Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Get-gedə kiçilən dünya

Metroda sıraların arasından bir kişi yavaş-yavaş irəliləyir və «əl kondisioneri» deyib satdıq yelpincləri şaqqıldadırdı. Maraqlı reklamdı. Elə bil ki, yelpinclərə elə yelpinc desəydi alan olmayacaqdı. Bəlkə də düz eləyir. Çünki dünya durmadan inkişaf edir və zamanla ayaqlaşmaq lazımdı. İndi hətta doğulan uşaqlar da sanki quraşdırılmış naviqasiya qurğusuyla və əlində maus tutmaq bacarığıyla dünyaya gəlir.
50 il bundan turizm indiki qədər populyar və komfortlu deyildi. Nəqliyyat ləng idi, baqaj ağır. Adamlar bayramları evdə, uzaqbaşı bağda keçirib xoşbəxt ola bilirdi. Sanki adamların xoşbəxt olmasına qənim kəsilmiş alimlər zəhmət çəkib yerdəyişmə aşiqlərinin işini dəfələllə rahatlaşdırıblar. «BudgetTravel.com» saytı oxucuları arasında sorğu apararaq turist üçün ən önəmli predmetlərin və kəşflərin siyahısını öyrənib. Nəticələr maraqlıdı.
Onlayn xəritələr bu günün turistinin əlindən yaman tutur. Qısa zamanda aeroportdan mehmanxanaya, mehmanxanadan restoran, muzeyə olan yolun dəqiq təsnifatını öyrənmək olur. Foto xəritələr daha rahatdı və dünyanın o biri başında baş verənləri gözünlə görə bilirsən.
Yadınızda olar, lap bu yaxınlaracan harasa gedəsi olanda baxmalı, görməli yerlərin yüzlərlə şəklini çəkirdik. Çünki hər kadrı 2-3 dəfə çəkməsəydin sonra onlardan hansınınsa uğursuz, bulanıq, səhv fokuslu olduğundan yararsız olurdu. Tərslikdən fotoları evə gələndən sonra çıxartdırıb nəticələri görürdün. Onda isə artıq gec olurdu. Heç nəyi, səfəri, təssüratları geri qaytarmaq olmurdu. İndi isə rəqəmsel fotoaparatlarla minlərlə şəkil əkib keyfiyyətini yerindəcə qiymətləndirirsən. Uğursuz fotonu ordaca silib əsəblərinə, vaxtına, puluna qənaət etmiş olursan.
Reyslərin onlayn reqistrasiyasını bütün aviokompaniyalar işlətmir. Amma nahaq. Çünki turizm genişləndikcə rəqabət də artır. Növbəyə dayanmadan, səbirsiz turistlərin replikalarını dinləmədən evdən reqistrasiya etmək çox rahatdı və turizm vüsət aldıqca bu da çox lazımlı atribut olacaq. Kompüterin qarşısında oturub təyyarənin salonunda özünə yer seçmək, sonra talonu evdə printerdən çıxarmaq necə də rahatdı.
GPS naviqasiya da avtomobil üçün çox lazımlı əlavədir. Heç vaxt olmadığın şəhərdə hər şeyin yerini tapmaqdan gözəl nə ola bilər? Kimsəni narahat etmirsən, yolu soraqlaşmırsan. Sadəcə gedəcəyin yerin dəqiq ünvanını yeritmək lazımdı. Qalanını naviqator özü edəcək. Birtərəfli yolları və tıxacları nəzərə almaqla ən rahat marşrut seçəcək, döngələrdə xəbərdar edəcək, lazım gəlsə deyingən arvad kimi sürəti artıran sürücünü məzəmmət edəcək.
Bu gün dünyanın hər yerində öz bank hesabına və nəğd pula əlin çatır. Çünki sivilizasiya olan yerlərdə bankomatlar da var. Yola çıxarkən bir çamodan pul yox, cəmi bir kart götürmək kifayətdi. Çatdığın yerdə pulunu istər manat, dollar, ya da avro ilə çıxarırsan. Nə valyuta dəyişmə punktu axtarmalısan, nə də sənin dilini bilməyən bank işçilərinə kiçik pəncərədən nəsə izah edirsən.
Cibində mobil telefonun olarsa tanımadığın şəhərdə xırda pul axtarmazsan, ciblərini cingildəyən pullarla doldurub gəzməli olmazsan. Nəsə gözlənilməz bir şey baş verərsə telefonu cibindən çıxarıb bir neçə düyməni bassan bəsdi. Bu ağıllı aparatın mənfi tərəfləri də var ki, qohumlar hər iki dəqiqədən bir səni dünyanın hər nöqtəsində tapa bilirlər və trubkanı qaldırıb «nə var, nə yox» soruşub hal-əhval tuturlar.
Ümumdünya «hörümçək toruna» düşmək istəsən bunu hər yerdə edə bilərsən. Kafelərdə, mehmanxanalarda, dünyanın inkişaflı şəhərlərində az qala hər yerdən İnternetə çıxış var. İinternetə bir dəfə düşən ordan çətin ki, çıxa. Təssüratlar soyumamış dostlarına çatdıra bilərsən. Şəkilləri dünyanın bir başlından o birinə bir saniyəyə göndərərsən. Lazımsa oradaca marşrutu dəyişmək, bilet almaq, mehmanxana görüm-baxım etmək olar, yəni bir sözlə səyahətindən qalmadan planlarını baş-ayaq çevirə bilərsən.İndi internet varsa turist agentliyindən asılılıq da minimuma enir. Çünki səyahətin marşrutunu özün qura bilirsənsə, qalacağın, gəzəcəyin yerləri müəyyən edib bilet ala bilrsənsə niyə də özünə əzab verib kiməsə müraciət edəsən? Burda sərgilərə, konsertlərə, teatr və muzeylərə biletləri evdən çıxmadan almaq olar.
«BudgetTravel.com» saytının sorğusunda bütün sadalanan texniki irəlilyəşləri arxada qoyan bir punkt da vardı. Səyahəti sevənlər düşünür ki, əgər təkərli çantalar, çamodanlar olmasaydı yəqin ki, səyahət etmək bu qədər rahat olmazdı. Ola bilər sizin nə GPS naviqasiyanız, nə də maşınınız var. Siz təyyarədə uçmaq üçün bir il pul yığmalısız. Amma dəyircəkli, rahat, təkərli çantaya imkanınız çatar. İki tin aşağıdakı mağazaya səfər edib içini lazımlı-lazımsız şeylərlə doldurandan sonra çantanı evə sürüməkdənsə rahat-rahat arxanızca sürüsəniz ən razı turistlərindən olarsız.


Yuxariya doğru