Əli qandallı məhəbbət
Dünyanın bütün 
          qadın və kişiləri yalnız bir məsələdə razılığa cəliblər:
          onlar bir-birinə və qadına etibar eləmir.
          Henri Lüis Menken
 
        «Başqa paltar geyin», «Çatanda mənə zəng elə», «Özünü yaxşı apar» - belə ifadələrlə həyat yoldaşını yola salmağa nə ad vermək olar? Bu nəzarətdi, yoxsa qayğı? Hamı bilir ki, bu iki anlayış arasındakı sərhədlər çox şəffafdır. Görəsən qayğı nə vaxt nəzarətə çevrilir? Görəsən niyə insanlar bu dəqiqə yarısının nəylə məşğul olmasını mütləq bilmək istəyirlər? Hamının beynində dolaşan bu suallara birlikdə cavab axtaraq. Arabir görkəmli tarixi şəxsiyyətlər də bu mövzuda polimikamıza qoşulacaq. Sitatların əksəriyyəti qadınlara qarşıdır. Samüel Conson demiş yazmağa əksərən kişilər bacardığından dünyanın bütün bədbəxtlikləri qadınların ayağına yazılıb.
Xoşbəxt olmaqçün 
          qadına kişi lazımdı.
          Bədbəxtl olmağa ərdə olmaq kifayət edər.
          Voysex Bartoşevski
           Ulduzları barışmadı
           Tanıdığımız ən standart situasiyanı götürək. Qadın evlənmək 
          təklifi alan kimi gələcək əri ona qadağalar siyahısını təqdim edir. 
          Ən əvvəl qadının qarderobu nəzarət altına götürülür. Bəzi qadınlar idealist 
          təbiətli olduqlarından bunu qarderobunun təzələnməsi və dükana bazarlığa 
          getmək təklifi kimi qəbul eləyir. Sonra beynində «Gözəlçə» filmindəki 
          kimi ən yaxşı mağazalarda bəyəndiyini alan (əlbəttə ki, kişini hesabına) 
          Culiya Roberts kimi təsəvvür edərək qutuların ağırlığından əyilmiş halda 
          evə qayıtmasına qədər fantaziyalara qapılır. Amma dünyagörmüş insanlar 
          bilir ki, kişi qadının əyin-başını nəzarət altına götürməyi qərarlaşdıranda 
          heç də bunu nəzərdə tutmurdu. Dükana getməyi heç ağlına da gətirmirdi. 
          Sadəcə qadınının qarderobunda ən sadə və görkəmsiz geyimlərini əynində 
          görmək istəyini dilinə gətiribmiş. 
          Belə məqamda psixoloqlar deyir ki, kişi qadını nəzarət altına almaq 
          fikrindədi. Adətən belə vəziyyətdə münaqişə yaranır. Qadın tərslik eləyib 
          iki ayağını bir başmağa dirəsə «Onların münasibətinin axırıdır» desək 
          yəqin ki, proqnozlarımız düz çıxar. Qohum-qardaş «Ulduzları barışmadı», 
          «Qoroskopları düz gəlmədi» və s. ifadələr səsləndirməklə köksünü ötürəcək. 
          Bəs necə olsun?
Qadın pəncərə pərdəsi 
          kimidir. Naxışları gözəl olsa da
          dünyanı görməyə çətinlik yaradır.
          Henrix Horoş
           Əzizim, pərəncə geyməlisən!
          Onsuz da ərə gedən qadın istəməsə də qarderobuna əl gəzdirmiş olur. 
          Qısa yubkalarına, ecazkar dekoltelərinə, kürəyi açıq paltarlarına əlvida 
          deyib fatehəsini verməli olursan. Necə deyərlər, bir az asudə nəfəs 
          aldın, bəsindir! Əlbəttə, bütün kişilər qadınını seksual görmək istəyir. 
