Nahaq dünyanın haqsız qanunları
Hələ də dava-dava oynayan 
          kişilərin din və siyəsət məzələrinin qurbanları çox vaxt qadınlar olur
           Britaniya mətbuatı tükürpədici rəqəmlər açıqlayır: hər il 
          «qeyrət üstündə», «ailə şərəfinə görə» 20 min qadın öz qohumları tərəfindən 
          öldürülür. Qatillərin içində bütün dinlərin nümayəndələri var deyən 
          bunu müsəlmanların üstünə atmaq olmur. «İnoPressa» saytı «The İnderperdent» 
          qəzetinə istinadən yazdığına görə ekspertlər narahatdır ki, qloballaşma 
          qol-budaq atdıqca qeyrət üstündə qətllər Avropada da yayılmağa başlayıb. 
          Qadın hüquqları müdafiə cəmiyyətləri isə açıqlanan rəqəmlərin azı 4 
          dəfə az olduğunu deyir. Qurbanlar isə cavan qadınlar, qızlar, hətta 
          yenietmələrdir. Ailə şərəfinə görə qadınların başını kəsir, yandırır, 
          döyür, doğrayır, elektrikə qoşur, boğur və diri-diri basdırırlar.
          
 
           Burunsuz qadınlar da xoşbəxtlik istəyir
           «Onlar mənim burnumu və qulaqlarımı kəsəndə huşumu itirdim. 
          Burnum elə bil ki, buzlu su ilə dolmuşdu. Gözümü açanda gördüm ki, hər 
          yer qan içindədi» - əfqan qızı Aişə Bibi öz həyatını belə danışır. Onun 
          8 yaşı olanda atası qızını «Baad» cərəyanından olan bir taliba ərə verməyi 
          vəd vermişdi. O, bu yolla, yəni «qan borcunu» verməklə düşmənçiliyi 
          olan bir ailəylə yaxınlaşmaq fikrindəydi. 12 yaşına qədər qızı ailədə 
          sanki at tövləsindəki kimi saxlayırlar. Çünki ərinin 10 qardaşının dalıyca 
          yığışdırmaq lazım gəlirdi. 12 yaşında ərə gedəndən sonra mütəmati döyülmələr 
          başladı. Döyülmələrə o biri qardaşlar da qoşulurdu. Bəzən Aişə günlərlə 
          ayağa qalxa bilmirdi. Aişənin sonrakı əhvalatının iki versiyası var, 
          hərəsi də müxtəlif mənbələrdən gəlir. Bəziləri deyir ki, guya Aişəyə 
          qaçmağa 2 qoşusu kömək edir. Kandaqara köçəndən sonra isə onu aldadaraq 
          satmaq qərarına gəlirlər. Bunu görən polis hər üçünü tutub türməyə salır. 
          İkinci versiyaya görə isə Aişə qonşuya qaçır və qonşusu onu polisin 
          əlinə verir. Polis də onu ailədən qaçdığına görə türməyə salır. Hər 
          iki əhvalatın sonunda 3 illik türmə həyatı görünürdü. Aişə 4-5 ay yatandan 
          sonra atası onu türmədən götürüb yenidən ərinə qaytarır. Bununla belə 
          məhkəmənin qərarına görə evdən qaçan qadının burnu və qulaqları kəsilməliydi 
          ki, ailənin üstündən ləkə götürülsün. Kəsilmə mərasimi Uzurqanda baş 
          verir və bundan sonra əri onu qan içində qoyub çıxıb gedir. Aişə sağ 
          qalmasına görə amerikalı əsgərlərə borcludur. Maraqlıdır ki, hospitalda 
          müalicə aldığı 2 ay ərzində atası hər gün onun yanına gəlib onu ordan 
          götürmək üçün qızına yalvarırdı. Aişə «Time» jurnalının üz qabığında 
          şəkil çəkdirəndən sonra məsələ bütün dünyaya yayıldı. İndi Aişənin adam 
          kimi yaşamaq və plastik əməliyyat vasitəsilə görkəmini bərpa etmək şansı 
          əmələ gəlib. Amma o, hələ də təklifləri qəbul edib Amerikaya köçə bilmir. 
