Milli karaoke əməliyyatı
Yaxud 
          «yeni azərbaycanlı» əyləncələrindən
          Mənim tarixim var, mənim elim var!
          Mənim şairim var, mənim dilim var!
 
        Hər şey mənim karaoke oxumaq 
          istəyimdən başladı. Mən buna çoxdan hazırlaşırdım. Karaoke (bilməyənlər 
          də bilsin, ekranda sözlərinə baxıb müşayiəti dinləyərək oxuma üsuluna 
          karaoke deyilir) oxutmaq imkanı olan DVD pleyer aldım. Sonra 8 marta 
          hədiyyə kimi mikrofon istədim. Onu da bağışladılar. Mağazadan karaoke 
          disklərini alandan sonra mənə arzuma çatmağa bircə addım qalırdı. Tərs 
          kimi dükanlarda türk və azərbaycan mahnılarının diskləri satılmadığından 
          «Küçələrə su səpmişəm», ya da «Qubanın ağ alması» deyənədək keçən müddətdə 
          uşaqlar mikrafonla güzgünün qarşısında doyunca meymunluq elədilər. Türmə 
          mahnıları ilə dolu 100 mahnının, rus etradasından seçmələrin öhdəsindən 
          gələndən sonra tam xoşbəxtlik üçün xalq mahnılarımızı oxumağım qalırdı. 
          Bayramdan əvvəl əlimə azırbaycan xalq mahnılarından ibarət karaoke disk 
          düşdü. Oxumağa isə düz 10 günlük istirahət vermişdilər bizə…
           Səhər səhər bağa girdim, nə bağ bildi, nə də bağban
           Qanunpərəst oxucu soruşa bilər ki, diskin üstündəki qaloqramma 
          baxdınmı? Yoxsa pirat disklər almaqla onların cibinə bir az da pul qoydun? 
          Etiraf eləiəliyəm, diskin tərtibatında milli xalça ornamentlərinə uydum. 
          Yuxarıda «Zolotoye karaoke» (yəni qızıl karaoke), aşağıda «Azerbaydjanskie 
          pesni» (yəni Azərbaycan mahnları) yazılmışdı. İstehsalçının əcnəbi olması 
          keyfiyyət vəd edirdi. Mərkəzdə baş-başa dayanmış kişi və qadın rəsmi 
          nədənsə mənə məhrəm göründü. Diskin istehsalçısı, ştrix kodu da yerində. 
          Satıcının disk satankən o ki var deyinməsini də vecimə almadım. Sən 
          demə o bilirmiş ki, nəyə deyinir, bir növ qabaqdangəlmişlik eləyir: 
          «Fərli başlı bir disk buraxmırlar ki, adam satanda utanmasın. Gic-gic 
          mahnıları yazırlar, xəcalət çəkirsən». Yenə də duyuq düşmədim. Mən çoxdandır 
          ki, rusdilli azərbaycanlıların milli mahnılarımıza görə deyinməsini 
          donquldanmaq sayıram, qoy deyinsinlər. Döşəmədən tavanadək üst-üstə 
          qalanmış yüzlərlə diskin içində azərbaycanca cəmi 2 disk vardı. Onlardan 
          birində cəmi 10 mahnı, o birində 50 mahnı vardı. Əlbəttə ki, mən ikincini 
          seçdim.
Şuşanın dağları üstü 
          dumandı
           Oxumaq mərasiminə çoxlu qonaq da çağırmışdıq. Yeriniz məlum, 
          yedik içdik və mikrafona növbəyə düzüldük, lap Milli Məclisdəki kimi. 
          Birinci şoku ilk akkordları eşidəndə aldıq. Bu nə idisə bizə tanış olmayan 
          bir musiqi və müşaiyət idi. Diskin üstündə mahnının adını oxumasaydıq 
          dünyasında bilməzdik ki, nə mahnıdır. Musiqiçilər bu ritmə «üç badam 
          bir qoz» deyir. Bu ritm az qala bütün azərbaycan mahnılarını müşayiət 
          etməyə yarayır. İlk şokdan tez ayıldıq. Dedik nə var ki, sözlərin yazsınlar 
          musiqisini özümüz oxuyarıq. Ona görə diqqətimizi daha artıq cəmləməliydik 
          ki, çaşmayaq. (Əziz oxucu, bundan sonra mətndə dırnaq arasında yazılanlar 
          texniki səhv deyil, bizim ekranda gördüklərimizdir).
