Sayğaca qoşulmuş insan ömrü
Yeni ilin qədim adətlərinin mənasına baş vurmasaq da olar
 
        Yeni ilin astanasındayıq. Yenə yolka, yenə də olivye salatı. Çin fişəngləri, yalançı qar, yeni il gecəsi barədə xatirələr, saatın 12 dəfə zərbi və ola bilər ki, şampan şərabı. Yeni il gecəsi nədənsə yenə də sevgidən oxuyan Azərbacan estrada müğənniləri, təbriklər və arzular… Bu ssenari dəyişmir. İllər uzunu, əsrlərdi kiçik əlavələrlə təkrarlanır. Yəqin insan ömrünü sayğaca qoşub ölçmək fikrindən əl çəkməyəcək.
Hər xalqın öz yeni 
          ili
           Yeni il adıyla kimisi aprelin 1-ni, kimisi oktyrbrı, kimisi 
          də yanvarı gözləyir. Eskimoslar isə ilk qarı gözləyir. İlk qar oldusa 
          deməli yeni il də başladı.
          Avstraliyada da yeni il yanvarın 1-dən başlayır. Amma bu vaxtlar orda 
          elə isti olur ki, Şaxta baba və Qar qız hədiyyələri çimərlik kostyumunda 
          paylamalı olur. 
          İndoneziyanın yeni ili oktyabrda gəlir. Adamlar bəzənir və il ərzində 
          bir-birinə etdikləri naxoş hərəkətlərə görə üzr diləyirlər. 
          Birmada yeni il apreldə başlayır. O vaxtlar istinin lap cırhacırı olduğundan 
          hamı bir-birini sulayır. Tindcan adlanan yeni il – su festivalı hamını 
          sərinləşdirir. 
          Qədim Misirdə Nil daşan kimi yeni ili qeyd edərdilər. Bu isə sentyabr 
          ayına düşür. Misirlilərin yeni ilində Amon ilahının heykəlini arvadı 
          və oğlu ilə birlikdə qayığa qoyub suya buraxırdılar. Qayıq Nil çayı 
          boyu düz bir ay üzürdü. İlahlar suda «gəzişərkən» insanlar sahildə yeyib 
          şənlənərdi. Sonra gəzintidən təzəcə qayıtmış Amonu yenidən məbədə gətirib 
          düz bir il darıxmağa qoyardılar.
          Fransada 1654-cü ilədək, 9-cu Karl yeni ili yanvarın birinə salana qədər 
          bayramı gah dekabrın 25-i, gah da martın 1-i qeyd edərdilər. Yanvarın 
          1-ni qeyd etmək Almaniyada 16-cı əsrdən, İngiltərədə 18-ci əsrdən bəri 
          oturuşub. Rusiyada xristianlıq qəbul ediləndən sonra da uzun müddət 
          qədim ənənələrə əsasən yen ili mart ayında bayram edərdilər. 
          Qədim Babilistanda yeni il yazda başlayırdı. Bayram günlərində çar şəhəri 
          tərk edərdi. Bundan istifadə edən xalq kef çəkər, oynayıb ağlına gələni 
          edə bilərdi. Bir neçə gün keçmiş çar şəhərə qayıdan kimi hamı öz işinə 
          qayıdardı. 
          Qədim Romada da yeni ili marta salırdılar. Bu, Yuli Sezar yeni təqvim 
          icad edənə kimi davam etdi. Tərtibçisinin şəhəfinə yulian təqvimi adlanan 
          təqvimdə yeni il yanvarın 1-dən başlanırdı. Yanvar ayı isə ikiüzlü Yanus 
          ilahının şərəfinə adlandırıldı. Yanusun bir üzü keçmişə, o biri üzü 
          isə gələcəyə baxırdı. Yeni il bayramları «kalenda» adlanırdı. Həmən 
          gün adamlar bir-birinə ikiüzlü Yaqusun şəkilləri olan pullar bağışlayardı. 
          Həmən gün qullara öz ağalarıyla birgə bayram etmək icazəsi verilərdi. 
          Romalılır öz imperatorlarına hədiyyələr verərdi. Əvvəllər bu, öz xoşuna 
          edilsə də sonralar imperatorlar hədiyyə tələb etməyə başladı. Bayram 
          bir neçə gün davam etdiyindən kimsə «vay, yadımdan çıxmışdı» deyib bu 
          işi boynundan ata bilməzdi. 
          Müasir Fransa və İngiltərənin bir hissəsinəd yerləşən Qaliyanın sakinləri 
          keltlər yeni ili oktyabrda qeyd edərdi. Bayram «Samhain» adlanardı. 