          Çünki o, Əfqanstanın cənubundandır, ölkədən çıxmaq üçün əri, ya da atasından 
          icazəsi yoxdur və hətta doğum haqqında şəhadətnamənin nə olduğunu bilmir. 
          Bütün dünya bu əhvalatın sonun gözləyir. Eybəcərləşdirilmiş sifətilə 
          jurnala poza verən Aişə deyir ki, o, yalnız sülh istəyir. 
           Azərbaycanlılar dünyaya 9 dildə yalvarır
           Keçən bazar, sentyabrın 12-də təbrizli, azərbacanlı xanım 
          Səkinə Məhəmmədi-Aştianinin müdafiəsinə görə Parisdə, Respublika meydanında 
          mitinq keçirildi. 43 yaşlı xanımı zinakarlıqda və ərinin ölmündə günahkar 
          bilərək daşqalaq yoluylu edama məhkum ediblər. Onun 2 uşağı 16 yaşlı 
          Fəridə və 20 yaşlı oğlu Səid dünya ictimaiyyətinə 9 dildə müraciət edərək 
          kömək diləyiblər. 2006-cı ildən türmədə olanı Səkinənin hər an edam 
          edə bilərlər. Maraqlısı odur ki, daşqalağa məhkum edilmiş qadın zina 
          edərkən artıq dul idi. Amma onu nikahı olmadan kişiylə əlaqədə olduğuna 
          görə öldürməyi lazım bilirlər. 
          Şəriətə görə zinaya görə daşqalaq edilmə cəzası var. Amma onun zinakarlığını 
          4 nəfər təsdiqləməli və şahidlik etməlidir ki, belə ağır cəzaya məruz 
          qalsın. Günahı təsliqlənərsə məhkumu çalaya basdırır və elə ölçüdə daşlar 
          seçirlər ki, 20 dəqiqə sürən edam prosesində məhkuma verilən əzab uzun 
          çəksin və ölüm tez gəlib onun canını asanlıqla qurtarmasın. Əgər məhkhum 
          çaladan çıxa bilərsə onu əvf edə bilərlər. 
           Qadınlar azalmır ki, azalmır
           Qətllər o qədər dəhşətlidir ki, onları dalbadal sadaladıqda 
          hər şey adiləşə bilər. Bu əhvalatlar bir-birinə bənzəyir və eyni zamanda 
          qəddarlıq dərəcəsinə görə fərqlənir. İnsanlar ailə şərəfi, ləyaqət və 
          sair bu tipli şeylərə görə bəzən ifrat dərəcədə nadan ola bilirlər.
          İordaniya və Misirdə baş vermiş bir neçə hadisədə atalar öz qızlarını 
          zorlayıb. Onlar hamilə qalandan sonra isə ailənin şərəfini qorumaq üçün 
          onları öldürüblər. 16 yaşlı türk qızı Mədinə Mezmini cavan oğlanla dostluq 
          etdiyinə görə diri-diri torpağa basdırıblar. 2008-ci ildə Somalidə 13 
          yaşlı Aişə İbrahim Duxulovu minlərlə adamın gözü qarşısında boğazacan 
          torpağa basdırıb daşqalaq ediblər. 50 kişi zinakar elan edilmiş bu qızı 
          huşu gedənədək daşlayandan sonra onu torpaqdan çıxarıblar. Ölmədiyini 
          görəndən sonra isə yenidən basdırb daşlamaqda davam ediblər. Bu hətta 
          daşqalaq edilmə qaydalarına da zidddir. Çünki qanunda deyilir ki, 20 
          dəqiqə daşlanandan sonra məhkum sağ qalarsa torpaqdan çıxıb canın qurtara 
          bilər. Amma daşqalaq ediləndə də hər şey qadının məhvinə yönəldilir. 
          Çünki kişini beləcən basdırırlar, qadını isə boğazınadək. Ona görə qadınlar 
          bu əməliyyatdan sağ çıxmır. Daşqalaq edilmiş Aişənin günahı o idi ki, 
          3 kişi tərəfiindən oğurlanıb zorlanmışdı. Qızın qohumları bunu «Əl Şəbab» 
          silahlı qruplaşmaya xəbər vermişdilər. 
