Nakam 10-cu simfoniya
Musiqi alətlərinin bir yerdə 
          toplaşıb müştərək səslənməsinə orkestr deyirlər. Səslənmə kamilliyinə 
          və tamlığına görə ən zəngin orkest simfonik orkestrdir. Orkestr adını 
          ən tərifli, layiqli janr olan simfoniyadan alıb. Amma o, yəni simfonik 
          orkestr təkcə simfoniya çalmır. Simfoniya yunancadan tərcümədə ahəngdarlıq, 
          həmahənglik deməkdir. Ədəbi əsərlə müqayisədə simfoniya bir neçə fəsildən 
          ibarət olan romana bənzəyir. Simfoniya bir janr kimi yarandığı gündən 
          etibarən həmişə öz dövrünü əks etdirib. Simfoniya tarixini izləməklə 
          insaniyyət tarixini, insan qəlbində gedən prosesləri izləmək olar. Bir 
          sözlə simfoniya dövr, insan və dünyanın inkişafı barədə düşüncələr toplusu 
          deməkdir. Simfoniyanın forması önəmli deyil, o dəyişə bilər. Onun musiqi 
          mahiyyəti daha vacibdir. Hissələrin sayı, yeniləşmə sırası, növbələşməsi 
          zaman keçdikcə dəyişib, amma simfoniyanın cəmiyyətdəki rolu dəyişməz 
          olaraq qalıb. Ola bilər kimsə simfoniyanı özü üçün bu yaxında kəşf edib, 
          kimsə onu ha çalışsa da qəbul edə bilmir. Kiminçünsə simfoniya matəm 
          günlərində çalınan darıxdırıcı musiqidir, kiməsə bir dünya duyğu, fikir 
          bağışlayan bir həyəcan məqamıdır. Amma deyək ki, hamı, hətta simfoniyanın 
          adını belə eşitmək istəməyənlər onun nə olduğunu bilmək istər. Görək, 
          simfoniya tarixi bir qəzet səhifəsinə sığır, ya yox…
          
 
           Bethoven adlı zirvədən
           Bethoven 9-cu simfoniyasını yazandan və onu kar-kar dirijorluq 
          edəndən sonra hamı simfoniyanın bir janr kimi tükəndiyindən danışırdı. 
          Yəni ki, artıq moestro, simfoniyanın allahı olan Bethoven öz əsərinə 
          xor əlavə edibsə deməli bundan o yana yol yoxdu. Kimsə simfoniyanın 
          öldüyünü, kimsə hələ də can verdiyini deyirdi. Əslində isə yarandığı 
          andan bir o qədər də çox keçməmişdi. Vyana klassik məktəbinin üzvləri 
          Haydn, sonra Mosart, sonda isə Bethovenin yaradıcılığı simfoinyaya həsr 
          edilib. Haydn 100-dən artıq, Mosart 40-dan artıq, Bethoven isə cəmi 
          9 simfoniya yazmışdı. Azalan xətlə gedən simfoniyanın hamı bir gün öləcəyi 
          günü gözləyirdi. Biz, yəni 21-ci srin adamları bilirik ki, simfoniya 
          ölmədi. Dəyişdi, tanınmaz hala düşdü, amma ölmədi.
          Musiqi tarixində simfonist bəstəkarların yaradıcılığında 9 rəqəmi həlledici 
          olaraq qaldı. Bu dəfə hər şey Bethovendən başladı. Məşhurlaşmış 9-cu 
          simfoniyanın səsləndirəndən sonra bəstəkar xəstə olmasına baxmayaraq 
          hələ də yeni ideyalar dağarcığı kimi gəzirdi. 10-cu simfoniyanın eskizləri 
          də onların arasında idi. Müasirləri deyir ki, 10-cu simfoniya nəinki 
          eskizlərdə, hətta tam şəkildə müəllifinin başında hazır şəkildə idi. 
          Hətta deyirlər ki, şagirdi Karl Çerniyə onu ifa da etmişdi. 10-cu simfoniyasını 
          Bethoven Baxın xatirəsinə veriləcək konsertlərin birində səsləndirməyi 
          planlaşdırırdı. Amma alınmadı, 2 gün canıyla əlləşən Bethoven dünyasını 
          dəyişdi. 
          Çox illər keçmiş, artıq 20-ci əsrdə bəstəkarın kağızları arasında onun 
          10-cu simfoniya kimi adlandırdığı əsərin qaralamaları aşkar edildi. 
          İngilis Barri Kuper əsəri bərpa edib 1988-ci ildə Londonda səsləndirdi. 
          Amma kim deyə bilərdi ki, bu əsər müəllifin ideyasına yaxın şəkildədir. 
