Atom silahı gücündə bikin
Cəmi 200 il əvəl qadınlar çimərlikdə uzun ətək və corablarda çimirdilər
 
        Bayırda termometr deyir, yox, 
          bəlkə də çığırır ki, istirahətə getmək lazımdı. Bütün qayğılara, problemlərə 
          tüpürüb narın quma sərələnməyin, buludların dilindən eksklüziv tərcümələr 
          etməyin, qumdan saraylar, qəsrlər tikib onları dalğalar yalayıb sökəndən 
          sonra şəhərdə sökülən evlərlə analogiyyalar aparmadan «Bu da keçəcək» 
          cümləsini ağıllı görkəmlə fikrindən keçirib həyatın necə də gözəl olduğunu 
          düşünməyin zamanı çatıb. Əlbəttə, bu ləzzətlərə qatılmaqdan əvvəl cəmi 
          bir cümləlik suala cavab vermək lazım gələcək: «Bəs mən dənizə nə geyəcəm?». 
          Necə edəsən ki, çimərlik kostyumu həm təzə, həm gözəl, həm yaraşan, 
          həm çatışmazlıqları örtən, həm də dəbə uyğun olsun. 
           Yaş paltar ən erotik məqam kimi
           Mütəxəssislər deyir ki, çimərlik kostyumunun tarixi 2 min 
          ildən artıqdır. Amma o vaxtlar bizim anlamımızdakı kimi kütləvi çimmək 
          ehtirası yox idi. Suya ya tamam çılpaq, ya da paltarla girirdilər. Ümumilikdə 
          çimmək rəiyyətin yalnız yuxusuna girə bilərdi. Sarayda isə padşahlar 
          süd gölündə istəsə çılpaq, istəsə paltarla çimə bilərdi. Qədim Romada 
          başdan keçirilən dairə şəkilli örtükdə çimərdilər. Bəzi qədim Roma freskalarında 
          qadınların bikiniyə bənzər paltarda çimmələri təsvir edilib. Qədim yunanlardan 
          başqa heç kim öz bədənini məmnuniyətlə açıb göstərmirdi. Roma imperiyası 
          dağılandan sonra suyla bağlı ictimai mərasimlər demək olar ki, 18-ci 
          əsrə qədər unuduldu. İnsanları suya öyrəşdirmək prosesi çox çətin gedirdi. 
          Çox vaxt sahildə oturan adamlar suya girməyə ürək eləmirdi, üzməkdən, 
          suya tullanmaqdan isə danışmaq lazım deyil. Kişi üçün yaş olmuş paltardan 
          qadın cizgilərini axtarmaq dövrün ən eriotik həyəcanı idi. Bu da çox 
          vaxt müəssər olmurdu, çünki kişi və qadınlar ayrı-ayrı çimirdilər. 
           Cəsarətli qadınlar ayaqyalın çimir
           Çimərlik kostyumununu dəbə uyğunlaşması tarixi Avropada 18-ci 
          əsrdən başlayıb. Bu, Fransada, İngiltərədə ictimai çimərliklərin əmələ 
          gəlməsiylə bağlı idi. O vaxtlar sahil iki yerə ayrılırdı, kişi və qadınların 
          çimməsi üçün nəzərdə tutulmuş hissələrə. Keçmişdə hətta ər və arvad 
          da bir yerdə çimə bilməzdi. Amma yanlarında ümumi uşaqları vardısa bu 
          yasaq götürülürdü. Bizim anlamımızdakı kimi çimmək də yox idi. Xanımlar 
          sahildə suyu şappıldadır, uzaqbaşı oturub üst-başlarını yaş edirdilər. 
          Bu zaman onların əynində guya ki, çimərlik kostyumuna bənzər bir şey 
          olurdu. Bu kostyum xanımı təpədən dırnağa kimi örtürdü. Açıq yeri bircə 
          başı qalırdı, onu da şlyapalar, ləçəklərlə bağlamalı olurdu. Kostyumun 
          əsasını korsaj, krinolin (paltarı şax saxlayan metal keçirilmiş alt 
          paltarı) təşkil etdiyindən o hələ ki, çox ağır idi. Başı da mütləq bağlamaq, 
          ayaqlara qalın corab və bağla dartılan dəri uzunboğaz çəkmə geymək də 
          lazım idi. Suya girəndə paltar qalxmasın deyən balaqlarına ağır predmetlər 
          bağlayırdılar. Bütün bunlar ona görə idi ki, birdən su qırağında xanım 
          özünə artıq hərəkət etməyi icazə versə təsadüfən ayaqları və saçı görünməsin. 
