Get-gedə kiçilən dünya
 
        Metroda sıraların arasından 
          bir kişi yavaş-yavaş irəliləyir və «əl kondisioneri» deyib satdıq yelpincləri 
          şaqqıldadırdı. Maraqlı reklamdı. Elə bil ki, yelpinclərə elə yelpinc 
          desəydi alan olmayacaqdı. Bəlkə də düz eləyir. Çünki dünya durmadan 
          inkişaf edir və zamanla ayaqlaşmaq lazımdı. İndi hətta doğulan uşaqlar 
          da sanki quraşdırılmış naviqasiya qurğusuyla və əlində maus tutmaq bacarığıyla 
          dünyaya gəlir.
          50 il bundan turizm indiki qədər populyar və komfortlu deyildi. Nəqliyyat 
          ləng idi, baqaj ağır. Adamlar bayramları evdə, uzaqbaşı bağda keçirib 
          xoşbəxt ola bilirdi. Sanki adamların xoşbəxt olmasına qənim kəsilmiş 
          alimlər zəhmət çəkib yerdəyişmə aşiqlərinin işini dəfələllə rahatlaşdırıblar. 
          «BudgetTravel.com» saytı oxucuları arasında sorğu apararaq turist üçün 
          ən önəmli predmetlərin və kəşflərin siyahısını öyrənib. Nəticələr maraqlıdı.
          Onlayn xəritələr bu günün turistinin əlindən yaman tutur. Qısa zamanda 
          aeroportdan mehmanxanaya, mehmanxanadan restoran, muzeyə olan yolun 
          dəqiq təsnifatını öyrənmək olur. Foto xəritələr daha rahatdı və dünyanın 
          o biri başında baş verənləri gözünlə görə bilirsən. 
          Yadınızda olar, lap bu yaxınlaracan harasa gedəsi olanda baxmalı, görməli 
          yerlərin yüzlərlə şəklini çəkirdik. Çünki hər kadrı 2-3 dəfə çəkməsəydin 
          sonra onlardan hansınınsa uğursuz, bulanıq, səhv fokuslu olduğundan 
          yararsız olurdu. Tərslikdən fotoları evə gələndən sonra çıxartdırıb 
          nəticələri görürdün. Onda isə artıq gec olurdu. Heç nəyi, səfəri, təssüratları 
          geri qaytarmaq olmurdu. İndi isə rəqəmsel fotoaparatlarla minlərlə şəkil 
          əkib keyfiyyətini yerindəcə qiymətləndirirsən. Uğursuz fotonu ordaca 
          silib əsəblərinə, vaxtına, puluna qənaət etmiş olursan. 
          Reyslərin onlayn reqistrasiyasını bütün aviokompaniyalar işlətmir. Amma 
          nahaq. Çünki turizm genişləndikcə rəqabət də artır. Növbəyə dayanmadan, 
          səbirsiz turistlərin replikalarını dinləmədən evdən reqistrasiya etmək 
          çox rahatdı və turizm vüsət aldıqca bu da çox lazımlı atribut olacaq. 
          Kompüterin qarşısında oturub təyyarənin salonunda özünə yer seçmək, 
          sonra talonu evdə printerdən çıxarmaq necə də rahatdı.
          GPS naviqasiya da avtomobil üçün çox lazımlı əlavədir. Heç vaxt olmadığın 
          şəhərdə hər şeyin yerini tapmaqdan gözəl nə ola bilər? Kimsəni narahat 
          etmirsən, yolu soraqlaşmırsan. Sadəcə gedəcəyin yerin dəqiq ünvanını 
          yeritmək lazımdı. Qalanını naviqator özü edəcək. Birtərəfli yolları 
          və tıxacları nəzərə almaqla ən rahat marşrut seçəcək, döngələrdə xəbərdar 
          edəcək, lazım gəlsə deyingən arvad kimi sürəti artıran sürücünü məzəmmət 
          edəcək. 
          
 
          Bu gün dünyanın hər yerində öz bank hesabına və nəğd pula əlin çatır. 
          Çünki sivilizasiya olan yerlərdə bankomatlar da var. Yola çıxarkən bir 
          çamodan pul yox, cəmi bir kart götürmək kifayətdi. Çatdığın yerdə pulunu 
          istər manat, dollar, ya da avro ilə çıxarırsan. Nə valyuta dəyişmə punktu 
          axtarmalısan, nə də sənin dilini bilməyən bank işçilərinə kiçik pəncərədən 
          nəsə izah edirsən. 
          Cibində mobil telefonun olarsa tanımadığın şəhərdə xırda pul axtarmazsan, 
          ciblərini cingildəyən pullarla doldurub gəzməli olmazsan. Nəsə gözlənilməz 
          bir şey baş verərsə telefonu cibindən çıxarıb bir neçə düyməni bassan 
          bəsdi. Bu ağıllı aparatın mənfi tərəfləri də var ki, qohumlar hər iki 
          dəqiqədən bir səni dünyanın hər nöqtəsində tapa bilirlər və trubkanı 
          qaldırıb «nə var, nə yox» soruşub hal-əhval tuturlar. 
          Ümumdünya «hörümçək toruna» düşmək istəsən bunu hər yerdə edə bilərsən. 
          Kafelərdə, mehmanxanalarda, dünyanın inkişaflı şəhərlərində az qala 
          hər yerdən İnternetə çıxış var. İinternetə bir dəfə düşən ordan çətin 
          ki, çıxa. Təssüratlar soyumamış dostlarına çatdıra bilərsən. Şəkilləri 
          dünyanın bir başlından o birinə bir saniyəyə göndərərsən. Lazımsa oradaca 
          marşrutu dəyişmək, bilet almaq, mehmanxana görüm-baxım etmək olar, yəni 
          bir sözlə səyahətindən qalmadan planlarını baş-ayaq çevirə bilərsən.İndi 
          internet varsa turist agentliyindən asılılıq da minimuma enir. Çünki 
          səyahətin marşrutunu özün qura bilirsənsə, qalacağın, gəzəcəyin yerləri 
          müəyyən edib bilet ala bilrsənsə niyə də özünə əzab verib kiməsə müraciət 
          edəsən? Burda sərgilərə, konsertlərə, teatr və muzeylərə biletləri evdən 
          çıxmadan almaq olar. 
          «BudgetTravel.com» saytının sorğusunda bütün sadalanan texniki irəlilyəşləri 
          arxada qoyan bir punkt da vardı. Səyahəti sevənlər düşünür ki, əgər 
          təkərli çantalar, çamodanlar olmasaydı yəqin ki, səyahət etmək bu qədər 
          rahat olmazdı. Ola bilər sizin nə GPS naviqasiyanız, nə də maşınınız 
          var. Siz təyyarədə uçmaq üçün bir il pul yığmalısız. Amma dəyircəkli, 
          rahat, təkərli çantaya imkanınız çatar. İki tin aşağıdakı mağazaya səfər 
          edib içini lazımlı-lazımsız şeylərlə doldurandan sonra çantanı evə sürüməkdənsə 
          rahat-rahat arxanızca sürüsəniz ən razı turistlərindən olarsız.
        
Qadın baxışı