Netləşdirəbildiklərimizdənsinizmi?

Neçə il əvvəl estrada ulduzları
bu qəribə, dilə yatmayan sözü reklam xətrinə efirdə səsləndirəndə daxildə
bir etiraz oyanmışdı. Bəyəm biz internet-zad qanmırıq, ya da dünyanın
irəlidə gedən texnologiyalarından istifadə etməyin özəlliyini bilmirikmi?
İndi az qala hamının kompüteri, mobil telefonunda internetə çıxışı,
üstəlik «Wi-Fi»ı, blutuzu, bir sözlə izləmək və izlənmək üçün hər bir
avadanlığı var.
Axtarış sistemlərinin işi camaatı güdməkdən ibarətdir
Sosial şəbəkələr çıxanı kəşfiyyatın da işi xeyli yüngülləşib. Bu gün
cəmiyyətin nə fikirləşdiyini bilməkçün nə küçələrə çıxıb sorğu aparmaq,
nə də bahalı layihələrə xərc çəkmək lazımdı. Hər hansı məsələdə cəmiyyətin
fikrini bilməkçün bir düyməni basmaq kifayətdir. Kimin uşaqlıqda hansı
idmanla məşğul olduğundan tutmuş hansı saytları izlədiyinə, hansı şəkillərə
daha çox baxdığına qədər hər şey demək olar ki, hamıya məlumdur. Ona
görə də indi axtarış sistemləri, məsələn Google, Yahoo!, Baidi, Bing,
eləcə də Yandex, Mail.ru, Rambler – cəmiyyətin nə yediyindən tutmuş
nə düşündüyünə qədər bütün suallara cavab verə bilir. Həmin axtarış
sistemlərinin neçə milyonluq istifadəçiləri artıq onların kifayət qədər
nüfuzlu olmasının sübutudur. Ona görə də Google.az saytının formalaşdırdığı
müəyyən fikri qulaq ardına vurmaq bu boyda netləşdirilmişlər təbəqəsinə
məhəl qoymamaq kimi qiymətləndirilə bilər.
Adı çəkilən «kəşfiyyat» sistemlərindən başqa qəribə axtarış sistemləri
də var. Məsələn «DuckDuckGo» adlı sistem yaranan gündən qarşısına istifadəçisinin
məxfi qalması məqsədini qoyub. Yəni başqa sistemlər kimi axtarış aparanın
özünü güdmür. «Koogle» adlı sistemdə ortodoksal yəhudilər dini baxışlarına
uyğun kontenti, yəni ravvinlərin bəyənib razılıq verdiyi saytları axtarıb
tapmaq olar. «Yauba» hind axtarış sistemini bəzən paranoiklər üçün sayt
da adlandırırlar. Çünki səhifədən çıxan kimi istifadəçi barədə bütün
məlumatlar avtomatik serverin yaddaşından silinir. «TinEye» internetdə
şəkil axtaran, «Qenon» isə öz səhifəsində kontent yaradan sayt kimi
tanınır. «ImHalal» ilk İslam axtarış sistemidir. Bu axtarış sistemi
İnternetdə halalı haramdan ayırmağı bacarır. 2009-cu ildə açılan sayt
2011-ci ilin sentyabrına qədər davam gətirdi. Maddi dəstəyin çatışmazlığı
ucbatından bağlandı. Artıq bu fakt cəmiyyətin İnternetə münasibəti barədə
fikirlər deməyə əsas verir. İnsanlara insan ehtiraslarından, hətta çirkinliklərdən
təmizlənmiş halal sayt lazım deyil. Bura hər kəs öz gizli ehtiraslarını
ödəməyə gəlir. Axtardığı porno da ola bilər, hansısa nadir kitab da.
İnternet nağıllardakı sehirbazlar kimi bir düyməni basmaqla ani olaraq
hər şey qarşınıza gətirməyi bacarır.
Axtarış sistemlərində dolaşan adamın nə ilə maraqlanmasını izləməyin
də müsbət tərəfləri var. Norvecdə terror törətmiş Andres Brevik aksiyanı
həyata keçirməzdən 200 gün əvvəl Google-də «Bomba necə hazırlanır?»
üzrə axtarış etmişdi. Bu fakt açıqlanandan sonra hazırda Google-da bu
mövzuda axtarış edənlərin izlənməsi məsələsi ön plana keçib.
