Ali degeneratlar
Payızın axırlarında dəlilərin və dahilərin 
          sayı artır
          Qədim zamanlarda qələndər, yəni divanə və yazıq adamı incitmək günah 
          sayılırdı. Ondan qorxur və çəkinirdilər. Adi adamların ruhi qüvvələrinin 
          toparlamaqla çatdıqları yüksəkliyə divanələr daha asan çatdığından onları 
          Allaha daha yaxın sayırdılar. Divanənin öncəgörməlik bacarığını da bununla 
          izah edirdilər. Qələndərə adi adama icazə verilməyən hərəkətlər, sözlər 
          icazə verilirdi. 
          
 
           İmtiyazlı divanəlik
           Beləliklə, sakral mənada divanəlik imtiyazlı sayılırdı. Ruhi 
          xəstə isə xüsusi hüquqlar və imkanlar alırdı. Cəmiyyətin divanələrə 
          belə münasibəti 19-cü əsrə qədər qalırdı. 1864-cü ildə italyan psixiatrı 
          Çezaro Lambrozonun «Dahilik və dəlilik» kitabı işıq üzü görən kimi bu 
          birdən hamının bəyəndiyi və danışmaq istədiyi mövzua çevrildi. Kitabda 
          şairlərin, rəssamların, alim və sərkərdələrin, tarixin gedişində rolu 
          olmuş şəxsiyyətlərin ruhi xəstə olmasına dair danılmaz faktlar verilirdi. 
          O, dahi dəliləri «Degeneres superieures» yəni ali deqeneratlar adlandırırdı. 
          Onun fikrincə yaradıcılıq imkanlarının açılması da dəlilik kimi gizli 
          epilepsiya əlamətləridir. Bu fikir 19-cu əsr üçün inqilabi yanaşma idi. 
          Bu kitabdan sonra dahilik və dəlilik maraqla tədqiq edilən mövzulardan 
          birinə çevrildi. 
           Ağıldankəmlik qadın üçün normadır
           Alman psixiatrı və nevropotoloqu Paul Myobius bir az da irəliləyərək 
          yeni janr «psixatrik bioqrafiya» janrını yaratdı. Janrı patoqrafiya 
          adlandırdılar. Gözəl yazı qabliyyəti olan bu alim özündən sonra Şuman, 
          Russo, Şopenqauer kimi görkəmli şəxsiyyətlərin maraqlı patoqrafiyasını 
          qoyub getdi. Onun fikrincə ağıldankəmlik qadın üçün adi, normal vəziyyətdir. 
          Yəqin həmin baxışları bölüşən müasirlərimiz qadın və dahiliyin bir araya 
          sığmadığını təkid edir. 
          Yaranan yeni janr inkişaf edərək elmi tədqiqatın bir qoluna çevrildi. 
          Demək olar ki, bütün məşhurların həyatı detallarıyla araşdırılmağı başlandı. 
          Bu da artıq həyatda olmayan adamlara qəribə diaqnozlar qoymağa imkan 
          verdi. 20-ci əsrdə Emil Kreplin və Kurt Şnayderin araşdırmaları seçilir. 
          Ernst Kreçmerin «İnsan bədəni və həyatı» adlı kitabının bir fəsiləsi 
          «Dahi adamlar» adlanır. Bu alim bədən quruluşu və psixi durum arasında 
          əlaqələri tədqiq edib. Ziqmund Freydin psixoanalizi bu araşdırmaların 
          davamı və zirvəsi olaraq bir çox adamların bioqrafiyasına işıq saldı. 
          O, «pasientlər» barədə fikir yürüdərkən onların həyatını yox, əsərlərini 
          araşdırmağa üstünlük verirdi. Nəticədə «Çar Edip»i yazdığına görə Safoklda, 
          eləcə də Şekspirin «Hamlet»ində, hətta Dostoyevskinin «Karamazov qardaşları» 
          əsərlərində edip kompleksi (yəni öz anasıyla cinsi əlaqə arzusu) üzə 
          çıxdı. Bu xətt daha maraqlı göründü və demək olar ki, bütün yazıçı və 
          şairlər öz qəhrəmanlarının diliylə «etiraf» etmiş kimi psixoanalitiklərin 
          qəbul otağına yazılmış oldular. Vilhelm Lanqe-Ayxbaumun 1928-ci ildə 
          yazdığı «Dahilik, dəlilik və şöhrət» adlı kitabı patoqrafinın ensiklopediyası 
          sayılır. İlk nəşrdə 500, sonrakı nəşrdə isə bir neçə min adamın bioqrafiyası 
          dəqiq təhlil edilir. 
