Azadlığı qoruma instinkti
Yaxud evlənməmək üçün 
          yetərli bəhanələr
          
 
           Günlərin bir günü ətrafıma baxıb gördüm ki, rəfiqələrimin 
          əksəriyyti ərə getməyib. Nəinki rəfiqələrimin, hətta dostlarımın da 
          əksəriyyti subaydır. İçəridə özümə bir irad tutdum: Yəqin subay insanlara 
          həsəb aparmağım məni ətrafıma evlilik buxovlarından azad insanları yığmağa 
          təhrik edir. Evli adamların əksəryyti bu məsələyə tamam başqa bucaq 
          altından baxır və həmişə «Subaylıq sultanlıqdır» deyib köksünü ötürür. 
          Amma bəzən evlənmək, ərə getmək istəyən adam bütün bu arzularına baxmayaraq 
          tərəddüd keçirir, evlilik reallaşmağa yaxınlaşanda isə ciddi müqavimət 
          göstərir. Evli, ya subay olmasından asılı olmayaraq hər kəsin içində 
          öz azadlığını qorumaq kimi bir instink yaşayır. Ona görə də subay qadınlar 
          arasında aparılan kiçicik sorğu çoxlarına maraqlı ola bilər.
           Gimeney buxovu
           Danışdırsan qızların çoxu həmən dəqiqə utanıb qızarmadan «Ərə 
          getmək istəyirəm» deyir. Amma real bir namizədi təqdim edən kimi sözün 
          altından çıxır və onda nəsə bir qüsur tapırlar ki, əldə bayraq edib 
          ərə getməsinlər. Əlbəttə, heç kim kamil deyil, hamının maşını, topdağıtmaz 
          evi, super görkəmi olmur. Axtarsan Alen Delonda da qüsur tapmağa nə 
          var? Məncə bütün bunlar ərə getməmək üçün bəhanədir. Qızlar da özünü 
          Gimeney buxovlarıyla kilidləyib subayçılıqdan əl çəkmək istəmirlər. 
          Adətən paytaxtda yaşayan qadınların bu mövzuda maraqlı baxışları olur.
           Öz əlim, öz başım
           «Niyə ərdə deyiləm? Çünki vaxtımı özümə sərf etmək istəyirəm. 
          Nə edəcəyimi özüm bölüşdürmək istəyirəm. Subay olanda kimsə başımın 
          üstündə durub nə edəcəyimi, hara gedəcəyimi diqtə eləmir. İşdən sonra 
          dostlarımla kafeyə gedə bilərəm. Onda heç kim baş-qulağımı aparmaz ki, 
          necə də arsız, məsuliyyətsiz adamam. Ev-eşik, uşaqları, hirsli ərimi 
          qoyub əylənməyə getmişəm. Axı mən işdən sonra evə qaçıb it kimi hisrli 
          və ac gəlmiş ərimi yedizdirməliyəm ki, deyinməsin. Hətta kafeyə gedəsi 
          olsam hər 2 dəqiqədən bir təxminən «Bağışla əzizim, tez gələcəm. Dostlarımlayam, 
          inan mənə» məntdə SMS yazıb özümü alçaltmalı olacam. Mən isə təbiətcə 
          azad quşam. Hara istəsəm ora da uçmaq istəyirəm. Çox hayıf ki, pasportda 
          möhür olmayan qadının uşaq doğmağını qəbul etmirlər. Əslində məni ictimai 
          qınaq yox, uşağın özünü yaşıdlarından əskik hiss edəcəyi narahat edir. 