Netdəki yerimiz
Mən isə xalqımızın ümumləşdirilmiş portretini netdən köçürmək
istədim. Yəni ki, ən məşhur axtarış sistemini, Google.az-ı aradım və
məni maraqlandıran bütün sualları ona verdim. Cavabların necəliyi barədə
fikir yürütməkdənsə sistemin verdiyi nəticələri açıqlamaq daha maraqlı
olar. Məlumdur ki, kompüterlərdə sətri avtomatik doldurma funksiyası
var. Yəni axtardığın sözün 1-2 hərfini yazmaq kifayətdir ki, sistem
ən çox axtarılan sözlərin siyahısını verir. Bu siyahıda ən yuxarıda
reytinqcə ən çox aranan söz durur. O birilər statistikaya uyğun ardıcıllıqla
düzülür. Bu funksiya istifadədə çox rahatdır və məncə «Azərbaycan xalqı
ən çox nə ilə maraqlanır?» sualına ətraflı cavab verə bilər. Dilimizdəki
sual yaradan sözlərin siyahısını tutub onları bir-bir ağ pəncərənin
nazik gözünə yazdım. Niyə, nə üçün, harda, necə, nədən ötrü, harada,
neçə kimi sözlərin bir-bir bu xanaya yazılmaq şansı var.
Axı niyə?!
Niyə sözünü boş xanaya yazan kimi rus dilindəki uzun siyahılardan
fərqli olaraq cəmi 3 nəticə gəldi: «Niyə», «Niyə yox deyirsən mp3»,
«Niyə» filmi. Balaca uşaqların ən sevimli sualını siyahıdan birinci
seçdik. Google bir saniyəyə 6 milyon 620 min nəticə verdi. Bərəkallah
millətim, hər şeyin niyəsi ilə maraqlanırmışsan! Amma sonra verilən
siyahıdakı «niyə»lərə baxdıqca axtarışların əsil mahiyyətini anlamaq
olur. Sırada birinci yerdə «Qadınlar niyə yalan danışır?» sualı dayanmışdı.
Deməli hamını maraqlandırır ki, axı niyə bu qadınlar yalan danışır axı!!!
Düyməni basanlar biləcək ki, «Qadınlar xəyal etdikləri həyatı yartamaq
və özlərini daha yaxşı hiss etməkçün yalan danışır. Özlərini müvəqqəti,
zəif, yad əlaqələrində kifayət qədər xoşbəxt hiss etmirlər və olmasını
istədikləri kimi əks etdirərək, eləyirmiş kimi hiss etməyə çalışırlar».
Sırada sonrakı sual «Azərbaycanlı müğənni niyə falçı yanına gedir?»
idi. Bu məsələ ilə maraqlananlar videoya baxa bilər. Bu hansısa televiziya
verilişindən seçilmiş video çarx idi. Oxucunun əsəblərini tarıma çəkməməkçün
bu məqamda dayanmamaq şərtilə axtarışımıza davam edirik. Çünki sonrakı
«Niyə beləyik?» sualı daha maraqlıdır. Oxuyaq: «Yəqin siz də fərqinə
varmısız, elədiyimiz yaxşılıqları heç unutmarıq, amma işlətdiyimiz xətaları
ən qısa müddətdə yaddan çıxarırıq. Həqiqətən də, bizim bir insana yaxşı
deməyimiz üçün onun bizim istəklərimizi yerinə yetirməsi şərtdimi? Bizim
istədiyimizi yerinə yetirməsə, pis adam olurmu? Üzülərək deyim ki, insanları
dəyərləndirərkən şəxsi maraqlarımız bucağından baxıb qiymət verməkdə
çox ustayıq». Niyə belə olmağımızdan siyahıda sonrakı link də cavab
verir. Əksəriyyəti Elmlər Akademiyası metrosu qarşısında niyə tıxac
yarandığı, Bakıda niyə hamının şalvarını soyunduğu və Aygün Kazımovanın
Nadir Qafarzadəni niyə öpdüyü ilə maraqlanır.
Mən heç bilmirdim ki, azərbaycanlıların çoxu «Niyə yox deyirsən» mahnısını
axtarır. Axtarası olsan 1 saniyəyə 115 min nəticə verilir. Yəni ki,
camaatın marağını nəzərə alan 115 sayt bu mahnını dinləməyi və köçürməyi
təklif edir. Müqayisə üçün deyim ki, Google-da niyə sözünü rusca yazanda
(poçemu?) siyahıda birinci yerdə «Görəsən göy niyə bu qədər mavidir?»
sualı durur. Sonra məlum olur ki, rusdilli camaat «Fillər niyə siçandan
qorxur» və «Donuz ətini niyə yemək olmaz» sualı ilə maraqlanır.
Kim, kimnən, harda, nə edir?