           Hal əhlinin ekstazı
           Dahalik və dəlilik problemi asan məsələ deyil. Biz sevdiyimiz, 
          bəyəndiyimiz adamların yaratdıqlarını sevə-sevə oxuduğumuz vaxt onların 
          həyatda izaholunmaz hərəkətlər etdiyinə inanmaq da istəmirik. Psixiatrlar 
          onları dəlilik adıyla araşdıranda da daxili müqavimət göstəririk. Dəliliyin 
          adilikdən ayrılması prosesi çoxdan başlayıb. Əvvəlcə din ruhi natarazlığa 
          diqqət nəzərini ayırmışdı. Dəlilkdə biz ən birinci şüurun dəyişilmiş 
          vəziyyətini görürük. Bəzən bizdə buna hal əhli də deyilir. Narkomanlar 
          da bu termini çox işlədir. Özündən, bədənindən qopma halları demək olar 
          ki, bütün dini praktikalarda var: dini ekstaz, dərvişlərin rəqsləri, 
          krişnaidlərin meditasiyası və s. Ezoterik ədəbiyyat təlimlərində belə 
          trans vəziyyətə çatmağın yolları çox aydın şərh edilir. Amma demək olar 
          ki, heç kim bu trans vəziyyətində aldığı ləzzəti təsvir etmir. Bədənin 
          hakimiyyətindən qurtulma anları sənətkarların ilham zamanı yaşadığı 
          vəziyyətə də çox oxşayır. 
          Mən hamı kimi deyiləm!
           Ruhi xəstə adam cəmiyyətə nisbətdə həmişə haşiyədədir. Belə 
          təcrid edilmiş status ona özünü hamı kimi aparmamağa icazə verir və 
          o, yalqızlıq statusunu alır. Belə davranış çoxlarını cəlb edir. Həşiyəyə 
          çıxa bilmiş şəxsiyyət «Mən hamı kimi deyiləm» düşünərək hamıya bənzəmədiyindən 
          ləzzət alır. Amma bu azadlığın haqqı yüksəkdir və sosial məhdudiyyətlərlə 
          çəpərlənib. Bu diaqnoz hərbi və əmək mükəlləfiyyətindən azad edir, cinayət 
          zamanı türmədə yatmaqdan xilas edir. Bu baxımdan dini ya da bədii ekstaz 
          vəziyyətinə görə sənətkarlara və müqəddəslərə bənzədilən divanəlik çox 
          cəzbedici görünür. Belə azadlığı hər kəs arzulaya bilər. Ona görə də 
          divanəlik get-gedə adiləşərək dəhşətli, qorxulu, vahiməli olmaqdansa 
          az qala gündəlik davranışa çevrildi. Hətta ağlı-başı yerində olan sənətkarlar 
          da dəvanəliyi imitasiya etməyə başladılar. Bu bir növ həyat stilinə 
          çevrildi. Məsələn, rəssam Salvador Dalinin həyat tərzini və hoqqabazlağını 
          xatırlamaq kifayətdi. O özünə küçədə lüt qaçmağı da icazə verirdi. Sənət 
          bazarında «Dəlilk dəbi» başladı və bu «mal» ən çox axtarılan və alınana 
          sevrildi. Psixoanalitiklərin də çörəyi burdan çıxır deyən 20-ci əsrdə 
          işləri çox yaxşı getməyə başladı. İndi ən adi adamların da ailə həkimi 
          və vəkili olduğu kimi ailə psixoloqu da var ki, onları havalanmağa qoymur. 
          Farmokologiya da bu sahədə öz işini gördü. Dərmanların hesabına divanəlik 
          artıq o qədər də dramatik görünmür. İndi divanələr də adi adamlar kimi 
          karyera qurub cəmiyyətin sıravi üzvləri kimi yaşaya bilirlər. Necə deyərək 
          dəlilik adiləşdi. Osip Mandelştam «Mühasibim haqda» essesində yazır: 
          «Biz divanələrdən absolyut etinasızlığına görə çox hürkürük. Boşluğa 
          dikilmiş böyük gözləriylə sizə tərəf baxmayaraq, sizə ünvanlanmayan 
          nitqlərdə o, bunu üzünüzə deyir. Heç nəyi vecinə almayan adamdan qorxulu 
          nə ola bilər ki?» 
          
 
           Dəlicəsinə dahiyanə ləzzət
           Amma bununla belə dahilik fenomeninə aydınlıq hələ ki, gətirilməyib. 
          Dəliliyin bitdiyi və dahiliyn başladığı məqamı kimsə dəqiq tapa bilmir. 
