Ən qatı mifləri sındıraq!
 
        Hamı bilir ki, Arximed dahiyənə 
          kəşfini edəndə vannadaydı və sevincindən çığırıb göyə atılmışdı. Onu 
          da bilirik ki, Nyutonun başına alma düşüb, Leonardo da Vinçi hər şeyi 
          qabaqcadan bilirdi, Enşteyn isə həmişə dilini bayıra çıxarırdı. Daha 
          doğrusu özünü savadlı saymaq istəyən hər kəs bunları bilməyi özünə borc 
          bilir. Bir növ «intellekt zəmbili» adlandırıla biləcək biliklər toplusunundan 
          hər kəsin xəbəri olmalıdı ki, 3 dost, 5 düşmən arasında üzü qara olmasın. 
          Lətifələşmiş bu əhvalatlarda həqiqətin nə qədər olduğunu isə dəqiq bilən 
          yoxdu. Daha doğrusu kimsəni maraqlandırmır ki, burada həqiqət nə dərəcədədir. 
          Axı biz mifləri sevənik…
           Freyd psixoanalizin banisidir?
           Freyd özünü Kopernik və Darvinlə müqayisə etməyi sevərdi. 
          O, deyirdi ki, Kopernik Yer kürəsini Kainatın mərkəzi olmaqdan, Darvin 
          isə insanı heyvanat aləminin şahı vəzifəsindən azad edib. Freyd özü 
          isə əqlin psixikada rolunu ön plana çıxarıb. Freydin nəzəriyyələrindən 
          şübhələnmiş və tədqiqat apararaq «Freydin səhvləri və fırıldaqları» 
          adlı kitabı yazmış Yudjin Mallouv təkid edir ki, psixoanalizin banisi 
          faktları saxtalaşdırıb. O, cəmi 6 pasientin üzərində təcrübə apararaq 
          öz nəzəriyyəsini qurub. Kəllə sümüyünə görə adamların cinayətə meylliyini 
          müəyyənləşdirmə prinsipini kəşf etmiş italyan psixiatrı Lombrozoya iş 
          əsnasında yüzlərlə insanla təmasda olmaq lazım gəlmişdi. Amma Freydin 
          «xəstə»ləri Vyananın pullu və hörmətli ailələrindən çıxmış cavan və 
          psixi cəhətdən səbatsız qadınlar idi. Ona görə də indi Freyd nəzəriyyəsi 
          ilə dərindən maraqlananlar düşünür ki, bəlkə qoca doktor «kişi şovunisti» 
          olaraq bilərəkdən cavan adınlarda seksual pozuntular «aşkar edirdi» 
          və sonra onların müalicəsi ilə şəxsən məşğul olurdu. Həm də ki, niyə 
          kasıb adamlar psixoanalizə uyğun gəlməsin? Hətta danışırlar ki, Freyd 
          illər keçdikcə öz nəzəriyyəsinin çat verdiyini anlayırdı. O, inanırdı 
          ki, hipnoz altında səbəbi ortaya çıxarıla bilsə və sonradan həkimlə 
          bu müzakirə edilsə əsəb xəstəlikləri yoxa çıxar. Amma tərs kimi pasientlər 
          keçmişlərini hipnoz altında xatırlasalar da transdan çıxan kimi hamısını 
          yenidən unudurdular. Onda hələ Freyd də bilmirdi ki, insan psixikası 
          uydurulmuş ideyaları həqiqət kimi qələmə verməyə qadirdir. Onun kəşf 
          etdiyi simvol və alleqoriya oyunu (yəni bir predmeti görəndə ilk ağla 
          gələn fikri demək) özünün zəhləsini o qədər tökmüşdü ki, «Bəzən siqara 
          sadəcə siqara deməkdir!» cümləsini dilinə gətirmişdi.
          Nyutonun başına alma düşüb?
