Alfons
«Dünyanın bir
yarısı o biri yarısının necə yaşadığından xəbərsizdi»
Fransua Rable- «Qarqantua və Pantaqrüel» əsərindən
Qadının hesabına yaşayan kişilər həmişə olub, belə getsə həmişə
də olacaq!

Böyük səs-küy salmış bir filmin
qəhrəmanı insanları üç yerə bölürdü: satanlar, alanlar və satılanlar.
Maddi dünyadan danışanda bu həqiqətən də belədir. Vicdanı, sevgini almaq,
ruhunu satmaq kimi sözlərdən adamın tükləri biz-biz olur. Bu günki mövzumuz
barədə çoxları danışmağı sevmir. Çünki adəti üzrə əxlaqsız qadınlardan
deyil kişinin özünü satmasından danışacağıq. Satılan və qadının hesabına
başını dolandıran kişilərə alfons deyirlər. Əlbəttə, əsil kişi satıla
bilməz. Amma qadının hesabına yaşayan kişilər həmişə olub. Tarixən həmişə
yararsız sayılan bu kişilər son vaxtlar nədənsə dəbə minib.
Nə qədər ki, pul var hər şey satıla bilər
Mövzunu aydınlaşdırandan sonra çoxları dodağını büzəcək: «kişilərin
satası nəyi var ki, alan da olsun?». Kiməsə belə yaşamaq rahatdısa dəvəquşu
kimi başını torpağa soxub olanları görməyə də bilər. Nəzərə alın ki,
böyük şəhərdə yaşayırıq. Çoxları da yağışdan sonra göbələk kimi artan
fitnes və qadın klubları adlandırılan, gözəllik mərkəzi kimi fəaliyyət
göstərən bağlı yerlərdə nələr baş verdiyini dəqiq bilmir. Amma bu o
demək deyil ki, alfonsa marşrut taksidə rast gəlmək mümküq deyil. Ona
görə də tipik alfons obrazını bir az geniş çözələyək.
Kişilər özünə differamb oxumasın deyə əvvəlcədən deyim ki, alfons həyatını
yaşayan kişilər heç də mənfur və murdar məxluqlar deyil. Əlbəttə, seksual
partnyoru havayı tapmaq mümkün olan deyərdim ki, gərgin rəqabət şəraitdə
alfons nə qədər usta olmalıdı ki, onun «zəhmətinə» qiymət verən tapıla
bilsin.
Professional maço bütün cazibə və seksual bacarığını imkanlı qadının
başını «piyləməyə» yönəldən kişidir. Evə sifarişlə gələn oğlanları axtarmaqçün
internetə girib bir neçə düyməni basmaq kifayət eləyir. Burda parametrləri
rəqəmlərlə və poetik ifadələrlə tam təsvir olunur. Əslində kişi fahişəliyi
cəmiyyətdə sosial hadisə kimi demək olar ki, yoxdur. Heç bir qanunda
bu barədə heç nə yazılmayıbsa bu o demək deyil ki, heç nə baş vermir.
Dünyagörmüşlərin dediyinə görə, nə qədər ki, pul var qadınlar və hətta
güclü cins olan kişilər də satılacaq. Həm də ki, özünü maddiyata dəyişmək
istəyən kişinin fiziki parmetrlərindən başqa xeyli müsbət keyfiyyətləri
də olmalıdı. Qadınlara bu daha çox lazımdı.