          Maraqlıdır ki, ballarda son dərəcə açıq-saçıq dekolte geymiş qadınları 
          qəbul edən cəmiyyət qadının dizinin görünməsini biabırçılıq sayırdı. 
          Qadınlar yalnız dəniz qırağında bəzəksiz istirahət etməyi özlərinə icazə 
          verirdilər. 
          Dəmir yolunun inkişafı ilə çimərlik mədəniyyəti çiçəklənməyə başladı. 
          Sudan uzaqda yaşayan insanlar çimmək üçün harasa getməyə, istirahətlərini 
          su ilə bağlamağa başladılar. Su prosedurları idman və sağlamlığın simvoluna 
          çevrildi. Dərzilər yüngülləşdirilmiş paltar modelləri təklif etməyə 
          başladı. Ən cəsarətli qadınlarsa ayaqyalın cimmək cəhdlərini etdilər. 
          Bu zaman kişilərin görkəmi də o qədər də ürək açan deyildi. Onlar göy, 
          ya da qırmızı-ağ zolaqlı dizəcən və dirsəyəcən bədənə yapışan trikolarda 
          lap sirk artistlərinə oxşayırdılar, ya da türmədən qaçmış cinayətkara 
          bənzəyirdilər. Qadınların geydiyi kombinezonlar suda hava şarı kimi 
          ufurulub şişər və çox gülməli görünərdi. 
          19-cu əsrdə üzgüçülük olimpiya oyunlarına daxil edildi və qadınlara 
          kişilərlə bərabər çimmək hüqüq verildi. Qadın da əlinə bəhanə düşən 
          kimi onu çimməyə qoymayan bütün artıq elementlərdən canını qurtardı. 
          «Şahzadə» adlandırılan kostyumlarda çimmək qəbul edilmişdi. O, bir-birinə 
          tikilmiş kofta və enli şaravardan ibarət idi. Abırlı xanımlar bunun 
          üstündən dizdən aşağı olan daha bir ətək də geyirdilər ki, bədəninin 
          xəttlərini gizlətsinlər. Ləçək, ya da həsir şlayapa hələ də kosyuma 
          daxil idi. 19-cu əsrdə üzgüsülük Olimpiya oyunları siyahısına düşəndən 
          sonra çimərlik dəbi sahəsində yeniliklər gündən–günə artmağa başladı. 
          Hətta demək olar ki, indiki üçbucaq şəkilli geyimi məişətimizə bədənlərinin 
          gözəl quruluşunu gizlətmək istəməyən üzgüçü kişilər daxil ediblər. 
Müharibələr qoyur ki…
          Bəziləri 20-ci əsri çimərlik inqilabı da adlandırır. Bu inqilabı heç 
          kim hiss eləmədi. Çünki daha böyük və rəhimsiz inqilab- bolşevik inqilabı 
          onu kölgədə qoydu. Ona görə də min il ərzində ilk dəfə qadının bədənini 
          açması məsələsi kölgədə qaldı. Hələ bilmək olmaz ki, gələcək kataklizmlərin 
          bu məsələyə nə dərəcədə dəxli var. Qanuna görə qadına bədəninin hissələrini 
          açmaq qadaban olunsa da çimərlik kostyumları gün-gündən balacalaşırdı. 
          1907-ci ildə avstriyalı üzgüçü qadın Aneta Kellerman çox açıq-saçıq 
          kostyum geydiyinə görə həbs edildi. Amma kostyumun balacalaşdırılma 
          prosesini artıq saxlamaq mümkün deyildi. Aneta Kellermanın geyimini 
          dünyanın minlərlə qadını təkrar etməyə başladı. Məhz Kellerman kino 
          trixində ilk dəfə çılpaq çəkilmək cəsarətində bulunub. 
          Dünya müşaribəsinə 1 il qalmış 1913-cü ildə ən cəsarətli qadınlar kişi 
          çimərlik kostyumuna bənzər zolaqlı kostyum geyməyə ürək elədi. İndi 
          hətta dərzilər də belə qadın geyimi tikməkdən imtina edirdi. Müharibədən 
          sonra çimmək son dərəcə dəbə mindi. İndi artıq piylərdən qurtulmaq problemi 
          aktuallaşırdı. Artıq keçən əsr boyu yığılmış piy və dəbdən düşmüş iri 
          sinə ilə vidalaşmaq lazım idi. Növbəti dünya müharibəsi qadınları yenə 
          də kişi paltarı geməyə məcbur etdi. Ona görə də müharibədən sonra hamı 
          Kristian Diorun oval formaları qaytarmış façonlarını çox həvəslə qəbul 
          etdi. 40 ildən sonra yenə də incə bel, böyük büst və yenidən iri çanaq 
          dəbli sayılırdı. Bu formaları almaq üçün işlədilər qubkadan, çaşkalardan 
          əlavələri nahaq yerə «pistolet» adlandırmırdılar ki…
          1920-ci ildən başlayaraq modelyerlər qol hissələrindən imtina etdilər. 
