Qudurmuşlar
Heysiyyatsız və 
          şərərfsiz səhiyyəmizə ithaf edilir
           Hadisədən bir az əvvəl
          
 
           Bakıxanov qəsəbəsinin «Milyonerlər məhəlləsi»nin özü qədər 
          qudurmuş sahibindən qaçmış doberman küçələrdə kef eləyir. Ola bilər 
          sahibinin pul saymaqdan başı ayılmır ki, itinə yiyə dursun. İt ora-bura 
          qaçır, qapqara dərisi parlaq sübh günəşinin şüaları altında bərq vurur. 
          Dobermanlar əla ov itləridir, sahibindən başqa kimsəni tanımaz. Qovmaq, 
          yerə sərmək, dişləmək onunçün hələ ki, oyun oyuncaqdı. Çünki istəsə 
          bir diştəmə adamın qolunu sümüyəcən xıncım-xıncım edər. Bu gün o məktəb 
          həyətinin iri futbol meydançasını gözaltı edib. Xalxın budundan, ya 
          da yumşaq yerindən dişdəm götürüb əylənmək fikrindədi. Amma tərs kimi 
          içəri zəng çalınıb və həyətdə gəmirməyə adam yoxdu.
           Hadisə özü
           Səhər tezdən bağçaya yollanan ana və uşaq dobermanın şikarıdır. 
          Doberman 20-30 metrlik məsafəni 3- 4 addıma qət edib birinci qadına 
          hücum çəkir. Bir diştəmə sürüyüb yerə yıxır və dalbadal dişləməyə üz 
          verir. Paltarları didik-didik olmuş qadın yerdə itlə süpürləşərək müqavimət 
          göstərir. Yaxşı ki, it şikarının üz-gözünü dağıtmağı düşünmür, yoxsa 
          salamat yer qoymazdı. Qadının çığırtısı bom-boş həyətdə əks səda verir. 
          Hər şey itin istədiyi kimi deyil, çünki arabir ağzına təpik də dəyir. 
          Çığıran və əl-qol atan qadın itin ürəyini vuran kimi onu yerdə uzanmaqda 
          qoyub 10 metr aralıda çığıran uşağın üstünə cumur. Ana yerdən qalxanacan 
          onu da ağzı üstə yıxıb sürüyür. Ana özünü yetirənəcən iki yerdən diştəm 
          almağa imkan tapır. Qadının hər həmləsindən geri çəkilsə də pozisiyasını 
          dəyişib təzədən hücum edir. Səs-küyə məktəbin camaatı qaçıb gəlir. Qadın 
          uşağını gəmirən itin boyunduruğundn tutandan sonra it uşağı buraxır. 
          İlk dəfəydi ki, itə əli dəyirdi. İtin parlaq tükləri arasından isti 
          buğ çıxırdı. Yəqin hər dəfə cızığından çıxanda onu boyunduruğundan tutub 
          saxlayırmışlar ki, itin də başında belə qalıb. İt təzə gələnlərə bir 
          hücum çəkmək istəyir. Kişilər «Ay xanım, bir az bərk saxla da» deyib 
          qorxub diksinirlər. 
          - Kişi deyilsiz? Əlimdən iti alın da…
          - Mütləq həkimə getmək lazımdı, yoxsa sizdə quduzluq olar. Bir az o 
          yanda poliklinika var, isti-isti gedin ora. Amma mütləq gedin ha…
          Qadın uşaqla poliklinikaya tərəf gedəndə arxaya dönüb baxsaydı bös-böyük 
          bir cüssəli cavanın həmən itlə çarpışmasını görərdi. Bu gəncin də paltarları 
          didik-didik olmuşdu. İt onun ayağından dişdəm götürərək can hayına qalmış 
          oğlanın əlindən qurtulub güllə kimi qaçıb məktəbin həyətindən çıxır. 
          Bilənlər deyir ki, bu it buralarda tez-tez olur, amma ilk dəfəydi ki, 
          dişləyirdi. Yəqin xəstədi. Quduzdursa artıq dişləməyə başlamış heyvanın 
          ömrünə 2-3 gün qalır.
          Qudurmağa hələ 5 gün var
           Kimsə bilmir ki, səhər evdən çıxanda başına nə gələcək. İt 
          də qapa bilər, maşın da vura bilər, kanalizisiaya lyukuna da düşmək 
          olar. İtdən inciməyə də dəyməz, Allahın heyvanıdır. O da öz instinktlərindən 
          başqa heç nə tanımır. Amma sahibinə nə gəlib? Başqasının həyatıyla oynamaq 
          bu qədərmi maraqlıdır? Bunu həm də gündə onlarla xəstəni qəbul edən 
          həkimlərdən soruşmaq lazımdı. Üst-başı itin tüpürcəyindən parıldayan 
          zərərçəkmişləri ilk əvvəl qeydiyyat şöbəsi qarşılayır:
          - Şəxsiyyət vəsiqənizi verin.