          Söz «summers end», yəni yayın sonu sözündən yaranmışdı. Yeni ildə keltlər 
          evi bağamburc bitkisiylə bəzəyərdi ki, bəd ruhlardan xilas olsunlar. 
          Onların inamına görə yeni il bayramında ölənlərin ruhu qalanların ocağına 
          baş çəkir. Onlar da romalılar kimi bayrama hədiyyə gözləyərdilər. Adətən 
          qızıl bağışlanardı. Ona görə də bir əsr keçmiş Kraliçə Elizavetanın 
          qiymətli daşlarla bəzədilmiş və qızıl saplarla tikilmiş çox iri və çox 
          qiymətli əlcəklər kolleksiyası əmələ gəlmişdi. 
          15-ci əsrədən hələ də martın 1-ni bayram edən ruslarda yanvarın 1-nə 
          keçid 1-ci Pyortun əmrindən sonra oldu. Fərmanda xüsusilə qeyd edilmişdi 
          ki, həmən gün içib dava salmaq, bir-birini kötəkləmək olmaz, bununçün 
          başqa günlər var.
Köhnə ili dal qapıdan 
          yola salarlar
           Bütün dünyaya partlayıcılar, fişənglər satan Çində də səs-küysüz 
          ötüşmür. Qədim zamanlarda çinlilər bambuk ağacını partladırdılar. Bambuku 
          yandıranda çox bərk səs çıxarırdı, lap qumbaraya bənzər bir səs. Çində 
          yeni il ərəfəsində söyüş söymək və deyinmək qadağan idi. Bax bu adətlərini 
          də zərli kağıza büküb dünyaya sata bilsəydilər çinlilərin ölənlərinə 
          rəhmət oxuyardıq.
          Yeni il ərəfəsində İtaliyada olsanız pəncərələrin altından keçməyin. 
          Axı onlar yeni il gecəsi kəm-köhnəni bayıra tullayırlar, özü də mütləq 
          pəncərədən. Onlar inanırlar ki, nə qədər köhnə atsan ondan artığını 
          da yeni ildə ala biləcəklər.
          Niderland və Belçikada isə hər vilayətin yeni ildə bişiriləcək öz peçenyesi, 
          ya da vafli növü var. Niderlandda bayram günü «slem» adlanan xüsusi 
          içki içərlər. Onu isti süd, çay, şəkər, darçın, limon qabğı, zərəfan, 
          mixək və cövüzdən hazırlayırlar. 
          Britaniya adalarının ənənəvi yeni il içkisi punşdur. Hindistanın panç, 
          (yəni beş) sözündən əmələ gəlib və 5 komponentdən ibarətdi. Onlardan 
          ikisi spirtli, 3-ü isə spirtsiz içki olaraq gümüş qazanda bişirilir. 
          Onlar da inanır ki, yeni ilin ilk günü doyunca, ya da partlayanacan 
          yesələr il boyu yeməkdən korluq çəkməzlər. Evə gələni yeməklərdən dadmamış 
          buraxmırdılar. Uels bölgəsində içində deşik olan peçenyelər bişirilir. 
          Amma onları sındırmamağa çalışırlar, yoxsa bu pis əlamət sayılır. 
          Britaniya adalarında yeni ili içəri buraxmağın maraqlı qaydası var. 
          Gecə 12 tamamında onlar arxa qapını açır ki , köhnə il ordan getsin 
          və ön qapını taybatay açırlar ki, təzə il içəri maneəsiz daxil olsun. 
          
          Şotlandiyada köhnə ili yandırıb yola salırlar. Onlar qətran dolu boçkanı 
          yandırıb küçəyə buraxır və köhnə ili beləcə qovalayırlar. Onlar inanır 
          ki, 12-dən sonra içəri qarasaçlı kişi girsə il uğurlu olar. Bu qarasaç 
          kişi ağsaçlı Şaxta baba kimi hədiyyə paylamalıdır. Şotlandiyada da köhnə 
          ili qapıdan yola salırlar. Ev sahibi durub qapını açır və saat 12 dəfə 
          vuranadək onu bağlamır ki, il çıxıb gedə bilsin. 
Ağacdan bağırsaqlar 
          asılan zamanlar
           Demək olar ki, bütün xalqlar inanır ki, yeni il gecəsi nəsə 
          bir sehr baş verməlidi. İtaliyada su ilə bağlı əfsanələr danışırlar. 