          Az sonra isə uzun pantelonlardan imtina edərək qadın ayaqlarına hava 
          görməyə imkan yaratdılar. Kostyumların hamar olması əsas götürülsə də 
          hələ ki, təbbi parçalar, çit, trikotaj işlədilirdi. Çünki sintetika 
          hələ ki, kəşf edilməmişdi. 
          20-ci əsrdə Koko Şanel idman kultu ilə bağlı çimərlik kostyumunda demək 
          olar ki, inqilab elədi. Qadınlar bu dəfə çox qısaldılmış kostyumu qəbul 
          etməkdə tərəddüd etmədilər. Çimərlik kostyumu balacalaşdıqca qadınların 
          qarnı hava üzü görməyə başladı.
          Hətta Salvador Dali də «dalikini» adlı kolleksiyasında çimərlik kostyumları 
          təklif edirdi. Adama elə gəlir ki, modelyerlərin başına hava gəlib. 
          Onlar mağazaya bikinidə getməyi, ərə gedəndə nikah mərasimində bikini 
          geyməyi təklif edirdilər. Hollevud prosesdən dala qalmamaq üçün ibtidai 
          icma quruluşundan seriya filmlər çəkir ki, burada aktrisalar incə bikinidə 
          dinozavrlarla döyüşür. Növbəti müharibə, Vyetnam müharibəsi yenə də 
          işə qarışdı. Müharibə əleyhinə çıxışlar, Ceyn Fonda və Anjela Devisin 
          iştirakı ilə çıxışlar az qala kostyumun yuxarı hissəsini ixtisara çalacaqdı. 
          Qadınlar etiraz əlaməti kimi lifçikləri çıxarıb tullayır, ən radikalları 
          Ağ Evin qarşısında onlardan tonqal qalayırdı. Sonra hippi hərəkatı vüsət 
          aldı və yenə də qadın sinəsi dəbdən düşdü. Axı «Çiçəklərin övladları»nın 
          cinsi olmaz. 80-ci illər qadına «vamp» obrazında qayıtdı. İndi dənizə 
          də parlaq kosmetika, çoxlu boyunbağıda gedirdilər. Bijuteriya maksimum, 
          kostyum isə minimum olmalı idi. Yalnız 20-ci əsrin sonu bütün formalarla 
          barışığa gəlib hər şeyi geyməyə icazə verdi. Deyəsən qadının özü kimi 
          olmağının zamanı gəlib. 
          
 
           Bəşəriyyət tarixində ən balaca kostyum
           1946-cı ildə dizayner Lüis Reardın Parisdə yeni kostyumu nümayiş 
          etməsini bu sahədə əsil inqilab adlandırırlar. Çimərlik kostyumu ABŞ-ın 
          atom çınaqları keçirdiyi bir adanın-Bikini adasının adı verilmişdi. 
          Bikininin bu dəfəki partlayışı bütün dünyanı ağzına aldı. Bəşəriyyət 
          tarixində insan kostyumu bu qədər balaca olmamışdı. Özü də hərbi şərait 
          parçada qənaətcil olmağa çağırırdı. Bəlkə də bu səbəbdən puritan cəmiyyət 
          bikinini belə rahatlıqla qəbul etdi. 40-cı illərdə ABŞ və Kanadada satılan 
          bikinilər bazarın 20 faizini təşkil edirdi. 