           Tarixçilər bu faktı şübhə altına alır. Düzdü, Nyutonun dostu 
          Stukeleyanın dediyinə inansaq Nyuton guya bunu öz diliylə demişdi. Ona 
          görə də Nyutonun başına alma tullayıb onu Yerin cazibə qanununu kəşf 
          etməyə məcbur etmiş alma ağacı alimin həyətində yüz il ərzində muzey 
          eksponatına çevrilmişdi. Əfsanəyə görə bu 1666-cı ildə baş verib. Amma 
          Nyuton bu qanunu çox sonralar kəşf edib. Əgər qanun mütləq başa alma 
          düşməsi nəticəsində kəşf edilsəydi yəqin ki, alma alimin başına 1726-cı 
          ildə, yəni ölümündən bir il əvvəl düşməli idi. Öz əsərlərində Nyuton 
          tamam fərqli əhvalat nəql eləyir. Başa düşmüş alma haqqında əhvalatı 
          o, sevimli bacısı qızı Katerina Kouduit üçün uydurub ki, onu məşhur 
          etmiş qanunun tarixcəsini anlata bilsin. Deyilənə görə bu balaca qız 
          Nyutonun yaxınlıq elədiyi və sevdiyi yeganə qadın olub. 
           Leonardo da Vinçi maşınlar quraşdırırdı?
           «Universal adam»ın fantastik bacarıqlığını fransız fiziki 
          Nikolo Vitkovski və tarixçi, riyaziyyatçı Çarlz Trusdell ilk dəfə şübhə 
          altına alıb. Onun qeyd dəftərçələrini dərindən tədqiq edəndən sonra 
          onlar belə nəticəyə gəliblər ki, dahi rəssamın çox yaxşı intuisiyası 
          vardı, amma elmi kəşflər onun özününkü deyildi. O, müasirlərinin kəşfləriylə 
          tanış olaraq mənimsəyib, bəzən isə onları təkmilləşdirmişdi. Tarixçi 
          Bertran Jil «İntibah dövrünün mühəndisləri» kitabında yazır ki, «Son 
          dərəcə nadan olub və fantaziyalara qapılmaq lazımdı ki, Leonardo da 
          Vinçidən ixtiraçı yaradasan».
          Nobel rəqibinin acığını bütün riyaziyyatçılardan çıxır?
          Bu gün Nobel mükafatını fiziklər, kimyaçılar, bioloqlar, iqtisadçılır, 
          hətta ədəbiyyatçılar da gözləyə bilər. Amma bircə riyaziyyatçılara bu 
          mükafat heç vaxt düşməyəcək. Onlar Fils adına medalla qənaətlənməli 
          olacaqlar. Deyirlər ki, mükafatçıların siyahısı müzakirə edilər zamana 
          riyaziyyat üzrə mükafata layiq görülə biləcək adam isveç riyaziyaatsçısı 
          Mittaq Leffler guya madam Nobelin məquşu imiş. Bunun qisasını Nobel 
          bütün dünyanın rayaziyyatçılarından alıb. Amma heç kim demir ki , Nobel 
          heç vaxt evli olmayıb və adamayovuşmaq həyat tərzi yaşayıb. Onun həyatındakı 
          qadınları barmaqla saymaq olar. Adı çəkilən riyaziyyatçı isə ondan 15 
          yaş kiçik idi və belə bir əhvalat həqiqətən olsaydı o, mütləq bunu öz 
          xeyrinə reklam kimi işlədərdi. Hamı bilir ki, vəsiyyətnaməsini tərtib 
          edəndə Nobel bütün bəşəriyyətin taleyini düşünürdü və şəxsi maraqları 
          bu ali duyğuların üstələyə bilməzdi. Sadəcə o, mühəndis olduğundan nəzəriyyələrlə 
          yox, real eksperimentlərlə maraqlanırdı. Enşteyn də Nobel mükafatını 
          nisbilik nəzəriyyəsinə görə yox, fotoeffekt nəzəriyyəsinə görə alıb. 
          Riyaziyyatçılarsa təfəkkürün abstraklığına görə kənarda qalıblar.
           Enşteyn məktəbdə 2 alırdı?
           Artıq bir neçə nəsil uşaqlar bu miflə böyüyür,guya Nobel mükaftçısı, 
          dahi fizik məktəbdə pis oxuyurmuş. Bəzən zəif uşuqların valideynləri 
          də bu fikirlə özlərinə toxdaqlıq verirlər. Əslində Enşteyn məktəbdə 
          yaxşı oxuyurdu. Xüsusilə də təibət elmləri və riyaziyyatdan onun dahi 
          imkanları gözə çarpırdı. Dahi fizikin zamanından bəri Almaniyada qiymətlər 
          cəbvəli dəyişdirilib. Ona görə də Enşteynin «dörd»ləri müasir sistemə 
          görə «iki» kimi qəbul edilib.