          « Nya Ba' Bildi, Nya Dya Ba'ban»
          «El uzadyb birgül derdim
          Ne bag bildy ne de bagban
          Bagyn beresinden ashdym
          Susensunbule dolashdym»
          Mətnin savadsızlığına heç kim təccüblənmədi. Olan şeydi, «ç» əvzinə 
          «ch», «ş» əvəzinə «sh», «ə» əvəzinə «e»-ni biz özümüz də intrnet yazışmalarında 
          müvəffəqiyyətlə tətbiq edirik, o ki ola ruslar. Sən demə «Shushanyn 
          Da'lary» mahnısında tar imitasiyası eşidəndə, üstəlik ekranda «Gash 
          geoz» oxuyanda mən sevincimdən ölməliyəmmiş. Çünki hələ də anlaşılırdı 
          ki, söhbət nədən gedir. Xalq mahnısı kimi təqdim edilən «Baki Yurdum, 
          Menim»də deyilirdi ki, «Ahtarsanyz djennet burda taparsyz». Yenə də 
          xalq mahnısı sayılan «Bakily Balasyyam» təkid edirdi ki, «İnsan neye 
          lazim yurdsuz, vetensiz». Bunları mən də hələ məktəb skamyalarından 
          bəri bilirəm, indi axsaq ədifba ilə yazılsa da. Sonra «Araz aghır giygadji, 
          aygyz, aygyz, aygyz amandyr» oxuduq. 
 
        Zərrəcə eşq olanın 
          dərya qədər tabu gərək
           «Zerredje eshg olanyn derya geder taby gerek. Nedjenedje erz 
          eleyim derdimi yare. Sebr ele khalva bişer ay qora senden» - oxuyandan 
          sonra bir muğamat da getdilər. Düzdü bu, «1001 gecə» nağıllarındakı 
          musiqiyə daha çox bənzəyirdi. Etiraf eləməliyik ki, oxumaq get-gedə 
          çətinləşirdi. Elə bil ki, bilərəkdən elə sözlər yazılırdı ki, 2 saata 
          höcətləyib deyilməsi mümkün idi. Ona görə biz sıralarımızı bir az da 
          səfərbər etdik. Axı bir disk nədi ki, onun özdəsindən ali savadlı musiqiçilər 
          gələ bilməsin. Bir də ki, Eyyub Yaqubovun repertuarından olan «Bakinyn 
          Baglary» «xalq mahnısı»nda deyilirdi ki, «Vallah, ay djanym. Akhişirlar 
          gonaglar, ingilisler, yaponlar». Yəqin onlar da karaoke oxumağı sevir. 
          Bakını gəzirlər, bəyənirlər, sonra ona mahnı oxumaq istəyirlər, yəqin. 
          Əllərinə məsələn «Zhyannyatdir Baky» mahnısı düşür və onlar da oxuyurlar, 
          lap bizim kimi: 
          «Eyazib dolanmysham dtsniani inan
          İohdur syanin taiyn ai eyuzyal Baky 
          Dyuitsnmyaz tsryaiim syansiz birzhya an
          Eyuryanlyar deiirlyar djennetdir Baky
          Yanzhirinya shani tsztsm zhan doimaz
          Etsi chichyakdi kyandlyarinya»
          Oxuyurlar və Azərbaycan dili haqqında öz təsəvvürlərini yaradırlar, 
          bəlkə də dilimizin axıcılığını tərifləyirlər. Diskdə Xan Şuşinskinin 
          repertuarından olması xüsusi qeyd olunan mahnıda deyilirdi:
          «Shushanin daglari gel du mai lai
          Kur mezu kop tari yo shu to mai lai
          Kur in me mei ei choch mai lai
          Una ma chai una cha mai»
          Bu dili nəinki əcnəbi, hətta mən də anlamıram. «Azerbaycan Marali»nda 
          deyilirdi: «Aiguz ghest me ya ra la yan. Eahst mi korn ya ra la yan» 
          və mahnının Fatma Mehrəliyevanın repertuarından olması da qeyd olunmuşdu. 
          Sırada Rubaba Muradovanın əfsanəvi «Qaragile»si gəlirdi: «Cyal me shay 
          vog ai gul nai am. Oh ya dam sanin cyal ai gul». Diskin başqa millətə 
          məxsus olması, yaxud bizim mahnıları başqa dillərdə oxunması barədə 
          fikirlər arabir beynimizə gəlirdi. Amma Yaqub Məmmədovun repertuarından 
          «Uca Daqlar» mahnısında saz effekti yaratmaqla bizi əmin edirdilər ki, 
          bu sizin musiqinizdir: 
          «Uca daglar shama bullu, nai jhama hai uca daqlar
          Meami sem be khilan shambare buash ta
          Kis gur ustasne khiyar
          Balamebu balamebu
          Khiyar ata balamebu
          Balamebu, khiyar ata»
          «Olmaz, olmaz dum mayar» (yəni Olmaz, olmaz deyirsən)
          İndi siz mənə deyin, demək olardı ki, mən arzma çatdım? Diskdə «Küçələrə 
          su səpmişəm» də oldu:
          «Kucelere su sepmishem
          Yarz gerhendem so zho lomaschem
          Ehle ghalsin, ehle ghalsin
          Ohr lomaschem sepmishem» - (bunlar küçələrə lavaş-cem səpirlər?) 
