Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Qəfəs yaradıcılığı

Yaxud tövlədə abstraksiya necə olur?
Biz qarla, donmuş su, kanalizasiya sistemi, istiliksiz otaqlarımız, çovğun, buz bağlamış və təmizlənməyən yollarımızla beynimizi məşğul edən zaman Londonda heyvanların çəkdiyi şəkillərdən ibarət sərgi açılıb. Vernisaj Universitet kollecinin nəzdində olan Zoologiya muzeyində sərgilənib. Bu sərgiyə görə bilet pulu vermək də lazım deyil. Sadəcə maraqlananlar gəlib baxa bilər.
Meymunlar abstraksionistdir
Bəzi azərbaycanlı rəssamların arzulaya biləcəyi, yalnız yuxularında görəcəyi şəraitdə keçiriləcək sərgidə fillər, şimpanzelər, oranqutanlar, qorillalar və başqa heyvanların səkdikləri nümayiş etdirilir. Fikir verdizsə «rəssamlar»ı ümumi meymunlar kateqoriyasına aid etməyiblər. Çünki qorillanın çəkdiyi oranqutanın çəkdiklərindən fərqlidir. Mütəxəssislər onları bir baxışdan ayıra bilir. Heyvan-rəssamlar şəkillərini dünyanın müxtəlif zooparklarında çəkmiş, sonra onlardan ən maraqlıları bu sərgiyə toplanmışdır. Təşkilatçılar deyir ki, sərgi bu tip ekspozisiyadan olan ilk sərgidir.
Qəzetçilər ya reklam xətrinə, ya da səmimiyyətlə deyir ki, fillərin çəkdikləri rəsmlərdə ağac, güllərin konturlarını asanlıqla görmək olur. Meymunlarsa daha çox abstraksionizmə meyllidirlər (lap bizim kimi). Dünya zooparklarında qəfəsə salınmış heyvanları rəsm dərsləri ilə ovutmaq ənənəsi var. İnsanabənzər növlər, fillər, atlar və iri heyvanlar rəsmə çox meylli olur və kifayət qədər həvəslə çəkirlər.
Fırçanı dişinə alsan…
Bir az əvvəl isə İspaniyada Barselonada «Mutt» qalereyasında Napaleon adlı 4 illik ayğırın fərdi sərgisi açılıb. «Tövlədə abstraksiya» adlı ekspozisiyada «rəssamın» 9 işi nümayiş edilib. Rəsm çəkmək əlbəttə atın yox, onun sahibinin ağlına gəlmişdi. Dostu rəssam Serxio Kabalyero ilə birlikdə onlar tövləyə kətan və rənglər gətirərək insan və heyvanın işbirliyinə başladılar. At fırçanı dişinə alıb kətan üstündə gəzdirir. Rəngləri dəyişmək lazımsa bunu onun sahibi edir və fırçanı atın dişinə salmağa da ona köməklik göstərir. Lazım gəlsə kətanın diqqətdən kənarda qalmış hissəsini rəngləməkçün onu çevirir. Ata fırçanı dişinə çıxıb başını lazımi istiqamətdə yelləməkdən başqa bir iş qalmır. Rəssamın fikrincə Napoleonun rəsmləri abstraksionist eksproessionizm ruhundadır və Villem de Kuninqin əsərlərinə bənzəyir. Bu yerində heyvan və abstraksionizmə uymuş rəssam arasında paralellər aparmaqdan çəkinib atın çəkdiyi əsərlərin qiymətinə diqqət verək: rəsmlər 3300- 6000 avro arasında olsa da sərgidə onların hamısı satıldı.
