Sözsüz mahnı
Ey dili qafil, OYAN!

Yaşantılarımız, duyduqlarımız, xatırladıqlarımız, gördüklərimiz və bəlkə də hələ görəcəklərimiz hamısı yazılır. Dünyada elə bir predmet yoxdu ki, səsi olmasın. İstər meşə, dağ, dərə, səhra, kənd, şəhər hamısının səsi var və nə vaxtsa eşitdiyi səsləri aramsız səsləndirir. Bir dəfə təsadüfən efirə düşmüş bir səs, onun müsbət yüklü, ya də mənfi yüklü olmasından asılı olmayaraq artıq həmin bu yerin səsinə qoşulur. Titrəyişin mistik elmi, yəni səs və musiqi hamının ürəyinə yol tapa bilir. İlahi musiqini eşitməkçün qulaqları yox, ürəkləri açmalı olacağıq. Əsil musiqi xarici deyil, batinidir. Əvvəl içəridə səslənir və sonra ətrafına yayılır.
Musiqidə insanın «mən»i
əriyir
Məşhur sufi, Həzrət İnayət Xan ən əvvəl bir musiqiçi kimi
ad çıxarıb. O, musiqi vasitəsilə bəşəriyyəti sözsüz mahnıya kökləyərək
öz ürəyindəki sədaları hamıyla bölüşmək istəyib. Sufi təmizlk yoluyla
sevgiyə can atır və eşq vasitəsilə Allaha çatır. Deyirlər ki, bir dəfə
İnayət Xan duaya o qədər aludə olmuşdu ki, bir neçə saat belə vəziyyətdə
qaldığını unutmuşdu. Sübh çağı o, səhərlər insanları sübh namazına oyadan
fakirin səsini eşitdi: «Dur, insan, dərin yuxan oyan. Bilmirsən ki,
ölüm səni qarabaqara izləyir? Yolunun uzun olduğunu, götürdüyün yükün
ağır olduğunu bilmirsənmi? Dur, artıq Günəş də oyandı». Bu musiqinin
sədaları İnayət Xanı o qədər təsirlədi ki, gözlərindən yaş süzüldü.
Həmən an o, anladı ki, bizim anladıqlarımızdan çox artıq olan əbədilik
bu dünyanın şan-şöhrətindən çox-çox yüksəklərdədir. Musiqi sahəsində
əyləncələr, uğurlar ruhun yüksəlişinə ziddir. Musiqi ilahi ekstaz, heyranlıq,
ruhi pərvaz vəziyyətinə gətirir ki, bu insanı Allaha yaxınlaşdırır.
İlahiyyata toxunduqca insanın «mən»i əriyir. Bu vəziyyətə Vəcdəd, ya
da Hal deyirlər. Bu hala muğam musiqisi də gətirir. Nə böyük əzəmət
və necə də sakitlik… Dəlisov şəhər həyatında çatışmayanımız elə budur
Şəhər simfoniyası
Hər şəhərin öz səsi var. O, elə bil ki, burada yaşamış adamlar
barədə çox ucadan danışır. Onların əməllərini, arzularını, nəticələrini
səsləndirir. Bəzən adam əhalisi sıx olan şəhərlərdə lap başını itirmək
dərəcəsinə gəlir. Elə bil ki, burda yaşamış adamlar hamısı birdən danışmağa
başlayır və bunu demək olar ki, hamı hiss edir. Ona görə də şəhər böyüdükcə
onun əhalisi şəhər kənarlarına köçməyə üstünlük verir. Çünki onun şəhəri,
küçəsi, evinin divarları durmadan «danışır». Bütün səslənən şəhərlər
arasında səssiz şəhər, ya da öz səsi olmayan şəhər tapmazsan. Bəstəkar
yüzlərlə alətin vasitəsilə musiqi yazdığı kimi şəhərlər də minlərlə
səsdən bir musiqi yazır. Bu bir növ simfoniyaya bənzəyir, hər alətin
öz yeri, öz tembri var, amma birlikdə daha yaxşı səslənir.
Şəhərlərin sıx səsləndiyi yerlərdə insanların başına kollektiv fikirlər
gəlir. Bu keçmişin və gələcəyin səsidir ki, vahid bir musiqi kimi səslənir.
Bu səsi eşidə bilənlər yaşadığı şəhərin tarixini onun öz dilindən eşidə
bilir. Gözdən uzaq, xəfə yerlərdə bu səslər incəlib obertonlara çevrilir.
(Fiziki səs səsləndikdə onun əsas səsinin ətrafına bir qucaq qohum səslər
də yığılır ki, bir növ əsas səsdən sallanan üzüm salxımı kimi ona yapışırlar).