          Ona görə də yalnız uşağın xətrinə ərə getmək olar». (Ş. 32 yaş)
           Məşuqə olmaq daha yaxşıdı
           «Qulluqçu, qabyuyan və aşbaz olmaq istəmirəm. Bilmirəm niyə 
          bütün kişilər fikirləşir ki, ərə gedəndən sonra qadın hər şeyi çatdırmalı, 
          bacarmalıdır. Elə bil ərə gedən gün adama sehirli çubuq dəyir? Evdə 
          də, işdə də, yataqda da hər şeyi yerli-yerində etməli, uşaqlara göy 
          qoymalı, hətta bazarlığa da imkan tapmalıdır. Bəyəm onlar özləri hər 
          şeyi yüksək səviyyədə edirlər? Kişilər özlərinə qarşı belə tələbkar 
          deyillər. Elə bil biz robotuq. Belə həyat tərzindən qadın vaxtından 
          qabaq qocalarsa onlar təzəsini bir göz qırpımında tapırlar. İllər uzunu 
          ərindən diqqətə tamarzı qalmış qadının elə bil acığına məşuqəsini hədiyyələrə, 
          güllərə, diqqətə qərq edirlər. Arvadının həsrətində olduğu komplimenti 
          məşuqəsinə yağış kimi yağdırırlar. Belə ailələri görəndə ərə getmək 
          istəmirəm. Bəlkə elə məşuqə olmaq daha yaxşıdı? Onda səni əlləri üstündə 
          gəzdirərlər, qiymətini bilərlər». (D. 29 yaş)
           Həyatdan doymamışam axı
           «İstəmirəm, vəssalam. Hələ həyatdan doymamışam. Kişilərin 
          diqqətinə biganə deyiləm. Həmişə diqqət nəzərdə olmağı sevirəm. Hətta 
          deyərdim ki, bu diqqət nə qədər çox olsa o qədər yaxşıdı. Amma onların 
          hansısa birini daim yanımda görəcəyimi düşünəndə ərə getmək istəmirəm. 
          Həm də ki, o zaman diqqətdən düşəcəyəm, ya da düşməli olacam. Çünki 
          ərli qadın başqa kişilərlə dirqət edərsə bu kənardan çox pis görünür. 
          Onun ünvanına nalayiq sözlər deyə bilərlər. Amma subay olanda uzaqbaşı 
          deyəcəklər ki, «Ərə getmək istəyir, onunçün oğlanların başına dolanmasına 
          imkan yaradır ki, seçə bilsin». Bəlkə də ürəkləndim, bir 5 ildən sonra 
          baxarıq…» (A. 25 yaş)
           Tək olmaq yaxşıdı
           «Başım daşdan daşa dəyib, yəqin ona görə də ərə getmirəm. 
          Başına gələn başmaqçı olar deyiblər. Yaxşı olsaydı elə birinci dəfə 
          ərdə qalardım. Mən bir daha bunu yaşamaq istəmirəm. Tək olmaq bundan 
          yaxşıdır». (Q. 30 yaş)
           Qorxuram…
           «Düzün desəm qorxuram. Azadlığı itirməkdən qorxuram. Bir də 
          qorxuram ki, məndə də valideynlərimdəki kimi, ya da bacımın ailəsindəki 
          kimi olar. Mən elə yaşamaq istəmirəm. Hamı özünü elə aparır ki, guya 
          heç nəyi dəyişmək mümkün deyil və qismətinə hamı baş əyməlidir. Ailədə 
          gözəl münasibətləri yalnız filmlərdə görmüşəm. Orda insanlar bir-birini 
          anlayır, problemi olanda oturub müzakirə edərək birlikdə həll edirlər.Ona 
          görə də ailə və nikah barədə hələ ki, ciddi fikirləşə bilmirəm. Bəlkə 
          qarşıma elə adam çıxacaq ki, onu sevəcəm və içimdəki qorxunu onun köməkliyilə 
          aradan götürəcəm» (Ü. 22 yaş).
           Kişilər xudbindir
           «Ərə geiməkdən hələ ki, söhbət gedə bilməz. Siz nə danışırsız, 
          o mənə öz həyatımı yaşamağa, öz maraqlarmı, fikirlərimi reallaşdırmağa 
          imkan verəcək? Kişilər çox xudbin olur. Mən indi idmanla məşğul oluram, 
          bu mənə gözəl görünməyə imkan verir. Bir neçə aydır ki, rəqsə də gedirəm. 
          Orda çox maraqlıdır, yeni adamlarla tanış olmuşam. Emosiyalarımı artıq 
          içimdə basdırmıram, rəqslə ifadə edirəm. Bu rahatlıq gətirir. İngilis 
          dilini öyrənirəm. Həftədə 3 dəfə dərslərə gedirəm. Dillərə marağım böyükdür, 
          sonra fransız, ola bilər ispan dili ilə də məşğul oldum. Odur ki, irəlidəki 
          3 ilim günbəgün yazılıb və tamamilə doludur. Orda ərə getmək qrafası 
          yoxdur. Axı o, gəlib mənim bütün dünyamı alt-üst edəcək». (M. 24 yaş). 
