Hacıqara fenomeni
Kasıb 
          pul tapdı, amma xərcləməyə yer tapmadı
          Xalq məsəli
           
 
          Ötən bazar bir aylıq qazancımızın («ailə büdcəmizin» yazsam daha sivil 
          səslənərdi) «Binə» ticarət mərkəzində başına daş salıb xışıldayan kağızları 
          parça-purçaya dəyişdirib evə gələndən sonra bu mövzuda yazmaq qərarına 
          gəldim. Cibimizin dibini siyirib evə qayıda bildik. «Allaha pənah» deyib 
          evin künc-bucağında gizlətdiyimiz 10-15 manata arxayın olaraq ayın axırınacan 
          hələ dolanmaq lazım idi. «Adam özü-özündən oğurlayar», «Bir cib o birinə 
          borclu olmalıdır» kimi dar gün, qara gün və sair aybaay baş verən yerli 
          xarakterli fəlakətlər barədə dahiyanə xalq məsəllərini xatırlayanda 
          adam bir az utanır da. Hərdən adam düşünür ki, yalnız azərbaycanlılar 
          bu cür yaşaya bilər. Bakıya gələn kimi çit, əzilmiş şortikini əyninə 
          keçirib dama-dama göynəyini belinə bağlamış və gəzməkdən xoşbəxt görünən 
          əcnəbi turistlər də bunu təsdiqləyər: Belə yaşamaq olmaz! Öz aramızdı, 
          onun nə vecinə, bankda pulları rahatcana yatıb onun gəlişini gözləyir, 
          təqaüdə çıxacağı gün də çığortalanıb, qəzaya düşüb ayağını sındıracağı, 
          hatta ürəyinin şuntlanacağı dar gün də. Amma yenə də onlar bizim fonumuzda 
          çox simic görünürlər. Qəpiyə güllə atan azərbaycanlılar isə milyonçular 
          kimi hər gününü son qəpiyə qədər xərcləməkdə keçirir. Simiclik və qənaətcillik 
          arasında keçən sərhəddin dəqiq yerini öyrənmək üçün balaca bir araşdırma 
          apardım. Sən demə elə pulu olan simic olar və qənaət edəp. Pulu olmayan 
          isə qənaətin nə olduğunu bilməz. Daha aydın olmaq üçün milyonçuların 
          yaşam tərzini bir araşdıraq.
          
 
           Pul pulu çəkər
           ABŞ tədqiqatçılarının şahidliyinə inansaq hər 4 milyonçudan 
          biri ayağına 100 dollardan baha olmayan ayaqqabı geyinir. Hər 10 milyonçudan 
          biri əynindəki kostyumun 200 dollardan artıq olmadığını deyib dədəsinə, 
          allahına, nə bilim nəyə də and içə bilər. (Onları «Binə» ticarət mərkəzində 
          gəzdirsək, onlar gözləriylə insanların son qəpiyini verib pal-paltar 
          aldığını görsələr yəqin ki, ürəkləri partlar). Deyirlər ki, milyonçuların 
          yalnız 50 faizi 240 dollardan baha olan saat almağı özünə qıyır. Zənginlərin 
          yalnız üçdə biri qət təzə, yaşı 3 ildən artıq olmayan maşında gəzir. 
          Qalanları, lətifəsi bizdən iraq, maşınının köhnəliyini vecinə almır. 
          Sən demə miloynçular da normal adamlar kimi yaşaya bilirlər və adi adamların 
          işlətdiyi əşyalardan onlar da alıb evlərinə düzürlər. Əlbəttə, biz onlara 
          əcaib-qəraib adam kimi baxırıq. Amma tarixə nəzər salsaq hacıqaralıq 
          fenomeninin, yəni qənaətcillik və simicliyin milyonçular arasında paranoyaya 
          çevrilməsi halları kasıbın pul tapması hallarından daha çox olduğunu 
          görərik. 