          Ona görə də Behxovendən sonra hesab edilir ki, 9-dan artıq simfoniya 
          yazmaq mümkün deyil. Sonrakı nəsillər üçün sirli sərhəd, son həddə yaxınlaşmış 
          bəstəkarlar barədə əfsanələr yaranmağa başladı. 
          Yazdı və unutdu
           Simfonistlər arasında yeri olan Frans Şubertin simfoniyalarının 
          nömrələnməsi məsələsində qaraşıqlıq indi də var. Almanlar düşünür ki, 
          Şubert 8 simfoniya yazıb. Onun Natamam simfoniya kimi adlandırdığı əsərin 
          bir neçə redaksiyası olsa da bəstəkar sirli 9-luq sərhəddinə çatmayıb. 
          Bəzən onun sonradan tapılb «Natamam» adlandırılmış və ifa edilmiş simfoniyası 
          barədə musiqişünaslar deyir ki, bəstəkar onu yazıb və unudub.
          Hazırda Lüdviq Şporun adı o qədər də tanınmır. Amma öz əsrində, yəni 
          19-cu əsrdə o, nüfuzlu musiqiçi, parlaq bəstəkar və vertuoz skripkaçı 
          idi. O, ilk dəfə orkestri onun dərinliklərindən deyil, qarşısından idarə 
          edənlərdən biri olub. İndiyədək dünya skripkaçıları ifanı xeyli yüngülləşdirmiş 
          çənəaltı qurğuya görə ona minnətdardı. Brokqauz və Yefronun ensiklopedik 
          lüğətində Şporun 10 simfoniyası olduğunu oxuyuruq. Belə çıxır ki, bəstəkar 
          sehirli 9-luq həddi keçə bilib. Amma Böyük Sovet Ensikllopediyasında 
          9 simfoniya göstərilib. Çünki 10-cu simfoniyanı bəstəkar özü bitirməyib. 
          Amma əsər səsləndirilib. Onun 10-cu simfoniyası «Bergen Youth Orchestra»nın 
          repertuarında dünya premyerası kimi qeyd edilib. 
           Taleyə uduzmuş qəhrəman
           Dahi simfonist sayılan Çaykovski də sirli 9-u keçə bilməyib. 
          O, 6 simfoniya və «Manfred» adlı proqramlı simfoniyanın müəllifidir. 
          Cəmi 7 eləyir. Bundan əlavə Çaykovski «Həyat» adlanacaq əsər üzərində 
          də çalışırdı. Bu əsəriylə o, bir növ bəstəkarlığa da, eləcə də həyatda 
          da çox vacib məqamlara nöqtə qoymaq istəyirdi. Amma hansısa səbəbdən 
          Pyotr İliç az qala hazır əsərdən imtina edib sonuncu, 6-cı simfoniyasını 
          yazmağa başlayır. Onun bitirmədiyi simfoniyasını sonradan bərpa edib 
          səsləndirsələr də muisqişünaslar onu qəbul etmir. Çünki Çaykovski bütün 
          sözünü 6-cı simfoniyasında deyib qurtarmışdı. O, bu əsərində taleyə 
          uduzmuş və qəhrəmanını basdırmışdı da.
           9-da qoyulan son nöqtə
           1893-cü ildə səhər 6-da çex bəstəkarı Antonin Dvorjak öz 9-cu 
          simfoniyasına son nöqtəni qoyub ayağa qalxdı. Bu əsər yetkin romantizmin 
          şedevrlərindən sayılır. Əsərin əsas hissəsi vətənqən kənarda, ABŞ-da 
          yazılıb və ona görə də «Yeni dünyadan» adını daşıyır. Buradan zənci 
          nəğmələrinin də havası gəlir. Əsərin premyerasından sonra bəstəkar hələ 
          10 il də yaşdı. Yəni daha bir simfoniya yazmağa imkan vardı. Bəstəkar 
          çex süjetlərində əsərlərdən, milli operadan dəm vururdu, amma simfoniyanın 
          adını tutmurdu. Bəlkə o da sirli 9-luğun sərhəddini keçməyə ürək etmirdi? 
          Əslində bəstəkar özünü cəmi 5 simfoniyanın müəllifi sayırdı. Əvvəlki 
          4 simfoniyası onun ölmündən sonra nəşr edildi.
           0 və 00 saylı simfoniyalar
           Çex musiqiçisi Yosef Suk Dvorjakla birlikdə Vyanada olarkən 
          Bruknerə rast gəlirlər. Başını not kağızından güclə ayıran bəstəkar 
          uzun müddət anlaya bilmirdi ki, ondan nə istəyirlər, niyə konsertə dəvət 
          edirlər. Söhbət vaxtı dostlarına şüşə kimi soyuq gözlərlə baxan Brukner 
          nəhayət ki, fikrini izah edə bildi: «Konsertə gəlməyimi istəyirsiz? 
