Xəyanət
Əgər sənə xəyanət ediblərsə, buna görə özünü 9-cu mərtəbədən atmaq istəyirsənsə xatırla ki, sənin qanadların yox, buynuzların var.
 
           
Xəyanət – qəribə həyat hadisəsidir. Bir tərəfdən ətrafımızda 
          o qədər xəyanətlər görürük ki, bəzən o, adiləşir, hətta gündəlik ailə 
          işinə çevrilir. Başqa bir tərəfdən isə şəxsən öz həyatında yaxın insanın 
          xəyanətini yaşamalı olursansa bütün dünya alt-üst olur. Elə bil ki, 
          bundan sonra heç nəyi bərpa eləmək, heç nəyi yerinə qaytarmaq mümkün 
          olmayacaq. 
          Etarif eləməliyik ki, bu gün böyük şəhərdə yaşayan insan üçün həyat 
          yoldaşından başqa 2-3 partnyor taparaq yaşamaq bir nəfərlə ömrü boyu 
          yaşamaqdan daha rahatdı. Bütün sevgilərin sonu ütülənməmiş köynəyə və 
          təmirə ehtiyacı olan su kranına dirənir. İkilikdə tənhalıq bundan sonra 
          başlayır. İnsanlar xəyanətlərlə nə qədər mübarizə eləsələr də bu, indiyədən 
          bəşəriyyətin ən sevimli gunahı olaraq qalır. Şəhərlərdə kişi xəyanətlərin 
          faizi bəzən 70-i adlayır. Qadınlarda bu rəqəm 40 faiz ətrafındadır. 
          
Kişini xəyanətə təhrik eləməkçün ona ərə getmək 
          kifayətdir.
          Yoji Vittlin
Kişi, yaxud qadın xəyanəti olsun fərq eləməz, bu baş 
          verərsə ruhi sarsıntılarına baxmayaraq hər kəs tez-tələsik situasiyadan 
          baş açmağa çalışacaq ki, ardını necə yaşayacağını dəqiqləşdirə bilsin. 
          Amma psixoloqlar bunu məsləhət bilmir. Sakitləşib xəyanəti doğuran səbəbləri 
          tapmaq lazımdır. Səbəblər isə çoxdur. Məsələn:
          Xəyanət sönmüş hisslərin nəticəsidir. Ola bilər ki, yoldaşınızın bunu 
          etiraf eləməyə cəsarəti çatmayıb. Xəyanət münasibətlərdəki problemlərdən 
          xəbər verir. Ola bilər ki, yoldaşınız ayrılmaq yox, əksinə sevgisini 
          qaytarıb yaranan soyuqluğu aradan götürməkçün cəhdlər eləyir. Bunun 
          klassik nümunəsi – ər hiss eləyir ki, qadını ondan soyuyub. Onda öz 
          katibəsinə qarşı qəfil hisslər oyanır. Yəni ki, arvadına irad tutmaq 
          əvəzinə problemi bu yolla həll etmək istəyir. Ona görə də psixoloqlar 
          deyir ki, bəzən xəyanət ailədə münasibətləri tənzimləyən yaxşı vasitə 
          də ola bilir. Ola bilər ki, sonralar bu ailə ərin ayağının sürüşməsini 
          yaxşıca dərs kimi yada salıb güləcək də.
          Bəzən insan xəyanəti vasitəsiylə özünün inamsızlığını ört-basdır edir. 
          Özünə süper kişi, ya da super qadın olduğunu, qəlblərin «hakimi» ola 
          biləcəyini hər dəfə xəyanət etməklə təsdiqləməli olur. Amma bu yolla 
          özündə əminlik yaratmaq özünə zülm verməkdi. Cəmiyyətdə belə bir deyim 
          var ki, əsil kişinin guya ki, arvadından başqa heç olmasa bir məşuqəsi 
          olmalıdır. Bu steriotipi adlaya bilməyənlər xəyanət toruna düşürlər.
          Xəyanətlə üzbəüz qalanda hamı bilir ki, bu bir nəfərin problemi deyil. 
