqakovun «İt ürəyi» əsərini xatırlamamaq 
          olmur. Professor Preobrajenskinin insan və itin cütləşməsindən yaratdığı 
          Şarikov obrazı yaradılacaq yeni insanın cəmiyyətdə özünü aparmasına 
          dair klassik misal idi. Ola bilər ki, heyvanla cütləşmiş insan heyvandan 
          həyat eşqi, yaşamaq uğrunda mübarizə instinktini mənimsəyəcək. Amma 
          o, kostyum geysə də, vannada çimsə və gümüş qaşıqla yemək yesə də adi, 
          normal insan səviyyəsinə qalxa bilməyəcək. Bu əsərə görə Bulqakovun 
          başı çox ağramışdı. Kitabı işıq üzü görməmiş müsadirə etmişdilər. Çünki 
          əsərin hadisələri Suxumi zooparkında baş verənlərə çox oxşayırdı. 
          O vaxtın məşhur alimi və indi unudulmuş İlya İvanov heyvanlar arasında 
          hibritlər yaratmaqla ad çıxarmışdı. Maral-öküzlər, zebroidlər, yarımcins 
          bizonlar, yarı siçan, yarı dovşanlarla ad çıxarmış alim sovet hökumətinin 
          sifarişiylə meymun və insanın cütləşməsinə başlamışdı. «Təbiəti yəhərləmək 
          lazımdı!» deyən Stalin ağlasığmaz layihə ilə yeni, işlək, yorulmaq bilməyən 
          və əmrə müntəzir yeni insan irqi yaratmaq istəyirdi. Bəzi alimlər etiraz 
          edirdi, çünki növlərin hibridi alınsa da onlar qısır olurdu və nəsil 
          vermək qabliyyətini itirirdi. Necə ki, at və uzunqulaqdan doğulan qatır 
          nəsil verə bilmir meymun və insandan doğulacaq varlıq da qoşa xromosom 
          əvəzinə tək xromosom daşıyıcısı olduğundan nəsil artırmaq imkanından 
          məhrum olacaqdı. Meymunları insan spermasıyla mayalandırmaq Suxumi zooparkında 
          baş verirdisə qadının meymundan doğması prosesi üçün şəraiti fransız 
          Qvineyasında yaratmışdılar və yük aborigen qadınlarının çiynində idi. 
          Amma bu qadınlar meymunla xoşluqla cütləşmək istəmədiyindən yaradılmış 
          düşərgə yaxşı təhciz edilməsinə baxmaaraq dağıdıldı. Köməyə yenə də 
          sovet qadınları gəldi. Məsələnin üstü bir balaca açılan kimi onlarla 
          qadın könüllü şəkildə yeni insan yaradılması prosesində iştirak etməkçün 
          xahiş məktubu yazmağa başladı. Bu layihəyə İvanov o vaxtlar üçün fantastik 
          görünən məbləğ - 30 min rubl aldı. «Evolyusiya» start götürdü. İndi 
          təcrübələrin gedişatı barədə bizim tam təsəvvürümüz yoxdu. Çünki bütün 
          materiallar, şahidlər və hətta təcrübəni qoyanlar da məhv edilib. Amma 
          deyirlər ki, təcrübələr həm zooparkda, həm də QULAQ ərazisində məhbuslar 
          arasında aparılırdı. Deyilənə görə təcrübənin nəticəsində boyu 180 sm, 
          çox güclü, tez böyüyən amma tez də ölən, tüklü, yarı insan-yarı meymun 
          bir nəsil əmələ gəldi. Belə bir versiya da var ki, arabir kameralara 
          tuş gələn «qar adamı» həmin təcrübələr nəticəsində alınmış sonra başla-başına 
          buraxılmış hibritdir. Sovet irqi məsələsi aradan qaldırılıb ağzı möhkəmcə 
          qapadıldı. Sovet ideoloqları insanların beynində dəyişiklik etməyə girişdilər. 
          
          İndi də insan və hayvanların cümləşməsi təcrübələri qoyulur. Amma məqsəd 
          yeni insan deyil, insana donorluq edə biləcək yarı donuz, yarı insan 
          yaratmaqdır.