Təcrübə böyük qüvvədir
Bir neçə alfons tipi var: intelleqent alfons, romantik alfons,
zəhmətkeş alfons. Alfons utancaq, kompaniyanın sevimlisi, və tutqun
sadəlovh də ola bilər. İlk görüşdə alfonsun əlində adətən gül olur,
amma bu birinci və axarıncı diqqət formasıdı. Yüngülcə eyham da vurur
ki, böyük məmnuniyyətlə hər gün gül alardı, amma imkanı çatmır. Qadının
maraqlandığı mövzulardan kənara çıxmır, özü danışmaqdansa danışdırmağa
üstünlük verir. Bilərəkdən mübahisə də sala bilər. Çünki qadın mübahisə
edərkən son dərəcə səmimi olur və qadının nə qədər üzüyola olması bəlli
olur. Professional alfonsun nitqində mütləq uğursuz sevgisi, hətta özünü
öldürmək istəyi baradə gözyaşardıcı əhvalatlar olmalıdı. Yaxud çətin
uşaqlığını tez-tez yada salacaq. Bu vaxt qadın ürəyiyumşaqlıq edib onun
evdəki, işdəki yaxud sağlamlığıyla bağlı problemini həll etməyi təklif
etsə artıq özünü tora düşmüş saya bilər. Adətən sevgi oyununda əsas
«kozır» intim sahədədi. Qurbanı mütləq onun əsarəti altına düşməlidi,
yoxsa heç nə alınmaz. Bu məsələdə texnika böyük rol oynayır. Məlumdur
ki, texnika təcrübəylə cilalanır. Alfons heç vaxt sizdən nəyisə birbaşa
xahiş etməyəcək. Sizin məsləhətləriniz da ona lazım deyil. Özünüz düşünün,
parlaq zahiri görünüşü olan birisinin sevgi sükanı daim qayaya niyə
rast gəlsin ki? Yaxud onun qabağına daim əclaf qadınlar niyə çıxmalıdı?
Elə bil başqa cürəsi yoxmuş. Elə bilirsiz ki, yataqda çıxardığı «fokusları»
təkbaşına, özü də bələkdə öyrənib? Qızlar, təcrübə böyük qüvvədir!
Sənətkar təbiətinə də arxayın ola bilər. Guya fani dünyanın nemətlərində
çox uzaqmış, yalnız sənətə özünü həsr eləməkdi amalı. Əsil sənətkarlarla
dəyişik salmamaqdan ötəri bilin ki, sənətkar öz işini görür, onun zarımağa,
kiminsə qoltuğuna girməyə sadəcə vaxtı yoxdu.
İnternet alfonsları xüsusi kateqoriyadı. Axı internet müxtəlif havayı
hədiyyələrlə – şəkillər, başqalarının şerləri, gözəl məhəbbət ifadələriylə
doludur. Bir də ki, qurulmuş tora bir neçə qadın birdən də düşə bilər.
Düyməni bir dəfə basmaqla neçə qadını «xoşbəxt» eləmək olar. Necə deyərlər,
tutar qatıq, tutmaz ayran. Öz emosiyalarını ifadə eləməyən kişidən nə
gözləyirsiz?
Kişidi bu! Atasının səhv işidi bu!
Alfons obrazının tam olmasıycün daha bir tipi də təsvir eləmək
lazımdı. Buna milli alfons deyərdim, çünki çeşidli testlər və məqalələrdə
təsvir edilmiş obrazlarda onun təsviri yoxdu. O, başdan ayağa kimi bizimkmdi,
millidi. Bu alfons tipi işləmək istəməyən, evdəki qadınların – arvadı,
anası, bacılarının boynunda oturub zəhmətdən qaçan kişi obrazıdır. Ətalətli
həyat tərzini ölkədəki sosial vəziyyət, işsizlik, dövlətin insana qayğı
göstərməməmi və s. bəhanələrlə izah eləməyə çalışan bu kişilərə siz
də çox rast gəlmiş olarsız. Adətən gününü televizor qarşısında, ya da
tində, çayxanada dostlarıyla gün öldürməkdə keçirir. Biçarə arvadının
danlağına orda-burda xüsusilə də ehsan yeyərkən yas məclisində mollanın
ağzından eşitdiyi ifadələrlə cavab verir: «Allah kərimdi», «Ruzunu Allah
yetirir», «Naşükürlük eləmə, acından ölmürük ki?», «O dünyada əvəzi
veriləcək». Bəs belə kişi hər gün yediyi çörəyə görə, geydiyi paltarın
əvəzində qadınına nə verir? İnanmıram ki, vaxt öldürməklə gün keçirən
kişi eşşək kimi işləyən, evə gələndən sonra mətbəxdə çarpışan arvadını
özünə seksual marağıyla bağlaya bilir. Vecsiz kişinin arvadına verə
biləcəy bir şey varsa o da abırlı, evli xanım statusudur. «Uşaqlarımın
atasıdı», «Necə olmasa da kişidi» düşünən arvadı bu statusu itirmək
qorxusundan heç vaxt ərinə qarşı çıxmaz.
