«Taun zamanı eyş-işrət»
 
        İnsan qəribə məxluqdu. Yer-göy 
          qaynayan vaxt yenə də dinc oturmur. Gedib kölgəlikdə sərinləşmək əvəzinə 
          nəsə planlaşdırır, nəsə eləmək istəyir, nəyisə yaratmaq və nəyisə dağıtmaqla 
          Yerin istisinə öz qaynamasını da əlavə eləyir. Amma məntiqlə göydən 
          od yağan vaxt insanın sərinlikdən başqa istəyi olmamalıdı.
          Bizə nə var, biz istiyə öyrəncəliyik. Gün başımıza nə qədər döysə də 
          dözürük. Bir az püfüldəyir, bir az şikayətlənirik. Soyuducudan sərin 
          kompotu içən kimi sərinləşib sonra otururuq televizorun qarşısına və 
          Moskva ətrafında tüstüləyən torf yataqlarının fəsadlarına baxırıq. Kompotdan 
          bir qurtum da vurub tüstüdən boğulan rusların şəhər içində qoruyucu 
          maskada gəzişməsinə, dumandan göz-gözü görməyən şəhərin tutqunluğuna 
          baxıb təssüflə başımızı bulayırıq. Yəni ki, bir az təssüfkeşlik edirik. 
          Amma səhəri günü internetdə oxusaq ki, isti və tüstü ilə əlaqədar olaraq 
          apteklərdə prezervativlərin satışı birə iki qalxıb həmən dəqiqə bütün 
          emosiyalarımız 180 dərəcə öz bucağını dəyişir: Bu ruslar lap ağ eləyiblər 
          də! Elə bil dünyanın sonunu görmürlər, elə öz işlərindədir! Nə qədər 
          dərdlərinə acısaq da şəfqət hissi, acıma hirs və əsəblə əvəz olunur. 
          Bir növ kros qaçışında geri qalmış idmançının keçirdiyi hisslərə bənzər 
          duyğular yaşayırıq.
          Təsəvvür edin, Moskva və ətrafında havadakı dəm qazının qədəri normadan 
          bir neçə dəfə artıqdır. Belə miqdarda qazdan heç maskalar xilas eləmir. 
          Sizcə panikya düşməyə əsas varmı? Botaniklər bunu daha yaxşı bilir, 
          çünki bitkiləri müşahidə edirlər. Bitki öləcəyini bilirsə son gücünü 
          toplayıb heç olmasa bircə çiçək açır ki, toxum verə bilsin. Bu çiçək 
          bitkininn bütün gücünü alır və ondan sonra bitki quruyub məhv olur. 
          Amma bu məsələyə bitki gözüylə baxsaq o, yəqin ki, xöşbəxt ölür və əmindir 
          ki, gələn il yazda onun verdiyi toxumlar yenə də cücərəcək. (Toxumunu 
          asfalta tökən dibçək bitkilərinin yaxşı ki, şüuru yoxdur və gələcək 
          taleyi barədə düşünə bilmir). Ola bilər ki, insanlar da eləcə əlacsızlıqdan 
          bütün gücünü nəsil artırmaya gönəldir. Bəlkə ona görə də məsələn, bizim 
          kimi ekstrimal şəraitdə yaşayan, gələcəyində əmin olmayan, eşşək kimi 
          işləyib yalnış məişət qayğılarını qismən həll edən xalqların son sevinci 
          elə nəsil artırma barədə düşünməkdir. 
          Mediklər deyir ki, havada dəm qazı dolaşarkən və hər gün təkcə Moskvada 
          700 adam öldürərkən atılan bütün addımlar çarəsizlikdəndir. Onlar deyir 
          ki, CO formullu qaz xeyirlidir, xüsusilə də kişilər üçün. Azot oksidi 
          ilə birlikdə bu qaz infeksiyalardan və xətalarda qoruya bilir. Hər il 
          5-6 min adam öldürən bu qaz bəzən tormb və infarklardan da xilas edir. 
          Əlbəttə ki, dozasından asılı olaraq. Bu fikirlər italyan alimlərinin 
          tapıntsı qarşısında çox sönük görünür. Onlar dəm qazının əsəb sisteminə 
          təsirini aşkarlayıblar. Bu effekt məşhur göy tabletlər adlanan «Viaqra»nın 
          tərkibinə daxil edilib. Effekti kəşf edən alimləri Nobel mükafatına 
          layiq biliblər. İndi isə demək olar ki, viaqra effekti Moskva ətrafında 
          havayı və təbii şəkildə havada uçur. Qəribədi, demoqrafik problemləri, 
          uşaq artımı məsələsini həll etməyə qadir olmayan Rusiya hökuməti niyə 
          belə cəhdlə yanğınları söndürməyə tökülüşüb? Bəzən məsələnin həlli göz 
          qabağında olur. Yoxsa ki, içməkdən başı ayılmayan rusların nəsil artımına 
          marağını heç cürə izah etmək olmayacaqdı. Gərək bir vaxt eləyib alimlərimizdən 
          soruşum, görəsən bizdə də yay-qış havada dəm qazı olur bəyəm?
          Rusiya alimləri dəm qazıyla çarpışarkən Danimarka alimləri təkid edir 
          ki, qlobal istiləşmə həm də çox məzəli ola bilər. Yəni ki, planetin 
          canı qızdıqca, əbədi buzlaqlar əridikcə atmosferə azotun ən aşağı oksidləri 
          daxil olur. Kimyanı bilməyənlər buna şənləndirən qaz deyir. Bu qazın 
          məstləndirici və narkotik effekti var. Ona görə də axirəti zamanın əlamətləri 
          işə düşdükcə həyat məzəli olacaq. Nə bahalaşma, nə qıtlıq, nə də sosial 
          ədalətsizlik insanları narahat etməyəcək. Tərs kimi biz buzlaqlardan 
          çox uzaqdayıq. Qrinlandiya və yenə də Rusiyanın payına bu qazdan lap 
          çox düşür. Onlar üçün qlobal istiləşmə həm də məzəli olacaq. 
          … Amma yenə də anlaya bilmirəm ki, biz nədən belə gülürük və nədən yalnız 
          nəsil artımı barədə düşünürük?
            
Qadın baxışı