          Amma onlar istəmir ki, bunu başqa kişilər də görsün. Bunun kökünü erkək 
          instinktlərində axtarmaq olar. Bəlkə də ürəyinin dərinliyində o, başqa 
          erkəklərdən zəifliyini hiss eləyir? Başqa tərəfdən baxsaq bu, həm də 
          qadın üzərində hakimiyyət qurmaq cəhdidir. Yəni dedim, qurtardı! Sən 
          mənimsən, ona görə də necə istəyirəm, geyindirirəm. Psixoloqlar belə 
          situasiyanı valideyn-uşaq münasibəti sxeminə bənzədir. Ər-arvadlar biri 
          valideyn, o biri uşaq rolunu bəlkə də özü bilmədən oynayır. Ümumbəşəri 
          meyarlarla yanaşsaq əslində kişi başqasının şəxsiyyətini məhdudlaşdırmaqla 
          öz qeyri-kamilliyini nümayiş eləyir. Belə adamlara özünü mükəmməl duymaq 
          üçün yanındakının statusunun aşağı olması vacibdir. Yəni qadın kişinin 
          bir növ davamıdır və özünü idarə elədiyi kimi onu da yönəltməlidir. 
          Bir növ öz əli, ayağı, yaxud başqa orqanı kimi. Qadın itaət eləməsə 
          kişi elə ağrı çəkir ki, elə bil əli, ya da ayağı sözünə baxmayıb. 
Bütün kişilər yırtıcıdır. 
          Ona görə də onları yedirməkdən başqa əlac qalmır.
          Oskar Uayld
           Ata-bala, yoxsa ər-arvad?
          Əlbəttə, kişiylə naz-qəmzə ilə dolanan qadın həqiqətən də özünü bir 
          növ uşaq kimi aparır. O özü bilmədəq kişinin qanında atalıq harmonu-prolaktinin 
          səviyyəsini yoxlamış olur. Əgər kişi koketliyə dözür və cavab verirsə 
          deməli o, həm də yaxşı ata ola bilər. Amma bəzən oyun lazımsız dərəcədə 
          uzanır. Kişi elə bil ki, qadını qızlığa götürür. Qadın da əvəzində daima 
          «Əzizim, bu paltarı bəyənirsənmi?», ya da «İstəyirsən başqasını geyim?» 
          kimi suallarla ərinin istəklərinə cavab verir. Amma bu cütlükdə kimsə 
          nə vaxtsa «böyüyür». Əvvəl qayğı kimi görünən müraciətlər əsəbləşdirməyə, 
          qıcıqlandırmaya gətirir. 
          Bir dəqiqə, bəyəm kişinin nəvaziş və qayğısı nəsə pis bir şeydimi? Nə 
          olsun, o qadınının yaxşı görünməsinin qayğısını çəkir. Nəzarətin bura 
          nə dəxli var? Əgər o, sakitcə «Əzizim, (bu sözdən bütün kişilərin acığı 
          gəlsə belə) bu paltar sənə elə yaraşır ki, onu mənimçün geyərsənmi?» 
          desə hə, bu başqa məsələ. Dünyada belə xoş tərzədə deyilmiş xahişi yerə 
          salan qadın çətin ki, tapıla. 
Qadın sualına cavab 
          verirsə, ona inanma.
          Əgər susursa onda heç inanma.
          Kornel Makuşinski
           Mən səni seçmişəm, səndən xəbərsiz
          Düzün desəm kişiləri də anlamaq çətin deyil. Çoxları düşünür ki, qadının 
          yubkası nisbətən qısadırsa deməlt o, başqa kişilərin ovuna çıxıb. Kişilərin 
          ağlına belə gəlmir ki, qadının çağırış siqnalını mimikada, baxışda, 
          hərəkətlərdə axtarmaq lazımdı. «Yaxın gəlmə, öldürər» saçan ifadəni 
          üzünə taxıb küçədə çimərlik kostyumunda gəzsən bir kişi sənə yaxın gəlməz. 
          Boğazacan bağlı koynək və cinsi əyninə keçirib dünyaya intin əlaqəyə 
          hazırlıq impulsları göndərmək də olar. Bu yerində məntiqi nəticə çıxarmağa 
          cəhd göstərək: əgər qadın gözəl görünmək istəyirsə, qoy belə də olsun. 
          Bircə kişilər bunu anlasaydı ki, bununla qadın bircəciyinə «Bax, hamı 
          mənimlə olmaq istərdi, amma mən səni seçmişəm» demək istəyir.