          
 
           Napoleon balacaboy idi?
           Balacaboy və ambisiyalı adamın davranışını Napoleon kompleksi 
          adlandırırlar. Nədənsə balacaboy kişilərin Fransa imperatoru ilə belə 
          müqayisə edilmələri çox xoşuna gəlir. Əksəriyyəti əmindir ki, Napoleonun 
          balaca boyuna görə natamamlıq kompleksi vardı. Əslində Napoleonun boyu 
          170 sm idi və 18-19-cu əsrlərdə bu orta fransız boyundan hətta 1-2 sm 
          artıq sayılırdı. Onun balacabyoluluğu təsadüfən, səhv tərcümə nəticəsində 
          elan edilib. Napoleonu «balaca kapral» adlandırırdılar. Hərbi karyerasının 
          əvvəlində əsgərlər Napoleonu aşağı hərbi rütbəsinə görə lağa qoyurdular. 
          Napoleon Fransanın hakimi olanda da bu ləğəb unudulmamışdı. Bir səbəb 
          də var ki, fransız əsgərlərinin əksəriyyəti seçmə olduğundan 180 sm-dən 
          hündür olurdu. Onların yanında Napoleon balaca görünə bilərdi.
           Tomas Edison lampanı kəşf edib?
           Edison bir çox gözəl və lazımlı şeyləri kəşf edib. Hətta bütün 
          zamanların ən dahi iztiraçısı da sayıla bilər. O, 1093 kəşfə patent 
          almaqla dünya rekordu qoyub. Amma lampanın kəşfinə dəxli yoxdur. Məktəblərdə 
          öyrədirlər ki, kinofilm, elektrik və bir çox vacib şeyləri Edisson kəşf 
          edib. Edissona qədər çox alimlər lampa kəşf etməyə cəhd ediblər. Xemfri 
          Devi, Delaryu, Henrix Qebel kimi alimlər bu istiqamətdə vacib kəşflər 
          ediblər. Bu kəşflərin nəticəsində alınan lampa çox baha idi və qısa 
          zamanda sıradan çıxırdı. Edissonun nailiyyəti onda oldu ki, 12 saatdan 
          artıq işığı saxlaya biləcək düzgün maddəni tapa bildi. Bununla da lampanın 
          qiymətini aşağı saldı.
          Mariya Antuanetta dedi ki, «Qoy pirojna yesinlər»?
           Böyük Fransız İnqilabının əsas bəhanəsi sayılan bu gümləni 
          guya ki, kraliçə Mariya Antuanetta deyib. Danışırlar ki, «Xalqın yeməyə 
          çörəyi yoxdur» deyib ona müraciət edəndə kraliçə «Onda pirojna yesinlər» 
          demişdi. Bu sözdən hiddətlənən xalq inqilab eləmişdi. Amma bundan hələ 
          çox-çox əvvəl Russo bu əhvalatı əsərində təsvir eləmişdi. O zaman Mariya 
          Antuanettanın 11 yaşı vardı. İnqilab hələ 23 il sonra olacaqdı. Fransız 
          inqilabçıları bu əhvalatdan istifadə edərək kralların nə qədər laqeyd 
          olduğunu göstərməyə calışmışdılar.
           Müxtəlif kürələrdə su müxtəlif istiqamətdə burulur?
           Vannada, ya da su kranında tıxacı açandan sonra suyun burulğan 
          əmələ gətirərək dəliyə tökülməsinə baxmağı hamı çevir. Xüsusilə uşaqlar 
          gözünü bu prosesdən ayıra bilmir. Nədənsə böyüklərin əksəriyyəti əmindir 
          ki, o biri yarımkürədə, məsələn Amerikada su saat istəqamətinin əksinə 
          burularaq axıb gedir. Amma bu belə deyil. Yerin öz oxu ətrafında fırlanma 
          sürəti hətta ən balaca qabda suyun istiqamətini dəyişdirməyə kifayət 
          etməz. Bu qabın relyefindən asılıdır, qlobal səbəblərdən yox.
