Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Dünyanı arzularımıza uyğun biçək

Pozitiv düşünənlərin həyatı da pozitiv olar
Təxminən bir il əvvəl «The Secret» adlı sənədli filminin ekrana çıxması və mətbuatın bu barədə araşdırma aparmasından sonra dünyada insanların təfəkküründə, şüurunda elə bil ki, inqilab baş verdi. Orda deyilirdi ki, fikir maddidir və düzgün arzulamağı bacarsaq bütün arzularımız reallaşa bilər. Amma nə istədiyini dəqiq bilmək və arzunun şəklini, ya təsvirini gözlərin qarşısında canlandırmağı bacarmaq lazımdı. İstəmədiyin şeylər barədə fikirlərdə ilişib qalmaq düzgün deyil. Alınsa, hər şey istədiyiniz kimi olacaq. Filmin yaradıcıları kitab versiyasını da hazırlayıblar. Bu kitab qısa müddətdə bestsellerə çevrilib.
Bir qədər nağıla bənzər üsulun bir mənfi cəhəti var. Vəziyyət bir az sürüşkən olan kimi, ya da deyilənlərdən bir şey alınmayanda hər şeyi sirli Kainatın, yaxud da Allahın, qismətin boynuna yıxırlar. Onsuz da alimlər həmişə deyib ki, pozitiv düşünün, onda hər şey okey olacaq. Amma niyəsini izah eləyən olmur. Araşdırmalar nəticəsində, əlbəttə ki, alimlərin araşdırmalarını nəzərdə tuturam, düz 4 film yarandı. Bu filmlərdəki ən yaxşı tapıntılarla bölüşmək istərdik.
Biz demək olar ki, heç nə görmürük
Hər şey sualdan başlayır: «Axı bu reallıq nə olan şeydi?». Həmən bu sual alimlərin də beyninə gəlib. Onlar da təmbəllik eləməyib məftillərini, qurğularını işə salıb beynində eşələnməyə icazə vermiş bir-iki həvəskar tapıb nəhayət ki, dəqiq rəqəmlər deyiblər. Sən demə insan beyni ətraf mühitdən hər saniyə 400 trilyon bit informasiya alır. Təsəvvür eləməyə, hələ bir müqayisə verib sizə də təsvir verməyə imkanım çatmaz. Amma qəbul elədiklərindən cəmi 2 min bit məlumat şüura çatır. Bu yerində insan adlanan məxluq haqqında bir-iki yağlı cümlə deyərdim. Bəzi atalar məsəlində işlədilən ifadələri – başı elə bil aşsüzəndi, ya da beynində küləklər əsir, bildiklərini tökə-tökə gəzir kimi ifadələrin hardan yaranması barədə fikirləri bir qırağa ataq. Yəni bir az mövzuya uyğun ciddi olmağa çalışaq. Atalar onu da deyir ki, sözü de, kimə lazımdı özü götürəcək. Arif adamlar hələ qırılıb qurtarmayıb.
Biz elə bil dünyada yaşayırıq ki, gözümüzlə gördüyümüz, eşitdiyimiz və qavradığımız aysberqin bir qırıq kəlləsi qədərdi. Amma beynimiz qənaətcil arvadlar kimi əlinə düşəni yığıb saxlayır, tullamır. Qəbul edilənlərdən bir qırığını anlasaq da qalanlarını səliqəylə yaddaşın dolablarında elə qablaşdırırıq ki, heç ruhumuz da incimir. Hələ ki, beynimdə bir «uborka» eləyim, sil-süpür aparım deyəni gözümlə görməmişəm. Elə bəlkə də ona görə deyilənlər bəzən bizə çox gec, zürafəyə çatan kimi haçandan-haçana çatır. Yəni ki, ölçüsündən və keyfiyyətindən asılı olmayaraq insan beyni dünyada hər şeyi bilir və hər şeydən də xəbəri var. Hətta deyərdim ki, bizim beyin ömrü boyu axtardığımız həqiqətləri bilir və bəlkə də kənardan baxıb bizim ömür yandıraraq tapdığımız həqiqət qırıntılarına görə duyduğumuz sevinc hissinə də gizlincə lağ eləyib gülür. Nolar, olsun. Əvəzində şüur hamısın öz bildiyi kimi qablaşdırıb qabağımıza qoyur.