          «Qubanın ağ alması»nı da «dərdik»: 
          «Qubanin aq alması, ayaih aq almasi
          Yarah, yarah qubanşn yarah aq almasi
          Sanharthiyan, Sanharthiyan
          Almasi sanhranh, sanhranh ya yaih»
          Bu mahnıya görə kimlə istəsən, lap Zabit Nəbizadənin özüylə mərc gələrəm 
          ki, nə sözlərindən, nə də musiqisindən onu tanıya bilən olmaz:
          «Gule gule cjham tum
          Cum sjurse sham arsun
          Tore bel hei cjham tum
          Cum sjurse sham arsu»
           Gülə-gülə, ay xanım, gülə-gülə al canım
           Zarafat bir yana. Biz də bu diski oxuya-oxuya xeyli güldük, 
          bəlkə sizə də gülməli gəldi. Sonra papağımızı qarşımıza qoyub düşünməli 
          olduq. Belə şeylərə bizlərdə «həmşəri söyüşü» deyirlər. Yəni kimsə sənin 
          atanı söymək istəyir, amma bunu dolayısı yolla deyir, birbaşa üzünə 
          yox. Belə bir diskin buraxılması sözün əsil mənasında təxribatdı. Millətin, 
          dilinin, musiqisinin açıq şəkildə təhqir edilməsidir. Rusmu, yoxsa erməni, 
          ya da başqa bir millətin nümayəndəsi hırıldaya-hırıldaya musiqimizin 
          ən yaxşı, ən çox dinlənilənlərini seçib kefi istəyən kimi təhrif edərək 
          əylənib. Yəqin bu işinə görə yaxşı qonorar da alıb. Sonunda diskin üstünə 
          azərbaycan xalq mahnıları yazıb yayıb. Bunun bilərəkdən olunmasını sübut 
          edəcək məqam odur ki, diskdə ilk 7-8 mahnı tanınacaq və anlaşılacaq 
          formadadır. Çünki hər kəs ilk mahnılardan anlayır ki, bu nə olan şeydi. 
          Sonuncu mahnalır da nisbətən abırlı şəkildədir. Yəni kiminsə ürəyindən 
          keçib yoxlasa sonuncu Zülfiyyə Xanbabayevanın repertuarından olan «Azərbaycan» 
          mahnısı oxunulası haldadır. Diskin üstündə onun istehsalçılarınnı adları, 
          ünvanaları, hətta lisenziya nömrələri də verilib: «DİSKPRO», «RentaProm», 
          «Markoy», «NPF Viktoriya», «Lazer-Video Multimediya», «Ural Elektron 
          zavodu». 
          Əgər bir az diqqətli olsaydım mən diski alanda üstündəki kişi və qadının 
          görkəminə də fikir verərdim. Yaşmaqlanmış boynu bükük, çatmaqaş qadınla 
          və erməni burunlu qoca ağbaş kişinin hər ikisinin slavyan geyimində 
          olduqlarını görərdim: qolife şalvar, rəngli gödəkcə, naxışlı önlük və 
          sarafan. Bizim qadınlar başını belə bağlamır, bu cür yaşmaqlanmırlar. 
          Bizdə kişi və qadının əl-ələ tutub bir-birinə söykənmiş şəkil çəkdirməsini 
          heç yerdə görməzsən. Diskin içi kimi çölü də bizə yaddır. Amma mətnlərdə 
          ağızlarına gələn sözləri azdıqları halda «Azərbaycan», «Azərbacan maralı» 
          sözləri dəqiq və aydın yazılır, arabir Bakının ponoramı da verilirdi 
          ki, kimsədə şübhə oyanmasın. Müğənnilərin adları bərbad gündə yazılıb, 
          bəzən ad və soyadı bitişik veriblər. Bülbülün adında isə ikinci hecanı 
          ixtisar etməyi lazım biliblər, ifaçı yerinə sadəcə Bul yazılıb.
           Səbr elə halva bişər ey qora səndən
           İndi gəlin biabırçı diskin yaranması səbəblərini araşdıraq 
          və doğan suallar cavab axtaraq:
          1. Niyə Azərbaycan xalq mahnılarını başqa millətin musiqiçiləri işləyib 
          hazırlamalıdı?- Əgər kimsə sənin musiqini işləmək zülmünün altına giribsə 
          (rus üçün milli musiqimizin ifasının nə qədər çətin olduğunu təsəvvür 
          etmək olar) deməli tələbat var. Mağazalarda daim axtarırlar və soruşurlar. 