          Xəyanət dünyanın axırı, hətta münasibətlərin sonu da deyil. Bu, sadəcə 
          siqnaldır. 
           «Mən kişiyəm, mənə olar!»
           Kişi xəyanəti barədə o qədər deyilib və o qədər yazılıb ki, 
          bunun həcmini yalnız tənhalıqda göz yaşları içində keçirən qadınların 
          sayı ilə ifadə eləmək olar. Xəyanətlə üzləşəndə ən birinci beyninə gələn 
          sual bu olur: Axı nəyə görə? Bəziləri təkid eləyir ki, kişi xəyanətini 
          anlamaqçün kişi olmalısan. Kişilərin poliqamiyaya və fasiləsiz nəsil 
          vermə instinktinə arxalanmaq ən çox yayılmış fikirlərdən və izah etməyin 
          ən rahat yollardan biridir. Statistika dəhşətli rəqəmlər deyir: 70 faiz. 
          Kim qarantiya verə bilər ki, sən ayağı sürüşməyən fantastik ərə malik 
          olar 30 faizin içindəsən? Öz aramızdı, kişilərin içində xəyanəti izah 
          eləməyə çalışmaqçün beynini işlətməyə təmbəllik eləyən tiplər də az 
          deyil. «Cəmi bir dəfə olub e…» deyib canını qurtarmaq istəyənləri nəzərdə 
          tuturam. Belə ekzemplyarlar davranışında kriminal görmür və xanımının 
          həyəcanını, eləcə də göz yaşlarını axmaqlıq kimi qiymətləndirir. Söhbət 
          uzansa deyəcək ki, «Mən kişiyəm, mənə olar!»
Mənim arvadım deyir ki, məzuniyyətdə olarkən 
          nə etdiyimin fərqində deyil.
          Amma bir şərtlə, əgər bu mənə xüsusi ləzzət vermirsə.
          Li Trevino
Ağlasığan dərəcədə azadlıq hər kəsin hüqüqüdür. Bunsuz 
          ailədə hec cür mümkün deyil. Təzəcə tanış olduğumuz mərhələdə yoldaşımızı 
          olduğu kimi qəbul edirik. Amma sonra istilaçılıq instinklərimiz baş 
          qaldırır deyən sevimli insanın nəinki ürəyinə, hətta udduğu havaya da 
          iddialar irəli sürürük. Bu məqamda əsil məhəbbət haqqında ən absurd 
          xülyalar yaranır ki, onların heç biri əsil həyatın qarşısında davam 
          gətirmir. Pasportda möhür insanın bədəninə tam hüquq vermir. Elə bil 
          ki, bu möhürdən qaçmaq mümkün deyil və o ömrü boyu səni sevməyə «borcludur».
          Qadın xəyanətin üstünü açmaqçün ərinə bir dəfə baxsa kifayətdi. Neçə 
          minilliklərdi ki, qadın kişidən maddi asılılıqdadır. Ona görə də qadınlar 
          kişinin ürəyinə aparan bütün yolları və cığırları da yaxşıca öyrəniblər. 
          Ocağının və uşaqlarının hüqüqünü müdafiə edən bir insan kimi kişini 
          evdən qırağa buraxan qadın maddi stabilliyini itirir.
          Ailə planlaşdırma mərkəzlərinin psixoloqları təsdiqləyər, xəyanət olmasaydı 
          ailələr bir-iki ilin içində dağılardı. Bəziləri üçün xəyanət tualetə 
          növbəti dəfə səfər eləmək kimi bir şeydir. Belələri üçün deyilir ki, 
          ailəyə yaramır. Onların üstündən bir xətt çəkdik. Psixoloqlar deyir 
          ki, ailədə üç dəfə böhran keçirilir və məhz bu dövrlərdə evlilərin ayağı 
          sürüşür. Birinci dəfə 2 il keçmiş sevgi bitəndə, ikinci dəfə 7 il ərəfəsində 
          ürəkləri şübhələr yeyəndə və sonuncu dəfə qocalığın ilk əlamətləri gözə 
          girəndə. Bu kişilərin 50 yaş ərəfəsində çox müşahidə edliir. Uşaqlar 
          böyüyüb, şəxsi həyat əvvəlki kimi yoxdur… 
          Spid və hepatit C bir flakonda
           Təbiətdə daimi mühərrik olmadığını qəbul etdiyimiz kimi əbədi 
          məhəbbətin olmadığını da anlamalıyıq. Eksperiment elə, ona de ki, «Sən 
          azadsan! Əgər mənsiz daha yaxşıdısa get». Adətən kişilər bu azadlığın 
          özündən o qədər hürkür ki, zülmlə əldə elədiyi məşuqəsini o saat ataraq 
          evə qaçırlar. Çünki stabilliyini itrmək istəmirlər. Görürsən ki, kişinin 
          qıraqda məşuqəsi var, onlar bir il, bəlkə də artıq 10 ildir ki, görüşür. 