          Guya yerli çay, ya da bulaqlardan biri yeni il gecəsi bir anlıq donub 
          qızıla çevrilir. İtalyanlar deyəsən bizim kimi pulgirdirlər, çünki bayramda 
          qeyd etdikləri rituallar pulla bağlıdır. Onlar yeni il bayramında çoxlu 
          kişmiş yeyirlər. Qızılı rəngdə olan kişmişləri yedikcə onları qızıl 
          pula bənzədirlər və inanırlar ki, yeni ildə yedikləri qədər də qızıl 
          pul qazanacaqlar. Süfrəyə qoyduqları mərci şorbası, qoz, yumurta da 
          ona görə seçilir ki, zahirən dəmir pulu xatırladır. Üzüm tənəyini müqəddəs 
          sayan ölkələrdə, məsələn İspaniyada yeni il gecəsi saatın zərbi vurduqca 
          bir dənə üzüm dənəsi, ya da kişmiş yemək qəbuldur. Kişmişi yedikcə arzu 
          tutmaq lazımdı. Cəmilikdə 12 zərbə 12 kişmiş və hər aya uyğun olaraq 
          bir arzu alınır. 
          Bolqariyada yeni ilə qalmış son dəqiqələri qaranlıqda keçirirlər. Onlar 
          bunu öpüş dəqiqələri adlandırır. Həmin dəqiqələrin sirrini qaranlıq 
          özündə gizləyir. 
          Küknar ağacı qədim keltlərdə müqəddəs sayılırdı və onun maqik xüsusiyyətləri 
          olduğunu düşünürdülər. Küknarın həmiş yaşıl olması belə fikir yaradırdı 
          ki, guya o, heç bir dağıntıya məruz qalmır və əbədi ağacdır. Ona görə 
          də bu ağacda yaşayan ruhla münasibət qurmağa çalışırdılar. Qədimdə insanlar 
          yalnız qurban verməkdə münasibət bildirirdilər. Əvvəllər insan qurbanı 
          verər, sonra heyvan qurbanı verməyə başladılar. Qurban verilmiş heyvanın 
          içalatı budaqlardan asılar, ağac özü qana batırılardı. Bu da bir növ 
          indi yolkadan asdığımış oyuncaqların qədim forması idi. Ağacdan asılmış 
          bağırsaqlar zərli hörüyü xatırladır. Zaman keçdikcə mərasimlər dəyişdi 
          və artıq ağacdan çörək, alma kimi yemək məhsulları asılmağa başladı. 
          Bununla da insan yeni ildə yemək istədiyi məhsulların sanki siyahısına 
          eyham vururmuş.
          
 
           Şimaldan gələn qoca insan həyatını bac alırmış
           Qədim insanların inamında qış Saturn planeti ilə əlaqədardı. 
          Saturnu əlində əsa olan qoca kişi kimi təsvir edərdilər. Bu əsa insan 
          həyatı və ölümü idarə edərdi. Druidlərin misteriyalarında qəbilənin 
          kahini Saturn paltarı geyərdi. Ona gənc bakirə qızı qurban verərdilər. 
          Bu da indiki Qar qız obrazının qədim formasıdır. Hazırda evlərimizə 
          gələn və bizi əyləndirən Şaxta baba və Qar qız vaxtilə insanlarda qorxu 
          hissi yaradardı. Hindularda şimaldan gələn qoca haqqında əfsanələr hələ 
          də yaşamaqdadır. Onu bəzən İblis də adlandırırlar. Amma belinə kisə 
          alıb evləri gəzən qoca kişi haqqında əfsanə formasını çox dəyişib. Çünki 
          keçmişdə bu kişi hansı evin qapısını döyərdisə onlara hədiyyə gətirməzdi, 
          əksinə, kisəsini doldurmağı tələb edərdi. Əgər qoca qapını döyübsə deməli 
          kimsə il boyu simiclik edib onun payını yaxşı vermyib. Ona görə də şimaldan 
          gələn qoca insan ömrü yığardı. Mərasimlərin həqiqi mənası belədir.
          Yeni il ərəfəsi müxtəlif rituallara bir növ həzırlaşan biz əslində onların 
          əsil mənası barədə düşünmürük. Hər il televizor yanğından qorunmağı 
          tövsiyyə edir, çünki şam yandırmağı, yolkanı işıqla bəzəməyi sevən bizlər 
          ehtiatsızlıqdan evimizi gudaza verə bilərik. Keçmişdə, məsələn keltlərdə 
          yeni il gecəsi ocağı xüsusilə qoruyardılar. Çünki ocaq sönsəydi kimsədən 
          od almaq mümkün olmurdu. Hamı inanırdı ki, yeni il gecəsi evdən od, 
          ya da çaxmaq daşı vermək ölümə bərabərdir. Od verən adam gələn ilin 
          bütün uğurunu evdən çıxarır. Biz də buna bənzər şəkildə inanırıq ki, 
          yeni ildə borc götürsək bütün ili borc içində olacağıq. 