          Onlar əgər dəlidirsə biz yaratdıqları əsərlərə necə heyran ola bilirik 
          axı? İsaak Levitan maniakal depressiv psixozdan, Karl Marks nevrastiniyadan, 
          Van Qoq epilepsiyadan, beyinin şişindən, maniakal-depressiv psixozdan, 
          şizofreniyadan, Aleksandr Düma hipomaniakal psixozdan, Onere de Balzak 
          isterik psixozdan, Aleksandr Blok epilepsiyadan, Ernest Xeminquey tsiklik 
          şizofreniyadan, Andersen nevrastiniya, bir qucaq fobiya və maniyalardan, 
          Mosart hipomaniakal psixoz və təqib maniyasından, Sezar və Nostradamus 
          epilepsiyadan, Moris Ravel sırtıqlıq sindromundan, Jan Batist Molyer 
          epilepsiyadan, Anri Matiss depressiya və yuxusuzluqdan, Şuman şizofreniyadan, 
          Conatan Svift divanəlikdən, Qarrinqton şizofreniyasından, Kardano paranoyadan 
          əziyyət çəkirdi. Biz özümüz də «çox yaxşı» anlamını dəlilik dərəcələriylə 
          aydınlaşdırırıq: «Dəhşətli dərəcədə gözəl», «O, dəlicəsinə sevirdi», 
          «O, məni dəli edəcək», «Dəlicəsinə dahilik», «Bu gözəl və dəli bir hərəkət 
          idi». Dəlilik sözü ləzzətin , heyrətin ən yüksək dərəcəsini bildirən 
          meyara çevrilib. Striptiz klubların daimi sakinləri bilir ki, təklif 
          edilən xidmətlər arasında «kreyzi menyu», yəni «dəli menyu» təklif edilir. 
          Əlbəttə, onlar müştərini dəli etmək fikrində deyil, ona dəlicəsinə ləzzət 
          almağı təklif edirlər. Biz normal qalaraq hisslərimizin başını buraxıb 
          emosional azadlaq ala bilmirik. Hətta adi adamlar da vaxtaşırı öz xoşuna, 
          ya da təsir altında dəlilik dərəcəsinə çatıb həyatın tamını çıxarası 
          olarlar. Bir qanunauyğunluq da var, biz nəyisə dəyişlirə bilməyəndə 
          onu özümüz üçün cəzbebedici edirik.
          Torpaqdan cücərən mopassanlar
           Məşhurların həyatndan bəzi kadrlar onların dahi , yaxud dəli 
          olması barədə fikirlərinizə aydınlıq gətirə bilər :
          Mopassanın sağlığında qəzetlər onun sağlamlığı barədə büllitenlər buraxırdı. 
          Amma bu yazıçının vecinə deyildi. Ona elə gəlirdi ki, duz onun kəllə 
          sümüyündə 3 dəlik açıb və onun beyin maddəsi ordan axıb yerə tökülür. 
          Əhvalı yerində olanda çubuğu yerə basdırıb «Gələn il burdan balaca mopassanlar 
          bitəcək» deyirdi. Hərdən özünü duzlu tərəvəz kimi təsəvvür edirdi. Təbii 
          ehtiyacını ödəmək üçün ayaqyoluna getməkdən özünü saxlayırdı, çünki 
          sidiyində brilyantlar olduğunda əmin idi və onları heç kimə vermək fikrində 
          deyildi. Onun beynini sifilis yeyirdi. O vaxtlar bogema üzvlərinin əksəriyyəti 
          - Şubert, Donisetti, Heyne, Nitşe bu xəstəlikdən əziyyət çəkirdi. Deyilənə 
          görə Mopassan hələ doğulanda xəstəliyə anasından yoluxub. Amma yüngül 
          qadınlara xüsusi marağı onu həmişə risk dairəsində saxlayırdı deyən 
          xəstəliyə kimdən yoluxduğunu da öyrənə bilməyəcəkdi. O, 27 yaşında xəstəliyi 
          barədə yazırdı: «Yaxşı ki, məndə sifilisdi. Zökəm yox, əsil xəstəlik. 
          Mən ona yoluxduğumla fəxr edirəm». Fəxr etdiyinə görə də müalicədən 
          imtina edirdi. Xəstəlik az keçmiş başağrıları, yuxusuzluq, depressiya, 
          hallisunasiya və göz xəstəliyinə də çevrildi. Arabir Mopassan anlayırd 
          ki, ağlını itirmək üzrədir və özünü öldürməyə cəhd edirdi. Vaxtaşırı 
          xəstəxanaya yerləşdirilən Mopassan 43 yaşında vəfat etdi. Onun xəstəlik 
          tarixcəsində sonuncu yazı belə idi: «Cənab Mopassan heyvana çevrilib…».
          Şair Afanisiy Fetin pissimistik qəmgin şeirləri bütün ədəbiyyat dərsliklərinə 
          salınır. O, bu şeirləri yazanda divanəlik onun başının üstündə Damokl 
          qılıncı kimi asılmışdı. Anası dəli olmuşdu, iki qardaşı və iki bacısı 
          da bu çətin taleyi bölüşmüşdü deyən o, hər dəqiqə dəli olacağını gözləyirdi. 
