Dünyaların savaşı
Təbiətdə də gender problemi, manyaklar, zorakılıq, qətllər və hətta abortlar da olur
 
        Hamıya məlum statistika var, 
          adamlar cinayətlərlə çox maraqlanır. Görürsən ki, həyatda qarışqanı 
          tapdamağa ürək eləməyən bir adam üçün gecənin qaranlığında qanlı trillerə, 
          ya da dəhşət filmlərinə baxmaq bir növ istirahət kimidir. O, ekranın 
          qarşısında pürrəngi çayı buxarlandıraraq tum çırtlayır və tükü tərpənmədən 
          caninin necə baş kəsdiyinə ləzzətlə tamaşa edir. Bütün kütləvi informasiya 
          vasitələrində kriminal xəbərləri ən çox oxunan bölmədir. Mədəniyyət 
          şöbəsinin işçisi xəbəri maraqlı etmək üçün baş sındıran zaman kriminal 
          müxbiri «bu gün zorlamanı verim, yoxsa bıçaqlanmanı» deyə fikirləşib 
          çoxsaylı xəbərlərdən seçim etməli olur. Cinayətlərə olan bu ehtiras 
          insanlarda hardandı? Bəziləri düşünür ki, bu ifrat dərəcədə pozulmuş 
          insan cəmiyyətinin təzahürləridir. Bu fikrin doğruluğunu sübuta yetirməkçün 
          təbiətə müraciət edək. Burada bütün sualların cavabı var.
           Sadizm, yoxsa həyat uğrunda mübarizə?
           İnsan sapmaları içərisində sadizm, yəni başqasına ağrı verməkdən 
          həzz almaq marağı nisbətən cavan cinayətlərdən sayılır. Markiz de Sad 
          bədii əsərlərində ağrılı, qanlı, hətta ölümlə nəticələnən seksuual səhnələri 
          təsvir edəndən sonra insanlar elə bil ki, bunu gözləyirmiş kimi başqasının 
          ağrısından ləzzət almağa başladılar. Elə bil bundan sonra qurbanını 
          qaçırıb illər uzunu gizləyən, hər gün yemək yeyirmiş kimi eyni saatda 
          ona əziyyət verib, qan çıxarıb sonra yenidən onu otaqda bağlayan zorakılar 
          əmələ gəlməyə başladı. Bəyəm Markiz de Sad «Gülyetta»sını yazana qədər 
          cəmiyyətdə belə hadisələr olmurdu?
          Məktubların birində Darvin etiraf edir ki, ixnevmonid adlı canlının 
          həyat tərzini öyrənəndən sonra ürəyində Allahın rəhmdilliliyi barədə 
          şübhələri əmələ gəlməyə başlayıb. Bu heyvanlar başqa canlının bədənində 
          inkişaf edərək, onu içəridən yeyərək artıb törəyirlər. Zərqanadlı fəsiləsindən 
          onlan bu həşəratlar sadist həyat tərzi sürürlər. Onlar yumurtalarını 
          soxulcan, yaxud hörümçəyin bədəninə qoymazdan əvvəl onun əsəb sinirlərini 
          iflic edir. Az sonra yumurtadan çıxmış surfələr hələ yaşayan bədənin 
          orqanlarını içəridən yeməyə başlayır. Amma onlar əvvəl nistəbətən az 
          lazımlı orqandan başlayır ki, «yemək» boyat olmasın, ya da ölüb süfrələrini 
          murdarlamasın. Əvvəl piy qatı, əzələlər, mədə-bağırsaq və cinsi orqanlan 
          yeyilir. Zəbt edilmiş canlının ən vacib orqanların yeyilməsi axıra saxlanır 
          ki, o ölməsin. Sonra bu heyvan hələ ölməmiş onun bədənindən sürfələr 
          dərisini deşib bayıra çıxır və müstəqil həyata başlayırlar. 
