İctimai fikrə bir şillə
Hazırda
Azərbycanın da futuristik hoqqabazlıq oyanmaqdadı
İlk dəfə futurizm
termini eşidəndə sənətdən elə də başım çıxmırdı və yazı-pozuda da iddialarım
yox idi. Sərgilərdən birində yarırəssam, yarışair kimi ad çıxarmış Adil
Mirseyidin dilindən eşitdiyim terminin mənasını hələ bilmirdim. Bircə
onu bildim ki, sərxoş olanda bu sözü demək çox çətindi. Çünki terminin
əsil mənasını yəqin ki, çox yaxşı bilən Adil bəyin sərxoş olduğu qədər
dişsiz olan çənəsindən bu söz 5, ya da 6-cı cəhddən düzgün səsləndi. Ünvanıma
deyilmiş bu sözün mənasını lüğətlərdə aradıqda lap cin atına minmişdim.
Adil Mirseyid nədənsə mənim də futuristik olmağıma ümid edirdi. Bəlkə
də 10 il əvvəl səsləndirilmiş bu arzu deyəsən indi reallaşır.
Puşkin,
Dostoyevski və Tolstoyu gəmidən tullamaq lazımdı
1912-ci ilin 18 dekabrında Kuzmin və Dolinskinin mətbəəsində 600 nüsxə
tirajla «İctimai fikrə bir şillə» adlı almanax çap edildi. Məcmuənin 7
müəllifindən yalnız dördü «Yeni sənətin müdafiəsinə» çıxmış manifestin
altına imza atmışdı. Burda belə yazılmışdı:
«Bizi oxuyan Yenilərə, Birincilərə və Gözlənilməzlərə.
Yalnız biz Zamanın siması ola bilərik. Zaman sənətdə öz sözünü bizim dilimizlə
car çəkir.
Keçmiş dardı. Akademiya və Puşkin anlaşılmaz heroqliflərdi. Puşkini, Dostoyevskini,
Tolstoyu və s. müasirlik gəmisindən tullamaq lazımdı.
Kim ki, ilk sevgisini unuda bilmir, son məhəbbətini yaşamayacaq.
Sonsuz sayda leonidlərin, andreyevlərin yazdığı kitabların çirkli seliyinə
toxunandan sonra əllərinizi yuyun. Bütün bu qorkilərə, kuprinlərə, bloklara,
soloqublara, remizovlara, kuzminlərə, buninlərə yalnız çay kənarında bağ
lazımdı. Belə peşkəşi tale dərzilərə verər. Biz onların miskinliklərinə
göydələnlərin başından baxırıq!
Biz şairlərin hüququna hörmət etməyi əmr edirik:
1. Sərbəst, yaxud qeyri-iradi yaranmış sözlər hesabına lüğəti genişləndirmək
(Söz yenilikləri).
2. Ona qədər mövcud olan dilə nifrət bəsləmək.
3. Hamam süpürgələrindən hörülmüş, bir qəpiklik dəyəri olmayan şöhrət
çələnglərini dəhşət hissiylə başından götürmək.
4. Ətrafdakı söyüş və narazılıq dənizinin ortasında «Biz» adlı qayanın
üstündə fəxrlə dayanmaq. Əgər bizim kəlmələrimizdə hələ də sizin «gözəl
zövq» və «sağlam mühakimələr» adlandırdığınız damğalar durursa da Yeni
Gözlənilən Söz Gözəlliyi artıq onların üzərində dalğalanır.»
Hasar ədəbiyyatı və meydan rəssamlığı
Uçan futuristlər federsiyasının 1-ci Dekreti futurizmin nə olduğunu
çox yaxşı izah edə bilir:
Yoldaşlar və vətəndaşlar, biz Rusiya futurizminin başçısı, gənclik incəsənətinin
inqilabçıları olaraq bəyan edirik:
1. Çar rejiminin ləğvi ilə bərabər incəsənətin insan zəkasının çardağlarında,
anbarlarında, yəni ki, saray, qalereya, salon , kitabxana və teatrlarda
yaşaması da ləğv edilir.
2. Hər kəsin mədəniyyət qarşısında bərabərliyi yürüşü naminə yaradıcı
şəxsin Azad Sözü evlərin divarlarında, hasarlarda, damlarda, şəhərin küçələrində,
avtomobillərin oturacaqlarında, tramvaylarda və hətta vətəndaşların paltarlarında
da yazılsın.