           Ana oğluna qıymadı
           Dünyanın ən böyük simiclərindən biri amerikalı Qenrietta Xoudend 
          Qrin adlı 20-ci əsrin dahiyanə finansist qadını sayılır. 1916-cı ildə 
          vəfat edəndən sonra bu xanım özündən sonra 100 milyondan çox varidat 
          qoyub. İndi bu kapital 20 milyarda çatıb. Amma o, yulaf sıyığını batareyada 
          qızdırırdı ki, plitəni bir də işə salmasın. Milyonçu xanım ömrü boyu 
          ən ucuz yaşayış yerlərində ev kirayələyirdi. Buna baxmayaraq o, Çikaqonun 
          bir neçə kvartalının sahibi idi. Öz mənzillərindən birini özünə qıymırdı. 
          Bir dəfə isə 2 sent qiyməti olan markanı axtarmağa düz bir sutka vaxt 
          sərf eləmişdi. Onun «qənaətcilliyi»nin ən yüksək nöqtəsi o sayılır ki, 
          oğlu anasının simicliyindən ayağını itirir. Çünki Qenrietta xəstə oğlunu 
          evdə zarıya-zarıya qoyub düz 3 gün havayı xəstəxana axtarmışdı. Tapanda 
          isə artıq gec idi. Oğlunun ayağını kəsməli oldular. Allah bu xanıma 
          pul da, hələ ömür payı da vermişdi. O, əgər 82 yaşında qulluqçunun üstünə 
          hirslənməsəydi bir az da yaşaya bilərdi. Aşbaz qadının bir qab südə 
          görə həmişəkindən artıq pul verdiyini görüb əsəbləşdi və buna görə də 
          iflic olub həyatını itirdi. 
           Baladan da şirindi nəvə?!
           Neft kralı Con Pol Getti 30 il əvvəl 4 milyard dolları ilə 
          dünyanın ən varlı adamlarından idi. Amma o da hər şeydə qənaət etməyi 
          sevirdi. Məsələn, onun villasında taksafon yerləşdirilmişdi ki, gələn 
          qonaqlar danışmaq istəsə ev sahibinin hesabına danışmasınlar və məcbur 
          olub əllərini ciblərinə salsınlar. Neft kralı başqalarının telefon danışığını 
          ödəmək fikrində deyildi. 1973-cü ildə onun nəvəsi Conu babasından pul 
          qopartmaq məqsədilə oğurlayanda baba 17 milyonu verməkdən boyun qaçırdı. 
          Pul onun üçün nəvəsindən qiymətli idi. Adam oğruları uşağın qulağını 
          kəsib konvertin içində göndərəndə babası bir qədər rəhmə gəldi. Amma 
          yenə də «qənaətcilliyindən» qalmadı. Nəvəsini geri qaytarmağa onun cəmi 
          2,7 milyon xərci çıxdı. 
           «Xruşovka»da yaşayan milyarder
           «Forbs» jurnalının sorğusuna görə dünyada ən varlı insanların 
          siyahısında ikinci olan amerikalı Uorren Baffet (varidatı 44 milyard 
          hesablanır) Uoll-strit küçəsində əhatəsinin bəyənmədiyi, hətta bəzilərinin 
          ayıb saydığı köhnə «Lincoln Towncar» maşınında gəzir. Bu maşında nömrə 
          əvəzinə «THRIFTY» yəni «qənaətcil» yazılıb. Özü isə 40 əvvəl 30 min 
          dollara aldığı mənzildə hələ də yaşayır və deyilənə görə onu bu yaxınlarda 
          dəyişdirmək fikrində deyil. Məişətində də çox israfçı deyil. Təmtərağın 
          yalnız bir növündən istifadə edir: arabir çox tələsəndə şəxsi təyyyarədə 
          uçur. Bununla belə gündəlik həyatda tələsik yemək hazırlayan qəlyanaltı 
          yerlərində yeməyi sevir. Oranın yeməklərini o qədər bəyənir ki, özünü 
          evdəki kimi hiss etmək üçün şəbəkə dükanlarından birini alıb da. Ona 
          görə də deyə bilər ki, «öz evimdə yemək yeyirəm».
