Böyük qardaş səni izləyir!
Aforizm: «Əgər sizi tutmayıblarsa bu sizin xidmətiniz deyil, bizim səhvimizdir».

Bu mövzu məni ilk dəfə təxminən
bir il əvvəl maraqlandırmağa başladı. O vaxt «gmail»-dəki elektron poçtumda
öz evimdəki kimi rahat oturub söhbətləşən vaxt saytdan mənə xəbərdarlıq
gəldi ki, eyni zamanda mənim poçtuma girmək cəhdləri edilir. Müdaxilə
edənlərin İP (yəni kompüterin personal xarakteristikası) və brauzerlərinin
növrələri də göstərildi. Beş, ya da altı nömrə verildi. Mən nədənsə
bu nömrələri özümdə yazıb saxlamadım. Amma 5-6 nəfərin mənim yazışmamla
maraqlanması maraqlı göründü. Mənim intim yazışmam ilə maraqlanan və
bunu gizləməyən, vaxtaşırı parolu sındırmaqla məni dostcasına hədələyən
bir, uzağı iki nəfəri xatırlaya bilərdim. Onu da düşündüm ki, əgər təhlükəsizliyimizə
cavabdeh orqanlar emailimə girmək istəsə mənim bundan heç ruhum da inciməzdi
və brauzerlərin nömrəsini mənə göstərməzdilər. Hakerliyə təzəcə başlamış
azyaşlı uşaqlar da lazım gəlsə internetdə komputeri qeydiyyatdan keçməmiş
saytlara daxil olması üçün İP-ləri gizlətməyin qaydasını bilir. Ona
görə də ilk sualı belə qoyuram:
Bizi kim və nə üçün izləyir?
Elektron vasitələr, texnika inkişaf etdikcə bayramdan bayrama
yox, gündəlik qulaqfalına çıxmağı sevən adamların işi çox rahatlaşıb.
Hətta deyirlər ki, canı bir-iki saatlıq olan «juçok»ları lap su qiymətinə
almaq olar. Belə «kəşfiyyatçını» lazımi yerə quraşdırdıqdan sonra bir
az aralıda, məsələn yaxınlıqdakı kafedə oturub noutbukunu açıb çayı,
kofeni ləzzətlə içərkən obyektin hərəkətini izləyə, yaza, sonra istəsən
lap yaya da bilərsən. Sonradan «juçok»u götürmək lazım deyil, vaxtı
çatan kimi o, avtomatik sıradan çıxır. İnternetdə ayaqyolunda çəkilişlərdən
xəbərsiz adamların təbii ehtiyaclarını ödəməsini dünyaya yayan videolar
məhz bu yolla əmələ gəlir. İnternetdə yayımlanan intim videoların iştirakçılarının
əksəriyytinin çəkilişdən xəbəri olmur. Çox vaxt çəkilişi yeniyetmələr
aparır və özlərini şpion yerinə qoymuş kimi hiss edirlər. Nəzərə alsaq
ki, əla keyfiyyətli videoya görə yaxşı pul da verirlər, onda bığıburma
əmilərin də bu işlə niyə məşğul olmasını anlamaq çətin olmaz.
Etiraf eləmək lazımdı ki, nəinki bizdə, bütün dünyada realiti şoulara
maraq artıb. Yəni insanlar işdən qayıdıb əyin başını dəyişdikdən, tüklü
şəpitlərini ayağına keçirdikdən sonra televizor qarşısında başqa birisinin
həyatını seyr eləməyi istirahət formalarından biri hesab etməyə başlayıb.
«Za steklom» (yəni şüşə arxasında), «Dom 2» kimi şoular ən reytinqli
verilişlər sayılır və hər gün milyonlarla insanı televizor qarşısında
oturmağa məcbur edir. Burda isə ən primitiv, hətta şit formada insan
həyatı, bir qədər intim, öpüşlər, sığallaşmalar, mazaqlaşmalar, bir
qədər savaş, dava, bəzən saçyoldular, yağlı şillələr də olur. Bütün
bunları seyr eləmək üçün qızıl kimi vaxtını yad emosiyalara qurban vermək
istəyənlər tapılır. Başqa bir veriliş «Braçnoye çtivo» isə daha uzağa
gedir. Partnyorunun vəfasızlığında şübhələnmiş ər, yaxud arvadın sifarişi
ilə evdə kameralar quraşdırılır, ev və mobil telefonu dinlənilir. Sonra
bütün bunlar çoxmilyonlu auditoriyaya göstərilir. Burda xəyanət aktı
da, sonradan zərərçəkmiş tərəfin emosiyaları da çılpaq şəkildə sərgilənir.