Səslər gedəndən sonra onların titrəyişi, vibrasiyası qalır. Adamların
az olduğu yerlərdə, səhralıqlarda səslər elə bil ki, daha da ucadan
«eşidilir». Bitkidən kasıb, yalın Abşeron qumsallarının sirri də elə
bundadır ki, qulağımıza pıçıldayası o qədər sözləri var ki…
Kosmik dil
Hər səsin öz zamanı var. Kiminsə səsi minilliklər boyu, başqa
birisininki isə bir neçə ay, bir başqasınınkı isə bir neçə saat, ya
da bir an səslənə bilər. Çünki istədin, ya istəmədin, bir gün doğulan
bir gün ölməlidi. İnsan bu sehirli məqamı duya bilir. Dağın başında
sakitlikdə oturmuş adam burada min il əvvəl oturub ətrafı seyr edən
insanın titrəyişini, hənirtisini duya bilər. Bu yolla yerin tarixini
öyrənmək, eşitmək olar. Burda ətraf səhraya dönməmişdən yaşamış insanlar
barədə əvvəl nələrisə duymaq olar. Bu yolla insan yaşadığı mühitlə əlaqəyə
girib keçmişi barədə heç kimin bilmədiklərini öyrənə bilər.
Deyirlər ki, İbrahim peyğəmbər Misirdən qayıdandan sonra Məkkəyə gəlir.
Misirdə həyat misteriyası mərasimini keçəndən sonra o, qədim məktəbdən
aldığı biliklərin və keçdiyi mərasimin şəhəfinə ora bir daş qoyur. Bu
daş o vaxt İbrahim peyğəmbərin ruhunun vibrasiyasını, oxuyan qəlbinin
səsini özünə hopdurmuşdu. İndi də bu səsi eşidənlər var. O vaxtdan bəri
bütün peyğəmbərlər Kəəbəni ziyarət etmiş və həmin bu daşın səsini eşitmişlər.
Hər il milyonlarla insan bu daşın musiqisini «eşitmək» üçün ziyarətə
gəlir. Amma ziyarətdə gəzib, dolanıb gələn, bazarlığını edən amma daşın
səsini eşidə bilməyən minlərlə adam da var. Kəəbə daşını dilləndirmişdilər
ki, duymağı bacaranlarla danışsın. Qulaqları kar adamlar onu eşitməz.
Əqli cəhətdən inkişaf etmiş insanın fikri çox böyük qüvvədir. Bəlkə
də başqa zamanda, başqa bir daşda İbrahim peyğəmbər keçdiyi ithaf yolunun
duyğularını həkk edə bilməyəcəkdi. «Mən bu daşı vahid Allahın şərəfinə
qoyuram ki, məbəd kimi əsrlər boyu qalsın». İbrahim peyğəmbər varlı
deyildi, məbəd tikə bilməzdi. Amma onun qoyduğu daş cəh-cəlalla tikilmiş
minlərlə məbədlərdən uzunömürlü oldu.
Məkkədə Zəmzəm quyusu deyilən yer var. Yüzilliklərdi ki, zəvvarlar bu
quyudan su içir. Bütün peyğəmbərlər bu quyunun suyundan dadıb. Onlar
sadəcə su içmirdilər, onlar quyuya yerləşdirilmişi ordan götürür və
yerini ona verməli olacaq nədisə onun verirdilər.Qədərinin yəqin ki,
rolu yoxdu, sünki milyonlarla zəvvarlar bu savabdan qidalanır və paylaşırlar.
Həmin səbəbdən bu quyunun suyu qurumur.
Qadağalar hamı üçün deyil
Xvaca Moin-uddin Çişti adlı müqəddəsin yaşadığı, meditasiya
etdiyi və öldüyü yer barədə də deyirlər ki, indiyədək bu yer sanki səslənir.
Əcmirdəki bu vibrasiyalar o qədər güclüdür ki, onu hiss edən insan burda
qalıb ömürlük özünü meditasiyaya həsr etmək istəyindən qurtula bilmir.
Bu yer şəhərin lap ortasındadı, amma səhra təssüratı bağışlayır. Çünki
illər uzunu kahin bu yerdə öz kosmik simfoniyasını dinləyib və yazıb.
Müqəddəs yerlərə gəlmiş insanlar adətən əsas fikri davam etdirmirlər.
