Qeybət - qadağan olunmuş ləzzət
Yenilik insanın başına yerləşməyəndə onu başqasına ötürür
Biz eşitdiyimiz 
          əhvalatı başqalarına daha yaxşı variantda ötürməyə meylliyik.
          Missis Xamfri Uord
          
 
           Qeybət və şaiyələr həyatımızın ayrılmaz hissəsidir. Ola 
          bilər ki, elə indicə sizin, ya da mənim dalımca danışırlar. Kiminsə 
          dalıyca danışmaq dünyanın özü qədər qədim məşğuliyyətdir. Ağıllı adamlar 
          bilir ki, eşitdiyinin təkcə yarısına inana bilərsən. Yalnız çox ağıllı 
          olanlar bilir ki, məhz hansı yarısına. O qədər də ağıllı olmayanlar 
          da bilir ki, bir ovuc fakt ən yaxşı düzülmüş qeybəti korlaya bilər. 
          Hərdən adama elə gəlir ki, insan ağzını yuma bilən qüvvə tapılmayacaq. 
          Müharibələr, aclıq, fəlakətlər, elmin inkişafı cəmiyyətçün təbii sayılacaq 
          bu fəlakətin qarşısını ala bilmir.
Qeybət qəlp pul kimidir. 
          Abırlı adamlar özləri onu düzəltməz, 
          amma başqalarına ötürə bilər. 
          Kleyr Lyus
           Psixoloqlar deyir ki, hazırda biz beynin ibtidai quruluşu 
          və müasir rabitə vasitələri arasında münaqişəni yaşayırıq. Qeybət mövzusunda 
          dünyanın bir çox alimləri çox ciddi tədqiqatlar aparırlar. Onların əksəriyyəti 
          məşhur bioloq və antropoloq Robin Donbar ilə razıdır. O, müəyyən eləyib 
          ki, məməlilərdə beyin yarımkürələri və sürünün sayı arasında birbaşa 
          əlaqə var. Meymun qrafikində bu rəqəm 150 nəfərdir. Yəni bu qrup daxilində 
          onlar sosial münasibətləri taraz vəziyyətdə saxlaya bilirlər. Buna hətta 
          «Donbar rəqəmi» də deyirlər. Qədim kəndlərdə, ovçular arasında, piyada 
          qoşun rotasında, yaxud kompaniyada insanların maksimal sayı (bu rəqəmi 
          keçdikdə artıq yeni ierarxiya tətbiq edərək müdirlərin sayını artırmaq 
          lazım gəlir) bu qədərdir. Alimin fikrincə insanlar ona görə qeybət eləyir 
          ki, qeybət onlara insan olmağa kömək eləyib. Onun tədqiqatında kafedranın 
          bufetində söhbətlərin 35 faizinin qeybət olduğu müyyən edilib. Robin 
          Donbar 1996-cı ildə çıxmış «Qeybət və dilin inkişafı» kitabında yazır 
          ki, şaiyələrin yayılması ibtidai cəmiyyətlərdə birliyi saxlamaq üçün 
          çox vacib mexanizmdir və bunlar beyin yarımkürələrində həkk olunur. 
          Sara Uert və Piter Selovi adlı psixoloqlar isə müştərək yazdıqları məqalədə 
          deyirlər ki, qeybət ona görə özünə yer tapıb ki, özünü həmcinsləriylə 
          müqayisə etməkdə əvəzedilməz bir alət olub. Qeybətlə özünü yüksəklərə 
          qaldırıb rəqibinin kürəyini yerə vurmaq daha asandır. Bütün tədqiqatçılar 
          bir məsələdə həmfikirdir- qeybətin kökünü sosial münasibətlərdə axtarmaq 
          lazımdır. 