Harda sözünü Google-nin axtarış xanasına yazanda bildim ki,
sən demə azərbaycanlılar bu sözü heç yerli-dibli axtarmırmış. Açılan
siyahıda «Hardasan», «Harda qalmısan», «Hardasan səadət» və «Harda olsan
gələrəm» sətirləri canlandı. Adlarından məlumdur ki, bunlar hamısı mahnı
adlarıdır. Yəni ki, azərbaycanlılar hardasa sunami, hardasa uçqun, hardasa
qırğın, hardasa olan elmi tapıntılarla qəti maraqlanmır. Onun leksikonunda
harda sualı təxminən «Mənim corablarım hardadı», ya da «Hardadı məndə
o bəxt» səviyyəsində işlənir. Bu suallara cavabı isə İnternetdə axtarmırlar
deyən harda sualı oxucusunun yolunu gözləyə-gözləyə qalıb. Hardanı Google.az-ın
ruscasında axtaranda «2012-ci il Avrovijen yarışması harda keçəcək?»
və «Şaxta Baba harda yaşayır?» nəticələri gəldi. Amma həmin sualı Google.ru-dan
soruşanda «bağlamam hardadır?», «Putinin arvadı hardadır?», «Həmin ev
hardadır?» və «Pulu hardan götürməli?» kimi nəticələr ekrana gəldi.
Bu faktlar yenə də bizim rusdilli azərbaycanlılar və ruslarla fərqimiz
barədə danışmağa əsas verir.
Yazmaqdan savayı mənə nə qaldı?
Axtarışımın növbəti mərhələsi kimi xanaya «nə üçün» yazmaq
istəyərkən hələ «nə» yazan kimi artıq nəticələr əmələ gəldi deyən bu
məqamda da dayanmalı olacağıq. «Nə, harada, nə zaman», «Nə qaldı», «Nə
işim var» kimi nəticələr artıq bu sualın kifayət qədər ciddi axtarışda
olduğundan xəbər verdi. Sən demə millət harada və nə zamanla maraqlanırmış,
mən sualı düzgün qoymamışam. «Nə qaldı» sətrinin altında «Ayaq getdi,
əl götürdü, diş yedi. Baxmaqdan savayı gözə nə qaldı» şəklində fəlsəfi
düşüncələrin də olması ehtimalı əmələ gəldi. Lap elə «nə işim var» deyən
də xalqın aktiv olmasa da etinasız təbəqəsidir ki, izlərini artıq İnternetdə
salıb. Fikirlərimizi dəqiqləşdirməkçün bir-bir sətirləri tıklayaq, görək
nə çıxır? Sən demə «Nə, harada, nə zaman» camaatın axtardığı deyil,
intellektual verilişin ruscadan tərcüməsidir. Bir də ki, bu sualları
gənclər Facebook-da və forumlarda daha çox verirmişlər. Düşün desəm
bir az ürəyim yerinə gəldi. Dilinə sual gətirməyən gənclikdən nə çıxacaq
ki? Elə «Nə qaldı» sualını da gənclər verirmiş. Bu axtarış yenə də Zeynəb
Xanlarovanın ifa etdiyi «Nə qaldı» mahnısına az qala dirənəcəkdi. Amma
siyahınını ardında «Söyləməyə nə qaldı» şeiri (səhifədəki parlayan ürək
və ulduzcuqların dəqiq təsvirini verməyə ehtiyac yoxdu, kiminsə ürəyi
bulana bilər) və Bakselin «3 milyona nə qaldı» deyən azarkeşlərinin
emosiyaları gəlirdi.
Papaqdakı 228
Rus dilliləri isə «Nə etməli?», «Sevgi nədir?» və «228 nədir?»
sualları maraqlandırır. Elə mənim özümü də 228 rəqəminin mistik tarixcəsi
maraqlandırdı və oxumağa girişdim. Bu sualın sloqanı da varmış: «Burnunu
pudralayanda 228-dən qorx!». Sən demə rep dinləməyənlər, Vkontakte və
Facebookda sürünməyənlər bu sözün əsil mənasinı heç bilmir. Əslində
bu rəqəmlər Rusiya cinayət məcəlləsində narkotik saxlama və yayma ilə
bağlı məcəllənin nömrəsidir. Yeniyetmələr arasında bu ifadənin tərcüməsi
belədir: «Səni bu maddə ilə türməyə salsalar da qorxma». Amma hazırda
228 rəqəmini maykasında, papağında, bədənində tatuirovkada gəzdirənlər
Bakıda da az deyil. Belə çıxır ki, bu, yalnız rusdillilərin hoqqabazlığıdır?
Əslində bu şüar «Nə qaldı», «Niyə yox deyirsən?», «Səhər-səhər 7-də,
qırmızı nol yeddidə», ya da «Qəşəng-qəşəng» tipli mahnılara bir növ
ikrah dolu reaksiyadır.
Axtarışın sonunda nə üçün sözü yenə də «Nə üçün yox» adlı saz musiqisinə
dirəndi.
