«Uşaq kimi olun, onda qurtularsız»

Bir neçə gündü dünya Fransa
prezidenti Sarkozi ilə bağlı xəbəri ləzzətlə müzakirə edir. Sarkozi
ölkədə yaşayan qaraçıları sürgün edəndən sonra katolik kilsə ilə araları
dəyib. Hətta kilsə prezidenti anafema, yəni kilsədən ayrılma ilə hədələyir.
Kilsə insan hüquqlarının müdafiəsinə qalxan zaman Sarkozi özünü görməməzliyə
və eştməməzliyə vurub. İş o yerə çatıb ki, Sen-Marten kilsəsinin rahibi
d’Eskerm dualarının birində Tanrıdan Nikolya Sarkoziyə infarkt göndərməyi
xahiş edib.
Dua etdiyi bəs deyilmiş, həmin keşiş bunu jurnalistlərə etiraf edib.
Hərəkətindən bir az peşmançılıq çəksə də 2 ayağını bir başmağa dirəyərək
Vətən qarşısında xidmətlərinə görə bir az əvvəl aldığı Milli ordeni
qaytararaq dilimizin koloritli ifadələriylə desək onu hökumətin başına
çırpıb. Günün əsas hissəsini dua etməkdə keçirən rahib üçün bu addım
ən qəddar və ən təsirli hərəkət sayıla bilər. Çünki duanın gücünü ondan
yaxşı kim bilər ki? Keşişlərin, rahiblərin, din xadimlərinin, mollaların
günü Allaha dua ilə keçər.
Tətbiqi sehr praktikası
İlk baxışda rahibin Tanrıya mesajı qarğış kimi də görünə bilərdi.
Amma qarğışı bir dəfə edirlər, duanı isə davamlı surətdə. «Duanın gücü»
ifadəsi sadəcə gözəl söz birləşməsi deyil, o, həqiqətən də kömək etmək
qüdrətindədir. Tarix boyu dəfələrlə ölümcül xəstənin yatağı qarşısında
dua edənlərin sehri gözləriylə gördüyü anlar olub. İnsan həyatında da
belə sehirli məqamlar olur ki, dilindən çıxmağı ilə çin olmağı bir olur.
Belə anlarda insanlar, xüsusilə də Allahı danan, ilahi qüvvələrə inanmayanlar
hansısa çox güclü və anlaşılmayan bir qüvvə ilə üz-üzə olduğunu anlayır.
Ocaqların sirri hələ ki, açılmayıb
Duanın gücünü ölçmək istəyi ilə ABŞ-ın İndiana ştatı Universitetinin
professoru dinşünas alim Kendi Günter Braun başda olmaqda tədqiqat qrupu
təcrübələr aparıb. Təcrübə altında olanlar üçün şəfa verici amil onların
yaxınları və qohumlarının duaları tətbiq edilib. Çünki xəstə üçün əksər
hallarda elə onlar dua edirlər. Təcrübələr Mozambik və Braziliyada aparılıb.
Təcrübə altında olan 25 nəfərdən 14-ü eşitmə ilə problemi olduğunu deyir,
11 nəfər isə kor idi. Nəticələrin dəqiq olması üçün alimlər audiometr
də işlədirdilər ki, tam əmin olsunlar. Nəticədə 2 nəfərin eşitmə qabliyyəti,
3 nəfərin isə görmə qabliyyəti gücləndi. Mozambikdən olan qadın əvvəl
deyirdi ki, kor olmasa da burnunun ucundan o yanı görə bilmir. Amma
dua edən şəxs əlini onun başına qoyub bir neçə dəqiqə dua edəndən sonra
o qarşısındakı əlin barmaqlarını saya bildi. Adətən belə nəticələri
alimlər o qədər də ciddi qəbul etmir. Amma onlar həmçinin kilsələrin,
məscidlərin, müqəddəs kitabların, abidələrin şəfaverici sehrini də izah
edə bilmirlər. Ümumiyyətlə elm belə sürüşkən məsələlərdə geri çəkilir,
ən cəsarətliləri isə xırda faktları etiraf etməklə kifayətlənirlər.
Elm pirlərdə, ocaqlarda dua etməklə sağalanları, niyyət edərək uğur
tapanları nə inkar edir, nə də təsdiqləyə bilir. 21-ci əsrdə, texnikanın,
elmin inkişafı yuksək olduqca belə yerlərə, yəni əl altında heç bir
alət, köməkçi element olmadan yalnız fikrin gücü ilə işləyən müqəddəs
yerlərə maraq və tələbat da artır. Bu yaxında «Yer üzündə 100 sehrli
yer» adlı kitab işıq üzü görüb. Burada insanların qədimdən bəri pənah
gətirdikləri yerlərin təsviri verilib. Minilliklər boyu insanlar buralara
gəlir və yalnız dua etməklə sözlərini Allaha çatdırırlar.
Ölümü geri çəkmək
İnsan hətta ölüm ayağında olanda da dua eləməkdən qalmır. Bəşər övladının
Allahdan dilədiyi ən ümdə arzu isə sağlamlıqla bağlıdır. İnsanlar ölməyi
sevmir, qorxur, bu günü mümkün qədər uzaqlaşdırmaq üçün durmadan dua
edirlər. Oqayo Universitetinin doktoru Donna Yunqun tədqiqatının nəticələrinə
inansaq insanlar müəyyən elədiyi tarixə qədər ölümü uzaqlaşdıra bilirlər.