İti suda boğmaq istəyən 
          adam 
          həmişə çığırar ki, it quduz imiş
          Molyer
Ola bilər ki, insanların vaxtilə 
          yaşamaq üçün yararlı məlumatları – münbit torpaqların yeri, su vadilərinin 
          ətrafındakı ərazilərin təsviri, boş ov məskənləri – bölüşmək bacarığını 
          çox yaxşı qarşılamalıydı. İnformasiyanı bölüşən insanların etibarını 
          qazanırmış. Amma dünya yerində dayanmayıb, inkişafdadı. İctimai rəyin 
          formalaşması bəşəriyyətin bəlkə də ən böyük nailiyyətidir. Öz hərəkətlərinə 
          nəzarət eləmək (təbii ki, intellekti paralel olaraq artırmaq şərtilə) 
          bacarığı insanı başqa canlılardan fərqləndirib. Amma təkcə nitqin inkişafı 
          kifayət deyildi. Ədəbiyyatın hələ olmadığı vaxtlarda nitq qeybətdən 
          başqa hansı yollarla inkişaf edə bilərdi ki? Bəzi mütəxəssislərin fikrincə 
          qeybət informasiyanı böyüşmək sənətinin, bacarığının nəticəsidir. İnformasiyanı 
          bölüşmək meymunlarda da yüksək səviyyədədir. Burda onlar bir-birinin 
          qeydinə qalır (dərisini bitlərdən təmişləyir) və nəvaziş göstərirlər. 
          
          «Söz ver ki, heç kimə deməyəcəksən» ifadəsiylə başlayan hər hansı bir 
          fikri qeybət saymaq olar. Xahiş olunmasına baxmayaraq bu ifadə səslənməyə 
          bəndmiş ildırım sürətiylə ətrafa yayılır. Qərb mədəniyyətində qeybət 
          dedikdə olmuş, amma yayılması məsləhət bilinməyən informasiya nəzərdə 
          tutulur. Gündəlik həyatımız da da biz bunu belə qəbul edirik. Maraqlısı 
          odur ki, müasir tədqiqatların nəticəsi qeybət eləməyin heç də pis məşğələ 
          olmadığını, bəzən hətta xeyirli bir iş olduğunu təsdiqləyir. 
Qeybət mətbuatı, şöhrəti 
          və reklamı əvəz eləyir.
          Millyar Qeorqiy
Danılmaz statistikadır: məşhurlar, 
          varlılar, ulduzların həyatından bəhs edən verilişlərin reytinqi çox 
          yüksəkdir. Ən vacibi isə cəmiyyət yaxından tanımadığı insanları daima 
          müzakirə eləməyə hazırdır. Ulduzların həyatını müzakirə eləmək ehtirası 
          bəşəriyyətin yeni oyuncağı, təzə məşğuliyyətlərindən birinə çevrilib. 
          Dərinliyinə varsaq, yəni Ancelina Colinin doğuşunu izləmək, ya da Peris 
          Xiltonun yanında kimi gəzdirməsini bilmək bizimçün bu qədərmi vacibdir?
          Başqasının dünyası əslinə qalanda heç kimi dərindən maraqlandırmır. 
          Eləcə də onun bu söhbətlərə olan münasibəti. İnsan beyni ekrandan, radiodan, 
          İnternetdən, jurnal səhifələrindən səpələnən informasiyanı qəbul edir. 
          İnformasiya selinin qarşısında aciz qalmış insanın bəzən maraqlandığı 
          məşhur adamdan başqa həqiqi dostu, yaxını olmur. Ona görə də meylini 
          ona salır. Onsuz da kumirlərin bu şaiyələrdən xəbəri olmur və heç kimə 
          ziyan gətirmir. Nəticədə onlar dağ başından enib sizin kimi adiləşir 
          və bir qədər yaxın olurlar. 
          Şaiyələr yayarkən biz özümüzü başqalarıyla müqayisə edirik. Siz Sofi 
          Loren kimi hər gün təbii ananıs şirəsi içə bilmirsiz? Yoldaşınız axşam 
          məclisdə başqasına göz gəzdirirdi? Görəsən Tom Kruz gözəl arvadı Nikol 
          Kidmanı atdı? Arvadından bir baş alçaq olduğuna görəmi? Aygünün ad günündə 
          tort kəsəndə Namiqin valideynləri də orlaydı, gördüz? Görəsən mahnıdakı 
          kimi qapını çırpıb gedib, yoxsa sakitcənə? Deyəsən başınızı az da olsa 
          qata bildim. Görürsüz, deyəsən bir az yüngülləşdiz… 
Üç qadın küncə sığınıb 
          danışırsa bu söhbətdi, 
          onlardan biri çıxıb getsə qeybət.
          Xerq Şteyner
Müasir tədqiqatlar göstərir 
          ki, çənədən «pərgar» olmayanlara geridəqalmış, ağ qarğalar kimi baxırlar. 
          Hətta kollektivə yenicə gəlmişləri bu yolla uyğunluq testindən keçirirlər. 