Cəmiyyətin evli xanım statusuna olan münasibətindən bəzən cəmiyyətdə
alfons kişilərin yaranmasına təkan olur. «Parlaq» keçmişi və bəzən bu
günü olan qadınlar çox vaxt sakit və problemsiz həyat axtarışında olan
bir kişiylə evlənməklə fərsiz papaq sahibinin sayəsində adının üstündəki
ləkəni təmizləmiş olur. Bunun əvəzində kişini yedirib geyindirmək bir
elə də problemli görünmür.
Gözəlliyi və cazibəsini artıq itirmiş kişilərin əlləri yanına düşməsin.
Deyilənə görə daz başı hətta burnuna dəyən qarnı olan kişilərin də alfons
olmaq şansı var. Onun da qismətinə bankda hesabı olmayan amma kifayət
qədər qazana bilən, təravətini hələ itirməmiş qadın düşə bilər.
«Sevgini kişilər uydurub ki, xərcə düşməsinlər»
Alfonsluq patologiyadır – bunu psixoloqlar deyir. Çünki daşıyıb
gətirmə, əldə eləmə, qalib gəlmə, birinci olma – bunlar kişinin təbiətidi.
Mağaraya sığınan vaxtlarda o, mamont vurub evə daşıyırdısa, indi o,
pul gətirir. Kişinin özünü və ailəsini təmin eləmə instinktini əlindən
alsan o, pələngdən pişiyə çevrilə bilər. Kişilərin də yaxşı bəhanələri
var, deyəcəklər ki, bərabərlik istəmirdiz, bu bərabərlik, alın! Nə qədər
ki, cinslərin bərabərliyi söhbəti gedir ayrı-ayrı adamların alfonsluğu
gülməli görünə bilər. Kişinin puluyla dolanan qadın elə sadəcə qadın
adlanır. Həyatda uğur qazanmaq asan iş deyil, amma məhz bu, kişini kişiyə
çevirir.
Hər qadının öz nağılı
Münasibətlərin sonunda qadın parçalanmış ürəyi və boşalmış
qəlbi (əlbəttə cibiylə birgə) ilə təkbətək qalır. Məhz bu dövrdə qüssə,
xiffət və göz yaşları həyatınızı dəhşətə çevirə bilər. Qadınlar belədir
də, əvvəl eləyir sonra düşünürlər.
Hər bir qadın öz nağılını özü yazır. Alfonslar təkgə pulunu deyil, canını,
qəlbini alır. Ola bilər ki, kimsə qarşısına çıxan alfonsu minnətdarlıq
hissiylə xatırlayır, çünki onu göylərə qaldıran, görmədiyini göstərən
birisiylə tanışmışdı. Amma əvəzində bütün kişilərə və sevgiyə inamını
itirməli olmuşdu.
Kişiləri almaq istəyən qadının öz obrazını canlandırmağa çalışaq. Aldanan
qadınları bir kənara qoysaq yerdə tənha, inkanlı və aldanmaq istəyən
qadınlar qalacaq. Həyatda maddi arzuların hamısını dadandan sonra sevgi,
nəvaziş və hələ də ölməmiş sevimli olmaq arzusu çoxunu rahat buraxmır.
Emansipasiya nəticəsində müstəqilləşib kişiylə bərabər həcmdə qazancı
olan qadınların artması qoltuğa sığınıb yaşamaq, yağ-bal içində üzmək
istəyən kişilərin artmasına gətirir.
Daha bir alfons kişi növü də var ki, onlar varlı kişilərin arvadlarının
«ovu»na çıxırlar. Fikir vermisizsə, şəhərdə xarici və çox bahalı maşın
sürən qadınların sayı çox artıb. Onlar hamısı imkanlı kişilərin təkcə
arvadı deyil, məşuqəsidir, aşnasıdır, bir sözlə saxladığıdır. Ahıl yaşında
cavan məşuqə saxlayan kişilərçün elə bir gün gəlir ki, qadını elə onun
pulunu nisbətən cavan kişiyə xərcləməli olur. Bu tip alfons kişi artıq
qadınların yox, kişilərin hesabına yaşayır. Həyatdı da, belə də olur!
İndiki xanımların həyat eşqi və iştahası qarşısında davam gətirməkmi
olar?
Varlı qadın acından ölənin birisinin üzünə də baxmaz
«Metalın yorğunluğu» adında texniki termin var. Daimi gərginlikdən
metal yorula bilər. Bəlkə elə kişilərlə də belədir? Güclü cins olmaqdan
beziblər? Düzdür, lovğalıq və qürurundan bunu boynuna alan az tapılar.