          Amma kişi arvadını atmaq barədə heç düşünmür. Mahiyyət etibariylə kişilər 
          çox konservativdir. Onlar stabilliyi itirməkdən, əl altında olanı dəyişdirməkdən 
          çəkinir. O hətta bu barədə düşünməkdən qorxur. Xəyanət yaşanıbsa ruhdan 
          düşmək də lazım deyil. Kənardan kişi evə topladığı maraqlı seksual təcrübə 
          gətirə bilər. Əlbəttə bunun üstündə zöhrəvi xəstəliklək çələngi olmasa. 
          Laroşfuko deyir ki, «İnsanlar bir birini sevməyəndə ayrılmaq üçün bəhanə 
          tapa bilmirlər».
Sənə xəyanət ediblərsə bunun neçənci dəfə olduğunu 
          soruşma, 
          yoxsa həqiqətən heyrətlənə bilərsən
          
 
           Soruşa bilrəsiz: Xəyanət artıq baş verib, bəs neynəyək? Bu 
          ən çətin və həlledilməz suallardan biridir. Səhnənin əsəb, qışqırıq, 
          ürəkkeçmə, dava, savaş və sair bu tipli labüd hissələrin buraxaq və 
          soyuq başla düşünək. Əlbəttə ailə yuvasındı atmosfer sənin sevimli bir 
          dənəciyinin bu yuvaya qayıtmaq arzusundan çox asılıdır. Özü də vaxtı-vaxtında! 
          Bu yuvada davalar tez-tez olarsa kim oraya qayıtmaq istəyər? Heç olmasa 
          yuvadakı sabitlik naminə arabir «yaxşı qız» rolunu oynamaq da olar. 
          Yoxsa qaçacaq, vallah qaçacaq. Ətrafda o qədər gözəl yuvalar var ki… 
          Sən elə bilirsən ki, o, bir balaca kökəlib qarın bağlayıbsa, saçı tökülübsə 
          səndən başqa heç kimə lazım olmayacaq? Kişinin poliqamiyaya meyli onun 
          istilaçı instinkti ilə əlaqədardır. Birisini fəth eləyəndən sonra başqa 
          «zirvə»lərə can atır. Elə bilirsən ki, «retro» üslubunda enli ev şalvarı, 
          yorğun üzü və yuxulu gözləri olan «zirvə»yə dırmaşmağı o, ömrü boyu 
          arzulayacaq? Nəhayət, «bikini» deyilən sehrli çubuq kimi işləyən bir 
          vasitə də var, unutma! Kişilərimiz subaylıqdan əl çəksələr də sultanlıqdan 
          ən çəkmirlər.
          Bir yerdə qalmaq istəyirsizsə mütləq onu bağışlamalı olacaqsız. Ürəkdən 
          bütün kin-küdurti silərək, heç nə olmamış kimi davranaraq, az keçmiş 
          başına qaxmadan bağışlamalı və unutmalı. Belə situasiyalarda qadın özünü 
          nə qədər təmkinli aparsa bir o qədər də udur. Axı qarşıda onu tanımadığı 
          qadınla rəqabət gözləyir. Saç düzümünü dəyişmək, geyimdə inqilab, arıqlamaq, 
          tanışlıq dairəsini artırmaq kimi güclü silahları var.