          - Axı səhər tezdən kim vəsiqəsini üstündə gəzdirir?
          - Onsuz olmaz, axı dişlənmişlərin qeydiyyatını aparırıq. Quduzluğa qarşı 
          vaksin baş həkimin şəxsi imzasıyla buraxılır.
          Dişlənmiş ayağını çəkə-çəkə pəncərədən uzaqlaşan qadın nəsə düşünüb 
          geri qayıdır:
          - İndi vəsiqəmi evdən gətirərəm. Üstümdə pul da gətirimmi? Yəni iynənin 
          qiymətini bilmək istərdim.
          - Quduzluğa qarşı iynələr pulsuzdur, dövlət tərəfindən verilir.
          Kor-peşman yola düzəlmiş qadın evə necə gedəcəyini, necə qayıdacağını 
          götür-qoy eləyərək bir xeyli yol getmişdi ki, onu arxadan haraylayırlar:
          - Siz gəlin, heç olmasa cərrah sizə baxsın. İynələrə o təyinat yazmalıdı.
          … Cərrah çirk içində olan qadın və uşağa ikrah hissiylə baxıb dedi:
          -Vay, vay. Qolunuzdakı tüpürcək heç bilirsiz necə də yoluxdurucudu? 
          Evə gedən kimi hamısını soyunub maşina atın yuyulsun. Sonra paltar sabunu 
          ilə çimin və yaralara bolluca yod vurun.
          Tələsik qoruyucu maskasını taxıb – Sizin burda qeydiyyat kitabçanız 
          yoxdu?
          - Xeyr, hələ ki, bu yaşacan həkimə ehtiyacım olmayıb. 
          - Necə yəni? Sizə heç «spravka» da lazım olmayıb? Deyəsən, yaxında yaşayırsız. 
          
          -Bəli, qeydiyyatımız başqa rayondadır, amma burda yaşayırıq.
          - Gəlin, heç olmasa yaralarınıza baxaq. Ay qız, tez ol yod gətir, bunun 
          ayağını yodda!
          Şəfqət bacısı otaqdan çıxıb deyəsən yod və pambıq axtarmağa gedir. Nədənsə 
          bunlar sarğı otağında yoxdu. Pambığı əllə tutmamaq üçün adi qayçı gətirib. 
          Zərərçəkmiş qadın öz evində həmin qayçının əkiz tayından dırnaq qayçısı 
          kimi istifadə edir. Yaraları yodlayırlar və uzaqdan-uzağa baxırlar. 
          Yaxşı ki, o biri otaqda qorxudan sarısını udmuş uşaq ağlamır və sakit 
          oturub anasını gözləyir, onun yaralarına isə baxan olmur.
          - Uşağı aparın uşaq poliklinikasına, heç olmasa onun qeydiyyat kitabı 
          varmı?
          Həyəcanlanmağa dəyməzdi, çünki hadisədən 5 gün keçənədək vaxt vardı. 
          Bu müddətdə vaksini vuran quduzluğa tutulmur. Ayaqlarını çəkə-çəkə evə 
          getsələr də onların hələ bir neçə gün vaxtı vardı. Bu müddətdə bu yolu 
          yüz dəfə keçmək olardı.
           Quduzluğa 4 gün qalmış
           -Deyəsən, özünüzə bir az gəlmisiz? Sizin başqa rayonda qeydiyyatda 
          olmanız bir az problemlidir. 
          - Mən axı burda yaşayıram, bu yolu hər gün keçirik.
          - Onda mənzil kommunal idrəsindən kağız gətirin ki, siz həqiqətən də 
          burda yaşayırsız.
          - Bəs gec olmaz?
          - Bax mən indi öz cibimdən sizə ilk yardım göstərəcəm və ilkin toksikasiyaya 
          qarşı iynə vuracam. Ola bilərdi ki, siz itlə süpürləşəndə yaralara torpaq 
          girib və da tetanus (yəni stolbnyak) xəstəliyi yarada bilər. Si z arxayınca 
          arayışı gətirin və sizi qeydiyyata alaq və kitabça açaq. Bunsuz sizə 
          quduzluğa qarşı iynə vura bilmərik.
