Kişi tənhalığı
Ağıllı
və güclü kişilər nədənsə çox vaxt tənha olur
Tənha qadınlardan
çox yazılıb. Elə mən özüm indiyədək qadınlardan yazdığım yazıları bir
yerə toplasam yəqin ki, kişillər qarşı ədalətsizlikdən utanaram. Çünki
tənha kişilər qadınlardan heç də az deyil. Amma onlardan yazmırlar.
Dünya belə qurulub, tənha qadınlar dəstə halına meyl edir və ona görə
də onları görməmək mümkün deyil. Hətta tənha qadın tək də olarsa günün
günorta çağı sakit dənizdə yelkənli qayıq kimi uzaqdan seçilir. Kişilərsə
tənha olanda düşdüyü mühitə uyğunlaşmağı, yəni buqələmun kimi rəngini
dəyişdirib ətrafına qarışmağı seçir ki, tənhalığıyla çox da gözə girməsin.
Kişi tənhalığı bir mərəz, xəstəlik, sanki utanclı bir şeydir. «Subaylıq
sultanlıqdır!» şüarını əlində bayraq etmiş tənhalar alkoqolikin içmək
bəhanəsi axtardığı kimi, qumarbazın gizli kazino gəzdiyi kimi nikah perspektivlərindən
azad adacıqlar axtarır. Çətinliklə olsa da tapır və subaylıq şüarını və
bayrağını ora sancır. Tənha qadınlardan fərqli olaraq onun yaratdığı «azadlıq
adası»na arabir qadınlar da gəlir. Muzeyə gəlirmiş kimi gəlir, baxır,
bəlkə də bir az qalır, amma mütləq çıxıb gedirlər.
Kişilər
şikayət etmir
Adətim üzrə mövzunun axtarışını İnternetdə gəzirəm. Çoxlu ağrılı, düşündürücü,
yaddaqalan həyat hekayələri oxudum. Adətən tənhalıqdan qadınlar yazır,
kişilərsə belə yazıların altına şərh yazmaqla özlərini məhddlaşdırırlar.
Kişilər arasında bir dənə də ağlayıb-sızlayan, şikayət edənə rast gəlmədim.
Çünki bu özü kişi təbiətinə ziddir. Ona görə də təkdirsə kişiyə azad,
qadına tənha deyirlər. Kişi tənhalığı ona görə böyük problemdir ki, heç
bir tənha kişi kompüterin arxasına keçib ürəyini deşən problemləri yazmaz,
kimsəylə bölüşüb ürəyini boşaltmaz. Tənha kişilər barədə əhvalatları çeşidlədikcə
düşünürəm ki, onları qorumaq lazımdı. Müasir həyat onlardan ən yaxşılarını
sıradan çıxara bilər.
Cəmiyyətdə belə fikir formalaşıb ki, qadın nə qədər ki, cavandı ailə qurmalıdı.
Bu narahatlıq kişilərə şamil edilmir. 35 yaşına kimi evlənməyən kişiyə
normaq baxırlar. Amma psixoloqlar deyir ki, kişilər də tez evlənməlidi.
Bunun həm sağlamlığa, həm də nəsil artırma imkanına birbaşa dəxli var.
Subaylıq sultanlıqdı şüarı altında yaşayanların başı zöhrəvi xəstəliklər
kimi möhkəm qayaya dəyir və buynuzlarını sındırırlar. Kişinin qeydinə
qalmayanı, qayğısını çəkməyəni, üstündə məsulliyəti olmayanda onun xasiyyətində
fəsadlar əmələ gəlir ki, şəxsiyəytini korlayır. Bəzən bu xisiyyətindən
kişi ömrünün sonuna kimi tək qalır. Tək və tənha qoca, bədbəxt və yazıq
insan sözlərinin sinonimi kimi səslənməyə başlayır.