          İnsanlar meymundan əmələ gəlib?
          Darvinin nəzəriyyəsi bunu təsdiq etmir. Alim sübut etməyə çalışırdı 
          ki, məməlilər dəstəsinin uzaq keçmişdə ümumi əcdadı olub.
           Siçanlar pendir sevir?
           Bütün mültfilmlərdə siçanlar pendir görcək az qala bayılırlar. 
          Onlar «Havayı pendir yalnız tələdə olar» məsəlini heç vecinə də almır. 
          Amma alimlər bilir ki, siçanlar şirin ərzaqları daha çox sevir və araxis 
          yağı, dənli bitkilərdən olan yeməkləri ləzzətlə yeyirlər.
          Saçlar qırxılanda daha tez artır?
          Keçən əsrin 20-ci illərindən bəri aparılan tədqiqatlar sübut edlir ki, 
          bu tamamilə səhv fikirdir. Amma kişilərin əksəriyyəti və hər yay uşaqların 
          başını keçəl qırxdıran analar əmindir ki, qırxılandan, ya da kəsiləndən 
          sonra tük daha tez çıxır. Kəsilmiş tükün ucları küt olduğuna görə belə 
          görünür və buna optik yanlışlıq da demək olar. Sonda saçlar əvvəlki 
          tempində və həmişəki keyfiyyətində olur.
           Kosmosda cazibə yoxdur?
           Bu da yanlışlıqdır. Cazibə hər yerdə var. Cazibənin dərəcəsi 
          kosmosda nisbətən azdır. Ona görə də kosmonavtlar yüngül görünürlər. 
          Amma bu o demək deyil ki, cazibə tamamilə yoxdur. Yerdən uzaqlaşdıqca 
          cazibə qüvvəsi də zəifləyir, amma itmir. İri, kosmik miqyasda cazibə 
          bütün planetləri öz orbitində saxlayır və günəş ətrafında fırlanmağa 
          məcbur edir. Bir sözlə, cazibə bütün Günəş sisteminini planetlərini 
          «ovcunda» saxlayır.
           İnsanlar beyninin 10 faizini işlədir?
           Hələ 19-cu əsrdən bəri alimlər bu mövzuda mübahisə edir. Onda 
          alim Uilyam Ceyms belə nəticəyə gəldi ki, insanlar əqli imkanlarının 
          yalnız 5-10 faiz imkanlarından istifadə edir. Bu mif belə yarandı. Həqiqətən 
          də çətin olmayan məsələlərin həllində insan beyninin çox az hissəsini 
          işə salır, çünki bundan artığını işlətməyə lüzum yoxdu. Bu mifi çox 
          vaxt psixiatrlar öz xeyirlərinə istifadə edirlər. Onlar intelektual 
          güc nümayiş etdirərək adi insandan fərqli olduqlarını iddia edir. 
          Kişilər hər 7 saniyədən bir seks barədə düşünür?
          Bu fikir çox geniş yayılıb. Amma onu sübuta yetirəcək elmi əsas yoxdur. 
          Bu mifin müəllifi Alfred Kinzi sayıla bilər. O, müasir seksologiyanın 
          banisidir. Hətta o da bu fikri bu dərəcədə qəti təsdiqləmirdi. Öz əsərlərindən 
          birində Kinzi yazırdı ki, kişilərin 97 faizi seks haqqında gündə bir 
          neçə dəfə düşünür. Əlbəttə, bu mövzuda sonsuzluğa qədər sübahisə etmək 
          olar. Kişilər, yoxsa qadınlar bu barədə çox düşünür sualının başına 
          milad yolkası kimi fırlanmaq da olar. Amma hər 7 saniyədən bir seks 
          barədə düşünən kişini tapsaz mənə də göstərin. Onu paradokslar muzeyinə 
          eksponat kimi qoyarıq və dəlisov ritmli həyatımızda, yem dalıyca qaçhaqaçda 
          bu barədə intensiv düşünən bəxtəvərə həsədlə tamaşa edərik.
Qadın baxışı