          Morris Minor əvəzinə 12 yaşlı Niva
          Varlı skandinav, «Tetra Pak» qablaşdırılma materiallarının (karton qablaşdırılma 
          içinə süd, şirələr dolduraraq bütün dünyanı dolaşıb) istehsalı üzrə 
          kompaniyanın təsisçisi Hans Rausinq kəm-köhnə Morris Minor maşınında 
          gəzişməkdən utanmırdı. Varidatı 8 milyardı ötən milyarder bir neçə il 
          əvvəl köhnə maşınıla vidalaşıb. Əvəzində isə 12 il sürülmüş rus «Niva» 
          markalı maşını alıb. Rausinq hər dəfə dükana nəsə almağa girəndə satıcılar 
          qaragünlüyünü qaboaşdırır. Çünki o, möhkəm sövdələşəndi və sevdiyi işlə 
          məşğul olanda tez-tez həddini də aşa bilir. 
          Bax, pis oxusan milyonçu olarsan!
           «İKEA» kompaniyasının təsisçisi, ən varlı isveç İnqvar Kamprad 
          hazırda 28 milyonluq varidatını hələ məktəb skamyası arxasında olarkən 
          yığmağa başlayıb. Qələm və pozanları ucuz qiymətə alıb yığan və sonra 
          onu üçqatına başa satan gələcək mebel maqnatı bu işdə ad da çıxarmışdı. 
          Satışdan qazanc qalan pulu o, yığırdı. Deyilənə görə o, hələ də ucuzvari 
          restoranlarda yeyir, səfərə gedəsi olsa ekonom-klassla uçur, avtobusa 
          minir və ehtiyac olarsa 3 ulduz otellərdə qalır. İstirahət etmək istəyəndə 
          bahalı, gəzməli, görməli yerlərdənsə İsveçin ucqar, gözdən uzaq çaylarının 
          birində sahildə çöməlib balıq tutmağa üstünlük verir. İşdə isə İnqvar 
          öz işçilərindən kağızın hər iki üzünü işlətməi tələb edir. Köhnə kreslo 
          və ayaqüstü saatdan başqa onun evindəki bütün mebel «İKEA»dandır. Adıçəkilən 
          köhnə mebeli o, artıq 32 ildir ki, işlədir. O, arabir etraf edir ki, 
          «Arvadım mənə təzə kreslo almağı tövsiyyə edir, çünki bu artıq çox çirklənib. 
          Bu, kreslonun yeganə qüsurudur. Yoxsa mən yenisini almaq istəməzdim». 
          
          İnqvar sürtülmüş gödəkcədə və köhnə «Volva»da gəzir. Onu tez-tez ictimai 
          nəqliyyatda görmək olar. Amma o, qoca təqaüdçü görkəmiylə heç kimdən 
          fərqlənmir. Danışırlar ki, uzun illər başını qırxdırdığı dəlləyin xidmətlərindən 
          imtina edərək başqasının yanına ona görə gedir ki, o birisi bir az ucuz 
          saç kəsirmiş. Bir dəfə isə onun şərəfinə İnqvar adlandırılmış böyüdüyü 
          şəhərdə adına ucaldılmış abidənin açılışında lenti kəsməkdən də imtina 
          etmişdi. O, lenti açaraq merə uzatmış və demişdi ki, onu daha lazımlı 
          şəkildə istifadə edə bilər. 
          «İKEA» mağazalar şəbəkəsinin belə adəti var ki, açılış günlərində adamın 
          çoxluğundan rəhbər vəzifələrdə olanlar da kassada dayanıb kömək edərək 
          qabalşdırmağa əl tuturlar. Bir dəfə növbədə dayanmış qadın İnqar Kampradiyə 
          (yeri gəlmiş dünyanın ən varlı kişisindən birinə) baxıb nəvəsinə belə 
          deyir: «Bax, dərslərini pis oxusan bu baba kimi qoca yaşında yad adamlara 
          qablaşdırılmada kömək etməli olacaqsan». 