Qadınları ara düzəltməklə tənhalıqdan qurtarmaq olursa kişiləri bəzən
görüşə çıxmağa razı salmaq müşkül olur. Kişilərin əksəriyyəti düşünür
ki, seçim etməyi onlar anadangəlmə bacarır və kimsə bu sahəyə öz barmağını
qoya bilməz. Tənha kişilər heç vaxt təkliyindən şikayət etməz. Bəlkə də
əksinə, ətrafdakı qadınların ona marağından bir qədər qürür duyar.
Tənhalıq xudbinlik doğurur. Öz qanunlarını, öz qaydalarını , öz konstitusiyanı
yazanacan həyat dayanıb səni gözləmir. Bəlkə də sən ətrafındakı qadınları
saf-çürük edənəcən hardasa sənin adına yazılmış qadının saçı ağarıb qocalır.
Əlbəttə, tənhalıq xəyanət etməz. Dostlar kimi, sevdiyin qadın kimi səni
atmaz. Nə vaxt istəsən o sənin yanında olacaq. Məsəl var, tənhalığı sevənlər
ya vəşhi heyvanlardı, ya da Allahın özüdü. Qalanlarının köməyə, bəzən
isə müalicəyə ehtiyacı var.
Simpatik,
arzulanan, amma tənha…
Kişilərlə dostluğumdan istifadə edərək apardığım müşahidələri bölüşmək
istərdim. Yazıdakı adsız qəhrəmanlarım uydurulmuş obrazlar deyil. Onların
arasında təmbəllikdən evlənməkdən qaçan ana uşağı, işləməkdən başı ayılmayan
həyatdan uzaqlaşmış adam yoxdu. Onlar hamısı simpatik, savadlı, cəmiyyətdə
yerini tutmuş normal kişilərdi. Onların bir ümumi cəhətə var, onlar tənhadır…
Tənhalarımı sistemləşdirmək istədikdə bel bir mənzərə alındı:
Yaralı şəhzadə – Onun çoxlu rəfiqələri var. Şəhərlidir,
evi, eşiyi, prestijli ali məktəbdə işi də var. İlk baxışdan gəzən qadın
xoşbəxtliyi kimi görünən bu kişi də təkdi. Hətta qadınlara erotik qığılcımsız
baxır. Bəlkə də ətrafındakı subay qadınlar «Heyif ondan, bəlkə geydir»
düşünür. Amma dostları bilir ki, bir neçə il əvvəl arvadıyla ayrılıb və
hələ də özünə gələ bilmir. Məhkəmədə evi, maşını əlindən aldığı bir yana
gedəndə bu qadın özüylə sevgiyə inamını da apardı. O, həyatında sanki
bir pauza eləmək, nəfəsini dərmək istədi. Bu pauza yaman uzandı. Evdə
anası baş-qulağını aparmasa heç evlənmək fikrini beynindən keçirməz də.
Belə incilər çox vaxt humanitar ziyalılar arasında olur. Onların psixoloji
quruluşu buna imkan verir. İlk sevgi daşa dəyəndə, 5-ci sinifdə parta
yoldaşına sürtülmüş pozan bağışlayanda onu söyəndə içində nəsə bir tel
qırılır və onun bitişməsinə onilliklər lazım gəlir. Onun yumşaqlığı qadınları
əsəbləşdirir. Nə olsun ki, yeri gəlsə yemək bişirə də, ev yığışdıra da
bilir. Qadınlar belə kişilərin başına pərvanə kimi dolanmır.
Deyim ki, bu tip tənhalar natamamlıq kompleksi keçirmir. Hətta güclü qadınlardan
da qorxmurlar. Özündən 3 dəfə artıq qazanan qadına rast gələsi olsa «Nə
olsun, mən də çoxlu kitab oxumuşam» deyəcək.