          Bayram ərəfəsində hərəkətlərimizin əksəriyyəti avtomatik olur. Sivilizasiya 
          nəhəng addımlarla irəliləyir və bəzən bütün qazanılmış yenilikləri analiz 
          etməyə imkan olmur deyən onları şübhəsiz və sözsüz qəbul etməli oluruq. 
          Çırmanıb hər mərasimin detallarını analiz etməyə başlasaq biz onun heç 
          milyonda bir hissəsini açıqlaya bilməyəcəyik. Ona görə də yolkanın əsil 
          mənasını, Şaxta baba və Qar qızın kimliyini, yeməklərin mənasını, yeni 
          il mərasiminin detallarını analiz etmək və bunun milli kimliyə aid olub 
          olmadığını dəqiqləşdirmək əvəzinə bu günü yaşamaq lazımdı. Sadə, gözəl, 
          işıqlı, şən, təkrarsız və yaddaqalan bir gün kimi.
           Yeniliyin azadlığı
           Etiraf etmək lazımdı, bəzən yolka ətrafına dolaşmaq, hədiyyə 
          vermək və hər il olduğu kimi salat yeyib şampan içmək istəmirsən. Amma 
          istəməyə-istəməyə rituallara qoşulub hamı kimi olmağa məcbursan. Qədim 
          insanlarda olduğu kimi bizim qorxularımız müasir həyatımızı idarə edir. 
          Əlbəttə müasir insan soyuqdan və mağaraya soxulacaq vəhşi heyvandan 
          qorxmur artıq. Amma o, hamı kimi kasıblıqdan hələ də qorxur. Ona görə 
          əksəriyyəti yeni il ərəfəsində borclarından qurtularaq gələn ili asudə 
          yaşamaq istəyir. İkinci qorxumuz tənqid qarşısında keçirdiyimiz qorxudur. 
          Məhz ona görə süfrəmiz başqasından əskik olmamalıdı, tərtibatı, zənginliyi 
          aşağı səviyyədə görünməməlidi. Müdirinə verdiyin hədiyyə kolleqalarınkından 
          geri qalsa yoldaşlarınız sizi qınaya bilər, kimsə bir söz deməsə də 
          min mənalı şəkildə gülümsəyə bilər. Nə qədər absurd olsa da müasir insan 
          dostlarının, qonşularının, kolleqalarının qınağından qədim insanın vəhşi 
          heyvandan qorxduğu qədər qorxur. Bu axmaq, mənasız qorxudur. Ürəyimizi 
          eşən üçünc məqam isə tənhalıq qorxusudur. Bu qorxunun ucbatından biz 
          bayramı qohumlarla, tanışlarla və mütləq çoxlu insanlarla keçirməyə 
          çalışırıq. Gələn ili tək qalmaq qorxusu minlərlə insanı yeni il ərəfəsində 
          təsadüfi tanışlıqlara, mənasız görüşlərə təhrik edir. Müasir insan onu 
          da bilir ki, bu onun gələcək taleyinə heç gürə təsir edə bilməyəcək. 
          Hətta tam tənhalıqda qarşılanan yeni il bir illik tənhalıq gətirməyəcək. 
          
Bu mənada müasir insan 
          azaddır.
           Riçard Baxın «İllüziya» əsərində qəhrəmanlardan biri sualtı 
          aləmin sakinləri barədə pritça danışır. Pritçada deyilir ki, iti axan 
          çayın dibində insanlara bənzər canlılar yaşayır. İnsanlardan fərqli 
          olaraq onlar suyun altında nəfəs ala bilirlər. Onlar ömürlərini çayın 
          dibindəki daşlardan yapışaraq keçirir və inanır ki, daşı buraxsalar 
          çayın suyu onları aparıb məhv edəcək. Onlar daşlardan yapışaraq suyun 
          axınına davam gətirərək doğulur, qidalanır, sevişir və ölürlər. Bir 
          dəfə onlardan biri öz daşını buraxıb çayın axını ilə üzdü. Yol boyu 
          o, hayatını daşlardan yapışıb yaşayan insanların yeni qəsəbələrini gördü. 
          Onlar təccüblə üzən oğlana baxıb «Baxın, o, uçur! O, fövqəlinsandır!» 
          deyirdilər. Cavabında oğlan «Yox, mən də sizin kimi adamam. Öz daşlarınızı 
          buraxın və birlikdə uçaq!» deyirdi. Amma bunu eşidən və görən adamlardan 
          kimsə öz daşını buraxmağa ürək eləmədi. Sizin daşınız isə qorxudur. 
          Buraxın onu. Onda yeni iliniz yeni görmədiyiniz yeniliklər gətirər və 
          onda Siz də uçarsınız…
Qadın baxışı