          Mən bunu edə bilmərəm, xəstəyəm və işim başımdan aşır. Görürsüz ki, 
          9-cu simfoniyanın Adajiosu üzərində işləyirəm. Ona görə də bu gün evdən 
          çıxa bilmərəm». Brukner çalışsa da 9-cu simfoniyasını bitirə bilmədi. 
          Yalnız həmin 3-cü hissə, adajionu bitirdi. Sonra final hissəyə başlasa 
          da onu tamamlamağa özündə güc tapa bilmədi. Bəstəkar final kimi özünün 
          «Te Deum» əsərini çalmağı təklif etdi. Hazırda Bruknerin 9-cu simfoniyasını 
          bəstəkarın eskizləri əsasında hazırlanmış finalla da ifa edirlər. Anton 
          Brukner dahi simfonistdir. Ömrü boyu da simfoniya yazıb. Amma yazdıqlarından 
          cəmi 9-cunu nömrələyib. Əvvəlki 2 simfoniyasını o kamil saymayaraq simfoniya 
          adlandırılmağa layiq bilməyib. İndi Bruknerin 0 və 00 saylı simfoniyaları 
          da arabir səslənir. Amma heç kimin ağlına gəlmir ki, onları 9 simfoniyaya 
          qatıb sirli 9-luğun sehrini pozsun. 
          
 
          Bethoveni dinləyən su kristallı belə görünür
Pauza titrəyən sükutdursa…
           Bruknerin 3-cü simfoniyası ifa edilən il imkansızlından əsəri 
          bəstəkar özü dirijorluq etməli olmuşdu. Təcrübəsizlikdən orkestri əlində 
          saxlaya bilməmişdi və tamaşaçılar zalı tərk etməyə başlamışdılar. Tam 
          biabırçılıq sayıla bilərdi. Zalın axırında isə bir dəstə gənc vəziyyəti 
          xilas edib sevimli müəllimlərinə dəstək olmaq üçün var gücüylə əl çalırdı. 
          Dahi simfonist Qustav Maler də onların arasında idi. O da bütün ömrünü 
          simfoniyaya bəxş etdi. Malerin hər simfoniyası absolyut şedevr idi. 
          Onun pauzaları titrəyən sükut, fermataları dəhşət cətirən tıxanmış nəfəs, 
          vurğusuz hissələr vulkonik hazırlıq, «accelerando»su isə tifana çevrilirdi. 
          Malerin marşları ürək tutmalaranı, xoralları dəli olmuş xristianlığa 
          bənzəyirdi.
          1910-cu ilin yayında Maler Toblaxda 10-cu simfoniyası üzərində çalışırdı. 
          Əlyazısı yarımçıq qaldı. Gələn ilin fevralında bəstəkar bərk xəstələndi. 
          Apreldə onu Amerikadan Parisə gətirdilər, mayda bəstəkar dünyasını dəyişdi. 
          Tamamlanmamış simfoniyanın partiturası uzun müddət musiqişünasların 
          əlinə düşmədi. 5 hissəli simfoniyanın əlyazması 1924-cü ildə Vyanada 
          çap edildi. Onun nisbətən bitmiş 1-ci və 3-cü hissələri ifa edildi. 
          Amma orketrləşmənin müəllifi naməlum qaldı. 
          Keçən əsrin 60-cı illərində bu əsər ətrafında mübahisələr qızışdı. Bəziləri 
          heyranlıq bilidirir, bəziləri isə natamam əsərlə və bəstəkarın xatirəsiylə 
          ehtiramla davranmağı təklif edirdi. Kimsə deyirdi ki, Maler bu əsərdə 
          nəsə yeni, tamam rahatlıq, saktlik gətirəcək məqama toxunurmuş. Amma 
          aradabir atonal, müasir musiqinin sədaları da gəlirdi əsərdən. Leonard 
          Berstayn yazır ki, «Məncə Maler 10-u simfoniyanı bitirməmiş ölməliydi. 
          Çünki o, muasir musiqinin böhranını yaşaya bilməyəcəkdi». Musiqişünaslar 
          bilir ki, Malerin daha bir səri, «Torpaq haqqında mahnı» vokal simyoniyası 
          əslində elə onun 9-cu simfoniyası sayıla bilər. Amma bəstəkar onu nömrələmək 
          istəmədi ki, əsəri onun sonuncu əsəri saymasınlar. 
           Qələbə naminə dəcəl musiqi
           Dahi simfonist Şostakoviç də sirli 9-cu simfoniya həddini 
          bicliklə keçdi. O, 9-cu simfoniyasını 1945-ci ildə qələbədən sonra yazdı. 