Təcrübədə 300 min hadisə tədqiq edilib. Məlum olub ki, Milad bayramı,
Şükranlıq günü və pasientlərin ad günlərində ölümlərin sayı azalır.
4000 hadisədə isə ölüm sanki bir neçə gün geri çəkilib ki, arzlayanın
diləyi yerinə yetsin.
Dua bakteriyaları öldürür
Dua yüngülləşdirir. Dinindən, dilindən, irqindən asılı olmayaraq
insanın etdiyi dua onun təkcə cismini deyil, həm də ruhunu təmizləyir.
Duanın şəfalı keyfəiyyətini çoxdan kəşf ediblər. Amma tədqiqatlar nisbətən
cavandır. ABŞ-ın Şimali Karolina ştatının Hersoq Universitetində yerli
hospitalda 700 xəstə üçün dua etməyə bir neçə monax və müxtəlif din
nümayəndələri dəvət edilib. Nəticələrə görə dualar sayəsində pasientlərin
93 faizində nəzərə çarpacaq dərəcədə müsbət dəyişikliklər qeydə alınıb.
Dua xüsuilə ürək xəstələrinə daha yaxşı kömək edib. Dua təkcə insan
orqanizmində deyil, təbiətdə də müsbət dəyişikliklər edə bilir. Xüsusilə
də su duaya ən tez reaksiya verən ünsürdür. Sidq ürəkdən edilmiş dua
qızılı stafilakokk və bağırsaq çöpü kimi ziyanlı bakteriyaları sıradan
çıxara bilir. Duadan sonra suda bu bakteriyalar 100 dəfə azalırlar.
Uşaqlığımıza qayıdaqmı?
İndiədək insan beyninin fəaliyyətinin 3 əsas fazası olduğu
qəbul edilib: ayıqlıq, yavaş yuxu və tez yuxu. Hər fazanın da özünəməxsus
bioritmi var ki, bunu aparatlarla qeydə alıb fərqləndirmək olur. Dua
edən insanın beyninin ritmləri o qədər yavşıyır ki, 4-cü, yeni bir faza
haqqında danışmağa əsas verir. Təcrübələrdə seminaristlər, keşişlər,
katolik ksendzlər, müsəlmanlar, dzen-buddistlər, hind meditasiya ustalar
iştirak edib. Onlar dualarını pıçıldadıqca tədqiqatçılar onların beyninin
siqnallarını qeydə alırdılar. «Dualı ayıqlıq» adlanan 4-cü fazada beyin
demək olar ki, sönür. Bu artıq şüur üçün bədəndən kənarda yaşamaq imkanıdır.
Elektroentsefaloqramda belə görüntülər vardı: normal adamın beyni 8-30
qerts arası alfa və betta bioenerji şüalandırır. Dua edənlər zikr elədikcə
onların beyni 3 qertsə qədər enərək aşağı tezlikli şüalar buraxmağa
başladı. Bu tezliyi həkimlər «delta ritm» adlandır. Bu tezlik 2-3 aylıq
uşaqlarda müşahidə edilir. Bunu neyrofizioloji dilə çevirsək dua edənlər
sanki uşaqlıqlarına qayıdırlar. Dinindən asılı olmayaraq bu dua edənlərin
hamısının başına gəlir. İncildə belə bir cümlə var: Uşaqlar kimi olun
və siz qurtulacaqsız.
Ölməzdən əvvəl Allaha qovuşmaq
Məşhur tədqiqatçı Alen Bombar deyib ki, dənizdə fəlakətdən
sonra insanlar susuzluqdan, aclıqdan, ya da fırtınadan ölmürlər. Onlar
qorxudan ölürlər. Həmin alim qorxusunu ram eləmək üçün düz bir ay dənizin
ortasında yeməksiz, susuz taxta salın üstündə yaşayaraq öz qoxusuna
qalib gəldi. Bütün xəstəliklər, fəsadlar, bədbəxtliklər insanın ölüm
qorxusundan başına gəlir. Allaha inamı olan adamlar isə ölümdən qorxmur
onu labüd hal kimi qəbul edir, «Ölüm haqdır» deyib taleyini Yaradana
tapşırırlar. İnamı və İmanı olanlar dua edərək hələ ölməmişdən əvvəl
Allaha yaxın olurlar.
Xeyir və Şər bərabərləşməməlidir!
Müqəddəs Ramazan ayıdır. Hər gün hələ dan yeri qızarmamış
minlərlə adam yuxudan durub dua edir. Allahdan kimisi səbr, kimisi dözüm,
sağlamlıq, kimisi isə orucunun əvəzində dünya malı diləyir. Təmənnasız
dua edənlər daha çoxdur. Deyirlər ki, şəkərin suya qarışıb onu şirin
etdiyi kimi insan fikirləri də Kainata qarışıb ona tam verir. Həyatımızın
şirin, yoxsa acı olacağı fikirlərimizdən və etdiyimiz duaların mahiyyətindən
asılıdır. İndi Sarkozini infarkt vuracaq, ya yox, onu zaman göstərəcək.
Çünki bunu arzulayan keşişin duasına deportasiya olunmuş qaraçıların
da dualar qarışacaq. Təbiətdəki xeyir və şər tarazlığını pozmamağın
xətrinə Fransa prezidentinin köməyinə bir ağız dua edək. Deyirlər ki,
dünyada hər şeyin öz yerində olması üçün xeyir şərdən iki punkt artıq
olmalıdır. Xeyir və şər bərabərləşən gün müharibələr olur.