3. Qoy küçə və meydanlarda çəkilmiş rəsmlərin rəngləri yoldan ötənlərin
gözünü oxşasın. Rəssam və yazıçılar öz rəng qablarını və fırçalarını götürüb
ustalıqla şəhərlərin, vokzalların, daim harasa tələsən vaqonların yanlarını,
alnını, sinəsini bəzəməyə borcludur…
(Mayakovski, Burlyuk, Kamenskiy. «Qazeta futuristov», 1918-ci il, 18 mart)
Bu çağırışı eşidirmiş kimi şəhərlərin tikildiyi qırmızı kərpiclərin üstündə
ağ rəng çəkilərək bəyaz fonda yaşıl dairələr, narıncı üçbucaqlar, göy
kvadratlar əmələ gəldi. Heyrətdən ağzı açıq qalmış şəhərin başına suprematik
konfetti səpələndi.
Motosikl
Mikelancelodan daha qiymətlidir!
Futurizm İtaliyada doğulub, cərəyanın banisi və sözün müəllifi italyan
şairi Filippo Marinettidir (Qırmızı şəkər» poemasının müəllifi). Terminin
özü keçmişin diskreminasiyası və gələcəyin kultlaşdırılmasını nəzərdə
tutur. 1909-cu ildə cavan rəssamlarçün yazılmış «Futurizmin manifesti»
məqaləsində deyilirdi: «Aramızda ən qocasının 30 yaşı var. Nə qədər ki,
yeni nəsil gəlməyib biz 10 ilə məqsədimizə çatmalıyıq. Yoxsa onlarbizi
zibil yeşiyinə atacaqlar…».
Marinettinin manifesti teleqraf üsulunu bəyan etdi. Yəni ki, ənənəvi qrammatikadan
imtina edilirdi. Şairin öz orfoqrafiyasına hüququ çatırdı. Yeni söz yaratmaq,
sürət və mütləq ritm. Onlar öz əsərlərini qatara, avtomobilə, təyyarəyə
həsr edirdi. Sivilizasianın nailiyyətləri vəsf edilir və texniki inkişaf
göylərə qaldırılırdı. Ona görə də motosikl Mikelancelonun heykəllərindən
daha kamil əsər kimi elan edilirdi. Marinetti belə deyirdi: «Bir parça
dəmir, ya da taxtanın verdiyi hərarət bizə bir qadının təbəssümü və göz
yaşlarından da qiymətlidir». Ona görə də yeni sənət yalnız zorakılıq və
qəddarlıq sənəti ola bilərdi.
Yeni ideyalar cavanları, sənətə ayaq basıb özünü təsdiqləmək istəyən hər
kəsi ağzına almışdı. Uçurdulma, xarabalıq və partlyış pafosu hər yeri
lərzəyə salırdı. İndi mühribələr və inqilablar vəsf edilirdi. Müasir dünyanın
dinamikasını verməyə, sürət, hərəkət, enerjini təsvir etməyə sadə üsullar
da yarayırdı. Kompozisiyalar xırda, iti uclu fraqmentlərə parçalanaraq
forma, ziqzaqlar, spirallar, əyri konuslar şəklində rəsmlərə qalanaraq
reallığın təsvirinə çevrilirdi. Hərəkət dinamikası indi yerində donub
qalmış heykəlləri, rəsmləri və portretləri əvəz etməli idi. Ona görə də
fotoparat və kino kamerası rəssamlığın və insan gözünün nöqsanlarının
düzəltməklə onları əvəz etmək iddiasında idi.
Hər gün
sənət mehrabına necə tüpürməli
Futuruzm latıncadan tərcümədə gələcək deməkdir. Bəyan edilən kimi «Anti
mədəni, anti estetik, anti fəlsəfi» cərəyan kimi tanındı. Onsuz da bütün
cərəyanlar özünü təsdiq etməkçün özündən əvvəlkiləri inkar etməli olur.
Amma futurizm öz ekstremistliyi ilə seçilirdi. Çünki ərsəyə gəlib özünü
gələcəyin mədəniyyəti elan edən kimi keçmişi nəinki inkar etməyi hətta
«hər gün sənət mehrabına tüpürməyi» qarşılarına məqsəd qoymuşdular. Özündən
zəifinə ikrah, güclünün vəsf edilməsi ilə yanaşı müharibə və dağıntılar
da ləzzət gətirici olurdu. Bu mənada onlar anarxistlərə, faşistlərə və
kommunistlərə yaxın idilər.
