İnsan qəddarlığı
Təkamül adamı insan etdikcə qəddarlıqlar azalmır, yalnız formasını dəyişir
 
        İnsan təbiəti çox qəddardı. İnsanın bıçaq kimi dişləri, 
          caynaqları, yırtıcı heyvanlar kimi iti instinkləri olmasa da bəzən heyvandan 
          da qəddardır. Heyvanat aləmində hər şey aydındı. Orda özün kimisinə 
          hücum edirsənsə deməli təbiətinə uyğun davranırsan və rəqibinin də özünü 
          müdafiə etmək imkanı olur. Heyvanlar özündən zəifinə elə-belə hücum 
          etməz. Əgər onu yeməyəcəksə, şikarı deyilsə kef xətrinə, məzələnmək 
          xətrinə bu addımı atmaz. İnsan nifrətini içinə salanda da qəddarlıq 
          yaranır. Qəddarlıq qorxudan və gunahkarlıq hissindən də əmələ gələ bilir. 
          İnsan içindəki qorxularını gizlətdikcə qəddarlıq toplanır və nə vaxtsa, 
          nəzarət zəiflənən bir gün birisinin üstünə yağdırıla bilər. Deyirlər 
          ki, qəddarlıq realizə olunmamış ambisiyalardan, arzulardan, paxıllıqdan, 
          simiclikdən yaranır. Başqa canlı üzərində absolyut hakimiyyət duyğusu 
          maneəsizlik, sərhədsizlik illüziyası yaradır. Qəddarlıq bir növ mənəvi 
          şikəstlikdir. Bəşəriyyət tarixində insan qəddarlığına nümunələr sonsuzluq 
          qədər çoxdur. Qəribəsi odur ki, təkamül adamı insan etdikcə qəddarlıqlar 
          azalmır, yalnız formasını dəyişir. Bü mənada elm və texnikanın sürətli 
          inkişafıyla tarixdə iz qoyan 20-ci əsrdə baş verən insan qəddarlıqlarına 
          nümunələr maraqlı ola bilər:
           Yazıq pəltəklər
           1939-cu ildə ABŞ-ın Ayova universitetindən olan Uendel Conson 
          və onun aspirantı Meri Tüdor 22 uşağın iştirakıyla eksperiment keçirdi. 
          Uşaqları 2 hissəyə ayırdılar. Birinci qrupun üzvlərinin nitqini təriflədilər. 
          İkinci qrupun üzvləri isə əsil insan qəddarlığı ilə üzləşdi. Meri Tüdor 
          hər kəlmədə, hər cümlədə uşaqların sözünü kəsə-kəsə onların ən kiçik 
          nöqsanlarını da üzlərinə çırparaq xüsusilə acı ifadələr seçib deyirdi. 
          Sonda onları yazıq pəltəklər adlandırdı. Nəticədə ömründə nitqində qüsur 
          olmayan və təsadüfən 2-ci qrupa düşmüş uşaqlarda kəkələmələr başladı. 
          Dəhşətlisi olur ki, pəltəklik onlarda ömrünün sonuna kimi keçmədi. Bu 
          eksperimenti uzun müddət cəmiyyətdən gizləyirdilər ki «mütəxəssislərin» 
          adına xələl gəlməsin. Sonralar buna bənzər təcrübələr alman konslagerlərində 
          də keçirilirdi. Yalnız 2001-ci ildə Ayova universiteti təcrübələr nəticəsində 
          zərər çəkmişlərdən rəsmi şəkildə üzr istəyib.
           Elektroşok homoseksuallıqdan xilas edir?