Əlqərəz, biz yalnız görmək istədiyimizi görürük. Qalan anlaya bilmədiyimiz informasiyanın qabağını alan sədləri, məhdudiyyətləri də özümüz yaradırıq. Kolumb və onun gəmiləri barədə bir əhvalat var. Kolumb Karib adalarına yaxınlaşanda yerli qəbilələrdən olan insanlar bu gəmiləri görə bilməzdi. Çünki onların anlamında gəmi adında anlayış yox idi. Hətta gözlərini üfüqə dikib saatlarla kipriklərini qırpmadan baxsaydılar da gəmiləri görə bilməzdilər. Çünki onlara əvvəl «gəmi nədi?» anlayışını başa salmaq lazım olardı. Ömründə alma görməmiş adama onun tamını başa salmaq qədər çətin bir işdi. Amma qəbilənin şamanı suyun üstündəki dalğalanmanı gördü və onun nədən əmələ gəlməsi barədə düşünməyə başladı. O, hər gün sahilə gəlib diqqətlə uzaqlara baxırdı ki, olanların səbəbini tapsın. Ona görə də günlərin bir günü üfüqdəki gəmiləri görə bildi və gəlib orda nəsə baş verməsi barədə hamıya danışdı. Yalnız bundan sonra gəmiləri hamı gördü. Ona görə də əminliklə demək olar ki, hər kəs istədiyini görür. Bax beləcə biz ətraf dünyanı formalaşdırırıq. Kvant nəzəriyyəsində buna realıq tuneli deyilir. Hərədə bu tunel bir cürdü, kimdəsə enli, kimdəsə ensiz. Kiminləsə mübahisə edəndə siz öz tunelinizdəki həyat həqiqətlərini başa salırsız. Bəs axı onun öz tuneli var. Yollarınız çox fərqlisə siz bir-birinizi necə anlayacaqsız?
Sualı özünə ver, cavab gələcək
Psixologiyada daha bir eksperiment qoyulub. Əgər insan nəsə eşitmək istəyirsə, buna can atırsa onda adi vaxt, yəni çalışmadığı zamanda eşitdiklərindən düz 50 faiz çox səs və informasiya eşidir. Bu yerində «İstəmək azdı» demək heç yerinə düşməz.
İndi isə danışılanlardan praktiki xeyir əldə etməkçün çalışmalara keçək:
1. Sizi hansısa məsələ narahat edirsə, əmin olun, siz artıq düzgün cavabı bilirsiniz. Hələ Freyd «şüuraltı» anlayışını dilimizə salanda elə bunu nəzərdə tuturdu. Beləliklə, sakitləşmək lazımdı. Gərgin insan tarazlıqda olmur, ona görə gözləri bağlayıb sualı özünə vermək lazımdı. Sonra heç cavab gözləmədən başqa işlə məşğul olaraq fikri kənara yayındırmaq pis olmazdı. Bəzən elə bu yerində çətinlik olur. Tutduğumuzu buraxa bilmirik, ona görə. Suallarımızın cavabını da həmən eşitmək istəyirik. «Küləklə sovrulmuşlar» kitabının qəhrəmanı kimi «Bu barədə mən sabah düşünərəm» demək lap yaxşı. Cavab gələcək. Çünki cavabsız suallar olmur.
