Bal ayı
Qədim instinktin öyrənilməsi prosesi
          Yaxud seksual inqilablar barədə düşüncələr
İnsan sevgidən başlayır. Onu anlamaqçün sevmək 
          lazımdı.
          Jan Qaver
          
 
           İndi cəmiyyətdə baş verən dəyişiklikləri müşahidə edib baş 
          bulayaraq «Deyəsən, seksual inqilab baş verəcək» deyirik. Danışanda 
          qızaran adamlar yoxa çıxdıqca, göbəyi bayırda gəzənlər artdıqca, qod-boyun 
          olub utanmadan adam arasında öpüşənlər normal hadisəyə çevrildikcə qorxularımızın 
          reallaşması fikriylə barışmalı oluruq. Seksual inqilab nədisə (məqsədim 
          terminin izahını və təsnifatını vermək deyil) əksəriyyətini qorxudur. 
          Bu məsələ ilə heç kim ciddi şəkildə məşğul olmaq fikrində deyil. Tarixçilər 
          sivilizasiyanın inkişafında neolit dövründə kənd təsərrüfatının çiçəklənməsini, 
          yaxud ötən əsrlərdə səneyenin inkişaf sürətinin zərgər dəqiqliyilə ölçurlər. 
          Amma heç kim demək istəmir ki, seksual inqilab daha vacib və nəticəsi 
          göz qabağında olan bir prosesdi. Ola bilər onlar da bizim kimi bu iki 
          kəlmənin adını tez-tez çəkmək istəmirlər.
Təbii olarsa utanmaq lazım deyil!
           Seksual inqilabı bizim dövrün məhsulu sayırlar. Sovet dövründə 
          sıfır səviyyəsində olan seks (bu ifadə xüsusilə gülünc səslənir, qırılardıq 
          ki?!) haqqında informasiyanının «gizli» fəaliyyətdən çıxıb qısa müddətdə 
          «inflyasiya» sürətiylə zirvəyə yüksəlməsinə adətən seksual inqilab deyirlər. 
          Mağazalarda ananın qızına koftanın ən qısasını, şalvarın ən darını seçməsi 
          inqilab deyil, bu mənəviyyatın xəstə dövrüdür. Konspirasiyadan çıxandan 
          sonra pornoqrafiya məşhur prinsiplə öz ayıbını örtməyə çalışdı: «Təbii 
          olarsa utanmaq lazım deyil!». Və tələsik cinsi münasibətləri bu kateqoriyaya 
          aid eləyib bəraət qazandırıb leqallaşdırdılar. Axı təbiidir…
           Utancaqlıq necə yarandı?
           İki nəfərin arasında baş verənlər gizləmək instiktinin tarixi 
          çox qədimdi. Əgdadlarımız (O dövrdə ki, milli dəyərlər adında anlayış 
          da yox idi. Yəni əncir yarpağının hələ dəbdə olduğu zamanlarda) ehtirasa 
          bulunanda gizli yer seçmək məcburiyyətindəydilər. Çünki beyinləri ehtirasdan 
          dumanlananda yırtıcıların, hətta yoldan keçək təsadüfi adamın da təcavüzünə 
          məruz qala bilərdilər. Bəlkə də utancaqlıq elə burdan yaranıb. Dal adlı 
          alimin tərtib elədiyi rus dilinin izahlı lüğətində o, utancaqlığı «vicdanın 
          zahiri təzahürü» kimi adlandırıb (məncə çox qəribə izahdır). Yer üzündə 
          müasir iqlimə oxşar hava şəraiti yerini aldıqdan sonra müxtəlif zamanlarda 
          dünyaya gəlmiş insan balalarından qışın sonunda doğulub gələn ilə qədər 
          ayağa qalxan uşaqlar məhv olmurdu. Ona görə də fərz eləmək olar ki, 
          insanlar may ayında vurulurdu ki, gələn qışın sonunda, yəni fevral ayında 
          uşaq dünyaya gətirsin. Üzü yaza doğulan uşağın sağ qalmaq şansı çox 
          olurdu. May ayında sevişmək bir növ sevgi qrafikinə uyğun yaşamaq kimi 
          insanların təbii instinktinə çevrilmişdi. Sonradan sivilizasiyanın (ev-eşik, 
          od, geyim və s.) yaratdığı süni mühit qrafikdən kənar doğulan çağalara 
          da yaşamaq şansı verdi. Odur ki, sivilizasiyanın artım sürəti qrafikdən 
          kənar sevgilərin doğulmasına təkan verir. İndi deyəcəksiz ki, sevginin 
          seksə nə dəxli var. Mən anlayışları səhv salmıram. Düşünürəm ki, qədim 
          insanlar sevgidən başqa bir hiss tanımayıblar. Bunu alimlər də təsdiqləyir, 
          3 milyon il əvvəl yaşamış avstralopitik adlandırılan qədim insanlar 
          500 kubik beyin həcminə baxmayaraq sevgiyə bənzər hisslər yaşayırdılar. 