           1970-1989-cu illərdə Cənubi Afrika Respublikasının ordusunda 
          hərbi sıraları homoseksallardan təmizləmə əməliyyatı keçirirdi. Elektroşokdan 
          tutmuş kimyavi axtalanmaya qədər hər vasitə işə salınmışdı. Qurbanların 
          dəqiq sayı bilinmir, amma hərbi həkimlərin dediyinə görə 1000 nəfərə 
          qədər hərbçi bu əməliyyata məruz qalıb. Hərbi psixiatrlar əmr almışdı 
          ki, mümkün vasitələrlə əsgər sıralarını təmizləsinlər. «Müalicəyə» yatmayanları 
          şok terapiyasına göndərir, harmonal dərmanlar içməyə məcbur edir, bəzən 
          cinsini dəyişmək əməliyyatlarına göndərirdilər. «Pasientlər» 16-dan 
          24 yaşa qədər cavanlar idi. Həmin əməliyyatın rəhbəri Obri Levin indi 
          Kanadada Kalqari universitetinin psixatriya professorudur və şəxsi təcrübə 
          ilə məşğuldur.
          
 
           Öz xoşuna məhkumlar və nəzarətçilər
           Stenfordda 1971-ci ildə keçirilmiş türmə eksperimenti planlaşdırılanda 
          iştirakçıların psixikasını pozacaq bir şey nəzərdə tutmurdu. Amma bu 
          təcrübənin nəticələri cəmiyyəti şoka saldı. Məşhur psixoloq Filipp Zimbardo 
          məhkum olunmuş və nəzarətçi rolunu ifa etməyə məcbur olmuş insanların 
          türmə şəritində davranışını öyrənmək istədi. Bununçün psixologiya fakultəsinin 
          zirzəmisini türmə kimi quraşdırdılar. Öz xoşuna iştirak edən 24 tələbəni 
          məhkumlar və nəzarətçilər qrupuna ayırdılar. Nəzərdə tutulmuşdu ki, 
          «məhkumlar» elə şəraitə salınacaq ki, şəxsiyyətin deqrodasiyası və tənəzzülü, 
          düşkünlüyünə gətirsin. Nəzarətçilərə isə bu barədə heç bir göstəriş 
          verilməmişdi. Əvvəl tələbələr nə edəcəyini bilmirdi. Amma təcrübənin 
          2-ci günü hər şey yerinə düşdü. «Məhkumlar»ın qiyamı amansızcasına yatırıldı. 
          Həmin andan hər iki qrupun davranışı tam dəyişdi. Nəzarətçilər xüsusi 
          münasibətlər sistemi yaratdılar ki, burda hər kəs yanındakı adama etibar 
          etməməli idi. Məhkumların birliyini sındarandan sonra onları idarə etmək 
          asandı. Nəzarətçilərə elə gəldi ki, yeni qiyamlar gözlənilir və qaydalar 
          bir az da qəddarlaşdı. Məhkumları hətta tualetdə də tək qoymurdular. 
          Nəticədə «məhkumlar» emosional pozuntular keçirməyə başladı, köməkçizlik 
          barədə fikirlər, depressiya yarandı. Az sonra türməyə «məhkumları» görməyə 
          «türmə keşişi» gəldi. Onlardan adını soruşanda ad əvəzinə nömrələrini 
          deyirdilər. «Türmədən necə çıxmağı düşünürsən?» sualı isə onları çaş-baş 
          qoyurdu. Eksperiment sübut etdi ki, «məhkumlar» öz rollarına elə giriblər 
          ki, əsil kimliklərini unudublar. Nəzarətçilərsə əksinə, bir neçə gün 
          əvvəl dostluq etdikləri adamlara qarşı sadistlik göstərməkdən ləzzət 
          alır və özlərini əsil türmə nəzarətçiləri kimi hiss edirdilər. Təcrübə 
          2 həftəlik nəzərdə tütülsa da onu 6 gündən sonra bitirmək məcburiyyətində 
          oldular. 