          İctimai fikrə etinasız olanların kollektivdə yeri möhkəm olmur. Hamı 
          bilir ki, kollektivdə gedən söhbətlərə etinasız qalanları heç kim qəbul 
          eləmək istəmir. Bu həqiqətdir! Çox standart bir situasiyanı fikrimizdə 
          canlandıraq. Məsələn, cavan müdir müavin vəzifəsinə yeni kadr axtarmalı 
          olur, çünki əvvəlki təcrübəli olsa da pensiya yaşına çatıb və nəvələrini 
          tərbiyə eləmək fikrinə düşüb. Bu vəzifə cavan qadına qismət olan kimi 
          heç kim onun iş qabliyyəti və bacarığı barədə düşünmür. Hamıya elə gəlir 
          ki, müdir öz məşuqəsini vəzifəyə gətirib. Onların birlikdə işə gəlməsini, 
          naharda xosunlaşmasını da «gözləriylə» görənlər dilini dinc saxlaya 
          bilmir. Kollektivdə hələ bir yaşlı kadrı gözümçıxdıya salaraq işdən 
          çıxarması barədə danışanlar da tapılır. İnsanların qeybətə öz gözlərindən 
          artıq inanması artıq sübuta ehtiyacı olmayan faktdır.
          Kompaniyalarda qeybətlə mübarizə eləmək lazımdı. Sünki bu iş qabliyyətina 
          aşağı salır. Alimlər deyir ki, kolleqaların təmbəlliyi bardə söz-söhbət 
          birinci yerdə durur. Nəticədə məlum olur ki, ən çox fərqlənənlər dedi-qodu 
          obyektinə çevrilir. Yəni ki, bir balaca fərqlənmək, gözəgəlimli, ağıllı, 
          bacarıqlı olmaq kifayətdi ki, sənin barəndə söhbətlər gəzişməyə başlasın. 
          Buna bəzən kollektiv hipnoz da deyilir. Sanki hamının gözə bağlanır 
          və görməli olduğunun əvəzinə deyiləni görür. 
          
 
          Abırsız qadınlar abırsızcasına qeybət eləyir, 
          utancaqlarsa utana-utana.
          Leşok Kumor
          Əlbəttə ki qadınlar çənə döyməyi daha çox sevir. Vaşinqton Universitetinin 
          antropoloqu Nikol Hess: «Evolyusiya nəticəsində qeybət qadın davranışı 
          kimi inkişaf eləyib. Kişilərin açıq rəqabət və fiziki qarşıdurmadan 
          qazandığı nəticələri qadınlar qeybətlə qazanıblar. Qadın çox, qəddarcasına 
          və strateji şəkildə qeybət eləyir». Qadın kefinin xoş vaxtında da, əhvalının 
          durğunluq dövründə də, hətta depressiv zamanınıda da qeybət eləyə bilər.
          Frenk Makendryu adlı amerikalı alimin fikrincə vaxtilə qədim insanları 
          inkişafa aparmış üsul hazırki şəraitdə artıq işləmir. Onun tədqiqatların 
          görə indi kişilər qeybətdə qadınlardan o qədər də geriyə qalmır. Fərq 
          ondadır ki, qadınlar «ulduz»ları müzakirə eləməyə hazır olduğu vaxt 
          kişilər məşhur, ad çıxarmış kişilərin dalıyca alıb-verməkdən çəkinmir. 
          Son zamanlar kişilər qeybətdən karyerada irəliləmək üçün bir vasitə 
          kimi istifadə eləyirlər. Bunu kütləvi «maviləşmə», ya da «Teksun» yağının 
          işlədilməsiylə əlaqələndirmək də düzgün olmazdı. Amma necə izah eləyəsən, 
          indi kişilər qadınlardan da artıq qeybət eləyir. Daha mamontlar qırılıb, 
          ovlamağa yer qalmayıb, yumruğunu kiməsə ilişdirsən əlli-ayaqlı apararlar. 
          Odur ki, kişilər də qadınların «ərazilərinə» girişir. Amma qeybət kişinin 
          obrazında elə dəyişikliklər yaradır ki, onu heç nəylə silib təmizləmək 
          olmur.
 Sizinçün haqqınızda 
          deyilən qeybətdən pis yalnız onun olmaması ola bilər. 
