Jest lüğəti
Adamları kitab kimi oxumaq olar

Biz emosiyalarımızı, insanlara qarşı real münasibətimizi gizlətməyə adət eləmişik. Çoxları «Bizə həqiqət lazımdırmı?» sualına belə cavab verir: «Acı həqiqət şirin yalandan daha yaxşıdı». Bununla belə insan 10 dəqiqəlik söhbətində 3 dəfə yalan deməyə macal tapır. Biz bax belə, ziddiyyətli məxluqlarıq. Özümüzü tanımasaq da başqasını jestləri və mimikalarına əsasən kitab kimi oxumaq istəyirik.
Həqiqət insanın üzündə
yazılıb
Bu fikri psixoloq-neyrolinqvistlər də təsdiqləyər. Amerikada
«Yalan nəzəriyyəsi» adlı serial çəkilib. Onun əsas qəhrəmanı ağır cinayətləri
tədqiq edir və dindirilən adamın mimika və jestlərinə əsasən yalan deyib
demədiyini müəyyənləşdirir. Bu serial hazırda Amerikada çox populyardır
və onu bütün dünya İnternetdə də maraqla izləyir. Burada insan jestlərinin,
mimikalarının dəqiq analizi verildiyindən film uzun müddətdir ki, adamların
marağından düşmür. Filmin qəhrəmanının dilindən: «Sifətdə 43 əzələ və
10 min ifadə var. Onların hamısını öyrənə bilsək yalan detektoruna ehtiyac
qalmaz».
Afrikalı aborigenlər bu məsələdə heç başını sındırmır. Onların öz «yalan
detektoru» var – dəvəquşu yumurtası. Suallara cavab verməli olan adam
ovcunda dəvəquşu yumurtası tutur. O, əgər yalan desə yumurta çatlayır.
Çünki özündən asılı olmayaraq ovcunun əzələləri sıxılır və yumurtanı
sındırır. İnsan əzələlərinin mikrodartılmasını idarə etmək qüdrətində
deyil. Yalan stress növlərindən biridir. Qadınlar yalanı həqiqətdən
kişilərə nisbətən daha rahat ayırırlar. Hər iki cinsin beyninin skanerdən
keçirilməsi aşkar edib ki, ünsiyyət zamanı qadınların beyninin 13-16
hissəsi işə düşür. Bu zonalar sözü analiz edir, səsin tonunu, bədənin
verdiyi siqnalları «gözdən keçirir». Kişilər isə yalanı çox danışsalar
da bu prosesdə 4-7 zonanı işə salırlar. Axı kişilərin beyni strateji
məsələləri həll etməyə uyğunlaşdırılıb. Qadınların beyni isə ünsiyyətə
köklənib. Çünki onlar uşaq böyütməlidirlər. Ani mimikasından başa düşməlidirlər
ki, uşaq acdır, yoxsa xəstədir. Bəzi qadınlar hətta heyvanların emosiyalarını
da oxuya bilirlər, təccüblənmiş pişiyi dilxor olmuş itdən çox rahat
ayırırlar. Bu kişilərin bacardığı iş deyil. Çünki kişişnin vəzifəsi
qənimət əldə etmək və yem tapmaqdır. Onun ünsiyyətə vaxtı qalmır. Amma
indi müasir kişilər yem əldə etmək üçün dialoqlar aparmalı olurlar.
Qadınlarsa ovlamağı öyrənirlər.
Əslində biz yalan demirik, sadəcə düşündüyümüzü dilimizə gətirmirik.
Ya da bildiyimizi sonacan danışmırıq, nəyisə gizləyirik. «Yalan psixologiyası»
kitabının müəllifi Pol Ekman deyir ki, yüz faizlik yalan göstəricisi
demək olan ki, yoxdur. Ona görə də hər şeyi yerindəcə həll etmək lazımdır.
Yəni jestlər və mimikaya həssas yanaşmaq və diqqətlə müşahidə etmək.
Gözlər qəlbin aynasıdır
Bütün tədqiqatlar göstərir ki, biz hansısa yolla göz bəbəyindən
informasiya oxuya bilirik. Əgər siz kiminsə xoşuna gəlirsizsə, ya da
verdiyiniz sual ona maraqlı gəlirsə həmsöhbətinizin göz bəbəkləri genişlənir.
Alimlər deyir ki, insan bəyəndiyi bir şeyə baxanda göz bəbəyi 45 faizə
qədər böyüyür.