          Narkoman heyvanlar
           Bəzən insanların heyvanlar üzərində keçirdiyi təcrübələr sonra 
          milyonlarla insanın həyatını xilas edir deyən bunu qəddarlıq nümunəsi 
          kimi sadalamaq olmur. Amma bəzən bu təcrübələr bütün sərhədləri aşaraq 
          əsil qəddarlıq nümunəsinə çevrilir. 1969-cu ildə aparılmış eksperiment 
          insanın narkotik maddəyə alışması sürəti və dərəcəsini anlamaqda alimlərə 
          çox kömək etdi. Təcrübə siçovul və meymumlar üzərində aparılırdı. Heyvanlara 
          narkotikin dozasını bədənə yeritməyi öyrətdilər. Təcrübədə morfin, kokain, 
          kodein amfetamin kimi narkotiklər işlədilirdi. Heyvanlar müstəqil şəkildə 
          narkotik qəbul etməyi öyrənən kimi alimlər onlara bir qədər narkotik 
          qoyub kənara çəkildilər və təcrübəni müşahidə etməyə başladılar. Əvvəl 
          heyvanlar o qədər çaşdılar ki, özlərini ora-bura vurub qaçmaq cəhdləri 
          də etdilər. Onlar narkotik təsiri altında olduqlarından ağrı hiss etmir 
          deyən özlərini şikəst edirdilər. Kokain qəbul etmiş meymunlar qıc olur 
          və hallusinasiyalar görürdülər. Bədbəxt heyvanlar öz barmaqlarını qoparırdılar. 
          Amfetaminə oturmuş meymunlarsa tüklərini yolurdu. Kokain, morfindən 
          ibarət «kokteyl»i seçmiş meymunlar 2 həftə keçmiş ölürdülər. Bu təcrübə 
          narkotikin insana təsirini öyrənməkdə böyük irəliləyiş olsa da onu etik 
          normaları pozduğuna görə humanist adlandırmaq olmur. 
          Vicdan əzabı çəkmədən edilən hərəkətlər
           1924-cü ildə Karini Lendis Minnesot uniersitetində insan mimikasını 
          öyrənməyə başladı. Təcrübənin məqsədi sifətdə olan əzələ qruplarının 
          işini öyrənmək və emosiyalar üçün tipik olan mimikanı ortaya çıxarmaq 
          idi. Təcrübədə onun öz tələbələri iştirak edirdi. Təcrübə keçənlər güclü 
          emosiya doğuran hərəkətlər etməli, ammiyak iynəməli, caz dinləməli, 
          pornoqrafik şəkillərə baxmalı, əllərini qurbağa dolu vedrəyə salmalı 
          olurdular. Həmin an onların şəkli çəkilirdi. Alim sonda tələbələrindən 
          xahiş etdi ki, hərə bir siçanın başını kəssin. Əvvəl onlar siçanı öldürməkdən 
          imtina edirdilər. Bəziləri ağlayır, qışqırırdı. Amma sonra əksəriyyəti 
          siçanı öldürməyə razılaşdı. Dəhşətlisi o idi ki, ömründə bir qarışqa 
          tapdalamamış tələbələr bunu necə edəcəyini bilmirdi deyə heyvanları 
          çox incitdilər. Sonuncu eksperimentin nəticəsi əvvəlkilərindən qiymətli 
          oldu. Təcrübə altında olanların mimikasında eynilik tapılmasa da bu 
          təcrübə çübut etdi ki, insanlar avtoritet kimi qəbul etdiyi adımın əmrilə 
          heç vaxt etmədikləri hərəkəti vicdan əzabı çəkmədən etməyə qadirdilər. 
          
           Bütün qorxuların beşiyidir uşaqlıq
           Con Uotson psixologiyada qorxu və fobiyaları öyrənirdi. 1920-ci 
          ildə körpələr üzərində apardığı təcrübədə o heç vaxt qorxu doğurmamış 
          əşyaların qorxu mənbəyi kimi qavranılması məsələsini tədqiq edirdi. 