          Belə məqamlarda güllü önlüyün çiçəkləri, hətta pəncərədəki dibçək gülləri 
          də kara gəlmir, nə qədər gözəl olsalar da. Kişidən gül çələnci gözləməkdənsə 
          çiçəkləri döşəkağıya köçürün. Tərs kimi kişilər də gözləriylə sevir…
Qadın o qədər qəribə məxluqdur ki, sənə xəyanət 
          eləməmişdən
          bir neçə gün əvvəl artıq sənə yazığı gəlir 
          Kornel Makuşinski
           Artan xəyanətlər arasında qadın xəyanətləri də xüsusi sürətlə 
          irəliləyir. Kesmişdə bu barədə nəinki yazsaydıq, hətta danışsaydıq bizi 
          milli mentaliteti təhqir etməkdə suçlayardılar. Amma inanmıram ki, «qadınlar 
          da xəyanət edir» ittihamının qarşısında kimsə mübahisəyə girişər. Qadın 
          və kişi seksuallığı bir-birindən çox fərqlidir. Kişilər obyekti sevdi 
          ya yox, fərq etməz, onu istəyə bilir. Yəni jurnalın üz qabığındakı çılpaq 
          qadın şəklinə baxan kişi onu arzulayar. Amma qadınlara sevgi və hisslər 
          daha çox lazımdı, seks isə bunu tamamlayan bir nüansdır. Ona görə də 
          qadınlar üçün «Pleyboy» jurnalı elə də aktual olmadı. Kişiylə yaxınlıqdan 
          əvvəl qadın onu tanımaq istəyir. Ailədən qıraqda da qadın sevgi axtarır. 
          Belə situasiya daha mürəkkəbdir. 
          Qadın xəyanəti mövzusunda sensasiya 5-6 il əvvəl kütləvi genetik tədqiqatlar 
          yayılandan başlayıb. Robin Beyker adlı alim elektronika ilə silahlanmış 
          qrupu ilə 30-40 yaş arası ingilis xanımlarını tədqiq edərkən ortaya 
          sıxarıb ki, onlardan 11 faizi (9 uşaqdan biri) qanuni atasının övladı 
          deyil. Maraqlıdır ki, qadınlardan əksəriyyəti bundan xəbərsiz idi. Bu 
          qadınlardan bəziləri hipnoz altına salınmağa icazə verdi və məlum oldu 
          ki, uşağın atası tanımadığı, hətta adını xatırlamadığı bir təsadüfi 
          şəxsdir. Alim əmindir ki, qadınlarda vəfasızlıq geni adlandırılmış bir 
          gen var. Bu gen qadının uşaq doğmağa hazır olduğu dövrlərdə aktivləşir 
          və onu «yoldan çıxarır». Kişilərin qulağına pıçıldayım ki, xoşbəxtlikdən 
          belə günlər çox az olur və nəzarətdə saxlana bilər. Tədqiqatın nəticələrinin 
          asıqlanması 200 boşanmaya səbəb oldu. Minlərlə ingilis və amerikalı 
          öz uşağını genetik müaniyə apardı.
          Elə bilməyin ki, bütün dünya durub qadın xəyanətinə sakitcəsinə tamaşa 
          eləyir. Döyülənlərin, öldürülənlərin, itkin düşənlərin sayının artması 
          da deyilənlərə sübutdur. 1750-ci ildə tarixə girmiş Babilistan çarının 
          imzaladığı sənədə görə xəyanətkar qadın məşuqu ilə birgə öldürülməlidir. 
          Şimali Birmada qız uşaqlarına körpəliyindən boynuna halqalar keçirilir. 
          Bu halqalar boynu uzatdığından başı müstəqil saxlamaq olmur. Xəyanət 
          ortaya çıxan kimi qadının halqalarını çıxarırlar. O da boynunun sınığından 
          ölür, ya da şikəst qalır. Yeni Qvineyada aldadılmış ər arvadının məşuqunu 
          öldürməmişdən əvvəl ona arvadının kəsilmiş barmağını yedizdirərmiş. 
