Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Qonşudan qalma dala

Qamma sterilizasiyası gələcək nəslin sağlamlığına zərbədir
Başqa sahələrdə böyük nailiyyətlər qazanmış Azərbaycan indi bu sahədə də yeniliklərə hazır olmalıdır
Hər gün mövzu axtarışında olmağıma baxmayaraq bu mövzu özü məni tapdı. Gəlib elektron poçtuma soxuldu və necə oldusa tanımadığım adamın məktubunu oxudum. Onu Tatarstanın vətəndaşı yazırdı və Azərbaycandakı kənd təsərrüfatı məhsullarının qamma-sterilizasiya məsələsindən narahatlığını bildirirdi. Axtarış verdim: bizdə bu məsələylə bağlı kimsə narahat deyil.
Qamma sterilizasiyanın nə olduğunu bilməkçün Avropa ölkələrinin tarixinə baxmaq kifayətdir. Amma bu əməliyyatlar daim ekologiya təmizliyi müdafiəçilərinin etirazına səbəb olur. Onların fikricə ərzaqların qamma sterilizasiyası ekoloji təhlükəsizliyə zərərdir, təbiəti məhv edir, insanın hazırki və gələcək nəslinin sağlamlığına ziyandır. Hələ 1970-80-cı illərdə sovet alimləri kənd təsərrüfatı məhsullarının əkin materiallarını şüalandırmaqla elmi təcrübələr qoymuşdular. Bu təcrübələr kiçik miqyaslarda hələ 20-ci əllərdən və bütün ölkələrdə aparılırdı. Amma təcrübənin müsbət nəticələri gözlənilən qədər olmadığından geniş yayılmırdı. Hesab edilirdi ki, bu üsul nə iqtisadi, nə də ekoloji cəhətdən özünü doğrultmur. Daha bir əngəl də vardı: bu üsulla şüalanmış toxum mutasiyalı olur və gen yaddaşında dəyişikliklərə uğrayırdı.
Soruşula bilər, bəyəm ərzaqların təhlükəsizliyini qoruyan ziyansız üsullar yoxdurmu ki, biz gözümüz görə-görə yediklərimizi şüalandıraq? Ekoloji cəhətdən təhlükəsiz üsullar və iqtisadi gəhətdən sərfəli texnologiyalar artıq dünyaya məlumdur. Hələ SSRİ zamanında radioaktiv şüaların təsirinə məruz qalmış ərzaqların müxtəlif xəstəliklər yaratdığı məlum idi. Bu xəstəliklər irsi şəkildə nəsildən nəslə ötürülür. Hətta sənaye konservləşdirməsi üzrə dərslikdə yazılmışdı ki, qamma sterilləşdirmə ərzaqlarda toksinlər yaradır və mənfi fəsadlara gətirib çıxarır. Bu üsulla «zərərsizləşdirilmiş» ərzaqların təcrübə heyvanlarının bədənində yaratdığı fəsadlar barədə sovet elmi jurnalların büllitenlərində də oxumaq olar: «Qamma sterilizasiyaya məruz qalmış ərzaqlar orqanizmə mənfi təsir göstərir və gələcək nəslin cırlaşmasına gətirib çıxarır». Bu, sovet alimlərinin aldığı nəticələr idi.
İndi məhsulların qamma şüalandırılması bir çox ölkələrdə tətbiq edilir. Bu işə əl qoyan kompaniyaların məqsədi qısa müddətə çox mənfəət qazanmaqdır. Onlar insan nəslinin gələcəyi ilə maraqlanmır və yalnız öz ciblərini güdürlər. Çünki məhsulun saxlama müddəti artdıqca istehsalçısına daha çox gəlir verir. Bu üsulla sterilizasiyanın fəsadlarından xəbərdar olanlar Amerika və Kanadada belə ərzaqları satan qipermarketləri qarşısında etiraz aksiyaları təşkil ediblər. Nəticəsində «şüalandırıcılar» qurğularını söküb başqa ölkələrə aparmalı olub. İndi alıcının etirazına baxmayaraq ölkələrin əksəriyyəti eksport olunan məhsulları bu yolla zərərsizləşdirir. Bu o deməkdir ki, əgər məhsul xarici ölkədən alınıbsa onu satan saxlama müddətində yaxşı qalması üçün məhsulu artıq şüalandırıb. O, məhsulunu eksport etdiyi ölkənin sakininin qayğısına qalan deyil.
