Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Günəş bayramı

Gündüzlər gecəylə bərabərləşəndə…
Gün çıx, gün çıx, kəhər atı min çıx
Keçəl qızı evdə tut, telli qızı al çıx
Gün kəndini yetirir, keçəl qızı götürür.
Telli qızı gətirir…
Kiçik çillənin soyuğu canımızdan çıxan kimi ataların Alaçarpanın sərt üzü barədə xəbərdarlığına məhəl qoymadan özümüzü yaz girirmiş kimi sanırıq. Günəş şüalarını bir balaca artıranı havanın sərtliyinə baxmayaraq sanki sümüklərimiz qızır. Axı irəlidə Azərbaycan xalqının ən sevimli bayramı – Novruz gəlir. Qışın soyuğuna öz elçilərini – çərşəmbələri özündən əvvəl buraxacaq, sonra isə yırğalana-yırğalana, aramla, tələsmədən və həmişəki kimi gündüzün gecəylə bərəbərləşən günündə gələcək. Hamı üçün Novruz ən əvvəl bahar bayramıdır.
Günəş kultu
Bəşəriyyət tarixinə ötəri nəzər salsaq belə dərin araşdırmalarsız Yer üzündə bütün dinlərin, bütün inamların ən əvvəl Günəşlə bağlı olduğunu görərik. Yer üzünün bütün yazıları onundur. Bu, ibtidai insanın təsəvvürləri ilə bağlıdır. Çünki günəş olmasa yer üzündən həyat silinər. Sağ qalmaq və nəsil vermək, üstəlik dünyanı fəth etmək iddiasında olan insan üçün Günəş ən vacib və dəyərli səma cismidir. Bir də ki, onu görməmək mümkün deyil. Minilliklər boyu biz həyatımızı Günəşlə ölçürük. Səhərlər onunla oyanır, axşamlar birlikdə istirahətə gedirik.
Şərq müdrikləri deyir ki, gündüz və gecənin bərabərləşməsi planetin vahidliyi günüdür. Çünki həmən gün Günəş bütün Yer kürəsini eyni dərəcədə işıqlandırır. Hansısa nöqtənin işıq payından kəsmir. Bu prosesin özündə nəsə ilahi məqam olduğunu da zənn edirsən. Həqiqət səviyyəsinə yüksəldilmiş Günəş üfüqdən boylanır və Yerə öz mübarək şüalarını göndərir. Yazda Yer üzündə gündüz və gecənin bərabərləşdiyi gün Günəş dəqiq Şərqdə çıxır və eləcədə dəqiq Qərbdə batır. Yer üzündə tikilmiş daş meqalitlər, Zamanı saymaq üçün uyğunlaşdırılmış abidələr hamısı bu prinsipin üzərində qurulub. Kahinlər həmən bu mübarək günü gözləyirdilər ki, Günəşin lazımi pəncərədən görünməsini qeydə alıb xalqı muştuluqlasınlar və bayram başlansın. Nə qədər ki, Yer kürəsi hazırki oxu üzərində dayanıb bu elə belə də davam edəcək.
Günəş Şərqdə çıxıb, Qərbdə batmalıdı!
Elmi ədəbiyyatda Novruz barədə materialların əksəriyyəti bu bayramı günəş kultu və dolayısı ilə atəşpərəstliklə bağlayır. Biz Novruzda odun üstündən atılırıq, süfrəmizdə şam yandırırıq. Amma bu ayinlər atəşpərəstliklə bağlı deyil. Çünki atəşpərəstlər nəinki oddan tullanmazdı, həmçinin onu görəndə yaşmaqlanırdılar ki, müqəddəs oda nəfəsləriylə toxunmasınlar. Atəşpərəslik məbədlərinin əksəriyyəti, bizim Atəşgahımız kimi dörd tərəfə açıq olan bir tikintilərdir. Məntiqlə odun sönməkdən qoruyan, onu müqəddəs sayan atəşpərəst elə qala tikərdi ki, içindəki odu sönməyə qoymasın. Yəqin ki, belə məbədin divarları da his içində olmalıydı. Amma belə tip qalaların dörd yanı açıq və içində od qalanmasına baxmayaraq təmiz olması atəşpərəstlik qalası kimi təqdim edilən abidələrin günəş kültü ilə bağlı olmasını bir daha sübut edir. Qalanın yeri adətən Yer kürəsinin 4 tərəfinə uyğun gəlib yəqin ki, simvolik mənada həyat yaradan 4 ünsürlə əlaqəli olmaqla Günəşin uğurla izlənməsi üçün inşa edilib. Başqa bir tərəfdən baxsaq kahinlər kastasının Günəş qalalarında nə ilə məşğul olmasından xəbərdar olmayan sadə xalq Günəşi görəndə sevincindən atılıb düşən və Yaradana dualar yağdıran insanın Günəşi görcək sevindiyini düşünər. Amma kahinlər dövrünün alimləri və uzaqgörənləri idi. Onların çiynində dünyanın salamat qalması kimi ağır missiya vardı. Günəş həmişəki yerindən çıxmışsa deməli nəinki bu obada, bütün planetdə hər şey qaydasındadır. Ona görə də Yaradana alqış duaları yağdırmaq olar. Günəşə alqış deyən kahinlər əslində onun Yaradanını anar. Qiyamət gününün əlamətlərindən biri odur ki, Günəş Şərqdə çıxıb Şərqdə də batacaq.