Şeirdə futurizm sintaksisdən imtina edilir, cümlədə xəbərin qeyri-müəyyən
forması işlənirdi. Sifətin dərəcələri, durğu işarələri, aradan çıxarılırdı
ki, maksimum səliqəsizlik həyatın reallığını ifadə edə bilsin. Mənasız
pauzalar yaradan nöqtə və vergüllər aramsız axan həyatı ifadə etmir deyən
canlı üsluba mane olurdu. İndi ədəbiyyat barmaqların arasından axıb gedən
qum kimi ələ gəlməyən həyat materiyasını ifadə edərək onunla vəhdətə girməli
idi. Xətti yazı tərzi, cümlələrin ardıcıl düzülməsi də gələcəyin sənətkarlarını
razı salmırdı. Ona görə də futurist şairin ağ kağızında şeiri quş şəklində,
ya hərf formasında, insan görkəmində yaranıb bəndlərlə düzülmək prinsipini
darmadağın edirdi. Beləliklə sözlər vizual işarələrə sevrilirdi. Bir sözlə
ədəbiyyatdakı «MƏN»i darmadağın etmək lazım idi.
Hamam
süpürgələrindən hörülmüş çələnglər
20-c əsrin əvvəlində hamı novator olmaq istəyirdi. Ona görə şüurlu şəkildə
skandal yaratmaq bədii üsluba çevrildi. Xuliqanlıqdan tutumuş teatrallaşmış
zarafatlara qədər hər şey təcrübədən keçirildi. Futuristlər daim törətdiyi
qalmaqallara görə həbs edilir, ictimai müzakirələrdə razılaşmayan opponentlərə
şapalaq çəkdiyinə görə təcrid edilir, püpitr ya da stolüstü lampanı kiminsə
başına tolazladığına görə cərimələnirdilər. Ona görə də xuliqan və futurist
söz bir müddət sinonim kimi işlədilirdi. Mübarizə futuristlərin öz aralarında
da olurdu. Qruplaşmanın bir üzvü başqasına keçən kimi qarşıdurmalar kəskinləşir
və yeni konfliktlər yaranırdı. Bütün bu ittihamlara baxmayaraq futurizm
dünyaya ədəbiyyatda Myakovski, Xlebnikov, Pasternakı, rəssamdıqda Maleviçi,
Eksteri bəxş elədi.
Müasir dövrdə futuristlərin ardıyca getməyə tələsən cavanların nəzərinə:
Futuristlərin hamısının şəxsi taleyi acınacaqlı olub. Onların əksəriyyəti
sürgündə məhv olub. Sağ qalanları isə unudulub. Hətta futurizmin daşını
çoxdan atmış Pasternak da Xruşşovun təqiblərindən qurtula bilmirdi.
Kitabxana
və muzeylərlə pozulmamış insanlar
«Kitabxana və muzeylərlə pozulmuş insan artıq heç bir maraq doğurmur…
Bizi metal lövhənin bərkliyi maraqlandırır, malekul və elektronların insanın
anlaya bilməyəcəyi birliyi diqqətimizi çəkir…» deyən futurist cavanlar
üçün etiraz, yeniliyin təsdiqidirsə artıq oturuşmuş həyat tərzi olanlar
üçün tərbiyəsizlikdən başqa bir şey deyil.
Futurizm sənətə yeni janr gətirdi ki, burda yumruq davası məqbul sayılır.
İndi səhnəyə çıxan şair bacardığı qədər tamaşaçısını təhqir edib özündən
çıxarmağa çalışır. Yapdığı epatajla zorakılığa və qiyama çağırır. Futuristlərin
yazdıqları əsərlər əvvəl səhnədə səslənib sonra qələmə alınırdı. Ona görə
də yazarın ünvanına səslənən söyüşlər əsərin uğur göstəricisi olurdu.
Belə «ədəbiyyat» gecələri adətən dava ilə bitərdi. Bəlkə də həmin səbəbdən
çox populyar idi. Futurizmin özünə diqqət çəkməyə ehtiyacı vardı. Onun
üçün etinasızlıq ən qəddar silahdı. Publikanın etirazı tələb olunan yerdə
sükut olsaydı bu çox dözülməz olurdu. Ona görə də elə bizim ədəbiyyatda
da futuristik hoqqabazlığın aradan götürməyin bircə yolu var. Tam iqnor,
tam sükut futurist üçün ölümə bərabərdi.