           Şir parçalamaq, ceyran qaçmaq üçündür
           Deyə bilərsiz ki, bu qəddarlıq yox, yaşamaq uğrunda mübarizədir. 
          Məsələn şir öz şikarını qəddar olduğuna görə yox, yemək istədiyinə görə 
          parçalayır. Onun tükürpədici dizaynlı dişləri şikarı qorxutmaq yox, 
          yemək üçündür. İnsan şirin iti dişlərini görən kimi özünü şikar kimi 
          hiss edərək tir-tir əsməyə başlayır. Amma həmin insan orxideya gülünü 
          görəndə qorxu keçirmir. Çünki onun görkəmi göz oxşayandır. Amma orxideyaların 
          bəzi növləri var ki, nəinki şir, hətta ən məkrli insanlar ona həsəb 
          apara bilər. Orxideyalar özlərini heyvanlara bənzətməyi sevir. Xüsusilə 
          də bayaq adını çəkdiyimiz qəddar sürfələrin şikarı olan hörümçəklərə. 
          Sadist sürfələr çiçəkləri hörümçəyə bənzədərək ona hücum edir və nəticədə 
          orxideyanın istədiyi kimi gülün tozlandırılmasına xidmət edirlər. İnsan 
          dilinə çevirsək orxideya sadist sürfələrin bu zəifliyindən öz xeyrinə 
          istifadə edir. 
          Əslində normal, ağlı başı yerində olan bioloqun təbiəti xeyirxah və 
          qəddarlara bölmək heç ağlına da gəlməz. Burda bir qanun işləyir, bu 
          da evolyusiyaya, təkamülə xidmət edir. Təkamül nəzəriyyəsi öncəgörməlik 
          edir ki, qatil və onun qurbanının arasında bir vaxt Sovetlər və ABŞ 
          arasında gedən gizlin silahlanma kimi bir proses getməlidi. Bu ideyanı 
          rəhbər tutaraq indi viruslar və insan, insan və yadplanetlilər kimi 
          mövzularda filmlər yaranır. Məsələn, «Dünyaların müharibəsi» adlı filmi 
          seyr edənlər yadplanetlilərin insanları necə yeməsini, qanını torpağa 
          səpələməsini və onlara qarşı hes bir silah olmadığını filmin axırınacan 
          seyr edib bəlkə də ruh düşgünlüyünə düşə bilərdilər. «Həppi end» ə ümid 
          qalmamışdı. Amma filmin sonunda möhtəşəm texnikalı, kamil məxluqları 
          insan qanında yaşayan viruslar, toksinlər, gözəgörünməz canlılar məhv 
          elədi.
          
 
           Körpələr erkəklərin şəhvətinə qurban gedir 
           Qəddarlıq insanın kəşfi deyil. Təbiətdə infantisid adlı hadəsələr 
          bunu sübut edir. Təbiətdə olur ki, balası olan dişini əldə etməkçün 
          erkəklər başqa erkəkdən olan balaları öldürürlər. Məsələn, erkək şirlər 
          sürüdə hakimiyyəti ələ alandan sonra bütün dişilərin sahibin çevrilən 
          kimi əvvəlki başçının balalırınnı məhv edirlər. Necə deyərlər ilk qanlı 
          fərman körpələrin məhvinə yönəldilir. Yeni rəfiqə statusunu almış ana 
          şirlər bu prosesə mane ola bilmir. Bir növ kimi bu şirlərin ziyanınadır, 
          çünki sayları azalır. Amma uşaq qatilinin hesabına görə rəfiqələri balasız 
          qalan kimi yenədən balalamağa hazır olur. Gördüyünüz kimi təbii seçmə 
          nə əxlaq, əbəd qaydaları, nə də növün artması üçün çalışmır. O, simasız 
          təbii qüvvədir və heç kim onun qarşısında «konstitusiya»nı yelləyib 
          abrını ətəyinə bükə bilməz. Bala öldürmə təkcə yırtıcı heyvanlarda deyil, 
          həmişə xeyirxahlıq simvolu sayılan delfinlərdə də olur. Onlarla erkək 
          bircə balasını yanına salıb qaçmağa çalışan dişi delfini kilometrlərlə 
          təqib edə bilir. Nə qədər ki, dişinin balası sağdır, erkəklər sanki 
          bir nəfər kimi balanın məhvinə çalışırlar. Balanın didib dağıdandan 
          sonra öz aralarında rəqabət başlayır və cəmi bir erkək balası öldürülmüş 
          dişiyə yaxınlaşmağa haqq qazanır. 