Əbədi
adaxlı – ABŞ-ın məşhur avtoqonşiki və arvadbazı sayılan Saymon
Ouksun bu yaxınlarda buraxdığı kitab yaman səs-nüyə səbəb olmuşdu. Uzun
müddət həsəd aparası adaxlı kimi gəzən Saymon onu nəvaziş və kamfortla
əhatə etmiş qadına rast gəlincə asudə yaşayırdı. Evlənən kimi o, «Kişilər
niyə evlənir» adlı kitabını yazdı. Kitabın məğzini bir cümləyə gətirsək
belə fikir alınır: kişilər yaxşı yedizdirən, yuyub yığışdıran və keyfiyyətli
seks yapan qadınlara evlənir. Yəni ki, məişətdən baş çıxart və qırçınlı
qara corabları ayağına keçirt və səni kimsə mütləq alacaq. Feminizmin
beşiyi sayılan bu ölkədə belə sözü ucadan demək olardımı? Kimisi kitabı
və onu yazanı söyür, kimisi isə aclıq zamanı buğdanı alan kimi kitabın
son nüsğəsinə qədər alıb apapırdı. Bizdə isə hər şey belə deyil.
Bizim kişilər mövcud şəraitə uyğunlaşaraq əl altnda olanlarla evlənirlər.
Xalaqızı, əmiqızı kimi tez həll olan variantları hətta çıxsaq da yerdə
qalanlardan qara corab gözləmək gülüncdür. Bəzən evində cənnət şəraiti
yarada biləcək qadna rast gəlirsə də «Belə qadına evlənməzlər» deyib geri
çəkilməyə özlərinə yer saxlayırlar. Belə tənha kişilərin gözü həmişə axtarır.
Bəzən 10 il bir yerdə yaşadığı qadınla (məlum səbəblərdən onunla evlənə
bilməz. Axı onun birincisi deyildi) elə ilk gündən hər an ayrılacağını
düşünərək yaşayıb. «Məni sevir, yaxşı evdar xanımdı, amma nəsə çatışmır»
cümləsinin hər il yeni variantını dilinə gətirib axtarmaqda davam edir.
Ola bilər ki, hər dəfə özünü təmizə çıxaranda: «Onun mələk kimi xasiyyəti
var» deməyi də unutmur. Baxmayaraq ki, 40-ı çoxdan arxada qoyublar. Axı
incə zövqü nəfisliyi mətbəx qadınında axtarmağa icazə vermir, o, qeyri-standart,
yaradıcı şəxsiyyət axtarır.
Bu tip tənhalar işguzar adamlar arasında rast gəlinir. Onlar ətrafında
olmayan nəyisə, kimisə axtarır amma tapa bilmirlər. Onlar həyatına rəng
qatacaq bir qadını gözləyirlər. Ola bilər ki, bu qadın yuyub-yığışdırmağı
bacarmasın. Bununçün həmişə ehtiyatda gizlədilən qadınlar var. Standartlara
uyğun gəlməyən xanımlar onun yanında həmişə nişanlı statusundan uzağa
gedə bilməyəcək. Xanımı bir az zirək çıxıb nəsil artırma instinktini işə
salsa bəlkə belə tənha kişinin əl-ayağını yığmaq olar. Valideynlər də
bir tərəfdən onu çıxışdırıb boynuna evlilik boyunduruğu sala bilər.
Çörək ağacı – bu tip kişilərin təkliyi ən azı 35 yaşadən
davam edir. Sonra vicdan əzabın çəkmiş qohumlar onu evləndirsə belə yeni
ailənin çoxlu maddi problemləri olur. Çünki onun ömrünün ən gözəl illərini
validenlərini, bacı qardaşlarını, kənarda təsadüfən əmələ gəlmiş uşağını
və sair insanları yedirib içizdirməkdən başı ayılmayıb. Zaman kəsiyində
onun belinə dırmaşmış bütün bu qohum əqrəba onu sonacaq at kimi minməyi
normal hal sayırlar. Bacılarına cehiz düzəldib, qardaşlarını ev-eşik sahibi
edəndən, valideynlərinin qocalığını təmin edəndən sonra da onun işləri
azalmır. Hiperməsuliyyət hissiylə yaşayan bu tip kişilər daha bir nəfəri,
sonra nəticədə yaranacaq 2, bəlkə də 3 nəfəri yedizdirmək qorxusu qarşısında
evlənməmyi üstün tuturlar. Bu tip tənhalar yüksək vəzifəyə dırmaşa bilmirlər,
çünki belə yüklə karyera qurmaq çətindi. El adəti üzrə evlənəsi olsa onunçün
müti, səsi çıxmayan bir qız tapacaqlar ki, pullar həmişə axtığı istiqamətdə
axmağa davam etsin. Bəxti gətirsə bic və zirək qadına rast gəlsə gələn
kimi bu qadın axan «neft kəməri»nin ağzını qapadacaq və kişinin qohumlarına
tüpürmək belə istəməyib eqoistliyi ilə bu problemini tezbazar həll edəcək.