Toyuğun avtoqrafı
İri heyvanların rəsm çəkməsi bir yana, toyuqlar da rəssamlıq edir. Fikriniz yenə də kənddə ortalıqda fırlanıb adamın ayaqları altında qalan çilli toyuğunuza getməsin. Bu «rəssamın» işi «eBay» internet hərracında 535 dollara satılır. Qara fonda rəngli ləkələrlə çəkilmiş rəsmi hələ də almaq şansınız var. Toyuq olsa da erkək ləğəbi daşıyan «Saymon» özü deyəsən telepatik yolla əsərin adını sahibinin qulağına pıçıldayıb: «Atəşfəşanlıq». Çəkdiyi minlərlə heyvan rəsmləri arasında itməsin deyə o, tablonun aşağı sol küncündə göy rənglə imzasını da qoyub. Deyilənə görə sonra yaranacaq bütün əsərlərində imzasını məhz belə şəstlə qoymağı sahibinə təntənəli şəkildə vəd verib. Rəsmdən qazanılar vəsait Nyu-Gempşir ştatında Merrimek şəhərində uşaq oyun meydançasının tikilişinə sərf ediləcək. Yəni ki, artıq heyvanlar insanlara sənətləri ilə maddi yardım edirlər. Debütündən ilhamlanan Saymon yeni-yeni zirvələrə artıq can atmaqdadır. Məşhur və demək olar ki, varlı olsa da o, əvvəlki kimi başının sığallanmasını istəyir. Məşhurların zəifliyidir də, nəvaziş olmasa yarada bilmir. O, 33 toyuqla bir hində dolaşsa da o biri toyuqlar ibrət alıb rəsm çəkməyi öyrənə bilmirlər.
«Facebook» ulduzu
Həmin bu «eBay» adlı internet hərracında oranqutanın çəkdiyi rəsmlər də satışa çıxarılıb. Nonya ləğəbli oranqutan Vyana zooparkının sakinidir. Onun sənətilə qazanacağı pullar Sumatra və Borneo adasında təbii şəraitdə yaşayan oranqutanların həyat şəraitinin yaxşılaşmasına yönəldiləcək. Yəni ki, Vyana zooparkında qəfəsdə yaşayıb insan kimi rəsm çəkmək zülmünü yaşayan meymun təkamül prosesinə öz töhvələrini verir. Zooparkın işçiləri düşünür ki, bunlar, Nonyanın dünyaya özünəməxsus baxışıdır və bu baxışı indi insanlar da görə bilər. Hər şey başqa cür başlamışdı. Əvvəl Nonyanın əlinə fotoparat vermişdilər və internetə qoşmuşdular. Meymun düyməni basan kimi fotolar avtomatik onun «Facebook» səhifəsinə düşürdü. Nonya həvəslə şəkil çəkirdi, çünki hər dəfə düyməni basanda ona bir üzüm dənəsi verirdilər. İndi onun sosial şəbəkədə 83 min pərəstişkarı var. (Facebookda qeydiyyatda olanlar bu rəqəmi öz dostlarının sayı ilə müqayisə edə bilər.) İndi onun rəsmləri internet hərraclarda bir neçə min dollara satılır.
Su altının gözəllik duyğusu
Heyvanların gözəllik duyğusu çoxdan elmə məlumdur. Bir neçə il bundan əvvəl əşyaların akustik keyfiyyətlərini öyrənən mühəndis balina və delfinlərin su altında buraxdığı ultrasəsləri rəsmlərə çevirmişdi. Bu səslərlə heyvanlar bir-birini ayırır, yəni bir növ ad kimi. Buna bəzən balina və delfinlərin mahnısı deyirlər. Mühəndis Maks Fişer bu mahnıları kompüter əməliyyatından keçirib çox gözəl rəsmlər əldə etmişdi. Rəsmlər quruluşca kamil və çox gözəgəlimli idi. Bunlara fraktallar deyirlər. Həndəsi cəhətdən bərəbartərəfli fiqurlardır. Gözəlliyinə görə hər hansı ekspozisiyanın incisi ola bilər.