          Çünki xalqa iri, monumental lövhə kimi vətənə və qələbəyə həsr edilmiş 
          əsər yazacağına söz vermişdi. Şostakoviç yazırdı ki, 9-cu simfoniyada 
          orkestrdən əlavə xor, vokalçı-solist, ədəbi mətn istifadə etmək istərdi, 
          amma onu Bethovenə bənzədəcəklərindən çəkinərək başqa forma seçdi. Hamı 
          da nədənsə Bethovenin 9-cu simfoniyası kimi nəsə təntənəli bir şey gözləyirdi. 
          Amma yüngül, rəqsvari, bir az da dəcəl, nading musiqi səsləndi. Bəziləri 
          bunu Sovet xalqı və onun qələbəsi üzərində istehza kimi qəbul etdi. 
          Şostakoviçin növbəti, 10-cu simfoniyası 1953-cü ildə, az qala 8 il keçmiş 
          və Stalinin ölümündən sonra səsləndi. 
           9-dan sonra çox yaşamırlar
           Sirli 9-luq məsələsini bəziləri lazım olduğundan artıq ciddiliklə, 
          bəziləri isə lətifə kimi qəbul edir. Bəlkə də həqiqətən də bəstəkarlar 
          9-cu simfoniyadan sonrakını yazmamağı düşünüblər. Hər iki tərəfin fikrini 
          təsdiqləyən çoxlu faktlar var. Finlyandiya bəstəkarı Yan Sibelius 7 
          simfoniya və bir proqramlı simfoniya yazıb. Onun sayca 9-cu olacaq simfoniyasını 
          dünya gözləyə-gözləyə qaldı. Çünki bəstəkar öz malikanəsinə çəkilib 
          musiqi yazmaqdan əl çəkdi. Bəziləri deyir ki, o, 8-ci, sırayla saysaq 
          9-cu simfoniyasının partiturasını məhv eləyib. Qlazunovun da 9-cu simfoniyasını 
          bitirməyə mane olan səbəblər məlum deyil. O vaxtlar jurnallarda tamaşaçıların 
          sualları çap edilirdi. Boqaslovski adlı bəstəkardan soruşurlar ki, «Siz, 
          məşhur və hələ də əldən düşməmiş bəstəkar simfoniyanızı «Sonuncu» niyə 
          adlandırırsız?». Cavabında bəstəkar deyir ki, «Musiqiçilər bir balaca 
          xürafatçı olur. Ona görə də 9 rəqəmi altında simfoniya yazmaq istəmir. 
          Çünki ondan sonra çox yaşamırlar, mən də istisna deyiləm». 
           265 simfoniya…
           İnamlara, təsadüflərə baxmayaraq 20-ci əsrdə Şostakoviçdən 
          başqa 9-cu simfoniya həddini keçənlər də olub. Myaskovski 27 simfoniya 
          müəllifidir. Avstriyalı Alfred Frensisi Hill 12 simfoniya yazıb. Braziliya 
          milli musiqisinin banisi Eytor Villa Lobos çoxsaylı əsərlərdən başqa 
          12 simfoniyanın müəllifidir. Ginnes rekordlar kitabından bilirik ki, 
          Xavarqale Brayn adlı ingilis bəstəkarı 1 saat 39 dəqiqəlik ən uzun simfoniyanın 
          müəllifidir. Bu əsər onun 32 simfoniyasından biridir. Amerikalı Rovan 
          Teylor da 9 rəqəmini çoxdan arxada qoyub. O, 265 simfoniya yazıb. Siyahı 
          uzun da ola bilər. Amma sirli 9-luq rahat buraxmır. 20-ci əsrin sonunda 
          Moskva konservatoriyasının böyük zalında Alfred Şnitkenin 9-cu simfoniyası 
          səsləndi. O, əsəri 4 insultdan sonra bitirə bilmişdi. Həmin ilin yayında 
          Almaniyadan bəstəkarın ölüm xəbəri gəldi. 
          ***
          Yazını minor notlarında bitirmək düzgün olmazdı. Ona görə də yenidən 
          yazının başlanğıcına, Bethovenin 9-cu simfoniyasına üz tutaq. Simfoniyanın 
          finalında dahi bəstəkara düşüncələrini musiqiyə çevirməkçün musiqi alətləri 
          azlıq elədi və o, ən kamil alət olan insan səsini, xoru orkestrə daxıl 
          etdi ki, simfoniya janrı yaşasın. Dahi bəstəkarın düşüncələri dahiyanə 
          idi. Əlbəttə, insan səsi əsrin səsini ifadə etməkdə ən kamil alətdi. 
          Ona görə də zümzümə edin. Çətinliyə düşəndə də, düşündüklərinizə layiq 
          söz tapa bilməyəndə də zümzümə edin. Bu dahilərin seçimidi…
           
Qadın baxışı