Amma yenə də kişinin tənhalığı çətin ki, keçə. Çünki boynunda gəzdirdiyi
sərnişin siyahısını yenidən nəzərdən keçirəndə boşalmış yerlərdə mütləq
kimsə oturacaq. Oturanlar bu dəfə artıq qan qohumları olmayacaq.
Güclü qadınlar içindən yetişən – Bir də görürsən ki,
gözəl, göyçək, bir balaca gəzəyən kişi seçib-seçmələyib 40 yaşın astanasında
kifirçənin birini yanına salıb evə gətirdi. Deyən lazım, gəzib dolaşdıqların
bundan min dəfə yaxşı idi. Bu necə görməməzlikdi. Qadının taleyində bir
az eşələnsən birinci ərindən uşağı da çıxacaq. Bu yaşacan nə oxuyub, nə
işləyib. Elə bil lotoreyada udmuş kimi həyatının ən pis anında bədxərcin
və gəzəyənin biri toruna düşüb. Bu tip tənha kişilər adətən güclü qadınlar
olan kollektivlərdə yaranır. O, hər gün hökmlü, savadlı və gözəl olmaqla
yanaşı lap ipləmə xasiyyətli qadınlarla birgə işləyərək zaman keçdikcə
belə qadınlara nifrət eləməyə başlayır. Onun qadın barədə fikirlərində
ciddi dəyişikliklər yaranır və onun sözünün qarşısında bir kəlmə deyən
qadına artıq azğınlaşmış kimi baxır. Məhz belə kişilər 2 sözü bir-birinə
calayıb deməyə və 2 eşşəyin arpasını bölə bilməyən qadına rast gəlincə
axtarmağında olur. Tapdısa ailə qurub evdə diktatura yaradacaq, tapmadısa
qadına nifrət hissiylə ömrünün sonunacan yaşayacaq. Amma ildən-ilə müti
qadınların sayı da azalır…
Əbədi tənhalıq – Bu tip kişilər evli kişilər arasından
seçilir. Kənardan baxanlarçün hər şey normal görünür. Evi, arvadı, uşaqları,
həsəd aparacaq rahat məişəti də var. Hər axşam televizor qarşısında yerini
heç kim tutmur, hətta sözünün qarşısında söz deyəni də yoxdu. Amma o,
tənhadır. Bəzən bunu heç özünə də etiraf etmir. Bu barəda əclaf fikirlər
ona məhəbbətdən olan filmlərə baxanda beyninə girir. Potensial sevgililəri
tanıdığı qadınların obrazına bir növ paltar kimi geydirib xəyalında nəsə
uydurur. Amma az sonra variantlarn heç birini bəyənməyib tənha həyatını
yaşamaqda davam edir. Bu tip tənha kişilərin təbiətcə xəyanətkarı erotik
axtarışlarını həyatda, təbiətcə zirək olmayanları isə xəyalında reallaşdırır.
Amma bununla tənhalıq hissindən qurtula bilmir. Sanki onun qadını hələ
doğulmayıbmış kimi gözləməyində olur.