Yer üçün Günəş kosmik enerji mənbəyidir. O, isti və işıq verir, bitki və heyvanlar aləmini dolandırır və Yer kürəsinin atmosferini formalaşdırır. Ona görə də planetin ekologiyası yalnız və yalnız ondan asılıdır. Onsuz hava da olmazdı, ətrafımız azot okeanına çevrilərdi, donmuş sular və buzlamış torpağın ətrafında aramla süzərdi. Biz təsadüfən Günəşə yaxın planetlərdən biri olmasaydın yəqin ki, bu planetdə həyat da cücərməzdi. Hətta hər şeyimiz əldən gedən zaman, lap sivilizasiyalar dağılan zaman Günəş, külək, dəniz dalğaları və biokütlə istifadə edə biləcəyimiz təbii enerji mənbəyi kimi qalacaq. Onu əldə etməkçün torpağı qazımaq, dərinlikdən nəsə çıxarmaq lazım gəlməyəcək. Günəş öz lütfünü hələ ki, üstümüzdən əsirgəmir. Ona görə də yaz bayramında Günəş ilə 4 ünsür - su, od, hava və torpaqla birgə müqəddəslik səviyyəsinə qaldırılır.
«Çərxi-fələk tərsinə dövran edir indi…»
Mədəniyyət tarixini araşdırarkən çoxlu sayda simvollara rast gəlinir. Onların hərəsinin öz mənası, tətbiq edilmə qaydası, öz açması var. Bu simvolların içində ən qədimləri yenə də günəş simvollarıdır. Hazırda xristianların simvolu sayılan xaç, faşistlərin işarəsi olmağa məcbur olmuş svastika da qədim günəş simvollarıdır. Bu simvolları eramızdan miniilliklər əvvəl yazılmış qaya üçtü rəsmlərdə, damğalarda, gil qablarda görürük. Qədim insanın dünya görüşündə günəş rəmzləri əsas yeri tutub. Svastika sözü qədim sanskrit dilin aiddir. Hərfi tərcümədə «xeyirli, uğurlu bir şey» deməkdir. Svastika qollarını sola fırladanda xeyirə, sağa fırlananda isə şərə qulluq edir. Dilimizdə bu simvola svastika deyil, çərxi fələk demək qəbl edilib. Əlbəttə, belə naxışlara çərxi-fələk deməyin özündə də şərtilik var. Bu simvol təbiət hadisəsindən daha çox yaradılışla bağlıdır. Çünki çərxi –fələk ruhi modelləşdirir ki, bu də ruhun doğulması və onun Allaha, əbədiyyətə yönəlməsidir. Azərbacanda çərxi-fələk işarələrinə son turc və ilk dəmir dövrü qayaüstü təsvirlərdə, keramika, metal məmlatlar üzərində, memarlıq abidələrində daha çox rast gəlinir. Tədqiqatçılar bu simvolun Azərbaycan tayfaları üçün xarakterik olduğunu deyir. Yəni ki, svastika bizim milli qədim simvollarımızdan biridir. Təkərşəkilli günəş simvolları ilə bərabər bizim xalqın genetik yaddaşında öz yerini almış və həqiqətlərdən hali adamları çox məqamları açıqlayan bir işarədir. Çərxi-fələk, yəni svastikanın dörd tərəfə qanaqlanması da dünyanın dörd tərəfini, həyat verici 4 ünsürünü (od, su, hava və torpaq) simvollaşdırdığından bizə tamamilə məhrəm işarədir.
Qədim mifologiyaya görə Oğuz danın sökülməsini və səhərin açılmasını təmsil edir. Oğuzun işıq və şüa ilə əlaqədar olan qızla evlənməsindən doğulmuş uşaqların adı Gün, Ay və Ulduzdur. Biz Qobustan qayalarında da həmin rəmzlərlə üzləşirik. Yəni ki, ay və günəş simvolları heç olmasa 8-10 mil il əvvəl bu torpaqlarda qutsal simgələr kimi qəbul edilib. Ay və günəş simvolları Oğuzların dini-astreoloji görüşləri ilə sıx bağlıdır. Yəni qədim Azərbaycan qamları həm göy qübbəsi haqda, həm də planetimizə birbaşa təsir göstərən günəş və ay barəsində, həm astronomiya və astrologiyaya dair geniş bilgilərə sahib idilər.