           Təbiət mərhəmət tanımır
           Quşlar və məməlilər arasında isə öz bacı və qardaşlarını öldürmə, 
          sublisid halları çox yayılıb. Məsələn Afrika qara qartalının dişisi 
          əvvəldən 2 yumurta qoyur. Onlardan biri mütləq ehtiyat yumurta kimi 
          nəzərdə tutulub. Bu qartallar yumurtanı çıxarmağa 45 gün ərzində böyük 
          enerji sərf edirlər. Ona görə də onların 2 cücəni böyütməyə halları 
          qalmır. Yumurtalar bir-neçə gün intervalı ilə qoyulur ki, birincisi 
          şikəst olsa ikincinin yaşamaq şansı olsun. Böyük qardaş kiçiyinin yumurtanı 
          deşib çıxdığı zaman halı yaxşı olsa o qardaş, ya da bacısını dimdikləyərək 
          ata-anasının gözü qarşısında öldürür. Başqa quşlarda isə bu proses yemək 
          çatışmayan vaxtlarda ortaya çıxır.
          Təbiət çox qəddar ola bilir, yəqin olmalıdır da. İlan şikarını bir uduma 
          diri-diri içəri ötürməlidir, yırtıcı isə bir tullanışa şikarın ən zəif 
          yerini dişinə keçirməlidi. Canavarlarda bir-neçə cəhdə şikarını tuta 
          bilməyən fərdi sürü başçılığından uzaqlaşdırırlar. Hətta ona yeməyə 
          bir tikə də vermirlər. O, sürüdən uzaqda yaşamalıdır və ölməyə məhkumdur. 
          Şikarını bir zərbəyə öldürən heyvan bunu mərhəmət hissindən etmir. O 
          özünə yaralı olmağı icazə verə bilməz. İndi alacağı kiçik cızıq sonra 
          böyük problemə sevrilə bilər deyən o, dəqiq və sərt olmalıdır. Hətta 
          dilsiz-ağızsız görünən, özünü tikanlarla təminatlı hiss edən kirpi də 
          şikarını lap şirlər kimi ortadan yeməyə başlayır.
           Təbiətdə gender problemi
           İnsan cəmiyyətində cinayətlərin çox hissəsi cinsi zəmində 
          baş verir. İnsan xəyanəti bağışlamır, qısqanır, natatmamlıq komplksi 
          keçirir və həmişə də tərəf müqabili ilə elan edilməmiş müharibə aparır. 
          Təbiətdə isə bu gələcək nəslin böyüdülməsində dişi və erkəklərin rolu 
          ilə bağlı olur. Erkək trilyon spermatozoid istehsal edib yüzlərlə dişini 
          mayalandıra bilər. Amma dişinin yumurta hüceyrələri məhduddur deyən 
          həmişə dişi reproduksiya potensialı defisit sayılır. Ona görə də daha 
          çox dişiyə qalib gəlmiş erkək və seçimində özünü ciddi aparmaq dişi 
          ən yaxşısı sayılır. Hətta hermofradit, yəni həm dişi, həm də erkək ola 
          bilən canlılarda erkək olmaq uğrunda çarpışma gedir. Zamanı çatanda 
          hamı penişini nümayiş edərək «qılınc davasını» çıxır və o birisinin 
          orqanın dişləyib dişi rolunda olmağa müqavimət göstərir. Belə komik 
          tamaşanı bioloqlar həvəslə izləməyi sevir. Qalib erkək, məğlub isə dişi 
          olmalı olur. 