          Qadın gecədən bəri şişib dama dönmüş və göm-göy olmuş ayağına baxdı 
          və MKİS-ə qədər yolu necə gedəcəyini götür-qoy etdi. Neynəməli, qanun 
          belə tələb edirdi. Arayışı almaq çətin olmadı, amma MKİS-nin müdiri 
          nahara getmişdi, azı 2 satdan sonra qayıdacaqdı. O vaxtacan gözləsəydi 
          cərrahın iş vaxtı bitəcəkdi. Üstündə möhürü olmayan arayışı götürüb 
          qeydiyyat şöbəsinin mərhəmətinə arxayın olaraq yenidən xəstəxanaya qayıtdı. 
          Onlar qadının dünənki görkəmini və halını xatırlayıb ürəyi genişlik 
          edərək onu qeydiyyata maneəsiz aldılar və hətta möhürsüz arayışa göz 
          yumdular. Amma qadını «Möhürsüz olduğunu həkimə deyin ha» məsləhətilə 
          bu xidmətlərinə görə 1 manat istədilər. Dəyəri 1 manat olan «kitabça» 
          2 qoşa vərəqdən ibarət idi. 
          Arasında arayış olan qeydiyyat kitabçasını xəstənin əlində görcək şəfqət 
          bacısı dedi:
          - İndi tələbnamə yazaram, amma baş həkimin yanına birlikdə gedək. O, 
          yəqin ki, sizi şəxsən görmək istəyəcək. 
          Şəfqət bacısı tələbnamə yazan müddətdə dünən həmən it tərəfindən dişlənmiş 
          oğlan içəri girib iynəsini aldı. Yəqin bəxtəvərin burada qeydiyyat kitabı, 
          ya da vəsiqəsində uyğun ünvanı vardı. Qadın ona bir az həsədlə baxdı 
          və bu binadan çıxıb gedəcəyi anı ürəkdən arzuladı. Ara qarışan kimi 
          növbədəkilər cərrahın yanına gözləmədən soxulmağa başladı deyən balaca 
          otaq tezliklə adamla doldu. Amma qapıda barmağını sıxıb qanını saxlamış 
          qadına yol verən olmadı. Çünki onun işi uzun idi, tikiş qoyulmalıydı. 
          
          Baş həkim dişlənmiş qadının kağızlarını görcək elə çığırdı ki, dəhlizdəkilər 
          diksindilər:
          - Axı nə vaxtacan sizin işinizi mən görməliyəm? Korsuz, görmürsüz ki, 
          onun qeydiyyatı başqa rayonadır!
          - Axı o, arayış gətirib… - deyə şəfqət bacısı zarıdı. 
          - Bu qaydaları mən qoymuram, nazirlik qoyur. Onda elə hər kəs istədiyini 
          yazardı, göndərərdi. Mənim təsdiqim nəyə lazımdı ki?
          Axır qadın dözməyib: – Axı mən Azərbaycan vətəndaşıyam və istədiyim 
          yerdə qeydiyyatd da ola bilərəm. Bəlkə birisinin 2 mənzili var, birində 
          qeydiyyatdadır, o birində yaşayır. 
          - Kimin nə qədər mənizili var, bunun mənə dəxli yoxdu. Gedin harda qediyyatdasız, 
          orda da mülicə olunun.
          - Nəzərə almırsız ki,Yasamal rayonuna ən azı 1 saat yolumdur və mən 
          şişmiş ayaqla ora sürünməliyəm ki, sizin nazirliklə aranız dəyməsin.
          - Onda tələbnaməyə imza qoyuram, gedin nazirlikdən razılıq kağızı gətirin.
          - Mən heç yerə gedən deyiləm. İmtina kağızı verin, gedim başqa yerdə 
          mülicə alım.
          - Biz heç kimə imtina kağızı vermirik!
          Qapıdan çıxa-çıxda olanlardan pərt olmuş həkim qadını bir qırağa çəkib 
          çox nəzakətli, hətta mərhəmətli tonla dedi:
          - Bəlkə mən dərmanın adını yazım, gedib aptekdən alasız. Gətirin biz 
          vurarıq sizə, qurtarsın getsin…
           Qudurmağa 3 gün qalmış
           Taleyə baş əyməkdən savayı nə qalırdı ki. Bir də xoşbəxtlikdən 
          qeydiyyat uzaq bölgələrdən birinə yox, cəmi-cümlətani Yasamal rayonuna 
          idi. Uzaqbaşı 1 saat, axsaq ayaqla saat yarımlıq yoldu, dünyanın axırı 
          deyil ki. Orda da qeydiyyat prosedurunu bir də kesmək lazım gəldi. Həkim 
          2 cür kağızı xəstəyə uzatdı ki, üzünü çıxartdırsın. Kağız üzü çıxaran 
          oğaq bağlı idi. İçəridən səs gəlsə də heç kim qapını açmırdı. Xəstənin 
          səbrinin tükəndiyini görüb narahat olan həkim «Gözləyin, indi harda 
          olsa gələcək» dedi.