          Pakistanda Dakar yaxınlığında su kanalında bir qadının meyiti tapılmışdı. 
          Onu ikinci uşağını dünyaya gətirərkən öldürmüşdülər. Qadını baltalamamışdan 
          əvvəl onun dodaqlarını və qulaqlarını kəsmişdilər. Qadının qanlı paltarının 
          üstündə onun ilk uşağının meyiti uzadılmışdı. Doğulmağa macal tapmamış 
          ikinci uşağın başı bayıra çıxıb oradaca qalmışdı. Müsəlman din xadimləri 
          «lənətlənmiş qadın və onun bicbalalarını» dəfn etməkdən imtina etmişdilər.
          Pencabda Mirval adlı kənddə 11 yaşlı oğlanı ona görə ittiham ediblər 
          ki, 30 yaşlı qadınla gəzişərək bütün nəslinin adını batırmışdı. Buna 
          görə onun 18 yaşlı bacısını bir qrup kişi zorlamalı idi. Sonra həmən 
          yazıq qızı kəndin içndə çılpaq şəkildə gəzməyə məcbur elədilər. Cinayət 
          faktını isə polis düz bir həftədən sonra qeydiyyata aldı. 
          17 yaşlı Deriya öz sinif yoldaşına vurulduğuna görə əmiləri və qardaşlarından 
          ailənin namusunu yumaq üçün özünü öldürmək tələblərilə sms-lər alırdı. 
          Qız dəfələrdə özünü öldürməyə cəhd eləmişdi. Nəhayət zorakılığa məruz 
          qalmış qadınlar üçün sığınacaqda özünə yer tapa bildi. 
          2007-ci ildə Diyarbakırdan olan Murat Kara etiraf edir ki, 13 il əvvəl 
          anası və əmilərinin əmrilə bacısını sevgilisilə qaçdığına görə öldürmüşdü. 
          «Bacımı öldürənə qədər hətta qonşular da mənimlə daşışmaq istəmirdi. 
          İmam isə deyirdi ki, bacımı bodürməsəm Allahın əmrindən çıxmış sayılacağam». 
          
          «Namus üstündə» yarlıkı ilə rəsmiləşmiş qətllər üzrə Türkiyə Pakistandan 
          sonra ikinci yerdə durur. Türkiyədə «namus üstündə» baş verən qətlllərin 
          çox hissəsini kürdlər törədir. Məhkəmələr isə «namus üstündə» qrifi 
          altında keçənlərə çox yumşaq cəza verirlər. Məsələn, 2001-ci ildə İstambul 
          məhkəməsi bacısını fahişəlik etdiyinə görə körpüdən tullamış 3 qardaşın 
          ömürlük cəzasını 4 ilədək endirmişdi. 
          «Doaa Network Against Violence»in müxbiri Azo Kamal azır ki, 1991-2007-ci 
          illər arası İrakın kürd əyalətlərində namus üstündə 12,5 min qadın öldürülüb. 
          Ölənlərin bir çoxunu qohumları özünü öldürməyə məcbur edib. Namus üstündə 
          «havalanma» təkcə kürdlərə xas deyil. Tikritdə yerli türmədə cəza çəkən 
          qadın qardaşına deyir ki, gözətçi tərəfindən zorlanıb və hamilədir. 
          Qardaşı gələn dəfə görüşə gələndə ailənin nəmusunu xilas etmək üçün 
          bacısını yerindəcə güllələyir. 
          19 yaşlı Şabvo Əli Raufu isə öz qohumları güllələdi. Onun mobil telefonunda 
          naməlum nömrə tapılmışdı, ona görə.
          Son vaxtlar İspaniyada qadın üzərində zorakılıq hallarının artdığını 
          deyirlər. Burada şəriət qaydalarına riayət etməyən müsəlman qadınlarını 
          cəzalandıran qrup əmələ gəldiyindən mötədil məsəlmanlar çox narahatdır. 