          9 aylıq Albert ağ siçandan qorxmur, hətta onunla oynayırdı. Bir ay ərzində 
          yetimxanadan götürülmüş uşağa ağ siçan, ağ dovşan, pambıq, və Santa 
          Klausun saqqalını göstərirdilər. 2 ay keçmiş Alberti xalçaya otuzdurub 
          ona siçanla oynamaq imkanı verdilər. Uşaq məmnuniyyətlə onunla oynayırdı. 
          Az sonra hər dəyə uşağın əli siçana toxunanda onun arxasında çəkiclə 
          dəmir parçasına vurub bərk səs çıxarırdılar. Bir neçə zərbədən sonra 
          Albert ağlamağa başladı. Bir həftə sonra təcrübə təkrarlananda Alber 
          siçanı görən kimi ağlamağa başlayırdı. 5 gün sonra məlum oldu ki, Albert 
          indi həm ağ dovşandan, pambıqdan və ağ saqqaldan da qorxub ağlayır. 
          Uotson burdan belə nəticə çıxardı ki, bütün qorxularımız uşaqlıqda formalaşır. 
          Təssüf ki, alim canına qorxu saldığı uşağın fobiyalarını da götürə bilmədi. 
          Albert ömrünün sonuna kimi ağdan qorxaraq yaşamalı oldu. 
          Köməksiz və yazıq
           1966-cı ildə Mark Seliqman və Stiv Mayer itlər üzərində seriya 
          təcrübələr apardı. İtləri 3 qrupa ayıraraq qəfəslərə saldılar. Bir qrupu 
          az sonra azad etdilər. İkinci qrupun itlərinə cərəyan buraxanda elə 
          imkan yaratdılar ki, içəridəki dəstəyi basmaqda ağrıdan qaçmaq olardı. 
          Üçüncü qrupa isə belə imkanı vermədilər. Ona görə də yazıq heyvanlara 
          ağrıya dözmək qalırdı. Nəticədə itlərdə yazıqlıq, köməksizlik reasiyası 
          yarandı və onlarda depressiya əlamətlər müşahidə edildi. Bir məddətdən 
          sonra itləri bayıra çıxarıb təcrübəni açıq havada davam etdikdə onlar 
          qaçmaq əvəzinə yenə də ağrıya dözməyi seçdilər. Alimlər düşünür ki, 
          insanların da stressə reaksiyası belədir. Onlar bir neçə uğursuzluqdan 
          sonra köməksiz və yazıq olurlar. Amma bu nəticəyə görə bu qədər iti 
          ingitməyə dəyərdimi?
          Əmrləri yerinə yetirməyə meylli insanlar
           1974-cü ildə Yel uqiversitetindən Stenli Milqremin apardığı 
          əcrübədə iki nəfər iştirak edir: guya müəllim və şagird. «Müəllimə» 
          əvvəlcədən deyilir ki, məqsəd informasianı yadda saxlamaq dərəcəsinin 
          ölçülməsidir. Əslində isə əmr almış insanın öz daxili normalarıyla necə 
          rəftar edəcəyi araşdırılır. «Şagirdi» kresloya bağlayırlar. Onlar hər 
          ikisi 45 voltluq elektrik zərbəsi alır. Sonra müəllim başqa otağa keçib 
          suallar verir. Ona deyilib ki, hər səhv cavabda düyməni basmalıdı və 
          şagirdi elektrik cərəyanı vurmalıdı. Əslində şagird rolunu oynayan aktyor 
          onu cərəyan vururmuş kimi aparır. Hər səhv cavabdan sonra müəllim cərəyanı 
          15 solt artırmalıdı. Cərəyan artdıqca aktyorun oyunu daha da dramatik 
          olur. Təcrübə 450 voltacan davam edir. Müəllim cərəyanı buraxmaqdan 
          imtina edən zaman ekstperiment aparanların səsəini eşidir və onlar bütün 
          məsuliyyti öz üzərinə götürdüklərini deyir. Nəticələr şoka salırdı. 