          Çox abırlı, hətta monoqam həyat sürən ördəklər adətən insan diliylə 
          desək evcanlı olurlar. Amma erkək ördəklər qonşunun «arvadı»nı zorlamaq 
          imkanını əldən verməz. Qonşu dişi ördəklərsə bacardığı kimi qorunmağa 
          çalışırlar. Cəmiyyətdə olduğu kimi təbiətdə də dişilər təcuvüzdən qorunmaq 
          üçün, ən yaxşı tərəf müqabilini seçmək üçün, zorakılığın qarşısını almaq 
          üçün tədbir tökməli olur. Məsələn, erkəyin penisi saat istiqamətində 
          burğu kimi qurulubsa dişi fərdlər saatın əks istiqamətində burğu yaratmaqla 
          zorakılığın qarşısını almağa çalışırlar. 
          Dişilərin seksual zəmində yırtıcılıq etmək adəti də var. Bəzi çəyitkələrdə, 
          hörümçəklərdə cinsi aktdan sonra, bəzən isə akt zamanı dişilər erkək 
          fərdi yeyir. Bu zaman erkək nəinki müqavimət göstərmir, bəzən dişinin 
          ağzına özü girir. Ömründə cəmi bir dəfə dişi ilə cütləşmək imkanı olduğundan 
          hörümçək üçün ardını yaşamağın mənası olmur. Amma dişini yedirməklə 
          hes olmasa gələcək nəslinin qayğısına qalmış olur. Erkəklər zorakılığı 
          çox vaxt həcmcə dişidən böyük olduqda edir. Məsələn hovuz qurdu deyilən 
          həşəratın erkəkləri cinsi akt zamanı özü suyun üstündə olub rahat nəfəs 
          aldığı daman dişini suyun altına basır ki, havasızlıqdan zəifləyib müqavimət 
          göstərməsin. Erkək aktı bitirəndən sonra da dişini nəfəs almağa buraxmır 
          ki, başqa erkəklər ona yan ala bilməsin. Ona görə də dalbadal bir neçə 
          akt dişini boğub öldürə də bilər. Buna müqavimət kimi dişi fərdlər zirehinin 
          üstündə zolaqlar yaradıblar ki, erkəklər ondan rahat yapışa bilməsin. 
          
           Heyvanlar sevməyəndə abort edir
           Təbiətdə olduğu kimi insan cəmiyyətində də sağ qalmağın əsas 
          yolu nəsil vermə olduğundan şüurlu surətdə nəsil öldürmə, yəni abort 
          yaxşı qəbul edilmir və bəzi ölkələrdə qadağan edilib. Amma təbiətdə 
          də abort hallar olur. Məsələn iynəbalığının xasiyyəti belədir ki, gələcək 
          nəsili də özü daşıyıb böyüdə, istəsə də ondan imtina edə bilər. Dəniz 
          atı, dəniz əjdahasında da nəsil bəsləmək zülmü erkəklərin boynundadır. 
          Amma cinsi əlaqədən hamilə qalan erkəyin seçim etmək şansı da var. O, 
          «arvadını» bəyənməsə prosesdən sonra öz-özünə abort edə bilir. Ona görə 
          də burada erkəklər Braziliya və Arqentina seriallarındakı kimi dişilər 
          tərəfindən nəinki zəbt edilir, üstəlik onların simpatiyasını da qazanmalı 
          olur ki, balaları çöldə qalmasın. Axı ideala rast gəlmək hər kişinin 
          qisməti deyil. İnsanlarda da elədir. Zəhlən getdiyin qadının uşaqlarını 
          da sevə bilmirsən, lap fırt eləyib burnundan düşsələr də. Kişilər uşaqlarının 
          anasını sevməlidir!