          Əslən Mərakeşli olan Boşra adlı 30 yaşlı qadının taleyi son zamanlar 
          narahatlıq doğurur. O, İspaniyaya qeyri-leqal şəkildə gəlmişdi. Burda 
          o, bacısının ərindən hamil qalıb. Bacısının yoldaşı uşağın zinadan doğulacağını 
          deyərək onu məhv etməyi tələb edir. Qadın isə onu hədələyəni məhkəməyə 
          verib. Bu ilin mart ayında Boşranı mağazadan oğurlayıb bir kənd yerinə 
          gətirirlər. Onu və günahdan doğulacaq uşağını ölmə məhkum edən məhkəmədə 
          20 nəfər iştirak edirdi. Səhəri gün qadını ailəsinə qaytarırlar və o 
          bacısı ilə əri arasında olan çəkişmədən istifadə edərək qaçıb polisə 
          zəng edir. İstintaq nəticəsində 20 nəfərin şəxsiyyəti məlum olsa da 
          onlardan cəmi 7 nəfəri həbs edilir. Boşra uşağı doğandan sonra yenə 
          də qeyb olur. Kimsə onun hələ də sağ olduğuna inanmır. 
          25 yaşlı şairə Nadiyə Ancuman isə öz şeirlərinin qurbanı oldu. O, qəzəl 
          janrında yazırdı. Qəzəllər isə adətən məhəbbətdən, sevgidən olar. Onun 
          şeirləri qəmgin, mistik xarakterli idi. Uzun illər qadın onları gizlicə 
          yazıb saxlayırdı. Taliban rejimi süqut edəndən sonra Nadiyə şeirlərini 
          yığıb «Tutqun çiçək» («Gule Dudi») adlı kitab şəklində çap etdirdi. 
          Bu onun sonuncu hərəkəti oldu. Çünki əri bunun üstündə onu öldürdü. 
          Deyirlər ki, əri də diplomlu, oxumuş ədəbiyyatşünas imiş. Amma oxumuş 
          kişi arvadına və onun qarnındakı 6 aylıq uşağa qıydı. Xalqın adətinə 
          görə məhəbbət və gözəllikdn yazan qadın ailəsinə yalnız rüsvayçılıq 
          gətirir. 
          Bəsrədə 2008-ci iln statistikasına görə müsəlman libası geymədiyinə 
          görə hər ay 15 qadın öldürürdülər. 
          
 
           Namus üstündə polisin də sözü keçmir
           Qadın cəmiyyyətlərini hesablamalarına görə İordaniyada xristian 
          azlıqları arasında (cəmi 5 milyon adam) namus üstündə öldürülmələr müsəlmanlar 
          arasında olanlardan nisbətcə daha artıqdı. Əsasən qadınları müsəlmanlara 
          ərə getmək istədiklərinə görə öldürürlər. Amma xristianlar bu barədə 
          danışmır və dillərini dişləri arasında möhkəm saxlayırlar. 
          «Human Rights Watch» hüquq cəmiyyəti belə məsələlərdə polis və hüquq 
          müdfiə orqanlarını etinasızlıqda ittiham edir. 2005-ci ildə qardış 17 
          yaşlı bacısını ona görə öldürmüşdü ki, qız hamilə idi. Amma o öz atasından 
          hamilə qalmışdı. Zorakılıqdan sonra qız polisə müraciət etsə də onun 
          ərizəsinə heç baxmamış və zorakı atanı heç dindirməmişdilər də. 
          Namus üstündə qətllər hətta liberal Livanda da baş verir. Suriyanın 
          ictimai təşkilatları qadın qətllərinə qarşı etiraz edəndən sonra isə 
          qohumlarla nikahdankənar əlaqəyə görə cəzanı 2 ilə qədər artırdılar. 
          İran və Əfqanıstanda isə namus üstündə qətllər qəbilələr arası baş verir. 
          Rusiyada bu problem əsasən Çeçenistan ərazisində çox aktual olaraq qalır. 