 
        Qadın həmişə olmayan 
          yerdə gizli məna axtarır. 
          O yerdə ki, həqiqətən cizli məna var, o, heç bir məna görmür.
          A. Marua
           Qadın nəzarəti
          Belə nəzarət növünü isə qadınlar sevir. «Əzizm, hardasan?» deməklə işin 
          ən qaynar vaxtında ərini özündən çıxara da bilər. Ya da «Saat neçəyçün 
          gələrsən?». Əlbəttə belə sualdan necə əsəbləşməyəsən. Burda o, iclasda, 
          ya da tıxacda oturub belə cəfəngiyyatı dinləməlidi? Arvadı isə evdə 
          oturub onun problemlərindən heç xəbəri də yoxdu. Bu yerində bizim səbrli 
          kişilərimizin ünvanına bir kompliment yazacam. Baş qaşımağa vaxt olmayan 
          zamanda cib telefonunda tanış nömrə görünəndə çığırmaq və bağırmaq əvəzinə 
          onlar «Bəli, 7-də evdə olacam. Əlbəttə ki, işim çoxdu. Bəli, xeyr,…bəli…» 
          deyib trubkanı yerə çırpmadan yenidən cibinə qoyursa, halal olsun!
          Psixoloqların həmişəki kimi hər məqamçün öz izahları var. Onlar deyir 
          ki, qadınların ünsiyyətə ehtiyacı daha böyükdür. Kişilərə azadlıq vermək 
          daha vacibdir. Amma hətta psixoloqlar da bilir ki, kişiləri başsız buraxmaq 
          da olmaz. Orta statistik, sıravi ərin bu zaman beynindən qara fikirlər 
          keçə bilər: «Görəsən məni niyə yada salmır, bəlkə nəsə var?» Bir də 
          ki, kişi 9 deyib 10-da evə gəlirsə bunu qiyam kimi qavramaq da olar. 
          Bəlkə bir az yüyəni boşaltmaq lazımdı. Kişilərin nəzarətə münasibəti 
          ziddiyyətlidir. Bir tərəfdən kişilər nəzarət altında olmaqdan qorxur 
          və hər hansı məsuliyyəti boynuna götürmək, o biri tərəfdən isə onlar 
          nəzarətsiz olmaq da istəmir. Elə şey olar, heç kim maraqlanmasın, narahat 
          olmasın? Ona görə də hər kişinin özünəməxsus nəzarət və qayğı nisbəti 
          müəyyən olunur ki, bunun qədərini qadın intuisiyası müəyyənləşdirir. 
          Ağıllı qadın özü bilir ki, nə vaxt trubkaya çığırmaq, nə vaxt ağlamaq, 
          nə vaxtsa kişini azad duraxmaq lazımdı. Adətən belə məsləhətləri heç 
          qəzetlərdə də tapmaq olmaz… Əslində qışqırıqçı, həyasız qadın, ya da 
          həlim, sakit, sözünü təmkinlə deməyi bacaran qadın hər iki tip eyni 
          işi görür, yəni ərini nəzarət altında saxlayır. Kişinin bundan çox nadir 
          hallarda xəbəri olur. Həkimlər deyir ki, həyasız qadın kişi üçün daha 
          yaxşıdı. Çünki aqressiya kişinin qanında testosteronun (kişi harmonu) 
          səviyyəsini qaldırır və o, aktiv həyat sürür. Baş sığallamağı sevən 
          qadının yanında kişinin bədəni az keçməmiş süstləşib qarın buraxır.
Qadına tabe olmağı 
          bacarmaq lazımdı ki,
          onun üzərində hakimiyyət qurmağa hüququn çatsın.
          Viktor Hüqo
           Au..u…u, mən həmişə yanındayam!
          Belə məqamlarda münasibətlərdə yaranan ciddi böhran köməyə gələ bilər. 
          Məşuqənin arenada görünməyi ucbatından özünü səliqəyə salmış minlərlə 
          qadın tarixçələri var. Ailədə kataklizmlər yaranır və hər ikisi anlayır 
          ki, ardını yaşamaq mümkün deyil. Belə vaxtı tetatet söhbətə ürəklənmək 
          lazımdı. Bunu hamı, hətta psixoloqlar da dəqiq bilir ki, iki nəfərin 
          qarşı-qarşıya problemi həll eləməsi artıq fantastikadır. 