Pul qazanmağın
sivil yolları
Müasir tədqiqatçılar hesab edir ki, publikaya qarşı epataj yapmaqda son
dərəcə istedadlı olan futuristlər əslində bu günün «promouşn» və «pablik
rileyşnz»larıdır. Onlar nəinki əsər yaratmağın, hətta onları dinləyiciyə
çatdırmağın, misenatları, alıcıları cəlb etməyin ən maraqlı yollarını
seçə bilirdilər. Onlar nə qədər radikal olsalar da pul qazanmağı bacarırdılar.
Bəzən diqqəti cəlb etməyin əsas səbəbi də maddi durumu yaxşılaşdırmaq
idi. 1912- 1916-cı illər arası az qala yüzlərlə sərgi, şeir gecələri,
tamaşalar, müzakirələr olurdu ki, ora mütləq bilet almaq lazım idi. Biletin
qiyməti 25-qəpikdən 5 rubla qədər olurdu. O vaxtlar fəhlənin ayda 20 rubl
qazandığını və sərgilərə minlərlə adam gəldiyini nəzərə alsaq qazanan
pulların həcmini bilmək olar. Üstəlik sərgilərdə rəsmlər də satılırdı.
Orta hesabla sərgidən 5-6 min çar rublı məbləğində qazanc olurdu. Ona
görə də mətbuat futuristlərin pulgirliyindən ləzzətlə yazırdı. Necə deyərlər
bu yolla əvəzini çıxırdılar.
Klassiki
ələ salmaq olar, şalvarı isə yox
Futurizmdə vahid üslub problemi olmayıb. Hər millət öz futurizminə məhz
ona məxsus keyfiyyətlər verib. Futurizm qubka kimi bütün mümkün üslub
və prinsipləri canına çəkə bilib. Futurizm məktəb də yaratmayıb. Yanaqlarındaq
qan daman tox, qayğısız, kədərsiz burjua üslubuna etiraz kimi formalaşaraq
yeni-yeni formalar axtaran cərəyanın əsas məqsədi onu dağıtmaq idi. Estetik
zövqə vurulan zərbə məişət səviyyəsində gözlənən şillənin hələ ki, bir
detalı idi. Futuristlərin səhnədən çıxartdıqları oyunbazlıqlardan heç
biri, ən kəskin şeir, ya manifest onların sarı köynəklər, assimmetrik
kostyumlar geyib, rənglənmiş sifətlərlə küçələrə çıxması zamanı oyatdığı
reaksiyanı doğurmamışdı. Burjua Puşkinin ələ salınmasına dözərdi, amma
şalvarının, qalstukunun rəngini, ya da ilməsini məsğərəyə qoyulmasına
sakit baxmayacaqdı. Bu onun üçün artıq dözülməz hədd idi.
Futurizmin
əsas əlamətləri
- qiyamçılıq, anaxist dünyagörüşü, kütlənin əhvalını ifadə etmək istəyi
- mədəni ənənələrin inkarı, gələcəyə yönlənmiş sənətin yaradılması cəhdi
- adət edilmiş şeir formalarına qarşı qiyam, ritm, qafiyə sahələrində
eksperimentlər, şeirin şüar, plakat şəklində səslənməsinə meyllik
- cəfəng dil yaratmaq üzrə eksperimentlər
- texnika və inkişaf etmiş şəhər kultu
- epotaj pafosu
Futurizmə
bir qucaq təbəssüm və sükut
Əlamətləri dalbadal sadalayanda nəsə tanış mənzərələr yarandı. Elə bil
ki, bizdə də hazırda futurizm baş qaldırıb. Düzdü, bu 100 il sonra gecikməylə
olsa da üsullar, şüarlar çox tanışdı. Yeyib yatmaqdan şişmiş xalqın öhdəsindən
yalnız futuristik hoqqabazlıq gələ bilər. Təmbəl xalqı teatr və konsertə
getməyi məcbur etmək mümkün olmasa da hirsləndirmək və özündən çıxarmaq
çətin deyil. Bu mənada futurizm hazırki durum üçün çox lazımlı «silah»dı.
Amma futurizm üsullarıyla xalqa gəliş gələnlər nəzərə almalıdı ki, oxucu
da səfeh deyil. Bir əsr bundan əvvəl buraxdığı səhvləri indi buraxmayacaq.
Bəyənmədiyi müəlliflə çənə döyüb söz güləşdirmək əvəsinə sadəcə susub
gülümsəyəcək. Ona görə də bu günün azərbaycanlı futuristləri yaxşıca pul
qazana bilmir.