           İnsan kütləvi miqyasda dəyişdirilərkən
          
 
           3-cü reyxin də yeni insan yaradılması üzrə təcrübələri məlumdur. 
          Onlar yeni, unikal insan irqi yaratmaqçün çalışırdılar. Xüsusi ayrılmış 
          laboratoriyalarda müxtəlif irqlər qarışdırılırdı, rəssamlar alimlərlə, 
          idmançılar yazıçılarla cütləşdirilirdi. Bütün bunların vətən uğrunda 
          olduğu zənn edilirdi. Yəhudiləri qırmaq onları alman xalqının genefondundan 
          çıxarmaq cəhdləri idi. Faşizm süqut etməyə başlayan kimi ən birinci 
          bu laboratoriyanın izləri silindi. Əlyazmalar nə amerikalıların, nə 
          sovetin əlinə keçdi. 
          Hitler də, Mussolini də yeni insan yaratmaq xülyalarıyla yaşayırdı. 
          Hitlerin təbliğatçısı Rozenberq yazırdı: «Bizim əsrin missiyası yeni 
          tip insan, yeni həyat tərzi barədə mif yaratmaqdan ibarətdi». Fişist 
          təcrübəsi bu missiyanın nə qədər qəddar və insana qarşı olduğunu göstərdi. 
          İnsan təbiətinin kütləvi şəkildə dəyişdirilməsi barədə Marks və Engels 
          də yazırdı: «Kommunist şüurunun kütləvi miqyasda istehsalı üçün insanların 
          da kütləvi dəyişdirilməsinə ehtiac var. Ona görə yox ki, hakim təbəqəni 
          yalnız inqilabla taxtdan salmaq olar, ona görə ki, yalnız əsrlərin nəcisini 
          üstündən çırpmaq şərtilə inqilab etmək mümkündü. Yalnız bu şərtlə yeni 
          cəmiyyət qurmaq olar». Yəni ki, zorakılıq yoluyla şəraiti dəyiyşməklə 
          inqilab edəcək insanları yaratmaq mümkündür. İnsanın təbii keyfiyyətləri 
          və instinktlərinin – ehtiraslar, qəzəb, nifrət, narazılıq, hakimiyyət 
          istəyinin ardıyca getməklə görünməz mistik güc qazanmasını görən liderlər 
          – Marks, Engels, Lenin, Hitler, Stalin zorakılığın qüvvəsini etiraf 
          edirdilər. Keçən əsrin müharibələri yeni, kökləri olmayan, vəhşi instinkləri 
          ideallaşdırılmış insanın yaranması üçün lazımi şəraiti yaradırdı. Biz 
          indi yaxşı bilirik ki, bundan yazşı bir şey alınmadı. 
          Yeni yaranacaq nə varsa mutantdı
           Müasir filosoflar etiraf edir ki, zorakılıq əsrində insan 
          onsuz da inqilablar, müharibələr, müasir və proqressiv adlanan hər bir 
          şeyin təsiri altında dəyişir. İnsan təbiətinin dəyişməsini etiraf etməmək 
          mümkün deyil: «Müasir dünyanın bütün istiqamətlərində: iqtisadiyyat, 
          texnika, siyasət, elm, təhsil, psixologiyada baş verən dağıdıcı qüvvənin 
          təsiri altında insanın qiymətdən düşməsi prosesini artıq mutasiya kimi 
          qəbul etməyə məcburuq» (Erik Kaxler). Bu problemin çox dərin qatlarında 
          gizlənən mənanı anlayanlar onu da bilir ki, mənəviyyat problemlərini 
          yalnız mənəviyyat müstəvisində də həll etmək olar. Artıq bəşəriyyəti 
          xilas etməkdən əlini üzmüş ağıllılar hamının üzərindən yüksəklərə qalxmış 
          «superinsan»ın müdrikliyi ideyasını irəli çəkir. Əslində yeni yaranacaq 
          nə varsı hamısı mutantdır. Kökləri olmayan, keçmişindən qoparılmış, 
          sketpik, mənəvi meyarlara şəkklə yanaşan, yolu və Həqiqətə çatmaq şansı 
          olmayan bir məxluq. Öz özünün allahı olduğundan o, dünyanı təcrübələr 
          qoyular bir laboratoriya kimi qavrayır, bir dəqiqənin insanı kimi güclünün 
          hakimiyytini qəbul etməyən, vicdanı olmadığından elementar ideyalar 
          doğurmağa qadir deyil. Ona görə də hər hansı ali ideya, yaxud həyatın 
          mürəkkəbliyi barədə bir fikir onu özündən çıxarır. Yeni dövr yarımadamlar 
          növünün doğulması məqamını bayram edir. Sadalananlardan nəsə tanış gəlirmi?