          
          
 
           Kişi yalnız fiziki sağlamlıq üçün lazımdı
           «Bir dəfə ərdə oldum, bəs elədi. Ərim divanda uzananda mən 
          2 yerdə işdəyirdim. Özümü at, bəzən də yük daşıyan eşşək kimi hiss edirdim. 
          İndi də mən tək deyiləm. Görüşdüyüm kişi mənə fiziki sağlamlıq üçün 
          lazımdı. İndi mən özümü xoşbəxt adam adlandıra bilərəm. Niyə də olmasın? 
          Öz pulumu özümə xərcləyirəm. Ola bilər ki, deyəsiz, nə yaşın var belə 
          böyük-böyük danışırsan? Düzdü, mən həyatı hələ dadmamışam, təkcə iynəmişəm. 
          Amma bununla belə özümü həyat bilicisi, mütəxəssisi sayıram. Ona görə 
          də bir daha imkan vermərəm ki, kimsə mənə əmr eləsin, məsələn belə bir 
          irad tutsun: «Əzizim, sən bilirsən ki, bizim imkanımız məhduddur. Özünçün 
          ayaqqabı alanda niyə məsləhətləşmədin?». Bu hələ yaxşıdı, elə kişi var 
          ki, qadının maaşını alıb öz bildiyi kimi xərcləyir. Bəyəm əhd eləmişəm 
          ki, ömrümü layiq olmayan adamın birinə həsr edəcəm?». (G. 36 yaş)
           Toysuz və gəlikliksiz…
           «Ərə gedərəm, amma qohumlarımızın hamısına demişəm: nə toyumuz 
          olacaq, nə də gəlinlik paltarı geyəcəm. Razı olmasa qoy özü bilsin, 
          «məni al» deyib yalvarmamışam ki. Adımı, bakirəliyimi onunçün qorumuşam, 
          bəsidi. Evi, məni saxlayacaq qədər imkanı olmasa heç ərə getməyi düşünmərəm. 
          Anama demişəm, 1 otaqlı evim olsa, yanımda kimsənin ərə getməkdən danışmasına 
          da dözməyəcəm. Özümə ev almaq qüdrətində deyiləm. Gedən kimi uşaq doğmayacam, 
          görüm necə adamdı, uyğun gəlirikmi? Sonra uşağa tək baxmağa məndə imkan 
          hardandı?» (F. 32 yaş)
           Dərman əvəzi kişi
           «Bu yaşacan oturmuşam, indi kimə gəldi gedə bilmərəm. Sağlamlığıma 
          ciddi zərər vurmuşam və bilirəm ki, problemlərimin əksəriyyəti vaxtında 
          ərə getməməkdədir. Amma bu yaşda ərə getməyə də utanıram. Yaşıdlarımın 
          uşaqları artıq evlənir. Deyəcəklər filankəs xala indi ərə gedir və pıqqıldayıb 
          güləcəklər. Qohumlarımız məsləhət bilir ki, kişini dərman kimi, daha 
          doğrusu dərman əvəzi qəbul edim. Amma mənə hər axşam dərmanımı atıb 
          yatmaq kişiylə yatmaqdan daha rahatdı. Öz əlim, öz başım. Başıma kimsənin 
          çığıracağını, ora qapaz vuracağını təsəvvür etmirəm». (Q. 40 yaş)
           Fərsiz ərdənsə tək olmaq yaxşıdı
           «Mən öz həyatımı qurmuşam. Evim də, maşınım da, işim də var. 
          Elənmək istəyənlər də az deyil. Amma hər dəfə növbti namizəd çıxanda 
          onda elə bir şey axtarıram ki, məni həyatımı dəyişməyə məcbur edə bilsin. 
          Söhbət təkcə tələbkarlıqdan getmir ki, evi və maşını mütləq olsun. Amma 
          mən qız uşağı bunu müstəqil əldə edə bilmişəmsə niyə o, kişi xeylağı 
          bu yaşacan özünə gün ağlamayıb? Deməli bacarqsızdı, ya da sabahısı gününü 
          düşünə bilmir. Mən həyatını havaya sovuran birisinə ərə gedə bilmərəm. 
          O, mütləq məndən bir çömçə artıq olmalıdır ki, hörmət edim ona» (E. 