2. Əgər siz çətin vəziyyətdəsiz və qərar verə bilmirsiz «Reallığın sərhədlərini genişləndirmə» üsulundan istifadə edin. Vəziyyəti nəql edin, amma yalnız faktları danışın, lap xəbərlərdəki kimi. Sonra həmin məsələnin ən qaranlıq və pis gəhətlərini təsvir edin. Ən pis sonluğu da fikirləşmək şərtilə. Sonra isə əksinə, hər şeyə optimist gözüylə baxın. Bütün müsbət cəhətləri qabardın. Kiməsə rahatdısa düşdüyünüz vəziyyəti rəssam, rejisyor, ya da şair gözüylə baxsın. Nəticədə isə özünüzü müdrik qocanın yerinə qoyub sizdən bu barədə soruşmuş cavana nə deyəcəksə o cür də cavab verin. İnanıram ki, çalışmanı axıra çatdırmamış artıq cavab özünü yetirəcək.
Dünyanı dəyiş
Ağıllı kişilərdən kimsə deyib ki, sən dünyanı dəyişə dilməzsən, amma ona münasibəti dəyişə bilərsən. Bu da az deyil. Kvant fizikasında Seyrçi problemi adlı bir vacib məsələ var. Fizika fakultələrində bunu birinci kurs tələbələrinə təcrübədə nümayiş etdirəndə onların təəccübdən çənəsi düşür. Laboratoriyada fotonların özünü aparmasını öyrənən bu təcrübədə onların bərk maddə, yoxsa dalğa olmasını təyin etmək istəyirlər. Fotonların bərk maddə olmasında əmin olan alim təcrübə qoyur və cihazlar təsdiqləyir ki, həqiqətən də fotonlar özünü bərk maddə kimi aparır. Sonra fotonların dalğa olmasındı sübut eləmək istəyən alimin təcrübəsində onlar özünü dalğa kimi aparır. Elə bil ki, siz bir vanna suyu doldurub orda su olmasında əminsiz. Amma otağa birisi gəlir və o, vannada çoxlu top olduğunda əmin olaraq əlini atıb topun birini götürür. Bəs kimə inanmalıyıq? Təcrübədə də elə bil ki, fotonlar informasiyanı beyindən oxuyurmuş kimi özünü aparırdı. Onlar seyrçilərin fikirlərinə uyğun şəkildə hərəkət edirdi. Bəs bilirsizmi ki, ətrafımız da fotonlardan, elektronlardan və s. ibarətdi? Ona görə də hərəmiz öz reallığımızı yarada bilirik. Kimsə əminsə ki, dünya qəddar və nahaqdı, o, həmin şəraitdə də yaşayacaq. Həyatın sevinc içində çimmək üçün ona verilməsini düşünənlər həmişə yağ-bal içində üzməkdə davam edəcək. Görürsüz, hər şeyi Allahın üstünə də yıxmaq olmazmış.
Yapon alimi Massaro Yamoto dediyimiz məsələləri su üzərində təcrübələrlə təsdiqləyib. O, müxtəlif qablara östündə müxtəlif sözlər yazılmış kağızlar yapışdıraraq içindəki suyun strukturunu öyrənirmiş. Üstündə xoşbəxtlik sözü yazılmış qabdakı su ən gözəl görünürdü. Sevgi də çox qəşəng idi. Pis sözlərin görünüşünü isə təsvir eləməyə dəyməz. Unutmayaq, bizim bədənimizin 90 faizi sudan ibarətdi.
Yuxarıda adı çəkilən filmdə əri ilə ayrılıqdan fikir çəkən qadın güzgü qarşısında dayanıb «özümə nifrət edirəm» deyir. Bu zaman kamera bizə göstərir ki, onun beynində orqanizm üçün ölümcül harmonlar əmələ gəlir. Bunu yadına salaraq qadın stressdən çıxmaq üçün vannanı su ilə doldurub içinə qızılcül ləçəkləri atır və içində uzanaraq dərisində ürək şəkli çəkməyə başlayır. Belə olanda isə beyin sevinc harmonları ifraz eləməyə başlayır. Düzdü xoşbəxt olmaq üçün hər dəfə vannaya uzanmaq lazım deyil. Əsas məsələ müsbət fikirləri fikirləşməkdədir. Fikir maddidir. Onda gözlərinizlə görəcəksiz ki, ətraf mühit necə gözəlləşəcək.