          Qayğı və nəzarət arasındakı şəffaf sərhədləri tapmaq mütləq lazımdı. 
          Bunsuz münasibətlər alınmır. Səninlə maraqlanın, yerini, yurdunu soruşan 
          yoxdusa həyat sönük görünür. Uzun stajı olan ailələrdə bəzən bu mərasim 
          şəklini də alır: «mən burdayam, evə çörək allımmı və s.». Tərəflər bir 
          biriylə qətiyyən maraqlanmırsa və heç nə soruşmursa deməli onların hər 
          ikisinin gizləməyə nəyisə var. 
          Normal ailələrdə sönməyən cinsi maraq məsələsi tezliklə həllini tapır. 
          Az keçməmiş görürsən ki, qadın kişinin, eləcə də kişi qadının qarşı 
          cinsə marağını təbii hal kimi qəbul eləməyə başlayır. İnanmıram ki, 
          qadın heç kimə maraqlı olmayan kişinin arvadı olmaq istəyər. Ya da kişi 
          arzular ki, yanında eybəcər, maraqsız və kifir məxluq olsun. Qəribə 
          gəlsə də Azərbaycanlı ailələrdə də insanlar qarşı cinsin yarısına olan 
          marağını təbii qarşılayır. Arxasında heç nə dayanmayan flirt qanda xoşbəxtlik 
          harmonunun səviyyəsini artırır, tonusu qaldırır. Onsuz da hər kəs səhnəyə 
          nə vaxt çıxacağını, yad adama nə vaxt çəpər qoyacağını, söhbətə hansı 
          məqamda müdaxilə edəcəyini də özü daha dəqiq bilir. 
Qadının 3 vəzifəsi 
          var: gözəl olmaq, yaxşı geyinmək
          və heç vaxt sözünü kəsməmək.
          Somerset Moem
           Ailə qaçılmaz məcburiyyət deyil
          Cəmiyyətdə azərbaycanlı kişi və azərbaycanlı qadın obrazında dəyişikliklər 
          çoxdandı ki, aparılmır. Daha doğrusu mühafizəkarlığımız imkan vermir 
          ki, bəzi etirafları heç olmasa özümüzçün səsləndirək. Əslində psixoloji 
          tərəfdən ciddi dəyişikliklər gedib, amma hər kəsin cəsarəti çatmır ki, 
          bunu dilinə gətirsin. İndi «Dəli Kür»dəki Cahandar ağalar daha yoxdu 
          və çox yaxşı ki, yoxdu. Qadınları evdə dusdaq eləyənlərin də sayı azalmaqdadı. 
          Ailəyə qaçılmaz məcburiyyət kimi, yoxsa sevdiyin insanla birgə yaşamaq 
          şansı arasında seçim eləyəndə ikincisini seçənlər daha artıqdı. Əvəzində 
          boşanmaların sayı çoxalsa da günlərin bir günü özümüzü bu nəzarət buxovlarından 
          qurtarıb hər kəsin yüyənini öz əlinə nəhayət ki, verə biləcəyik. Gördünüz 
          ki, Röyanı da ərə verə bildik. Onun haqda deyilənlərin yüzdə birini 
          adi qızlardan biri üçün desəydilər nəinki o, bütün nəslinin qızları 
          yüz illər boyu qız qarıyardı. 
          Rezüme kimi bir məşhur adamın, azərbaycanlı kişisinin arvadı haqqında 
          danışdıqlarından yazmaq istəyirəm. Onu qınamaq, ya da nümunə göstərmək 
          kimi yox, sadəcə müstəqil yaşamağa haqqı çatan fikir kimi: «Mən toya 
          gedəndə arvadımdan ən qısa yubkasını geyməyi xahiş edirəm. Toy boyu 
          mən ona yox, ona tamaşa eləyən kişilərə baxıram və ürəyimdə deyirəm 
          ki, baxın, baxın, onsuz da bu qadın burdan çıxanda sizin yox, mənim 
          yanımda olacaq». 
           
Qadın baxışı