Dünyamızın bacarıqlı sakinləri
Evində heyvan saxlayanların əksəriyyəti deyir ki, ev heyvanları sahibiylə telepatik əlaqəyə girir. At saxlayanlar da bilir ki, atlar sahibinin fikirlərini səslənməmişdən əvvəl duyub ona reaksia verir. Bəzi ev heyvanları telefon zəng çalmamışdan bir neçə saniyə əvvəl narahat olmağa başlayır. Ev heyvanları, itlər, pişiklər sahibinin nə vaxt qayıdacağı anı sanki qabaqcadan bilir. 10 dəqiqə əvvəl ya qapının ağzında, ya da pəncərə qarşısında dayanıb gözləyirlər. Onlar nədənsə veterinara aparılma ilə gəzməyə çıxmanı səhv salmırlar. Həkimə gedəsi olanda qaçıb gizlənirlər.
Yaddaşnda 1400-dən artıq söz olan Nikisi adlı tututuquşu üzərində telepatik təcrübələr də maraqlıdır. Sahibi hanşı şəklə baxırdısa tutuquşu həmin şəklə uyğun söz deyirdi. Poçt göyərçinləri də tanımadığı minlərlə kilometrlik ərazidə öz sahibini tapa bilir. Alimlər deyir ki, bu, sürü şəklində yaşayan quşların bir yerdə yaşamaq instikti və kütləvi telepatiyasının nəticəsidir. Onların sanki sensorlu kompası var və havanın necə olmasından asılı olmayaraq lazımi yeri tapa bilirlər.
Heyvanlar təbii fəlakətləri qabaqcadan duyur. Müharibə zamanı düşmən təyyarələri hələ yolda olarkən bombalayacağı ərazilərin heyvanları narahatlıq göstərməyə başlayırdı. Heyvanlar sahibinin qəzaya düşəcəyini, hətta ölümünü, öz ölümlərini da qabaqcadan duyur. Heyvanların enerji qatının insana müsbət təsiri elmə çoxdan məlumdur. Pişiklərin ağrıyan yerə sığınmaları faktı da çox məşhurdur. Enerji qatı məsələsində atların insanla ünsiyyəti ən faydalı və ən şəfa vericisidir. Delfinlərin də insanlara müsbət şəfaverici keyfiyyətindən danışırlar. Delfinlər dənizdə yolu azmış dənizçilərə sahilin harda olduğunu telepatik şəkildə foto şəkil kimi ötürməyi də bacarırlar. İngilis dənizçiləri isə gəmidə mütləq pişik saxlayırdılar. Çünki pişik havanın dəyişməsini aydın işarələrlə insanlara anlata bilir. Heyvanlar heç vaxt mənfi enerjili yerdə uzanmaz, pis adama yaxın getməzlər. Qədimdən bəri heyvanlarla bağlı cadugərlik mərasimləri mövcuddur. Qədim ayinlərdə heyvanlara xüsusi rəğbət və hörmətlə yanaşırdılar. Onların xüsusi qabliyyətləri şübhə altına alınmırdı.
Akulalar insan bədəninin suda şüalandırdığı bioenerjini duya bilir. Fillər 50 kilometr ərazidən bir-birinə siqnal göndərə bilir. Qurbağalar kritik tempraturda salamat qala bilir. Kərtənkələlər suyun üstündə qaça bilir. Delfinlər ultrasəs vasitəsilə görə bilir. İnsanların da öyrənəsi hələ çox işi var. Bütün bu, insanın bacarmadığı keyfiyyətlərin üzərinə mənasız şəkilçəkmə bacarığını da gəlmək nəyə lazımdı?
Bilgəh saatı
… Bir vaxtlar Bilgəhdə bir uzunqulaq yaşayırdı. Ona hamı «Bilgəh saatı» deyirdi. Çünki hər yarım saatdan bir elə ucadan anqırırdı ki, kəndin o biri başnda da eşidilirdi. Deyirlər ki, o qədər dəqiq imiş ki, camaat onunla saatını yoxlayırdı. Çoxdandı uzunqulağın səsi gəlmir oralardan. O öləni camaatın saatı da düz göstərmir. İndi Bilgəhdə zaman fərqli meyarlarla ölçülür…

Yuxariya doğru