          Müəllimlərin 65 faizi «şagirdin» əziyyət çəkdiyini görə-görə 450 voltluq 
          cərəyanı verdi. Təcrübə keçən 40 nəfərdən biri də 300 volta qədər həddə 
          dayanmadı. Onlardan 26-sı cərəyanın son həddinə qədər təcrübəni davam 
          etdi. Bu tip təcrübələr sübut edir ki, insanlar ona edilən əmrləri yerinə 
          yetirməyə meyllidir. Ona əmr olunubsa üzərindən hər bir məsuliyyəti 
          ata bilir və başqasının əziyyətinə baxmayaraq əmri yerinə yetirir. Onlar 
          düşünür ki, səhv cavab verən «şagird» öz cəzasını layiqincə alıb. 
           Kimliyini bilməyəndə
           1965-ci ildə Kanadanın Kannipeq şəhərində doğulmuş 9 aylıq 
          körpə Bryus Reymeri həkimlərin məsləhətilə sünnət etdilər. Amma cərrahın 
          səhvi ucbatından oğlanın penisi zədələndi və uşaq şikəst oldu. Baltimor 
          universitetinin psixoloqu Con Mani valideynlərə məsləhət gördü ki, uşağın 
          cinsini dəyişdirsinlər. Nə qədər ki, böyüyüb görkəminə görə utanmağa 
          başlamayıb onu qız kimi böyütsünlər. Tezliklə Bryum Brendaya çevrildi 
          və yumurtaları kəsildi. Bədbəxt validenlər bilmirdi ki, onların uşağı 
          qəddar eksperimentin qurbanıdır. Con Mani çoxdan idi ki, sübut etməyə 
          çalışırdı ki, cinsi mənsubiyyət təbiətlə deyil, tərbiyə ilə formalaşır. 
          Vaxt keçdikcə valideynlər və müllimlər uşaqda ikili davranız və ətraf 
          mühiti qavramada haçalanma müşahidə edirdilər. Valideynlər bunu uşaqdan 
          gizlətdikləri üçün stress keçirirdi. Ona görə ata alkoqolik oldu, ana 
          isə özünü öldürməyə meylli psixi xəstəyə çevrildi. Yeniyetməlik zamanı 
          uşağa qadın harmonları verməyə başlayırlar ki, döşü çıxsın. Psixoloq 
          təkid edirdi ki, Brendaya qadın cinsi orqanları formalaşdıran əməliyyat 
          da edilməlidir. Bu sözü eşidən Bryus-Brenda hiddətlənir. O əməliyatdan 
          və psixiatrın yanına gəlməkdən də imtina edir. Özünü öldürmə cəhdləri 
          bir-birinin ardınca düzülür. Sonuncuda komaya düşəndən sonra o, yenidən 
          kişi görkəminə qayıtmaq uğrunda çalışmağa başlayır. O, adını dəyişərək 
          Devid olur, saçını qırxdırır və kişi paltarı geyir. Bədənini qaytarmaq 
          üçün bir neçə əməliyyat da olunur. Hətta evlənir və 3 uşağı oğlluğu 
          götürür. Amma bu əhvalatın sonunda heppi end olmur. Çünki ilk evliliyi 
          alınmayanda aradıyla boşanan devid 38 yaşında həyatına son qoyur. 
           ***
           İnsanlar təkamül nəticəsində sözlə öldürməyi də öyrəniblər. 
          Xəncər kimi deşən sözü rəqibinə yeridəndə fiziki və emosional cəhətdə 
          az enetji sərf edirsən, amma nəticəsi daha parlaq olur. Nədənsə insan 
          başqasını alçaldanda ləzzət hissi keçirir. Keçmişdə İNSAN gözü iftixarla 
          səslənirdi, indi isə həqarətlə.
Qadın baxışı