Bəzən bu verilişə baxanda adamın içində etiraz baş qaldırır, axı kimin
nə haqqı çatır ki, icazə olmadan başqasının həyatına soxulsun və üstəlik
bunu hamıya da göstərmək cəsarətində bulunsun. Nə dərəcədə düzdür bilmirəm,
amma deyirlər ki, bu layihə hələ prezident olduğu vaxtlarda Putinin
ideyasıdır. Ölkənə mənəviyyatın uçuruma sürükləndiyi, xəyanətlərin adi
hal olduğu bir zamanda rus xalqına bildirmək istəyirmiş ki, evinizdə
də sizi izləyə bilərlər. Bir növ xalqı ayıldırmaş kimi. Burdan ikinci
sual doğur:
Görəsən insanlar istəyirmi ki, onları izləsinlər?
İndi iş yerlərində, ofislərdə, banklarda kameraların quraşdırılması
adi, hətta çox lazımlı sayılır. Başımızın üstündə «hər şeyi görən göz»ün
olmasına artıq alışmışıq. 11 sentyabr terrorundan sonra amerikalıların
86 faizi ictimai yerlərdə daha çox müşahidə kamerilarının quraşdırılması
ideyası ilə razılaşdı. Onlardan 81 faizi bank əməliyyatları və kredit
kartları ilə əlaqədar müşahidələrə «hə» dedi və 68 faizi vətəndaşların
şəxsiyyət vəsiqəsini tətbiq edilməsini dəstəklədi. O vaxt söhbət əlbəttə
ki, terrorçular barədə gedirdi. Amma vətəndaşlar nəzələ almadılar ki,
hamını izləyəcəklər.
İri Amerika şirkətlərinin dörddə üçü (73,5 faiz) öz işçilərini güdür.
Onların telefon söhbətlərini dinləyir, elektron poçtunu oxuyur, kompüter
fayllarını və İnternetdə əlaqələrini izləyir. ABŞ, Kanada, Britaniya,
Avstraliya və Yeni Zellandiya kimi ölkələrin əməkdaşlıq çərçivəsində
fəaliyyt göstərən məlumatların ələ keçirilməsi sistemi var. Qlobal şəbəkə
stansiyaları (ECHELON) vasitəsilə bu ölkələr peykin köməyilə telefon
zənglərini, faksları və elektron poçtu izləyə bilirlər.
Federativ Tədqiqatlar Bürosunun (FBR) «Carnivore», yəni «Yırtıcı» adlı
xüsusi proqramı var ki, elektron məktubları, SMS-ləri, rəqəmsel telefon
əlaqələrini göz qırpımında əldə edir. Amma bu çox bahalı «əyləncə»dir.
Çünki mobil telefonun bir günlük izlənməsi 5 min dollardır. Kimisə bir
aylıq dinləməyə qoyarlarsa bu sizə enlirimlə cəmi 30 min dollara başa
gələcək. Ona görə də adi vətəndaşlara qarşı belə bahalı vasitələrin
işlədilməsi fikri ağlasığmaz görünür. Kimisə kənardan güdmək ən ucuz
vasitələrdən biridir. Obyektin nə dərəcədə mobil olmasından asılı olaraq
qiymət günə 500 dollardan başlayır. «Juçok»lar bir az bahadı. Mütəxəssis
və avadanlıq komplekti ilə birgə 8000 dollara başa gələr. «Juçok»ların
tarixində sovet zamanında Britaniya kral ailəsinə bağışlanmış samovar
ən maraqlısı sayılır. O, onilliklər boyu krar ailəsinin rezidensiyasında
durmuşdu. Amma onlar samovarı elektrikə qoşub işlətməyə ürək eləməmişdilər.
Çünki sovet istehsalı olan naqilin keyfiyyətinə etibar etmirdilər.