          - Bəlkə başqa yerdə çıxartdırım?
          - Yox, yox! Ancaq burda çıxartmalısız.
          Xeyli keçmiş qapı açıldı. İçəridəki xanım qapını sındıran kolleqaların 
          işini gördü, amma ayaq üstə güclə duran xəstədən «Bir az da gözləyərmisiz?» 
          xahiş etdi. Kağızların eybəcər kseroksunun da haqqı yerinə çatdı. Bu 
          tələbnamə blankları idi, yəqin ki, hər bir cərrahda olmalıydı. Uzun-uzadı 
          blank doldurma mərasimi bitdi:
          - İti tanıyırsız?
          - Adını soruşmağı unutdum.
          - Sizin üçün deyirəm, tanısaydız sahibindən sorqlaşardız, onda 3 iynə 
          vurardıq. Amma indi 3 ay ərzində 6 iynə vurmalıyıq. İynələr də ki, bilirsiz 
          də od qiymətinə. Sizi göndərsək aptekə birini 15 manatdan alacaqsız. 
          Amma mənə verin, mən sizə ucuz edərəm. Bütün kurs üçün mənə 60 manat, 
          şəfqət bacısına 5 manat verərsiz, düzələr.
          Bu yerində şəfqət bacısı otaqdan boylanıb «Gələn dəfə gələndə özünüzlə 
          şprits də gətirin. Özü də sarı rəngli olsun, onlar daha yaxşıdır. Bu 
          günlük özümüzdə olandan vuraram». 
          Qudurmazdan 2 gün əvvəl
           Əlqərəz, dişdənmiş qadın quduzluğa qarşı vaksin vurdurdu, 
          amma dövlətin hesabına yox. Çünki bu dərmanı aptekdən qutusunu 50 manata 
          almaq olar. Yəni ki, bu məmləkətdə dövlət hesabına müalicə şəxsi hesaba 
          müalicədən baha başa gəlir. Qadın qohumu olan həkimlərdən birinə iynəsini 
          vurdurdu. Maneəsiz onların vurulma qaydasını öyrəndi. Hətta bu sirri 
          də xəstəxana həkimləri gizli saxlayırlar. Birinci iynədən 3 cün sonra 
          birisi, 7 gün sonra o birisi, 14 gün sonra daha birisi vurulmalıdı. 
          Növbəti iynə bir aydan və sonuncu 3 aylığında vurulur ki, insan qudurub 
          dişlərini qıcatmasın, küçələrə düşüb özükimilərini dişləməsin.
           Qudurğanlığın sərhəddində
           Axı insanların qudurmaması, quduzlaşıb canavar kimi camaatın 
          canına düşməməsi ən əvvəl dövlətin marağındadı. İlk yardım üçün dərmanlar, 
          quduzluq əleyhinə dava dərman narkotik deyil ki, bu ciddiyyətlə qeydiyyatı 
          aparılsın. Ayağında diş yarası görünən kimi həkimlər xəstəni zorla, 
          ya xoşuna içəri çəkməlidirlər ki, xəstəliklər yayılmsın. Prosesdən qazandı, 
          ya qznmdı, bu, həkimin işidir! Xəstəyə dərhal yardım etmək əvəzinə uzadan 
          həkimlər bu dərmanın tələbnamə əsasında pulsuz verilməsinə çalışır ki, 
          sonra pulunu xəstədən çıxıb qazansınlar. Bütün bunları şəxsən yaşamış 
          adam üçün həkimin qəzaya düşmüş xəstəyə «10 manat ver, iynəni vuraq», 
          ya da ilk dəqiqədən «Get başına çarə qıl» deməsi çox humanist addım 
          kimi görünür. İndi deyin, bu məmləkətdə quduzlaşmayasan, neyləyəsən?!
          Təbb ensiklopediyaları yazır ki, qudurmuş canlı, insan ya da heyvan 
          olmasından asılı olmayaraq ilk yardım almasa 100 faiz ölməlidir. Amma 
          qudurmuşların sağlam adamları dişləyib ömrünü zəhərləmək adəti də var.
        
Qadın baxışı