İnsan bilərəkdən yalan danışırsa o, həmsöhbətinin düz gözünün içinə
baxır. Çünki yalanının keçib keçmədiyini dəqiq bilməlidir. Amma lapdan
yaxalanmış insan yalan deməyə məcburdursa o, diqqəti yayındırmağa, gözlərini
gizlətməyə, başqa otağa keçməyə, ayaqqıbılarının bağını bağlamağa, kağızlarda
eşələnməyə çalışır və nəsə donquldanır. Kipriklərin hərəkətini də izləyin.
Yalan danışanda onlar tez-tez qırpılır. Tez-tez qırpılan kipriklər həm
də söhbətin ona xoş olmadığını bildirə bilər. İnsan kipriklərini nə
qədər az qırpırsa o, bu anda daha xoşbətdir.
Üç tip baxış var: hökmlü, intim, sosial. Əgər insan qaşların çatma yerinə
baxırsa özünüzü narahat hiss edəcəksiz. Çünki bu, hökmlü baxışdı. Belə
baxış altında yalan demək çətin olur. Müstəntiqlər dindirilmə zamanı
belə baxır. Söhbət zamanı burnunuza baxarlarsa bu çox rahat olur. Bu
sosial baxışdır və bizimçün ən komfortlusudur. İntim baxış zamanı düz
gözünüzün içinə baxırlar. Sonra baxışlar aşağı sürüşərək çənədən də
aşağıda dayanır. Bu baxış qarşılıqlıdırsa kişi və qadın arasında intim
münasibətin ən böyük sübutuna çevrilə bilər.
Sevgi ürəyə düşəndə qadınlar biləngini göstərir, kişilərsə
qalstuklarına əl ətırlar
İnsanlar heyvanlar kimi həmişə bir-birinə münasibət bildirirlər.
Amma heyvanlar bizdən fəqli olaraq bu jestləri açıq kitab kimi oxuya
bilir. Biz isə daha çox sözə arxalanırıq. Məsələn, qadın şüaltı səviyyədə
çoxdan anlayıb ki, kişi onu sevir. Amma ona bunu təsdiq edən sözlər
də lazımdı. Elə də olur ki, qadın pərəstişkarının etinasızlığını artıq
jestlərdən oxuyub, amma onun sevgi dolu sözlərinə daha çox inanır. Bizə
faktlar lazımdı- söz, yaxud hərəkətlərin sübutu.
Ayağı üst-üstə aşırmaq qadının kişiyə göndərə biləcəyi ən «öldürücü»
siqnaldı. Üstəlik biləngini göstərmək və itaətkarcasına əlini sallamaq.
Biləngdən sallanan əlləri psixoloq Allan və Barbara Piz zarafatla «qırıq
qanad» adlandırır. Bu jesti qadınlar istifadə edir və bu itaətkarlıq
bildirir. Bununla kişini cəlb etmək asandır. Mavilər bu jesti çox işlədirlər.
Amma işguzar şəraitdə bu jesti işlədən qadını ciddi qəbul etməyəcklər.
Amma ola bilər ki, iclasdan sonra onu görüşə çağırarlar.
Kişilərin tamahlandırıcı jestlərinin hamısı beldən aşağı hissələrin
nümayişi ilə əlaqədardır. Kişi baş barmağını kəmərinə ilişdirirsə o,
qadının xoşuna gəlmək istəyir və kişiliyini nümayiş etdirir. Futbolçular
oyun qabağı bir-birinin qarşısında qasığını qaşıyırlar. Elə bil ki,
erkəkliklərini nümayiş etdirirlər. Bu mənada kişilər 5 qəpiklik qədər
sadə və anlaşılandırlar. Qadını görəndə kişi ayaqlarını nə qədər çox
aralasa və kəmərinə tez-tez əl dəysə bir o qədər qadın onun çoxuna gəlir.
Əlbəttə, indi kişilərə o qədər də azad deyil, çünki şərtiliklərə tabe
olub əl-ayaqlarını dinc saxlamalı olurlar. Onlar babuinlər kimi emosiyalarını
rahat ifadə edə bilmirlər. Ona görə də fallik simvol sayılan qalstuklarına
tez-tez əl vurmaqdan başqa çıxış yolu qalmır. Qalstukun düyün hissəsi
yox, aşağı tərəflərə əl dəymək qaşınmaq qədər vulqar görünmür.
Həmsöhbətiniz hərəkətlərinizi güzgüdəki kimi təkrar edirsə o, sizinlə
həmfikirdi. Ola bilər ki, sözdə bunu bildirməsin, amma qəlbinin dərinliyində
sizinlə razıdır, sizə inanır. Ayaqların vəziyyəti də çox şey deyir.