Gerbimizin və bayrağımızın günəşi
Məişətimiz, tariximiz günəşlə bəzənib, bu bir yana. Üstəlik herbimizin simvolları da günəş simvollarıdır. Səkkizgüşəli ulduz günorta çağı zenitdə olan Günəşi təmsil edir. Çünki yalnız bu vaxt Günəşin saçaqları 8 yerə parçalanır. Heraldika sənətində günəş və Ay simvolları «əbədi daimi, sonsuz həyat» mənasındadır. Günəş simvolunun ağ verilməsi əmin-amanlıq, sülhsevərlik, barış mənasındadır. Günəşin mərkəzindəki alov təsviri «Odlar yurdu»nu – Azərbaycanı simvolizə edir.
Bayrağımızdakı Ay və Günəş simvolu, yəni aypara və səkkizguşəli ulduz bizə Səfəvilər dövlətindən qalmadır. Şah İsmayıl yeniyetməlik zamanı qızılbaş miridləri ilə özünün ilk möhtəşəm tarixi yürüşünə çıxarkən Qızılbaş qoşununun bayrağı kimi üstündə ələm şəkli olan qırmızı parça qəbul edilmişdi. Səfəvilər dövlətinni qurulması ilə üzərində aypara və səkkiz guşəli böyük ulduz olan parlaq yaşıl rəngli dövlət bayrağı qəbul edilib. Sonra yaşıl rəng və aypara, ulduz müstəqil Azərbaycanın bayrağına köçdü.
Quranda günəşə and içmə
Müqəddəs kitabımız Quranda da Günəş və Ay barədə xüsusi ayələr və əs-Şəms (yəni günəş), əl-Qəmər (yəni ay) adlandırılmış surələr var. Əs-Şəms surəsi aşağıdaeı mətnlə başlayır:
- And olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxtda).
- And olsun (günəşin) ardınca çıxan aya!
Müqəddəs kitabda müqəddəs simvollara and içməklə bu səma cisminin insan nəsli üçün nə qədər vacib olduğu vurğulanır
Mehri günəşə salanlar
Azərbaycan ərazisində od və günəş simvolları ilə bağlı daha bir qədim din, Mitra dini də mövcud olub. Zərdüştilikdən öncə bu ərazilərdə yayılmış bu dinin mövcudluğunu maddi mədəni abidələr təsdiqləyir. Mənbələrdə Mitraizm, Mehrpərəstlik kimi qeyd olunan və təktanrılı Zərdüşt dini çərçivəsində izah olunmağa çalışılan Mitra kultu tarixdə tam olaraq özünə dayanaqlı yer tutmayıb. Mitra simvolları aypara, günəş və ayğır təsvirləridir. Avestada Mitranın təsviri verilib və bu təsvir Azərbaycan ərazilərindən tapılan gil qabların üzərindəki rəsmlərlə eynilik təşkil edir. Zərdüştilikdən əvvəl yarandığı və indiki Avropa torpaqlarında geniş yayıldığından əsas simvolu olan ay və günəşlə bir çox inanclara təsir göstərib. Müəllif Dilqəm Əhmədin Mitra ilahəsi haqqında məqaləsində bayrağımızdakı simvolların, yəni aypara və günəş simvolunu Mitranın simvolik təsviri hesab edir. Avestada yazılana görə Mitra döyüşləri idarə edən və haqlı tərəfi, sülhsevər ölkələri, ailə ocaqlarını müdafiə edən müharibə ilahəsi, gücün simvoludur.
Novruz ruhlar dünyasının yaranması bayramı
Elmi və populyan ədəbiyyatda Novruz bayramını yazın gəlişi, gecə və gündüzün bərabərləşməsi mərasimi ilə yanaşı islam dini hadisələri, peyğəmbərimiz və onun sağ əli İmam Əlinin adı ilə də bağlayırlar. Novruz bayramı Həzrəti Əlinin doğumu, Məhəmməd peyğəmbərin (s) Fatimə ilə evləndiyi gün, onun taxta çıxdığı, cinlər diyarına göndərildiyi gün də sayılır. Bu gün Cəmşid padşahın Azərbaycanda taxta çıxdığı, həzrəti Adəmin yaradıldığı, Yunus peyğəmbərin balığın qarnından çıxdığı, Nuh peyğəmbərin gəmisinin qayaya oturduğu gündür. Amma bu bayram İslamdan əvvəlki dövrün yadigarıdır. Yəqin zaman keçdikcə xalqın Novruza olan məhəbbətini tarixi hadisələrə bir daha bağlamaq xətrinə bu tipli informasiyalar yayılıb.