Onların fikirləri ora əlavə edilir. Elə bil ki, əvvəl fleyta solosu
səslənir, sonra ona klarnet, truba və trombon qoşulur ki, musiqi zəngin
olsun. Bütün bu simfoniyanın içində həmişə əsas mövzunu durmadan ifa
edən bir alət olur. Əsas səs nəfəs kimi eşidilir, o biri səslər ona
qoşulub forma yaradır. Forma isə bildiyimiz kimi, tez dağılandı, nəfəs
isə əbədidir. Bayaq adını çəkdiyimiz Əcmirli Xvacinin həyatında qəribə
bir hadisə baş vermişdi. Onun Bağdaddan Əbdül Qadir Cilani adlı qonağı
gəlir. Qonaq dini rituallra ciddi riayət edən idi və onun yaşadığı yerdə
din xadimləri musiqi dinləmirdi. Əcmirli Xvaca qonağına hörmət əlaməti
olaraq gündəlik musiqi meditasiyalarını təxirə salır. Amma vaxtı yetişəndə
musiqi öz-özünə səslənməyə başlayır. Bu musiqini hamı eşidirdi. Çalınmadan
eşidilən musiqini eşidən Əbdül Qadir deyir: «Əgər din musiqini qadağan
etsə belə bu başqaları üçündür, sənin üçün deyil».
Kətillərin danışdığı nağıllar
Ayaq saxlayıb, bir anlıq oturub düşündüyümüz yer insanın fikirlərini
hopdurur. Bəzən cansız əşya insanın deyə bilmədiyi, amma artıq gizləyə
də bilmədiyi hiss və duyğuları o qədər gözəl «yazır» ki, desəydi bəlkə
də uçub fəzada tezliklə iriyərdi. Bəzən masa, oturduğumuz kətil barəmizdə
uzun-uzadı nağıllar deyir. Ona görə də bəzən bir dəqiqələik oturduğun
stul dünyasında düşünməyəcəyin bir fikri, emosiyanı özümüzünkü kimi
bizə verir. Əşyalar insandan uzunömürlü olduğu kimi sahibini itirəndən
sonra da onun sevincini, göz yaşını, kədərini, sevgisini, heyranlığını,
duyğularını fikirlərini özündə saxlayıb yaşadır. Ona görə də qədimdə
insanın məqbərəsini onun oturduğu yerdə quraşdırırdılar. Hindistanda
kremasiyadan əvvəl, yəni meyiti yandırmazdan əvvəl onun oturduğu yerdə
kürsü qoyurdular ki, mərhumun yerini bildirsin.
Deyirlər ki, Səədinin qəbri heç vaxt qızılgülsüz olmur. Elə bil ki,
qızılgüllər burda əsrlərdir ki, bitir. Bəlkə Sədinin gözəl fikirlər
düşünüb «Qızılgül bağı»nı yazdığındandır? Şairin bədəni getsə də onun
gözəllik barədə fikirləri hələ də yaşayır, onun qəbrinin ətrafındakı
qüzülgülləri də yaşadır.
Hər şey canlıdır
Rəssam ölü ölkədə doğulubsa onun sənəti bu yerdə inkişaf edə
bilməz. Onun üçün burda mənəvi qida, yaradıcı impuls yoxdu. Ona bitki
kimi hava, günəş və su lazımdı. Ölü yerləri canlandırmaq üçün peyğəmbərin
ayağının o torpağa dəyməsi bəsdi.
Gəlaləddin Rumi deyib ki, insan üçün od, su, torpaq, hava və efir cansızdı.
Allahın qarşısında bu ünsürlər onun əmrlərini icra edən canlı məxluqlardır.
Bütün əşyaların dili və səsi var. Sizin qəlbiniz onu eşidib duya biləcəkmi?
İndi insanlar psimetriayaya inanmağa başlayıblar. Bu, əşyaların dilidir.
Yəni ki, bizim gördüklərimiz, rəng, forma, materialdan savayı predmetin
mahiyyətinə əks edən ölçülər var. Bu ölçülərlə yanaşı onu işlədən adamın
da keyfiyyətləri ora yazılır. Belə çıxır ki, insanın içindəki xoşbəxt
adamı da, müdrik insanı da, axmağı da, alçağı da, alicənabı da oyatmaq
olar. Kontaktda olduğumuz əşya xoşbəxtlik şüalandırırsa qəmli saatlarımızda
olsaq da bu xoşbəxtlikdən bizə pay düşür. Elə bil ki, hamının simfoniyasından
başqa sənin öz mahnın olur və onu zümzümə edirsən.
Musiqi üstündə verilən dinlər
Musiqi dünyadır, poeziya dünyadır, sənət dünyadır. Sənət dünyasında
yaşayan adam buraları tanıyır, bilir. Bu dünyanı sevənlər də onu tanıyır.