Düşmənçilik eləyən kişilərin ayaqqabılarının ucu burun-buruna dayanır.
Dostdurlarsa dabanları birləşmiş olub bucaq əmsələ gətirir. Kişi ayaqqabısının
burnunu qadına tərəf çevirirsə deməli onunla maraqlanır. Qadınlar maraq
obyektinə dizlərini göstərirlər. Ayağını altına yığıb oturan qadın artıq
seksual marağını ifadə edir. Ayağını üst-üstə aşırırsa bu artıq açıq
flirtdir. Ayaqqabının bir tayı ilə oynayırsa deməli tam əmin olmaq olar.
İnsanlar ən zəif yerlərini örtməyə çalışır. İşsizlik üzrə müavinət almaq
üçün növbəyə dayanan kişilər onları əzən situasiyada olduqları üçün
cinsi orqanlarını əlləriylə örtürlər. Çünki ən qiymətli orqanlarını
müdafiə etmək instikti işə düşür. Qadınların da mənliyini əzəndə qarınlarını
qucaqlayırlar.
Mənə belə rahatdı
Bəzən əllərini qoynunda cütləmiş adamlara bunu irad tutanda
onlar «Mənə belə rahatdı» deyib pozanı dəyişmirlər. Bu sözdən sonra
üstəlik ayaqlarını da cütləyə bilərlər. Əlbəttə, öz hisslərimizi ifadə
edəndə bizə rahat olur. İnsan əlləriylə ən vacib orqanlarını müdafiə
etməyə çalışır. Əllərini qoynunda cütləyən adam ürəyini, ağ ciyərlərini,
yəni ki, ən vacib orqanlarını müdafiə edir. Psixoloqların diliylə desək
indi edilən söhbət onun ən vacib orqanlarına və dünyaya baxışlarına
təcavüz edir. Qadınlar bəyənmədiyi kişiləri görəndə belə pozada dayanırlar.
Bu situasiyada həmsöhbətinizə nəsə uzatmaq, qələm vermək, ya da nəyisə
ötürmək xahişiylə pozisiyaları özünüzə rahat formaya gətirə bilərsiz.
Onda həmsöhbətiniz sizin informasiya üçün daha açıq pozada dayanar.
Barmaqları da izləmək lazımdı. Danışanda şəhadət barmağını silkələyən
adam «Mən sizə göstərərəm» demək istəyir. Barmağıyla özünü tumarlayan
adam sakitləşməyə çalışır, çünki anlayır ki, ona inanmırlar. Söhbətin
sonunda əl tutmaq adəti də sizə çox şeylər danışar. Həmsöhbətin əlləri
soyuqdursa ola bilər ki, yalanının açılmasından qorxur. Amma bu həm
də pis qan dövranının əlaməti də ola bilər.
Barmaqlarını dolaşdırıb düyünləyən adam özünü saxlamaq istəyir, qapanır.
Barmaqlarını bir-birinə dirəyib evin damı kimi üçbucaq əmələ gətirən
adam isə özündə əmindir. Əllərini çənəsinin altına dirəyən adam bəyənilməyə
çalışır. Ovuclarını bir-birinə yapışdırmış adam isə diqqətlə dinləmək
istəyir. Əgər qadın əllərini cütlərib sifətini onlara söykəyibsə deməli
özünü bəyəndirmək istəyir. O, elə bil ki, vitrindədir. Kompliment deməyin
əsil vaxtıdır. Orta barmağıyla üzünü sürtən adam ədavətini bildirir
və susaraq həmsöhbətini «söyür». Əllərini arxasında düyünləmiş adam
özünün vacib olduğunu sübuta yetirir və heç nədən qorxmadığını nümayiş
etdirir. Onun arxada əllərini necə düyünləməsinə fikir verin. O, bir
əliylə o birisini ovcundan yuxarı tutubsa bu artıq təhlükəli vəziyyətdir.
Bu adam çox narazıdır və əsəbidir. Əl nə qədər yuxarıdan tutularsa narazılıq
bir o qədər də çoxdur.
Burun, ovuc, dodaqlar və təbəssüm- hamısı şahidlik edir
Kişinin yalanını çıxarmaq daha rahatdı. Onlarda Pinokkio simptomu
deyilən əlamət özünü göstərir. Kişilər yalan danışanda burunlarını qaşıyırlar.
Çünki burunda tez reaksiya verən həssas reseptorlar var. Stress olan
kimi, yalan danışan kimi qaşınır.