Yaxşı oğlan – bu kateqoriya tənhalar həyatın hər üzünü
görmüş, görkəmli, amma azad yaşamaq istəyən kişi aiddir. Bu fərdlər tənha
olmağa məhkumdu. O, seçim edə bilmir, həyat təcrübəsi ona mane olur. Çünki
ərinə xəyanət edən onlarla qadınla görüşüb. Cavanlıqda seçim edəndə duyğular
köməyə gəlir. Duyğuların zamanı keçəndən sonra belə vacib məsələlərdə
ağıl aciz qalır. Hətta düzgün seçim edəndə də razılıq və xoşbəxtlik hissi
gəlmir. O özünü məşuq-oynaş münasibətlərilə bağlamaq istəmir. Pulla gələn
qadından yalnız quru seks gözlmək olar, bəşqa heç nə. Qalan qadınlarsa
bir gecəlik münasibət istəmir. Ona həmişə potensial ər gözüylə baxırlar.
Evli qadınlarla münasibət qorxuludur. Bir gecəyə başlayıb və səhər bitən
kiçik sevgi macərası insanın həyatında 1-2 dəfə ola bilər, artıq yox.
Ona görə də yaxşı oğlanlar tənhadır.
Kişi
tənhalığı təkamül prosesinə təkan verir
Onsuz da qadını tam razı salmaq mümkün deyil. Bu gün ev istəyirsə, sabah
brilyant, şuba istəyəcək, birigün hamısından bezib bir qırağa tullayacaq.
Rəhmətlik O. Henri demiş qadının sirli məxluq olması fikrini bəşəriyyətə
qadınlar özləri sırıyıblar. Onsuz da qadını anlaya bilməyəcəksiz. Kişinin
gördüyü ilə paltarın altındakı reallığı müqayisə etmək ehtirası sivilizasiyanın
dərin köklərinə qədər gedib çıxır. Qadın asılılığından qurtulmaqçün kişilər
müşahidə borusu, binokl, elektrik mişarı, tozsovuran, rezin kukla və homoseksualizm
kimi tapıntılar ediblər. Kişi tənhalığının təkamül prosesinə verdiyi töhvələrdən
cildlərlə kitab yazmaq olar. Tənhalıqdan evin küncünə sığınıb taxtadan
Eyfel qülləsinin kiçik modelini balaca mişarla yontmaq olar. Amma kişilərin
əksəriyyəti tənhalıqla mübarizədə başqa yollar seçirlər. Onların əksəriyyəti
evə gecə hamı yatandan sonra gəlib, sübh tezdən, hamı hələ yatanda getməyi
üstün bilirlər.
Etiraf etmək lazımdı, kişilərin çoxu qadınları sevir. Üstəlik pulları
da. Arabir pivə içməyi də. Ət yeməyi də, işə getməyi, maşınları, idmanı,
televizoru, balıq tutmağı, pornonu, rəngi getmiş maykanı və s. Amma siyahıdan
olan bir punktu, yəni qadınları daha iti, ehtirasla, nəbzini itirənədək,
bayılanadək, bəzən varidatını havaya sovuranadək sevirlər. Kişilərdən
kimi soruşsan deyər ki, «Həyatda qadınsız yaşamaq mümkün deyil!». Mətbəxdə
subaylıqdan əmələ gələn abstraksionizm gəldi gedərdi. Aşbazlıq kitabında
«Borş» adlandırılmış qırmızı rüsvayçılığı bir həftə hər dəfə bir kasa
həcmində içəri ötürsən də olar. Amma qadınsız olmur.
Kişi tənhalığı barədə həkimlərin, psixiatrların yazdıqlarını oxuyanda
bütün bəşəriyyətə, dahilər qarışıq bütün kişilərə nifrət etməyə başlayırsan.
Amma sadalanan səbəblər arasında birisi var ki, onu qadınlarçün yazmırlar.
Kişi tənhalığı ruhi yüksəlmə elementi kimi, şəxsiyyətin kimilləşməsi pilləsi
kimi. Bu yolu qadınlar getmir…
Kimin nəyinə lazımdı ki, siz nədən tənhasız?! Buna son qoyun, vəssalam.
Sokrat demiş uğurla evlənsəz xoşbəxt olarsız, alınması filosofluq edərsiz.