          Sonra sivilizasiya artdıqca insanlar da maraqsızlaşdı. İndi xəyanətkar 
          cərimə, ya da az müddətə həbslə canını qurtara bilər. Xəyanətə görə 
          Cənubi Kopeyada, İndoneziyada, Amerikanın Minnesot ştatında türməyə 
          indi də düşmək olar. İngiltərədə isə aldadılmış ər arvadından iri məbləğdə 
          pul qopara bilər. Belə qayda Bolqariyada da var. İsveçrədə isə xəyanətkarlardan 
          pul almasalar da onun 3 il ərzində evlənməsinə qadağa qoya bilərlər. 
          Xəyanətə görə cinayət məcəlləsini rəsmi olaraq 1964-cü ildə Haaqada 
          Cinayət hüququnun Beynəlxalq konqresində ləğv ediblər. 
           Virtual xəyanətlər
           Müasir texnikanın inkişafı və kompüterlərin evlərimizi zəbtindən 
          sonra xəyanətin daha bir növü də meydana çıxıb. Deyirlər ki, indi evli 
          kişi və qadınların əksəriyyəti virtual xəyanətlə məşğuldur. Müxtəlif 
          çatlar və intim əyləncələrə meyl göstərirlər. Adətən internetdə gəzişməyi 
          sevənlər bunu xəyanət saymır. Amma onların həyat yoldaşları xəbər tutanda 
          hətta kontakt olmayıbsa belə özlərini aldadılmış hiss edir. Kiberseksin 
          inkişafından sonra artıq cizli görüşlərə, çirkli ucuz otellərdə otaq 
          tutub görüşməyə ehtiyac olmur. Hətta ər, yaxud arvadınla bir otaqda 
          olanda da virtual xəyanət etmək imkanı olur. Bir azdan internet ən böyük 
          xəyanətlər meydanı olacaq. 
Xəyanətdə qadın yaxşısını, kişi yenisini axtarır
          Morin Merfi
           Bizdə tənhalıq qorxusu bəlkə də milli fəlakətlərdən biridir. 
          Vaxtı keçib deyən kimə gəldi ərə getmək istəyi də bəlkə də burdan yaranır. 
          Hərdən mənə elə gəlir ki, evdə qalmış qızlarımız gələcəkdə olacaq, hələ 
          yaşanmamaış xəyanətləri gözlərinin qarşısına gətirib ərə getməkdən çəkinirlər. 
          Axı bütün cəmiyyət onları ittiham edəcək ki, yaxşı olsaydın kişi gəzməzdi. 
          Yaşlı qadınlarsa yol göstərmək əvəzinə «kişidir, ona olar» deyəcək. 
          Qızlarımız da tənha gecələrini, göz yaşları və uşağını tək böyütmək 
          qorxusunu gözünün qarşısına gətirib ərə getmək fikrindən daşınır. 
          Qadın ailə siyasətinin diplomatıdır. Yaxşı olarsa sakitlik, əmin-amanlıq 
          hökm sürər. Ailə cəbhə deyil ki, burda sizinkilər və bizimkilər olsun. 
          Burda heç nəyi və heç kimi qurban vermək olmaz. 
          Sevirsənsə burax... 
          İstəyirsə qayıdacaq…
          Sevirsə yanında olacaq…
          Tək yaşamaq da qorxulu deyil…
Aforizmlər:
          Başında buynuz gəzdirən kişi məyuz qadınlardan daha çoxdur – Jak Deval
          Sevmək müqayəsə eləməkdən əl çəkmək deməkdir – Bernar Qrasse
          Əgər xanımın sənə xəyanət edibsə sevin ki, o, heç olmasa vətənini satmayıb 
          – A.P. Çexov
          Qadın aidə zülmkardır. Ailə yatağı münasibətləri aydınlaşdıran əbədi 
          teatrdır, burda rahatlıq olmur. Bəs qadın ərini nə vaxt lap çox incidir? 
          Onu aldatmaq, ya da xəyanətini gizlətmək istəyəndə. Yuvenal
           
Qadın baxışı