          Çeçen prezidenti Ramzan Kadırov hətta ailə namusu üstdə qətlləri dəstəklədiyini 
          gizlətmir. Qroznıda 7 güllələnmiş qadının meyiti tapılanda heç bir sübut 
          və dəlili olmasa da onları əxlaqsız həyat tərzinə görə öldürüldüklərini 
          rəsmi qaydada dilinə gətirmişdi. Çeçenstanda başını bağlamamış qadınları 
          küçədə peyntbol tüfənglərindən «güllləyirlər». Rəng atan «güllə»lərlə 
          qadınları işarələyir, xəbərdarlıq edir, sonra isə döyürlər. Qara şüşəli, 
          nömrəsiz maşınlar şəhərdə gəzir və elan olunmamış qərarların icrasını 
          edirlər. Bunlar mobil telefona çəkilir və yayılır ki, cızığından çıxanlar 
          az olsun. 
           10-12 yaşlı gəlinlər 
           Qadına qarşı zorakılq baş alıb gedən vaxt demək olmaz ki, 
          qadınlar da əlləri qoynunda oturublar. Mübariz əhval-ruhiyyə 12 yaşlı 
          qızın 80 yaşlı ərindən boşanma almağa nail olanda sonra lap gücləndi. 
          Səudiyyə Ərəbistanından olan bu qızı keçən il üstündə 14,5 min funt 
          cehizlə birgə ərə vermişdilər. Ümumiyyətlə Şərq ölkələrində qızları 
          tez ərə vermək qəbul edilib. Bu yaxında Yəməndə 12 yaşlı qız zifaf gecəsi 
          vəfat edəndən sonra çoxları yaş həddini dəqiqləşdirmək barədə düşünməyə 
          başlayıb. Səudiyyə Ərəbistanında 8 yaşlı qız 47 yaşlı ərindən boşanmağa 
          nail ola bilib. Qızın əri isə məhkəmədə arvadının həddi-buluğa çatacağı 
          günü gözləmək təklifiylə çıxış edib. Boşanma qərarını əldə etmək asan 
          olmadı. Çünki ərizəni verən qızın anası özü də boşanmış olduğından azyaşlı 
          qızına himayədarlıq etmək hüququndan məhrum idi. Qızın atası isə «kürəkəninə» 
          pul borclu olduğundan bu yolla canını borcdan və qızından da qurtarmaq 
          istəyirdi.
          Keçən il «Glamour» jurnalı «İlin qadınları» mükafatını 10 yaşlı yəmən 
          qızı Nucud Əli və onun vəkili Sada Kaseriyə «Uşaqların müdafisinə ucalan 
          səs» nominasiyasında layiq bildi. Nucud məktəbdə yaxşı oxuyurdu və Allaha 
          dua edirdi ki, onu oxumağını qurtarmamış ərə verməsinlər. Amma ailədə 
          15 uşaqdan biri olduğundan artıq qarından izhal olmaq istəyən validenlərin 
          fikri əsas götürülürdü. Nucudun 9 yaşı olanda onu 30 yaşlı kişiyə ərə 
          verirlər və o, məktəbi atmalı olur. Ailədə seksual zorakılıqla üzləşəndən 
          sonra o, başını götürüb birbaş məhkəməyə gedir. Kişinin müşayəti olmadan 
          belə addım atmaq İslam ölkəsi üçün görünməmiş hadisə idi. Ölkənin qanunları 
          kişiyə azyaşlı qızlarla evlənməyi icazə verir və amma o, arvadıyla intim 
          münasibti o vaxt qura bilər ki, qadın fiziki cəhətdən buna hazır olsun. 
          Bu prosesin udulması yəmən qadınının böyük qələbəsi idi. Bu prosesdən 
          sonra məhkəməyə buna bənzər daha 3 iş də daxil oldu. 
          ***
          Hələ nə qədər qızlar İnternetdəki tanışlıqlarına görə, mobil telefonla 
          danışdqılarına görə, radioda sevimli mahnısını sifariş verdiyinə, küçədə 
          naməhrəmlə danışdğına görə, yaylığı yaxşı bağlamadığına, yaxud heç bağlamadığına 
          görə zərər çəkəcək. Yaşadığımız dünya, başımızı dolandırdığımız cəmiyyət 
          güclülərin qanunları əsaında işləyir. «Kim güclüdürsə o da haqlıdır!» 
          şüarının altından hələ ki çıxa bilməmişik. Cəmiyyətdə əzələ yığınının 
          sözü daha tez keçir. Qadınlarsa bu cəhətdən heç yarımayıb. 
        
Qadın baxışı