Son illər Rusiyada da bu layihə lazımlı addım kimi ortaya atılsa da ona qarşı çıxan ictimai qüvvələr proqramı saxlamağa nail ola bildi və Rusiyada ərzaqların qamma sterilizasiyasını qadağan edən qanun layihəsi parlamentə təklif edilib. Azərbaycanda isə artıq neçə ildir ki, qamma sterilizasiya ilə bağlı informasiyanı alıcılara dərman kimi «çay qaşığında» içizdirirlər. Gah alıcya sürpriz adıyla, gah da onun sağlamlağının qayğısına qalmaq adıyla yeni layihənin olacağından xəbər verilir. Xəbərlərdə xüsusi qeyd edilir ki, başqa sahələrdə böyük nailiyyətlər qazanmış Azərbaycan indi bu sahədə də yeniliklərə hazır olmalıdır. Adıçəkilən yeni layihəyə görə Azərbaycana gətirilən ərzaq, tikinti və polimer materialları müəyyən, təhlükəsiz dozada qamma sterilizasiya ediləcək. Bununçün biz yüksək tezlikdə şüalandıra bilən aparatı əldə etməliyik. By yolla biz ərzağın saxlanma müddətini artıra, mikrob və bakteriyalardan azad ola bilərik. Bu yenilik barədə Azərbaycan Elmlər Akademiyasının Radiasiya problemləri İnstitutunun direktoru Adil Qəribovun Day.az saytına verdiyi məlumata görə 2011-ci ildə layihənin ilkin mərhələsi start götürəcək və tender elan ediləcək. Layihədə məşğul olacaq mütəxəssislər artıq yeni sahəni mənimsəməkçün kurslar keçir. Ləvazimat isə Azərbaycana 2015-ci ildə gətiriləcək. Bu üsulun vacibliyini vurğulayan alim onu da dedi ki: «Bir çox ölkələrdə şüalandırılmış ərzaqların qablaşması üzərində xüsusi işarə qoyulur ki, alıcı onu ayıra bilsin. Bəzi ölkələr kimyəvi, iştilik sterilizasiyasını tətbiq edir. Amma onlar bütün ərzaqlara yaramır. Onlardan ən təhlükəsiz üsul qamma sterilləşmə üsuludur».
Bizim hələ ki, etiraz etməyə az da olsa vaxtımız var. Çünki Azad İstehlakçılar Cəmiyyətinin sədri Eyyub Hüseynovun bu layihəni alqışlamasına baxmayaraq o təhlükəli olaraq qalır. Onun fikricə lazımi dozanı aşmasa bu üsul kimsəyə ziyan gətirməz. Radiasiya sterilləşməsi layihəsi artıq start götürüb. Bununçün Qobu qəsəbəsi yaxınlığında ərazi ayrılıb ki, 2015-ci ildn etibarən tibbi, rezin, ərzaq məmulatlarını ionlaşmış şüalanmaya məruz qoysun. Layihəni Atom Enrjisi üzrə Beynalxalq Agentlik və Azərbaycan Respublikası maliyyələşdirir. Tikinti 2012-ci ildən başlanacaq.
Onsuz da çoxdandı ki, nə düyümüzə, nə də unumuza qurd düşmür. Çünki gətirilmə məhsullar yeyirik. Stakanın yarısınacan şəkər salırsan, şirin olmur. Gözəl-göyçək geni dəyişdirilmiş meyvələri aylarla saxlayırsan xarab olmur. Artıq el arasında «plasmas şəftəli», «dadsız alma» kimi meyvə növləri tanınır. Onları alıb bufetə qoyub göz oxşamaq olar, amma yeməyə yaramırlar. Ümidimiz onsuz da lap qurdlu, çürük olsa da yerli sortlarımızadır. Onları da şüalandırsaq bəs biz nə yeyəcəyik? Siz uşağınıza şüalandırılmış meyvə verərsiz? Bu şüalar lap qamma şüalar olmur, nə olsun. Tatarstanın Antiatom cəmiyyətinin sədri öz xalqının adından narahatlıq məktubu yazıb təsadüfən mənim poçtuma göndərib. Çünki Tatarstana Azərbaycandan ərzaq məhsulları gətirilir. Görək ki, bundan sonra köşəni oxuyan azərbaycanlılar gələcək nəslin sağlamlığı xətrinə etiraz səsini ucaldacaqlar, ya yox?! İndi məqamıdır. Kimsə azərbaycanlıların cırlaşmasında maraqlıdırsa o susa bilər…

Yuxariya doğru