İnsan musiqi dünyasında yaşayır, musiqini görür, musiqini qiymətləndirir.
Bu dünyanı tanımaq üçün musiqisevər olmaq azlıq edir. O, musiqiyə qəlbində
yer ayırmalıdı. Ona görə də biz deyirik ki, sənət sanki canlıdır, xeyirdən,
şərdən danışır. İtalayan evlərinin freskalarına, oymalı eyvanlarına
baxıb heyrətlənmək azdı, onların dövr, insan, onu yaradan, işlədən və
hətta sındıran adam haqqında hekayətini dinləmək olar. Bu bizi keçmişdəkilərə
diqqətli olmaqdan savayı fikirlərimiz və duyğularımızla ehtiyatlı davranmağı
öyrədər. Elə bil ki, düyməsi basılmış daimi diktafonla gəzirik.
Sənət növləri arasında musiqi ilahi sənət sayılır, çünki bütün kainatda
işləyən qanunların miniatür kopyasıdır.Ürəyin döyüntüsünü, nəfəs alıb
verməni eşidirsiz – hər şey ritmlə işləyir. Nəfəs səs kimi, söz kimi,
səda kimi zühur edir. Musa peyğəmbərin həyatından maraqlı bir əfsanə
də var. Bu əfsanəyə görə Musa peyğəmbər Sinay dağlarında ilahi əmri
ton və ritm şəklində eşidir və ona görə də eləcə də adlanır: Museke.
Musiqi sözü də burdan yaranıb. Davidin mahnı və şeirləri əsrlər uzunu
məlum olub. Ona da vəhyi musiqi formasında gəlib. Yunan miflərinin qəhrəmanı
Orfey ritm və tonun sirrini bildiyi üçün təbiətin gizli qüvvələri üzərində
hakim idi. İlahi kitabımız Quranın da öz avazı var.
Qiyamətdən əvvəl trubalar səslənəcək
İndi elə bil ki, bəşəriyyət ona verilmiş ilahi informasiyanın
çox hissəsini salıb itirib, amma bircə musiqisi qalıb. Musiqidə güclə
bərabər eyforiya, sərxoş etmə qabliyyəti də var. Uşaq da formanı, rəngi
qavrayancan əvvəl səsi duyur və ləzzət alır. Dünyanın hər üzünü görmüş
qocanı da yerindən oynadacaq bir şey varsa o da musiqidir. O, cavan
qəlbləri də tərpədə bilir, sınıq könülləri də ovuda. Keçmişin əfsanələrində
deyilir ki, qiyamət günündən əvvəl trubalar səslənib axirətdən xəbərdar
edəcək. Burdan belə çıxır ki, musiqi yaranışın əvvəlində də vardı, ortasında
da var, sonunda da olacaq. Bütün əsrlərin mistikləri musiqi seviblər.
Müdrik insan musiqinin timsalında bütün bəşəriyyətin iş prinsipini izah
edə bilər. Müdriklər onsuz da azdanışan olur. Çünki bilirlər ki, söz
fikirlərin, duyğuların çox az hissəsini ifadə etməyə qadirdir.
Bizim gündəlik həyatda musiqi adıyla işlətdiyimiz bizim Kainat musiqisindən
intellektin qopardıb qavraya biləcəyi bir miniatür hissəsidir. Şərqdə
belə bir əfsanə var ki, guya Yaradan öz obrazı timsalında gildən fiqur
yapandan sonra ruhdan rica edir ki, ora girsin. Ruh azad olduğundan
məhdudlaşmaq, gil fiqura yerləşmək istəmir. Onda Allah mələklərdən xahiş
edir ki, musiqi çalsınlar. Mələklər musiqi çalandan sonra ruh ekstaza
gəlib musiqini anlamağı rahatlaşdırmaq üçün bədənə girməyə razılaşır.
Əsrin ən dəhşətli səhvi ondadır ki, gündəlik həyatımızın ritmi artdığından
sakitlik üçün, kainatın musiqisini eşitmək üçün imkanımız heç qalmır.
İnsan ideyaları o qədər bir-birinə bənzəyir ki, ümumi simfoniyanın səssırasına
heç nə əlavə edə bilmir. Nizamsız səslənən musiqi səs-küy, xaos yaradar.
***
Həqiqətdən hali olanlar biliblər ki, kosmosu yaradan, saxlayan yalnız
bir qüvvə var: vibrasiya. Nə qədər ki, titrəyiş var, deməli həyat da
var…