Düşüncələrini etiraf etməkdən çəkinməyən professional alfons hesab edir
ki, (belə etirafları yalnız rusdilli məqalələrdə oxumaq olar) adi oğlan
uzaqbaşı fahişə ola bilər. Varlı qadın acından ölənin birisini heç vecinə
də almaz. Yəni düşünürsüz ki, pul qazanmağı bacaran bir xanım adam tanıyan
olmayacaq? Tanışlığın üçüncü günü heç kimə ev, maşın bağışlamırlar.
Ən əvvəl eyni sosial pillədə dayanmaq lazımdı. Artıq qocalmağa doğru
gedən «şlyapalı Malvina» dodaqaltı məhəbbət şerlərini pıçıldayırsa alfons
ən azı şerin müəllifini tanımalıdı.
Alfonsluğu özünə yaraşdıranların əksəriyyəti boqema həyatını yaşayan
və imkanlı valideynlərin uşaqlarıdı. Onların beynində işləmək və zəhmətlə
qazanmaq anlayışları yoxdur. 30 yaşacan hələ də «oxuyur», 40 yaşacan
pivə pulunu hələ atalarından alırlar. Belə cavan oğlan qadının başını
göz qırpımında tovlaya bilər. «Gələcəyinçün niyə bir şey eləmirsən?»,
«Niyə heç vaxt pulun olmur?» kimi axmaq sualları eşidənəcən nə qədər
xeyir götürmək olar? Əgər bəxtinə düşən qadın yaşlı olmasıyla bərabər
hələ bir eybəcərdirsə, lap yaxşı. Gözəl olsa vurula bilər axı!
Tənha və varlı qadını ayırmaq çətin deyil. Ola bilər onun əlində bir
dənə amma necə (?!) üzük olacaq. O, yorğun və tənha görünür. Üz-gözündə
çoxlu kosmetika ruhi vəziyyətnin qeyri-stabilliyindən xəbər verir. Bir
qədər kökdürsə kompleksləri də onu rahat buraxmır. Onu əldə eləmək professionalçün
çox rahat olacaq.
Əlbəttə, elə bir gün gələcək ki, alfonsun özü də qocalacaq və cavanlarçün
tamamilə cazibəsinii itirəcək. Yəqin o vaxt o, «zəhmətlə» qazandığı
puldan ev alıb ailə başçısı, uşaq atası da olacaq və respektabelli burjua
kimi bahalı kurortlarda dincələcək. Axı oraların tamı adamın ağzından
çox gec gedir.
Kişilər, qiymətiniz neçədir?
Bu günlərdə internetdə oxudum: «Tamahkarlıq və seksual cazibəsi
sayəsində varlanmaq istəyi təkcə insana məxsus keyfiyyət deyil. Bunlar
meymunlarda hətta pinqvinlərdə də müşahidə edilib». Neynək, deməli təbiətə
qarşı getmək olmaz. Hər bir insanın qiyməti özünə verdiyi dəyər qədərdir.
Minlərlə maraqlı insan münasibətlərəni gizləmiş internetə alfons axtarmaq
məqsədilə «Kişilər, qiymətiniz neçədir?» sualıyla da müraciət etmək
olardı. Axtarışlar nəticəsində belə cəsarətdə bulunan bir qadının müraciətinə
də rast gəldim. O, kişilərə özünü dəyərləndirib fiziki və texniki parametrlərini
göstərməklə neçəyə olduqlarını yazmağı xahiş eləmişdi (AzTOP Forum).
Bütün parametrləri təfsilatıyla yazan kişilərdən az qala hamısı bir
xeyli «naz-qoz»dan sonra etiraf elədilər ki, pulla bu işi çox həvəssiz
görərdilər. Amma ehtiyacı olanlara havayı xidmət göstərmək onların daha
çox ürəyindəndir. Bizim xalq sadəlohv və xeyirxahdır, pulgirliklə heç
arası yoxdu.
...Düşünürəm ki, sevgi, nəvaziş, gündəlik təmiz koynək və işti şorbanı
dünyanın heç bir valyutasıyla ölçmək olmur. Bu yazıya görə daşqalaq
olunmamışdan əvvəl bilmək istərdim: «Kişilər, özünüz deyin, bu belə
deyilmi?»