Dünyanın heç bir İnternet xidməti tam məxfilik qarantisini vermir. İnternet
istifadəçiləri har hansı saytdan sənədləri götürə və rahatlıqla baxa
bilərlər. Demək olar ki, bizim şəbəkədəki fəaliyyətimiz 100 faiz hardasa
qeyd olunur. İzlənməsini arzulayan ölkə kimi hazırda ən birinci yeri
Böyük Britaniya tutur. Burda hər 55 adama bir kameri düşür. Avstraliyanın
Yeni Cənubi Uels ştatında isə təkcə dəmir yolunda sərnişinlərin hərəkətini
5500 kamera izləyir. Burda 1900 kamera ictimai neəqliyyatın izlənməsinə
sərf edilib. Dünyada artıq passiv şəkildə dayanıb olanları çəkən kameradan
da bir addım uzağa gedə biliblər. Burda küçələrdə patensial cinayətkarı
aşkarlaya biləcək kameralar quraşdırılıb. Kameralar hələ cinayət törətməmiş
adamın məsələn, avtobus dayanacağındakı büruzə verdiyi narahatlığını
qeydə adan kimi həmin adamı daha sıx müşahidə etməyə başlayır. Onun
proqramının yaddaşına kriminala meylli cizgilər, narahatlıq ifadə edən
pozalar, jestlər yüklənib. Onlardan hansısa biri diqqətə çarpdısa kameralar
yatmış vəziyyətdən ayılıb işə düşür. Hər il milyardlarla pul bu tipli
layihələrin, texnoloji yenilikləri yaranması və sonra insanlar üzərində
təcrübədən keçirilməsinə xərclənir. Kənardan baxanda adamlar sanki etiraz
etmir və müşahidələrin onların həyatı və sağlamlığına ciddi ziyan vuracağını
düşünməyənədək bütün bunların ümumi rifah üçün tətbiq edildiyini düşünür.
Növbəti sual deyəsən formalaşmağa başladı:
İzləmələrin insan həyatına ziyanı varmı?
İzlənməsi və radioelektron şüalanma hədəfinə çevrilməsinə
etiraz edən azərbaycanlı xanım Leyla Şeyxzamanova barədə mən bu yaxınlarda
«Media forum» saytında oxudum. O, təkid edir ki, 1993-cü ildən bəri
xüsusi xidmət orqanları tərəfindən şüalandırılmaqla onun üzərində təcrübə
aparılır. Onun dediklərinə görə vaxtilə kosmik tədqiqatlar institutunda
işlədiyi vaxtlarda MTN-nin 12/17-ci şöbəsi bütün əməkdaşların uzaqdan-uzağa
skanerdən keçirib müşahidəsini aparırdılar. Zaman və kadrlar dəyişsə
də onun bir növ fərdi pasportunu kartotekadan çıxarmamış və indiyədək
təcrübələri kəsməmişlər. Leyla xanımın sözlərinə görə onların əsas məqsədi
insan orqanizmi üzərində nəzarət və onun uzaqdan idarə edilməsidir.
Göndərilən dalğalar ona fiziki işgəncə verir və sağlamlığını sıradan
sıxarıb. Göndərilən şüaların sağlamlığına zərər dəyməsini təsdiqləyən
sənədləri həkimdən almışdır. Həmin məsələ ilə bağlı şikayəti Səbail
məhkəməsində baxılmış, amma qətnamədə yızılmışdır ki, təsir edilmənin
faktı aşkarlanmamış və sübut edilməmişdir. Şeyxzamanovanın sözlərinə
görə radioelektron şüalandırma xidməti bütün ölkələrdə var və minlərlə
əziyyət çəkən insanların sözləri havalanmış, laxlanmış psixikalı adamların
mənasız fikirləri kimi qulaq ardına verilir. Amma Rusiya Federasiyasının
«Silahlar barədə» qanun layihəsinə əlavəsində belə tip silahların mövcudluğunu
təsdiqləyib və Rusiya ərazisində onların tətbiq edilməsinin qadaban
olunduğu barədə açıq-aydın yazılıb.