           «Google»nin direktoru dəyircəkli konkidə işə gəlir
           Hər gün minlərlə, milyonlara insan «Google» axtarış sistemindən 
          istifadə edir və bu sistem hər dəfə reklam linkinə tıklananda sahibinə 
          gəlir gətirir. Onun sahibi və yaradıcıçı 33 yaşlı Sergey Brin artıq 
          11 milyard qazanıb. İndi o, ABŞ-da yaşayır. Hazırda milyarder 3 otaqlı 
          sadə mənzildə qalır. «Yanlış milyarder»in nə yaxtası, nə də villası 
          var. Onun heç super avtomobili də yoxdu. Şaiyələr dolaşır ki, Sergey 
          gözoxşamayan «Prius»da gəzir. Ucuzvari «Tayota» markalı bu maşın təkcə 
          benzinlə deyil, həm də ekoloji təmiz yanacaqla- elektriklə işləyir. 
          Amma o, arabir bu maşınından da bezib işə «Google»nın başqa direktorları 
          kimi diyircəkli konkidə gedir. İşdə istirahət zamanı avtodayanacaqda 
          diyircəkli konkilərini yenə də ayağına çəkib xokkey oynayır. Onu da 
          deyirlər ki, acıyanda San-Fransiskonun rus restoranlarının birində, 
          çox vaxt «Katyanın çayxanasında» yemək yeyir. 
          Simic ulduzlar
           Şou biznesin ulduzları milyonları asanlıqla qazandığı kimi 
          asanlıqla da xərcləyirlər. Amma arabir elə simiclik göstərirlər ki, 
          təəccübdən heyrətlənirsən. Ulduz cütlüyü - Bekxemlər ailəsinin xanımı 
          «Spice Girls» qrupunun keçmiş solisti Viktoriya Bekxemi əri Mançester 
          stadionunda top vurarkən tramvaya minib ora getdiyini dəfələrlə görüblər. 
          Məlumlur ki, xanım Bekxemin şəxsi varidatı 18 milyondur. Amma onun ucuzvari 
          «Blue Nun» şərabı üçün ürəyi gedir və tez-iez düşüb yaxınlıqdakı marketdə 
          bu şərabı soruşur. Gündəlik geyimini isə o, hamı düşündüyü kimi «Christian 
          Dior», ya da «Versace»dən deyil Matalan mağazalarından alır. Sevimli 
          dükanlarının adını soruşanda isə «Top Shop» mağazasından geyindiyini 
          deyir.
          Uğurlu kommersiya fəaliyyəti nəticəsində 72 milyonu qazanmış kino rejisyoru 
          Maykl Uinner arabir şüşəsi 6 min olan şərab içir. Amma buna baxmayaraq 
          o, köhnə poçt markalarını bir neçə dəfə işlətməyə çalışır ki, bir qədər 
          qənaət etsin. Deyirlər ki, o, diş pastası qurtarana az qalmış tübiki 
          iki yerə qayçılayır ki, qiymətli pastanın bir damcısını da itirməsin. 
          Estradanın ulduzu Madonna 150 milyonun sahibi olsa da arabir telefon 
          danışıqları siyahısını şəxsən özü arıtlayır ki, kənar danışıqlara görə 
          qulluqçunu danlayıb bu məbləci onun maaşından çıxa bilsin. 