Google səni şişmanladacaq
Necə sözünün axtarışı nədənsə axıra qalmışdı. Çoxlu musiqi
və keyfiyyətsiz emosiya altında qalandan sonra son ümidlərlə xanaya
necə sözünü yazıram. Monitorda siyahı açılır və «Necə hamilə qalmaq
olar?», «Necə kökəlmək olar?», «Necə unudum səni?» və «Necəsən?» sualları
göründü. İnternet necə hamilə qalmaq barədə bir dünya informasiya verir.
Burda hamiləlikdə ər dəstəyi (dəstək artıq hamiləlik baş verəndən sonrakı
dəstəyi nəzərdə tutulur) barədə, nəyi yemək, nəyi geymək, havada nə
qədər gəzmək və bu məsələdə həkimlərin gunahı olmaması barədə çeşidli
məlumatlar var. Mənə siyahının 2-si sualı daha maraqlı gəldi. Mən bilmirdim
ki, bütün dünya arıqlamağın yolunu axtardığı zaman azərbaycanlılar kökəlmək
istəyirmiş. Bu qrafada kökəlmək istəyənlərlə yanaşı «Həyat Google-dən
başlarmış» ya da «Google səni şişmanladacaq» kimi linklər adamı cəlb
edir. Bu məsələni Facebookda müzakirə edənlər deyir ki, yazıq Google,
bilmir nə nəticə versin. Axtarışlarımızda yenə də «necə unudum səni»
linklərinin üstündən keçirik. Çünki məlum məsələdir, bunlar mahnı axtarışıdır.
Amma geriyə qayıdıb yenidən necə sözünü yazan kimi Google elə bil ki,
bayaq yazdığımdan xəbər tutub «Necəsən» əvəzinə «Necə arıqlamaq olar»
sualını verdi. Burda nəsə bir sirr olduğunu düşünüb itmiş «necəsən»i
axtardım. Adi hal-əhval tutacaq sualın arxasında o qədər insan duyğuları
oxudum ki. Məlum olur ki, internet həm də duyğuları bölüşməkçün rahat
məkandır: «Necəsən demə mənə… Bilsən nə dəyişəcək ki? Yaxşıyam desəm
sevinəcəksən?.. Yoxsa halıma kövrələcəksən?..», «Ətrafımda olan saxta
adamlar barədə çox düşünürəm», «Hərdən olur ki «Dünyanı dəyişəcəm!»
deyirəm… Hərdən isə «Dünya məni dəyişəcək» deyirəm. Amma hərdən «Kaş
dünyamı dəyişəm» deyirəm. Həyatım bu 3 halın aralığında dəyişən funksiyadır»,
«Əsəbiyəm… Sabahkı günümü, qəlbsiz olmağımı hiss edirəm…», «Hal-hazırda
qəmli smaylik kimiyəm. Elə bil ağlamaq istəyirəm, amma göz yaşım çıxmır.
İki yolun ortasında qalmış kimiyəm. Köməkçiz və gücsüz…»
Qəmli emosiyalardan sonra axtarış xanasına neçə yazmağın lap yeridi.
Amma sistem cəmi bir nəticə verdi. Azərbaycanlılar yalnız «Dünyada neçə
qitə var?» sualı ilə maraqlanırmışlar. Yəqin ki, hansısa test suallarına
cavab axtaran şagirdlərin fəaliyyətinin nəticəsidir. Amma həmin sualı
rusca verəndə məlum olur ki, millət «Sənin nə qədər?» adlı filmi, «Böyrək
neçəyədir?», «Putinin neçə yaşı var?» və «Nə neçəyədir» suallarına cavab
axtarıblar.
***
«Nədən ötrü» və «Nə üçün» kimi sürüşgən sualların cavabları da bir o
qədər laxlamış və qeyri dəqiq idi deyən xırdalıqlara varmayaq. Bir balaca
da Google axtarış sisteminə zəhmət verəndən sonra məlum oldu ki, saytın
azərbaycan versiyasında «iyrənc videolar», «iyrənc şəkillər», «iyrənc
oyunlar» və eləcə də «iyrənc tortlar» daha çox axtarılan sözlərdəndir.
Azərbaycanlılar «istədiyin MSN ünvanı sındırma» və «MSN şifrələri çındıran
proqramlar»la və «Adla nömrə tapmaq»la çox maraqlanırlar. Millət «Sevgilim
məni niyə axtarmır?», «Bir qıza necə təklif etmək olar», «Sevgilimə
mesay göndərəcəm» kimi suallarla Google-ya müraciət edir. «Ceneferin
ən gözəl şəkilləri» və «Boşanmağın yolları» da millətin maraq dairəsindəndir.
Sadalananlardan sonra verilən sualların içində «sərbəst qızlar» və «Sevgilim
üçün sürpriz» ifadələri artıq gülünc və yersiz görünmür. Hər şey özümüzə,
həyat tərzimizə uyğundur. Bir nağılda deyildiyi kimi «Bağdadda hər şey
sakitlikdədir…».