Görürsən ki, insan başsağlığı verir, amma dodaqlarının küncləri titrəyir,
sanki yuxarı dartınır. Əslində o, bu hadisəyə sevinir, amma sevincini
gizləyir. Başqasını dolayan adamın da dodaqlarının küncü elə bil ki,
«sevinir». Alt dodağını qaldıran adam dediklərində əmin deyil, daxilində
söz və əməl arasında konflikt var. «Sabah zəng edəcəm» desə də belə
fikri də yoxdu. Sifətini qeyri-simmetrik şəkildə əyən və birtərəfli
gülən adam emosiyalarını simulyasiya edir. Söhbət zamanı asimmetrik
cizgiləri psixoloqlar yalanın dəqiq ifadəsi hesab edirlər. Çənəsini
dartan adam sizə qarşı kin gizlədir. 5 saniyədən artıq çəkən təccüb
də yalandır. Bu adam hər şeyi bildiyindən ifrat dərəcədə təccüb ifadə
edir.
Açıq ovuclar hələ qədimdən bəri «Mənm silahım yoxdu, sülh ilə gəlmişəm»
deməkdir. Həmsöhbətinizi əllərini rahat tutub danışanda ovuclarını göstərirsə
o, səmimidir və ona inanmaq olar. Əllərini cibində gizlədən adam ən
əvvəl bu söhbətdə iştirak etmək istəmir və darıxır. Ünsiyyət zamanı
ovucun içi aşağı baxarsa bu avtoritarlıq, hakimiyyət jestidir. Bu jesti
Hitler çox istifadə edirdi. Bu üsulla itlərə təlim keçirlər. Ovucun
içi aşağı baxarsa bu «otur», ya da «uzan» komandasını bildirir.
Dişləri göstərən, gözün kənarlarında ulduz kimi qırışlar yaradan təbəssüm
səmimi təbəssüm sayılır. Deməli o, maraq göstərir və ünsiyyətin davamını
istəiyr. Dodaqları aralamadan gülmək ədəb-ərkan gülüşüdür. Həm də bu
bildirir ki, onun göstərmək istəmədiyi sirri var. Başını yana əyib,
alnının altından baxaraq gülümsəyən adam uşaq maskası taxmış kimi görünür
və ətrafdakılarda başqasını qoruma instinktini oyadır. İşvəli xanımların
əksəriyyəti elə baxır. Bu jesti şahzadə Diana tez-tez işlədirdi. Onun
populyarlığının sirrini psixoloqlar bunda görür.
Danışan adam söhbət zamanı bədənini yalnız bir tərəfini tərpədirsə (fərq
etməz - çiyni, əli, ayağı) bu o deməkdir ki, insan düşündüyünün tərsini
dilinə gətirir. Bir çiynini tərpədirsə deməli mütləq yalan danışır.
Danışanda yüksək tona qalxan adam yalan deyir. Kədər və qəm zamanı adamların
səsi bəmləşir.
Yalan dalıyca yalan gətirər
Ən əvvəl özünüzə sual verin «Mən bu həqiqəti həqiqətən də
bilmək istəyirəmmi?». Bir məşhur yazıçı demiş: «Cavabıyla nə edəcəyini
bilmirsənsə sual vermə». Yuxarıda dediklərimiz ittiham irəli sürməyə
əsas vermir, bunlar sadəcə siqnaldır ki, sizi aldatmasınlar. Yalanın
qurbanı olmaq istəmirsizsə bir-iki məsləhətə diqqət verin:
- Söhbət zamanı nisbətən hündür stulda oturun. İmkan yoxsa ayaq üstə
durub həmsöhbətinizdən hündür görünün. Bu şüuraltı səviyyədə qorxutma
siqnalı kimi qəbul edilir.
- Açıq pozada dayanın. Əl və ayaqlarınızı cütləməyin.
- Onun şəxsi ərazisinə soxulun. Yəni ona daha yaxın gəlin. Belə olduqda
o özünü narahat hiss etməyə başlayacaq.
- Onun jestlərini, duruşunu kopyalayın. Belə olanda ünsiyyət yaranır
və yalan demək çətinləşir.
- Sakit olun və emosiyalarınıza tam nəzarət edin. İnsanlar neqativ emosiyaları
aradan qaldırmaqdan ötrü yalan deməyə başlayırlar.
- Heç kimi ifşa etməyin, ittiham irəli sürməyin. Guya ki, eşitmədiz
deyən görkəm alıb bir daha soruşun. Onda siz yalançıya imkan yaradarsız
ki, həqiqəti deyə bilsin.