          Ola bilər ki, seks desəydik onlar oturub gözünü döyərdi. Necə ki, müasir 
          insan sevgi sözünü eşidəndə beynində uyğun anlayışlar axtararaq oturub 
          gözlərini döyür. 
          
 
           Sevgi qrafikindən kənar
           Beləliklə yaşayış yerinin kosfortu artdıqca bir aylıq sevgi 
          «bal ayı» uzanaraq «sevgi ilinə» çevrildi. Əgər səhv eləmirəmsə may 
          ayında yığılan bal da ən keyfiyyətlisi olur. Bal ayında mağarasından 
          çıxıb bal yeyərək sevişən qədim insanları rahat buraxıb bu günümüzə 
          qayıdaq. Sevgi qrafiki genişləndikgə təbii ki, uşaqlar da ilin hər vaxtı 
          dünyaya gələ bilirdi. Fərz olunur ki, qrafikdən kənar doğulanlar bioloji 
          keyfiyyətlərinə görə fevral uşaqlarından zəif olmalıydı. Amma insanın 
          hər şəraitə uyğunlaşma qabliyyəti nəslin kəsilməyinə imkan vermədi. 
          Belə olmasaydı indi seksual inqilablar eləməyə adam tapılmazdı. Amma 
          alimlər deyir ki, sivilizasiyanın tarixi nisbətən az olduğuna görə fevral 
          uşaqlarının üstünlüyü indiyədək qalır. 10 Avropa ölkəsində aparılan 
          demoqrafik sənədlər də bunu sübut eləyir. 
          Fərziyyənin xeyrinə, onu dolayısı yolla sübut eləyən başqa həqiqətlər 
          də var. Məsələn, təzə evlənənlərin ilk ayını «bal ayı» dalandırırlar. 
          Birlikdə yaşanan hisslərin ən gözəl dövrü ola bilər ki, qədim instinklərin 
          ən-sədasıdır. O vaxtlar sevgi məsələsinə cəmi bir ay ayrılırdı. Bu müddətdə 
          həm tədris məsələsini (sevgi texnikasını təkmilləşdirməyə bir ay çox 
          azdı), həm də nəsil artırmanı çatdırmaq lazım idi. Sevgi ayının məhz 
          may ayı olmasını isə mahnılar sübut eləyir. May ayına o qədər lirik 
          mahnılar yazılıb ki… Amma bu ayda zorlamaların da qədəri artır.
           Axmaqlar evlənir, ağıllılar isə ərə gedir
           Çox guman ki, qadın orqanizmi də cəmi bir ay nəsil artırmaya 
          hazır olub. Cinsi fəallığın sərhədlərini genişləndirdikcə təbiət məcbur 
          olur qadın orqanizmini dəyişdirmək istəmədi. Sadəcə cəmi bir ay sürən 
          sikli sonra bir də işə saldı. Daha sonra bir də, bir də… Beləliklə sikl 
          bu günki kimi fasiləsiz işləməyə başladı. 
          Bal ayı bal ilinə keçəndən sonra daha bir problem də ortaya çıxdı. İndi 
          il boyu seksə hazır kişilər üçün qadın qıtlığı əmələ gəldi. Çünki qadınların 
          bir hissəsi «dekretə» çıxmışdı, daha bu rola yaramırdı. Bax, tarixin 
          bu məqamında ən qədim peşə belə yarandı. Latıncadan «ləkələnmiş», «pozulmuş», 
          «rüsvay olunmuş» kimi tərcümə olunan və nankor nəslin fəhişə adlandırdığı 
          qadınlar yaranan prolemin həlli ilə məşğul oldular. Elə bilməyin ki, 
          bal ilinə keçmək kişilərin də xeyrinə işlədi. Sevdiyi qadınla evlənib, 
          uşaq dünyaya gətirib cavan, qüvvətli kişilərin qadınına marağını itirməsini 
          təsdiqləyən minlərlə sübut var. Bu barədə psixoloqlar tez-tez yazır. 
          Uşağın 2 yaşı tamam olan ərəfədə kişi arvadından elə bil ki, üz döndərir. 
          Səbəbini yenə də tarixdə axtaraq. O vaxtlar kəbin, ya da nigah kağızı 
          birləşdirməyəndə, pasportda möhir olmayanda iki nəfəri uzun müddətə 
          bir-birinə bağlayan cəmi bir məqam vardı. Bal ayından sonra dünyaya 
          gəlmiş uşağı ayağa qaldırıb müstəqil olanacan yedirib içirmək lazım 
          idi. Antropoloqlar deyir ki, qədim valideynin üstündən bu yük elə uşaq 
          2-3 yaşına çatanda götürülürdü. Sonra yeni sevgilər axtarışı başlanırdı. 