           Uşaqbazlıq, homoseksuallıq, qısqanclıq…
           Heyvanat aləmində, xüsusilə də həşəratlarda manyaklıq çox 
          tez-tez rast gəlinən hadisədir. Elə növ hörümçəklər var ki, təzəcə yumurtadan 
          çıxmış balaları güdüb imkan tapan kimi yuvaya cumurlar. Onlar hələ nəsil 
          verməyə hazır olmayan körpələri zorlayır və sonra qaçırlar. Həmin körpələr 
          sağ qalarsa yetkinlik yaşına çatan kimi artıq hamilə olur və zorakının 
          nəslini zorən davam etdirirlər. 
          Elə heyvanlar var ki, partnyorunun ürəyini almaq üçün çalaşmığı sevmir. 
          Onlar dişini qaçırdır və yuvasında bağlayırlar. Onu zorən nəsil artırmağa 
          məcbur edəndən sonra da rahat buraxmırlar. Cinsi orqanını xüsusi maddə 
          ilə elə qapayırlar ki, başqa erkəklər ona yaxın düşə də bilmir. Buna 
          qısqanclıq demək olarmı?
          Təbiətdə də homoseksual münasibətlər olur. Amma onları məsğərəyə qoyub 
          gülməyi sevən insan cəmiyyətindən fərqli olaraq təbiətdə canlılar Allahın 
          yazdığını pozmaq cəhdindən sonra məhv olurlar. Onlar nəinki nəsil verə 
          bilmir, hətta bir dəfə verilmiş həyatlarını da itirirlər. Axı heç kim 
          onlara cənnət və cəhənnəmi vəd verməyib.
          ***
          Yuxarıda deyilənlər cinayətlərin insan kəşfi olmadığını sübuta yetirsə 
          də heyvanat aləmindən çox aralanmış insanların hələ də cinayətə olan 
          meyllərini izah edə bilmir. Bəli, bizdə də zəifləri zorlayırlar. Amma 
          aktdan sonra özünü həşərat kimi aparmış kişiyə yalnız biz bəraət qazandırırıq, 
          qadını isə damğalayırıq. Qısqanclığından qadınını evdən bayıra buraxmayan 
          kişiyə «Nəslinin qayğısına qalır» deməyə adamın dili gəlmir. Biz də 
          qurdlardakı kimi qocalarımızı əldən düşəndən sonra qocalar evinə veririk. 
          Amma buna görə dövləti söymək artıq bizim kəşfimizdir. İnsan dırnağı 
          boyda həşəratın zorakılığa qarşı quraşdırdığı vasitələri tətbiq edə 
          bilsəydi zorlananlar olmazdı. Həşərat olmadığımızı qafamıza birtəhər 
          sığışdırsaydıq körpələri həyatın rənglərini görməmiş çirkinliyini görməyə 
          məhkum etməzdik. Bir-birimizin canına daraşmazdıq, sadizmdən, qandan, 
          göz yaşından ləzzət almazdıq. Onda «Mişar» adlı dəhşətli filmlərin serialı 
          çəkilməzdi. Təbiətdəki cinayətlərin siyahısnı öyrəndikcə hamı anlayardı 
          ki, onlar təkamülün çox aşağı səviyyəsindədir. Hətta insanın meymundan 
          yarandığını deyən Darvin özü bu prosesə neçə milyard, trilyard illər 
          sərf edildiyini dəqiq bilmir. Bu hesabla onların insan olacağına çox 
          var. İnsan geriyə addımlamasa, cinayətlərdən imtina edə bilsə biz heyvanat 
          aləmi ilə hansısa nöqtədə kəsişməməliyik. Heyvan üçün sadaladığımız 
          cinayətlər sağ qalmağın yoludur, insan üçün isə geriləmə.
            
Qadın baxışı