Bu mövzunun ucundan tutub gedib Natalya Polovka adlı xanımın internet
səhifəsinə çıxdım (http://www.nataljapolovko.narod.ru/). Saytın sahibi
təkid edir ki, uzun illər boyu dalğavari şüalanma silahının onun üzərində
təcrübədən keçirilməsindən əziyyət çəkir. Saytda yüzlərlə təsirə məruz
qalmış insanlar barədə məlumatlar toplanıb. Saytdakı məlumatlara görə
2005-ci ildə psixofiziki silahın qurbanlarını informasiya dəstəyi ilə
təhciz edən Beynəlxalq qrup yaradılıb. Saytda onlarla bu tip saytlara
istinad edilir və onların siyahısı verilir. Son 50 ildə icazəsi alınmadan
insanları təcrübə obyektinə çevirərək yeni silahın sınaq təcrübələrini
və fəsadlarının təsviri geniş şəkildə verilib. Silah pxixofiziki ona
görə adlandırılır ki, insanın həm psixikasına, həm də fiziki durumuna
uzaq məsafədən təsir etmək imkanındadır. Aparatı həm diaqnostika, həm
də fiziki məhv üçün də işlətmək olar. İnsanı uzaqzan uzağa kitab kimi
oxumaq olarmış.
Bu saytda təsirə məruz qalmış insanlar içində Azərbaycana aid xüsusi
səhifə var. Burda 3 nəfərin, bayaq adını çəkdiyimiz Leyla Şeyxzamanovanın,
Maya Bədəlbəylinin və Zərifə Mailovanın adı çəkilir. Maya Bədəlbəylinin
avtomatik yazı, yəni qeyri ixtiyari şəkildə əlinin verilən informasiyanı
yazmasını, indiyədək görünməyən istedadlarının üzə çıxmasını da bu silahın
müsbət tərəfləri ilə bağlayırlar. Yəni ki, silah öldürə bildiyi kimi
insanın görünməyən tərəflərini üzə çıxarıb qeyri-adiliyə təkan verə
bilər. Maya xanımın qeybdən aldığı informasiyanı isə sadəcə kimsə operator
pultu arxasında oturub guya diqtə edirmiş. Eləcə də rentgen-qadın adlandırılan
Zərifə Mailovanın letargik yuxudan sonra üzə çıxan bacarıqlarını da
kənardan xüsusi apartla şüalandırılması ilə bağlayırlar.
Deyirlər ki, bu problem bir vaxt repressiyaya məruz qalacaq insanları
ölkədən qovmaq üçün «Çıxın gedin, yoxsa həyatınızı dözülməz edərik»
deməkdən başlayıb. Öldürülməliləri sıradan çıxarandan sonra yəqin maraq
qalıb, işi atmaq istəməyiblər. Şpionlar qırılıb qurtarıb, camaat isə
milçək kimi artıb törəyir. Yəqin ki, bu da çox bahalı layihədi və məntiqlə
hər kəsə tətbiq edilməz. Dəri altına yeridilən və sahibinin səhhəti
barədə hər saniyə xəbər yollayan personal mikro çip kimi. Burdan deyəsən
sonuncu sual qaynaqlanır:
Bəyəm hamını izləyirlər?
Heç kim deyə bilməz ki, izlənmir, xüsusilə də cibində mobil
telefonu olanlar. İzləmək üçün xüsusi orqana ehtiyac yoxdu. Məsələn,
«Meqafon» kompaniyası «Mayaçok» və «Skaner» adlı tarif planını xidmətə
verib. Hər iki tarif abonentin koordinatlarını tapmaq xidməti təklif
edir.
Bəlkə də bir vaxtlar mağarada daldalandığımız zamanlarda içəri girib
kiminsə yeməyini gizlincə murdarlayıb qaçmaq olardı, amma indi yox.
Yazı-pozu meydana gələn kimi hamı nəzarətdədi və hər şey sənədləşdirilir.
Xəbərçilər indi səlahiyyətli orqanlarda mütəxəssis kimi işləyirlər.
Axtarışda olan adamı «tapammadım» demək biabır olmaq, ya da professional
yararsızlığını boynuna almağa bərabərdir.
Şpion oyunu kimini qorxudur, çəkindirir, amma əksəriyytini cəzb edir.
Bəzən redaksiyanın mətbəxində oturub çay içərkən çərənlədiyim söhbətləri
1-2 ay sonra gözəl tərtibatda, şık bir şaiyə şəklində qulağım çalanda
mən də obyektivdə olduğumu düşünürəm. Amma bilmirəm ki, silahın hansı
ucunu bizə yönəldiblər.