Tədqiqatçı Firudin Gilar Bag sevimli bayramımız barədə fərqli fikirlər deyir. Onun fikricə Novruzda oxunan nəğmələrdəki Qodu xan qırmızı günəşlə, göylərlə bağlı olan xandır və o eyni zamanda od gətirə bilər. Qodunun od gətirməsi onun Xızır peyğəmbərlə eyni obrazda olması deməkdir. Çünki bu bayramda oxunan nəğmələrdə Xızırdan od gətirməsi xahiş edilir. İnama görə Xızır peyğəmbərə Allah ölümsüzlük bəxş etmiş və çətin anlarda o, insanların köməyinə gəlir. Onun gətirdiyi od rəmzi mənadadır və göydə olan ilahi odun simvoludur. Tədqiqatçı Xızır sözünü Xız (Oğuz)- Ra (ər) kimi , yəni ilkin materiyadan yaranmış Günəş kimi təfsir edir. Firudin bəyin fikricə yerə yıxılıb ölən və sonra dirilən Kosa bu dünyada ölüb sonra axirətdə dirilmə mənasındadır: «Deməli, Kosanın obrazı Prometey, Musa peyğəmbər və s. obrazlar kimi yerə gətirilmiş ilahi odun, yəni ilkin materiyanın obrazıdır ki, məhz bu enerjinin hasabına insan – kamil insana (Homo sapiens) sevrilmişdir. Əgər nəzərə alsaq ki, pəhləvicə «İlahi Od» mənasını verən müqəddəs elimizin Azər adı qədim Misirin Oziri (Osiris) rəsmzi ilə eynidir, razılaşarıq ki, «Odlar yurdu Azərbaycan» deyəndə adi od yox, ilahi od olan ilkin materiya başa düşülməlidir. Novruzun 4 çərşəmbəsi də bilavasitə bu yaranışa işarədir. Novruz bayramı insanın yaranışının, onun fiziki ölümündən sonra da ruhunun əbədi yaşaması üçün Allah tərəfindən yaradılmış ruhlar dünyasınnı yaranışı bayramıdır».
Bu fikrin təsdiqini biz Yaponiyada yaz gecə və gündüzün bərabərləşməsi günü qeyd edilən Syum no xi bayramında tapırıq. Tərcümədə o, «O biri sahil» mənasını verir. Buddizmdə bu ifadəni «əcdadlarımızın köçdüyü, ruhunun mənzil saldığı dünya» kimi tərcümə edirlər. Yaponlar da həmən günü bizim kimi ölənlərinin qəbrini yad edir və evdə yır-yığış, təmizlik yapırlar.
Xonçadakı kainat
Axtarsaq günəş simvollarını hər yerdə, sufilərin səma rəqslərində də tapa bilərik. Personajları Günəş və Ay olan mərasimin fırlanan dərvişləri də dürmadan fırlanan Yer kürəsini, həyat çarxını simvolizə edir. Simvollar, xüsusilə də günəş simvolları hər yerdədir. Bu dünya yaranışından mütləq gözəllik və ilahi kamillik dünyası olmalıdır. Bu kamilliyi pozanlar, hətta simvollara onlara xas olmayan mənaları verənləri cəzasını o biri, yaranışını qeyd elədiyimiz dünyada verəcəklər.
Svastikanın adını bədnam etmiş Hitler bu rəmz barədə deyirdi: «Milli sosialistlər kimi biz öz proqramımızı bayrağımızda görürük. Qırmızı rəngdə hərəkatımızın sosial ideyasını, ağ rəngdə millətçi ideyasını, svastikada isə Aryan insanın mübarizəsinin qələbəsini görürük». Axı kimdi bu Aryan insan ki, bütün dünyaya mədəniyyət yayıb? Bu tərəqqinin başında isə Günəş simvolunu qoyub? Bütün bu suallarını cavabını öz tarixi keçmişimizdə axtaraq. Bu gün biz bayram süfrəsinə yığdığımız şirnilərin də quruluşunda informasiya oxuyuruqsa bu Aryanları qıraq eldə niyə axtarmalıyıq ki? Qoğalların spiralı Süd yolu adlı ünvanımızdı. Günəşimizi şəkər çörəyinin üstünə köçürmüşük. Ulduzumuz paxlava, doğan yarpağımız şəkərburadır. Yaranışda iştirak etmiş 4 ünsürü müqəddəs bilib sayırıq. Kimə nəsə aydın olmasa səkkiz guşəli ulduz formalı xalçalarımızın mərkəzində, yəni xonçasında bardaş qurub otursun. Nemətləri dadıb Yaradana bir şükür desin. Novruzun bütün ssenarisinin mahiyyəti də özünü və Yaradanını tanımaqdadır…

Yuxariya doğru