           Yeni insan bəlkə sən özünsən?
           Bütün texniki yeniliklər, süni insan orqanlarının yaradılması, 
          quraşdırılan çiplər insanın nə şüurunu, nə də vicdanını artıra bildi. 
          Bu prosesi təbiətin öhdəsinə qoysaq o bizi geriyə, arı səviyəsinə, pətək 
          qurmaq mərhələsinə qaytaracaq ki, buraxılmış səhvləri düzəldə bilək. 
          Fərdlərin ağlının artması insanı kolletiv şəkildə şüurlu etmir. Bizdən 
          soruşsalar yəqin ki, kollektiv şəkildə şüurlu həşəratlar olmaq istəmərik.
          Mədəniyyət məsələsində belədir ki, hər yeni yaranan insan obrazı quruluşla 
          birgə məhv olur. Sovet quruluşu batan kimi sovet insanı da yoxa çıxdı. 
          Heç kim sizə təminat vermir ki, uşaqlarınız sizin sevdiklərinizə nifrət 
          etməyəcək, tikdiklərinizi sökməyəcək. Hər yeni nəsil öz-özünü yenidən 
          quraşdırır. Kamil insan və kamil cəmiyyət barədə də utopik fikirləri 
          atmalı olacağıq. Hər kəsin gücü yalnız özünə çatır. İnsan özündən başlayıb 
          özündə də bitməlidir. Başqasına təcaviz edən kimi eybəcərlik alınır. 
          Öz-özünü yüksəkliklərə qaldırmaq insan qarşısında duran bəlkə də ən 
          həlledilməz məsələdir. İnsanın zorakılıqla yeni isnana çevrilməsi böyük 
          günahlardan biridir.
          İndi ətrafımızda baş verən yeniliklərə baxıb çənəmizi heyrətdən salladırıqsa 
          və cavanları anlamırıqsa bu hələ ki, yeni insanın yaranışı deyil. Kütləvi 
          informasiya vasitələri kimin əlindədirsə prosesi də o idarə edir. Televizora 
          baxıb qeyzlənmək, hamını söymək əvəzinə özündən başla. Yeni insan sən 
          özünsən! Yalnız sən istəsən yeni, keyfiyyətcə yüksək mərhələyə keçə 
          bilərsən. Bu yolda kimsəni dərvişliyə çağırmırıq. Asketizm lazımsa televizora 
          bixma, yola çıxma, ünsiyyət girmə. Kütlənin hamılıqla inkişafından hələ 
          ki, yaxşı bir şey alınmayıb. Bircə tək özünün, yalnız öz fikirlərinin 
          öhdəsindən gələ bilsən arxanca minlərlə adamı apara bilərsən. 
           ***
           Köhnə insan ölməkdədir, o can verir. Ona ağlamayın, sağ qalmağına 
          da çalışmayın. Çünki köhnə öləndə yenisi doğulur. Yeninin nə olduğunu 
          bilmək istəsən ürəyinin səsini dinlə. Gen yaddaşın səni çaşmağa qoymaz. 
          Bütün yenilikləri də dədə-babanın sənə miras verdiyi gen «xucunuyla» 
          edəcəksən. İndiyədək təbiətinlə çox vuruşmusan, emosiyalarınla çarpışmısan. 
          Onların səsini dinləmək zamanı gəldi. İnsan orkestr kimi yaradılıb, 
          onu bir alət səviyyəsinə endirmək də olmaz. Yeni insan bütün maneələri, 
          dini, cinsi, irqi, mədəni baryerləri aşacaq. 
          … Görəsən mən fikrimi deyə bildimmi?
           
Qadın baxışı