          Oskar Uayld
           Uşaqlar böyüklərdən fərqli qeybət eləyirlər. Onlar sözü üzə 
          deyir. Məsələn, «Bax, o burnunu qurtdalayır», ya da «Gombul olsa da 
          ponçiki necə yeyir». Bununla da uşaq anlayır ki, o cəmiyyətdə heç də 
          gözəgörünməz deyil, onu izləyirlər!
          Bəzi alimlərsə düşünür ki, yeniyetmələr qeybət eləmək və məşhurları 
          haqqında danışmaqla inkişaf eləyir və həyatlda yerlərini tapırlar. Onda 
          belə adınır ki, qeybətin özünü də məşq elətdirmək lazımdı. Miçeqan Universitetinin 
          professoru Gefri Parker ortaya çıxarıb ki, yeniyetmələr bir saat ərzində 
          18 dəfə nəsə deyir və bunun 50 faizi qeybət xarakterlidir. Onları başqalarının 
          münasibəti öz problemləri qədər maraqlandırır. Qızlar adətən bəyəndiyi 
          oğlanların dalıyca danışır. Oğlanlarsa bəyəndiyi qızların hətta adını 
          çəkmək belə istəmir. Yəqin bu kişilərin emosiyaları gizləmək istəyilə 
          bağlıdır. Tədqiqatçün Amerikada universitetlərin birində iki nəfərin 
          toyu olacaq barədə xəbər yaydılar. Az keçməmiş sorğulananlardan 12 faizi 
          təkid elədi ki, bu toyda olub. Hətta gəlinin paltarının detallarını, 
          toyun tam təsvirini də vermişdilər. 
Kiminsə etibarını, 
          adını aşağılamaq insanı öldürməyə bərabər sayıla bilər. 
          Qeybət eləyənin dili qatilin bıçağıyla doğma qardaşdır. 
          Edvarde Troyon
Kriminalistika üzrə mütəxəssis 
          Gek Levin: «Qeybət bir növ psixoloji testdir. Buradan fərdin maraq dairəsini 
          öyrənmək olar». Alimlər hamısı bir ağızdan deyir ki, ən qəddar qeybət 
          və böhtanlar özündə əmin olmayan, əsassız narahatlıq keçirən, narahat 
          və qorxular içində yaşayan insanlardan gəlir. Deyəsən onların halına 
          acımalı olacağıq.
          İsrail alimlərini tədqiqatı isə bunu aşkarladı ki, ən çox qeybət eləyənlər 
          insanlarla işləyən peşə sahibləri - müəllimlər, jurnalistlər, sosioloqlar 
          və xüsusilə psixiatrların özləridir. Bəlkə ona görə psixoloqların qeybətə 
          münasibəti pis deyil?
          İslamda qeybət eləyən də qeybəti dinləyən də eyni dərəcədə günahkar 
          sayılır. Belə bir hədis var ki, bir dəfə Allahın elçisi Məhəmməd peyğəmbər 
          soruşur:
          - Qeybətin nə olduğunu bilirsizmi?
          Cavabında «Allah və onun elçisi bilər» deyirlər.
          - Onda bilin ki, qardaşın eşitsə xoşuna gəlməyəcək sözlərin deyilməsi 
          qeybətdir.
          - Bəlkə deyilənlər düzdür?
          - Əgər düzdürsə bu qeybətdir, düz deyilsə böhtan və şərdir. 
Təbiət boşluq sevmir. 
          İnsanlar həqiqəti bilmədikləri yerləri 
          ehtimal və uydurmalarla doldururlar.
          Bernard Şou
Qeybət qadağan olunmuş ləzzət 
          olaraq insanları həmişə yoldan çıxaracaq. Onun üstündən qadağa götürülsə 
          bəlkə ola bilər ki, qeybət öz ləzzətini itirər. Hamı bilir ki, danışmaq 
          olmaz, yaxşı deyil, ayıbdı. Amma hamı da danışır, yuyub sərir, yeri 
          gəlsə lap sürüyür.
          Yazılmamış qanunlarımız var: Ağlı başı üstündə olan insan evinin söz-söhbətini 
          hər kəsə danışmaz. Özünə hörmət eləyən başqasını bilərəkdən gözdən salmağa 
          çalışmaz. Ağıllı adamlar deyir: «Əgər fərli bir şey deyə bilməyəcəksənsə 
          yaxşı olar ki, susasan». Böhtana da ən yaxşı cavab susmaqdır.
Qadın baxışı