          34 yaş)
           Məni də düşün
           «Oturub gözümü dikmişəm ona. Görüm nə vaxt evlənmək təklifi 
          verəcək. O, deyəsən bu barədə düşünmür. Onu sevməsəydim rahat olandı, 
          kimsəni seçib gedərdim. Amma gözüm ondadır və gözləyirəm. Onun ağlına 
          da gəlmir ki, mənim yaşım keçir. Bir azdan uşaq doğmaq artıq gec olacaq. 
          Sağlamlıq və cavanlıq geri qayıdan şey deyil. Ağlıma gətirmirəm ki, 
          ona nəsə bir eyham vurum, «məni də düşün» deyib xatırlatma verim. Münasibətlərimizi 
          gizləməkdən bezmişəm…» (S. 41 yaş)
           İkinci arvad olmağı arzulaıram
           «Seçdiyim kişi xaricidir, daha doğrusu ərəbdir. Bir neçə ildir 
          ki, birlikdəyik, amma ona ərə gedə bilmirəm. Onun ölkəsinin qanunlarına 
          görə kişi ilk arvadını xarici millətdən ala bilməz. O, əvvəl ərəb qadınına 
          evlənməlidir. Yalnız bundan sonra məni ikinci arvadı edə bilər. Gözləyirəm…» 
          (M. 39 yaş)
           ***
          Yuxarıda sadalanan fikirlər fərqlidir deyən yazıda yer aldı. Qadını 
          ərə getməyə məcbur edən səbəbləri sadalasaq getmək istəməyənləri anlamaq 
          daha rahat olar. Ərə getməyə vadar edən səbəblər arasında hamıya bəlli 
          olanlarla yanaşı elə məqamlar var ki, bu barədə ucadan danışmırlar. 
          Qadınlar həmişə ərə gedib və yəqin həmişə də gedəcək. Dünya kataklizmlərdən 
          titrəyəndə də belə idi, müharibələrdən, qırğınlardan lərzəyə gələndə 
          də. Deyəsən yerin altı üstünə çevriləndə də belə olacaq. İnsan iki daşın 
          arasında sevişməyə, ərə getməyə, uşaq barədə düşünməyə imkan tapır. 
          Evliliyə sövq eləyən ilk səbəb, əlbəttə ki, sevgidir. Sevənlər bərabər 
          olmalıdır, bu da bir qanundur. İkinci səbəb isə sadəcə tək olmamaq üçün, 
          ürəyinə yatan birisinin nəfəsini yanında duymaq üçün. Cavanlqda «Üstümü 
          basdır», qocalıqda «Gəl məni dikəlt» deməyə adam olmalıd, ya yox? Bunu 
          sadəlövhlük də adlandırırlar, amma evlənənlərin əksəriyyəti bu səbəbdən 
          evlənir. Üçüncü məqam, valideynlərin sözünün qarşısına söz qoymamaqdır. 
          Ata, ana daha yaxşı bilər, uşağına nə lazımdı. Bir qism adam var-dövlət 
          xətrinə evlənir. Zəngin olmaq, istədiyin kimi yaşamaq, arzularını reallaşdırmaq 
          üçün kompromis variant seçirlər. Bəzən lapdan hamiləlik olarsa tələsik 
          evlənirlər. Belə olanda hətta ən qəddar valideynlər də səsini çıxarmır. 
          Bəziləri ata evini tezliklə tərk etməkdən ötəri kimə gəldi getməyə razılaşırlır. 
          Kiməsə şəhərdə qeydiyyat, kiməsə ev lazım olur. Bəziləri isə «Belə lazımdı» 
          deyib gözlərini yumur və təsəvvür edir ki, sanki şəlaləyə tullanır. 
          Orda sərin su, qanqaynadan duyğular və eləcə də başının dəyəcəyi sərt 
          qayalar da var. Amma sonuncu səbəb, sadaladıqlarımızdan ən qəddarıdır. 
          Bu kütlənin təkidi, təzyiqi altında ərə getməkdir. «Niyə təksən?», «Niyə 
          getmirsən?», «Bəyəm alan yoxdur?» sualının illər uzunu cavablandırmamaqdan 
          ötrü ərə gedənlər var. Amma bu evlilik tənhalıqdan xilas etmir…
           
Qadın baxışı