          Fet «sarı ev»ə salınacağı günün ağırlığıyla yaşayırdı. Həyatındakı ağır 
          hadisələr nəinki dəliliyə meylli, hətta adi adamı da havalandıra bilərdi. 
          14 yaşınacan o özünü zadəgan sayırdı. Oğulluğa götürüldüyünü bilən günü 
          onu ailədən qoparıb pansiona yerləşdirirlər. Sevgilisi Mariya Laziç 
          paltarına düşmüş şam qığılcımından yanmışdı. Ona miras qoyub kasıblıqdan 
          xilas edəcək yaxın qohumunun ölmündən sonra bütün pullar sirrli şəraitdə 
          yoxu çıxmışdı. Şairi ömrü boyu kədər boğurdu. O qədər həyatdan bezmişdi 
          ki, hamı ondan özünü öldürə biləcək əşyaları gizlədirdi. Ürək xəstəsi 
          olan Fet ömrünün sonuncu günü yazırdı: «Bilərəkdən əzabları artırmaqda 
          məna görmürəm. Könüllü olaraq qismətimə doğru gedirəm». Bu cümlələri 
          yazandan sonra əlini atıb kağız bıçağını qapdı ki, özünü öldürsün. Katib 
          əllərini kəssə də bıçağı onun əlindən ala bildi, amma bu fiziki gərginliyə 
          Fetin ürəyi dözmədi. Ömrü boyu dəlilikdən öləcəyini gözləyən şair infarkdan 
          öldü. 
          «Qoçaq əsgər Şveyko»nun yaradıcısı Yaroslav Qaşek öz qəhrəmanları kimi 
          içkiyə meylli idi. Praqada yüzdən artıq meyxanələr var ki, Qaşek buranın 
          daimi qonağı idi. Yaşayış yerini də yaxınlıqdakı pivə dükanına uyğun 
          seçərdi. Polis məntəqəsində onun belə bir yazısı vardı: «İçki olan yerlərin 
          əksəriyyətində olmuşam. Pivəni hər yerdə, şərabı isə arabir içmişəm. 
          Harasa dırmaşdığımı bilirəm, ola bilərdi ki, körpü fonarı idi. Amma 
          fonarın üstündə necə peyda olduğumu xatırlaya bilmirəm…». Yazıçı öz 
          yaratdığı qəhrəman kimi xeyirxah və şən deyildi. Onu ağır melanxolik 
          kimi, kobud və etinasız adam kimi xatırlayırlar. Yazıçının oğlu doğulanda 
          qaynana və qaynatası bunu bəhanə edərək münasibətləri səlqəyə salmaq 
          üçün barışığa gəlmişdilər. Qaşek pivəni bəhanə edərək evdən çıxdı və 
          bir neçə gün sonra qayıtdı. Müasir psixiatrlar ona «şəxsiyyətin spesifik 
          pozuntusu» diaqnozunu qoyardılar. Ölmündən əvvəl Qaşek ağır xəstə təssüratı 
          bağışlayırdı. Köklük, şişmiş sifət, təngənəfəslik bir yana burnundan 
          açılan qan fəvvarələri və yuxusuzluq da öz işini görürdü. Amma o, əvvəlki 
          kimi acı, duzlu, yağlı yeyir və üstündə pivə içirdi. Axır günlərində 
          heç tərpənə də bilmirdi. Ölümündən əvvəl bir qaşıq sıyıq udmaq onunçün 
          çox çətin məsələ idi. Amma özünə gələn kimi konyak tələb edirdi. Öləndə 
          40 yaşına bir neçə ay qalırdı. 
          Qoqolun dəliliyi gələndə «Ölü canlar»ın 2-ci cildini sobaya atıb yandırdı. 
          Şumanın divanəliyi 24 yaşında başlamışdı. 46 yaşında dünyasını dəyişəndə 
          əzablardan qurtuldu deyən dostları rahatlıqla nəfəs aldılar. Şillerin 
          masasının üstündə çürük alma olmasaydı şeir, ya da dramlardan bir cümlə 
          də yaza bilmirdi. Van Qoq öz sol qulağını kəsəndən sonra belə görkəmdə 
          avtoportretini çəkmişdi. Özünü qətlə yetirəndə cəmi 37 yaşı vardı. Emin 
          Zolya isə işinin yaxşı getməsi xətrinə özünü stula bağlayırdı. 
           ***
           Psixiatrların fikrincə payızın sonları ruhi xəstələrin halının 
          kəskinləşdiyi vaxtdı. Məhz belə zamanlarda dəlilərdən dahilərin doğulması 
          baş verir. Baramadan kəpənək çıxan kimi son payız dahilər yetişdirə 
          bilir. Deyəsən, yazı lap zamanında yazıldı…
Qadın baxışı