          
          2. Niyə xalq mahnılarımızı müdafiə edəcək orqan yoxdu?- Bizdə nəinki 
          xalq musiqimizi, hələ sağ və salamat olan müəlliflərin musiqilərinin 
          oğurlanmasının qarşısını ala biləcək səlahiyyətli orqan yoxdu. Müəllif 
          hüquqları agentliyinin təkcə adı var. Azərbaycanda intellektual əməyin 
          və mülkiyyətin nə olduğunu camaata hələ başa salmaq lazımdı.
          3. Tələbat olduğu halda niyə Azərbaycanca karaokelər yaranmır?- Kiçik 
          araşdırma apardım, karaoke yaradan proqramları İnternetdən yüklədim. 
          Məlum oldu ki, bu, o qədər də asan iş deyilmiş. Yəni kompüterin imkanlarını 
          dərindən bilmək lazımdı. Üstəlik bu proqramlar hamının telefonu və ya 
          kompüterində olan mp3 formatla deyil, midi fayllarla işləyir. Bu midi 
          faylları yaratmaq üçün ya sintezatorda çalıb yazmağı, ya da not redaktorlarında 
          musiqini nota alıb sonra çevirməlisən. Yəni ki, bunun üçün not savadı 
          olması vacib şərtdi. Musiqiçi not bilməlidir ya yox sualı avtomatik 
          olaraq aradan çıxır. Bütün dünya musiqini nota yazır, yaddaşa yox! İndi 
          isə artıq kompüterlə yazırlar, qələmlə yox!
          4. Niyə azərbaycanlılar musiqimizin, dilimizin, mədəniyyətimizin, dünyada 
          təmsil olunmasına bu qədər etinasızdırlar?- Əminəm ki, bu hadisə başqa 
          ölkədə, elə həmən Rusiyanın özündə baş versəydi mütləq reaksiya doğurardı. 
          Düzdü, ruslar başqa millətləri estradalarına həvəslə buraxırlar. Onlar 
          ermənilərə milləti güldürməyə icazə veriblər, çünki bütün əyləncəvi 
          verilişlərin prodüserləri ermənilərdir. Başqa millətlərin oxuyub oynamaq 
          haqqını da tapdamırlar. Sonunda bütün bunlara böyük rus mədəniyyəti 
          adını qoyurlar. Bəlkə etiraf edək, bəli biz etinasızıq. Biz kağız pullarla 
          ocaq qalayıb isinən adamlara bənzəyirik. Biz təkrarsız musiqilərlə, 
          inci şerlərlə böyüdüyümüzdən onun qədrini bilə bilmirik. Biz başqa millətlərə 
          musiqimizə toxunmağı, şerimizi korlamağı, geyimimizi təhrif etməyi, 
          bizi məsğərəyə qoymağı rəva bilirik. 
Cucumber fathers
          Yuxarıda adı çəkilən disk Azərbaycanı İnternetdə təmsil edir. Yəni ki, 
          «hörümçək torunda» Azərbaycanca karaoke axtaranda hər yerdə bu disk 
          çıxır. Bəzi disk satışı ilə məşğul olan saytlar onu 28,09 dollara evə 
          çatdırmaqla təklif edir. Xaricilər üçün bu o qədər də böyük məbləğ deyil. 
          
          Öz aramızdı, gəlin təsəvvür edək, bir ingilis, ya yapon Bakı şəhərinə 
          gəlib. Bakıdakı 13 karaoke klubunun adını çəkə bilərəm. Onlar hamısı 
          şəhərin mərkəzindədir ki, xarici qonaqlar üçün rahat olsun. Onlar yeyib, 
          içir və karaoke kluba oxumağa gəlirlər. Ekzotik olmaqçün milli musiqimizi 
          istəyə bilərlər. Onlara bu disk bəh-bəhlə təklif edilir. Onlar anlamadıqları 
          mətnləri oxuyur, oxuyur və «Khiyar ata balamebu. Balamebu, khiyar ata»nın 
          nə demək olduğunu bilmək istəyir. Əlini atır gibindəki ingilis-azərbaycan 
          lüğətinə və baxır. Xiyar sözünü – «cucumber» (kukumbe kimi oxunur), 
          ata sözünü – «father» (faze kimi oxunur) kimi tərcümə edir. Bəlkə də 
          karaoke klubun meneceri vəziyyətdən çıxmaq üçün azərbaycanlılarda xiyarın 
          atalıq simvolu olduğunu deməklə canını qurtarır. Xaricilərin yumor hissi 
          yaxşıdır, onlar bu sözə ürəkdən gülüb qaqqıldayandan sonra bəlkə ikinci 
          kupleti «cucumber father» kimi oxumaq istəyəcək. Bu məclisdə azərbaycanlı 
          olarsa o da onlarla bərabər qol boyun olub oxuyaraq musiqinin ritminə 
          uyğun yellənməli olacaq…
          Fazesi kukumbe olanların musiqisi belə olar!
           
Qadın baxışı