          Axı insan nəslinin artması kimi qlobal məsələ hələ də həll olunmamış 
          qalır və yəqin ki, qədim kişiləri çox narahat eləyirdi. Bu bioloji növlərin 
          yaşamında ən vacib məqamlardan biridir.
          Müasir ailələrdə qısa müddətə ayrılan insanlar bir-birini günahkar bilir, 
          taleyini lənətləyir. Amma iradlar ünvanına deyilməyib. Onlar sevginin 
          itdiyinə görə ayrılmır. Sevgi yoxa çıxır ki, onlar ayrılsın. Bəzən deyirlər 
          ki, axmaqlar evlənir, ağıllılar isə ərə gedir. Ağıllı adamlar deyir 
          ki, qadın çox şey istəyir, amma bir kişidən. Kişi isə bir şey istəyir, 
          amma çoxlu qadından. Neynək, insan nəslinin artması məsələsi bunu tələb 
          eləyir. 
           Kişilər öz xoşuyla vurulmur
           Bu yerində hər kəs soruşardı ki, «bəs bu prosesdə sevginin 
          rolu nədir?. Sevgi kimyavi, seks fiziki prosesdi». Sevgi fenomenini 
          izah eləmək lazım gələcək. Əlbəttə, axı sevgi olmasaydı da, nəsli davam 
          elətdirmək mümkündü. Hətta qarşılıqlı cinsi maraq olmasa da uşaq dünyaya 
          gələ bilər. Bioloji növlərin keyfiyyət məsələsini ön palana çəkən təbiət 
          hər kəsi qadınla mükafatlandırmırdı. Kişilərdən ən güclüsü, cəsarətlisi, 
          mübarizədə rəqibinə qalib gələ biləcək kişinin nəsil artırmaq şansı 
          olardı. (Təəssüflə bu cümləni keçmiş zamanda yazmalıyam. Bu gün artıq 
          belə deyil). Əgər hər kişinin bir qadını olsaydı kim öz sağlamlığını, 
          bəlkə də həyatını bu prosesə qurban verərdi. Bu da danılmaz faktdır 
          ki, kişilər öz xoşuyla vurulmur. Heyvanat aləmində erkəklər mübarizə 
          eləyir, dişilərsə seçir. Bəs insanlarda necə? Hə, bu da baxır Yer kürəsinin 
          hansı nöqtəsində. Hələ Russo yazırdı ki, sivilizasiyalı ölkələrdə kişilər 
          özləri də bilmədən seçim obyektinə çevrilir. Amma deyək ki, bu da təbiətin 
          qanunlarına uyğun prosesdi. Qadınlar kişiləri atalıq keyfiyyətlərinə 
          görə seçir. Nəticədə onsuz da insan nəsli qazanacaq. Əgər Russoya inansaq 
          doğulacaq uşağın keyfiyyəti iki turdan asılıdır. Birinci turda qadın 
          ətrafından bəyəndiyi bir-neçə kişini seçir. (Kişilərsə bu vaxt düşünür 
          ki, onlar seçir). Özləri də bilmədən birinci turdan keçmiş kişilər ikinci 
          turda atalıq uğrunda mübarizə eləyir. Nəticəsi həmişə yaxşı olur, yəni 
          dünyaya insan gəlir. 
           Bal ayına az qalıb
           Bu ta qədimdən bəri belə olub. Sivilizasiyanın işə qatışmasının 
          nəticələri də müxtəlifdi. Hardasa qadına təbii seçmədə imkan verməyiblər, 
          onun vurulmaq haqqını əlindən alıblar. Hardasa «gözəl qadın» kultu yaradıblar. 
          Ona görə də Avropa əlçatan qadınları heç olmasa görmək ümidiylə bura 
          axışan gəlmələrin əlindən bilmir ki, nə etsin. Bizim yerimizsə həmişəki 
          kimi ən rahat və ən problemsiz nöqtədədir. Burda hər şey var: zorla 
          ərə verilən, evləndirilən, bir-birini toy gecəsi danışdıran cavanlar 
          da, Braziliyi seriallarına baxıb kişilər uğrunda saç yolanlar, çimərlik 
          kostyumunda şəhərə çıxanlar da. Sivilizasiya buralara çoxdan gəlib çıxıb 
          və bizi artan sürətlə nəsil verməyə vadar eləyir. Yerimiz isti, çörəyimiz 
          bol. Təbiətə qarşı çıxmaq olmaz!
          İndi deyə bilərsiz ki, bütün bunları niyə yazırsan ki? Bir təqvimə baxın, 
          qabaqda may gəlir…
          
Qadın baxışı