          Milyonlarla qonorar alan ulduzlar da simicliklərindən qalmır. Aktyor 
          Ceremi Payven ofisiantlara «şirinlik» əvəzinə özünün çəkildiyi serialların 
          disklərini verir. Britni Spirs isə ofisiant lap gözünün içinə baxanda 
          ciblərini çevirib yalnız dəmir pullara qıyır. Ümumilikdə amerikalılar 
          «şirinlik» verməyi, bizimki kimi «hörmət etməyi» sevmirlər. Bu simiclər 
          ölkəsində hər iki nəfərdən biri maşınında içdikdən sonra kofenin plastik 
          qabını atmayıb saxlayır. Çünki buraların qaydasına görə müştəri kofenin 
          pulunu veribsə daha bir pay kofeni pulsuz ala bilər. Ona görə də amerikalılır 
          bu qabı əllərinə alıb pulsuz kofe üçün növbəyə dayanırlar. İnsanlar 
          bəzən simicliklərində hətta heyrətedici də ola bilirlər. Bir ailə ildönümlərini 
          «Xollmark» mağazasında qeyd etməyi qərar vermişdi. Onlar bütün açıqcaları 
          ucadan bir-biri üçün oxuyaraq təbrikləri qəbul etmiş, axşamüstü mağazadan 
          pulları ciblərində və əhvalları yüksək şəkildə çıxıb getmişdilər. Simiclikdə 
          ad çıxarmış Amerikada Loren Veberin «Qənaətcilliyə bel bağlayırıq: anlaşılmaz 
          Amerika məziyyətlərinin tarixi» kitabı əldən-ələ gəzir. Burda danışılır 
          ki, müəllifin atası soyuq havalarda evi 10 dərəcə istilikdə saxlamaqla, 
          tualet kağızına məhdudiyyət qoymaqla qənaət etdiyinin hesabına uşaqlarını 
          istədiyi kollecdə oxutdura bilib.
           Hərisliyin qarşısında imic heç nədir
           Bir neçə il əvvəl milyonçu Nikolas fon Xooqstrateni tərəf 
          müqabilini öldürdüyünə görə həbs etmişdilər. Onun varidatı 800 milyona 
          yaxındır. Qətldən sonra onun evində axtarış aparan polislər tapdıqları 
          qəribəlikləri qəzetçilərə danışmışdılar. Milyonçunun mətbəxində işlədilmiş 
          çay paketlərindən bir qalaq tapılmışdı. O, paketi işlətdikdən sonra 
          sərib qurudurmuş ki, yenidən çay dəmləyə bilsin. Milyonçu bir ildən 
          sonra azadlığa çıxsa da hamı ona çox pis baxırdı.
           İtə də ərə gedərəm
           23 yaşlı aktrisa Uendi Dorkas milyonçu kinorejisyoru Rodjer 
          Dorkasa ərə gedəndə ərindən 3 dəfə kiçik idi. Amma aktrisa ərinin tezliklə 
          öləcəyinə və varidatı ona qoyacağına ümid edirdi. Evliliyin birinci 
          ilini qeyd edəndən sonra kişi həqiqətən də vəfat etdi. Amma vəkillər 
          vəsiyətnəməni oxuyanda məlum oldu ki, o, cavan arvadına cəmi 1 sentlik 
          miras qoyub. Qalan 64 milyon dolları iti Maksimiliana vəsiyyət edib. 
          Məhkəmə itin xeyrinə qərar çıxarsa da aktrisa çıxış yolu tapır. Sən 
          demə Dorkas itin adına hesab açmaq üçün onu ABŞ-ın vətəndaşı kimi rəsmiləşdirməli 
          olmuşdu. Bir vətəndaş kimi bu itə ərə getmək də olardı, çünki bütün 
          kağızları qaydasında idi. Onlar, yəni aktrisa və it evləndilər. Yalnız 
          Maksimilian ayaqlarını uzadandan sonra «dul qalmış» xanım bütün varidat 
          ələ keçirə bilir. 
           ***
           Bayaqdan ləzzətlə onun-bunun milyonçularının dalıyca danışıram, 
          heç özümüzküləri yada salmıram. Amma deyirlər ki, onnan bizdə də var, 
          özü də nə qədər istəsən. Amma onlar ya pulun hardan gəldiyini deməyə 
          utanır, ya da qorxur. Pulun da kı, qəribə xasiyyəti var: gəldiyi kimi 
          getməyi sevir. Çətinliklə qazanılan pulun bərəkəti olur. Sel kimi gələn 
          pul isə elnən gedir. Bu da bir xalq məsəlidir. 
Qadın baxışı