          Sakit okeanda narahat həyat keçirən adanın adına adlandırılan bu kostyum 
          bütün dünyanın rahatlığını əlindən aldı. Bikini artıq 60 illik yubileyini 
          qeyd edib. Deyirlər ki, onun yaranması seksual inqilbın ilkin mərhələlərindən 
          sayılır. Mini yubka və cins sonradan işə qoşulub. Onun «atası» avtomobil 
          mühəndisi olub. Anası ona qadın alt paltarları satan balaca dükanı miras 
          qoyub rəhmətə getmişdi. İndi biz bədəni örtməyə qadir olmayan nazik 
          çimərlik kosyumunda rahatcana gəziriksə o vaxtlar bu belə deyildi. Cəsarətli 
          modelyer yaratdıqlarını nümayiş etmək üçün «Mülen Ruj», «Kazino de Pari» 
          kimi ad çıxarmış yerlərdən striptizçi rəqqasələr dəvət etməli olmuşdu, 
          çünki normal modellər bu paltarları geyməkdən imtina edirdi. Nümayiş 
          Parisin mərkəzində Delini basseyni ətrafında oldu. Gözləri kəlləsinə 
          çıxmış fotoqrafların çəkdikləri fotolar bütün dünyanı gəzərək nifrət, 
          maraq, heyranlıq kimi ziddiyyətli düyğular oyatdı. Məsələyə kilsə də 
          qarışdı. Katolik ölkələrin bəziləri bikinini ölkəyə gətirməyə qadağa 
          qoydu. Yeniyetmə Merlin Manro, əfsanəvi Bricit Bardo bikinidə ekranlarda 
          görünəndə anlamaq olurdu, artıq yeni silah təcrübələri müvəffəqiyyətlə 
          keçib. 
          1960-cı cəsarətli addımlar ilində Rudi Genriç bazara monokini adlı mobel 
          çıxardı. İndi çimərlik kostyumunun yuxarı hissəsi də ixtisar edilmişdi. 
          Stilist Rudi Qeyrnrayx monokinini müdafiə edərək deyirdi: «Seksuallıq 
          insanın özündədir, geyimində yox». 
          1980-ci illərdə ilk strinqlər əmələ gəldi. Amerikada bir zolaq ipdən 
          sallanan çimərlik geyimləri dəbdə idi. Fransız modelyerləri parçaya 
          elastik laykra qatandan sonra çimərlk kostyumu hətta bədənin çatışmazlıqlarını 
          da ört-basdır etməyə qadir oldu. İlk müsəlman qadınının çimərlik kostyumunda 
          şəkli 2009-cu ildə yayılıb. 
          Çılpaq çimmək dəbi isə 20-ci əsrin əvvəllərində yaranıb. Anadangəlmə 
          çılpaqlıq və təbiət qanunlarına tabe olaraq yaşam tərzi – naturizm Almaniyada 
          yaranıb. 1903-cü ildən etibarən Almaniyada nudist çimərlikləri yaranıb. 
          Alman mayoru Hans Zuren «İnsan və Günəş» adlı kitabında günəş şüalarının 
          insanın bütün bədəninə dəyməsinin xeyrindən yazıb. Amma naturizm cərəyanının 
          qadınlar arasında tərəfdarları az olub. 
          1951-ci ildə model Miçelina Bernadini ilk dəfə bikinidə çıxış edir. 
          Bu ictimaiyyəti şoka salır. Dünya gözəli titulu uğrunda müsabiqədə isvesrəli 
          Kiki Hakanson səhnəyə bikinidə çıxanda isə İspaniya və İrlandiyi müsabiqədən 
          çıxacaqlarını deyib ultimatum vermişdilər. İndi gözəllik müsabiqələrində 
          çimərlik kostyumunda çıxmaq vacib mərhələlərdən biridir. 
Bikini aqressiyanın 
          qarşısını ala bilər
           Hazırda çimərlik kostyumu geyimdən çox bədənin bəzəyi kimi 
          qəbul edilir. Ona görə də hər qadının qarderobunda heç olmasa bir dəst 
          çimərlik kostyumu var. Çimərlik kostyumunun tarixi məntiqdən kənar bir 
          tarixdir, lap qadının özü kimi. O, qadna dəxli olan hər bir şey kimi 
          bəzən qorxulu, bəzən tədbirsiz, bəzən də səddləri aşıb keçə biləndir. 
          Neynəməli, aşıb-daşan kişi testosteronunun qarşısında necəsə dayanmaq 
          lazımdı axı! Alimlər deyir ki, cəmiyyətdə aqressiyanı doğuran əsas səbəblərdən 
          biri elə testosterondur. 20-ci əsrin öhdəsinə aqressiya o qədər düşüb 
          ki. Yaxşı ki, hansısa məqamda dizaynerlər anladı ki, kostyum sonsuzluğa 
          qədər balacalaşa bilməz. Bu məqamdan başlayaraq dizaynerlər rəng və 
          forma üzərində axtarışlar tərəfə yönəldilər. Nəticəsini görmək üçün 
          çox uzağa yox, Xəzər sahilində olan hər hansı çimərliyə getmək olar. 
          
           
Qadın baxışı