Vaşinqtonun Kolumbiya vilayəti qətllərin paytaxtı sayılır. 1993-cü ildə alimlər orda maraqlı bir eksperiment aparıblar. 4 nəfər könüllü eyni vaxtda fikirləşməyə başlayıb ki, guya bu vilayətdə cinayətlərin sayı 25 faiz azalıb. Polis şefi bunu eşidəndə onları məsğərəyə qoymuşdu ki, yayda qar yağar, amma belə şey ola bilməz. Az sonra polis departamentinə aylıq nəticələr gələndə o, artıq gülmürdü. Nəticələr göz qabağında idi. Bir az sonra özü də bu tədbirə qoşulmuşdu.
Yar bizə qonaq gələcək
Hər birimiz düşündüyünə və ətrafındakına təsir etmək qabliyyətinə malikdi. Çünki atomlar maddiləşmiş informasiyadır. Onlar informasiyanı isə bizim beynimizdən oxuyurlar. Bir nəinki özümüzü, başqasının da fikrini oxuyuruq. Əgər siz həmişə düşünürsüzsə ki, əriniz pis adamdı, o, elə bil bunu eşidir. İndi mən durub sizin başınızı ağrıdan deyiləm ki, nüvə səviyyədə hamımız elə eyniyik. Amma bir həqiqət də var ki, bir-birinə qohum olan elektoronlar da var. Alimlər bir bədəndən olan iki elektoronu ayırıb birinə təsir ediblər. O biri otaqda heç bir təsirə məruz qalmamış elektron eyni reaksiyanı verib. Elə bil onun ağrısını hiss edib. Hamımızın başına gəlib, yaxınlardan kimsə dara düşəndə uzaqdan uzağa informasiya qəbul eləmişik. Dara düşdüyünü, çətinliyini duyub ürəyimiz sıxılıb.
Bəzən görürsən ki, heç tanış olmayan adamlar bir baxışdan bir-birini anlayır. Bəlkə bir az da səbr eləsək alimlər insanın öz yarısını axtarması mifini də izah eləyə biləcəklər. Hər kəs öz yarısını axtarmaqda olsun.
Sensorluğu, yəni hissiyyatı güclü olan adamlara bir çalışma da verək, xeyrini görsünlər. Sizi maraqlandıran adamı rəngli qoloqram şəklində təsəvvür edin. Sonra baxın görün hansı rəng daha artıq idi, hansı rəngləri boğulmuşdu. Ya da ki, yuxularınıza hansı rəngdə gəlmişdi? Deyrlər ki, qırmızı - sevgidi, qara – ağrı hiss eləyir, qəhvəyi – depressiyadı, sarı – həyata sevinir, göy – vəziyyəti ölçüb biçir, yaşıl isə siz onu ilhamlandırırsınız.
…Mənim səhv etmək hüququm var
Bəzilərinə həyatını dəyiş dedikdə elə bilir ki, yaxşını görüb, pisi gözdən burxmağı nəzərdə tuturlar. Hər şeyi görmək, amma lazımı məqamlarda vurğu qoymaq lazımdı. Özünü sevib nazını çəkmək də pis üsul deyil. Qanınız qaraldı, «günün frazası», «otağın ən yaxşı insanı» kimi nominasiaylarda özünüzü qalib elan edin. Bu münasibətlə özünüzü çay, şokolad, ya da nəsə xırda-xuruşla mükafatlandırsaz dünya dağılmaz. Dodaqaltı mızıldana da bilərsiz: «Mənim sevmək haqqım var, kədərlənə də bilərəm, darıxa da. Mənim səhv eləmək hüququm da var». Emosiyanı sonacan yandırmaq lazımdı, yoxsa yaşamağa qoymaz…

P.S. Aranızda bu mövzuyla maraqlanan və rus dilində oxuya bilən varsa elektron ünvanıma yazın. Kitabları sizinlə bölüşmək məndən.

Yuxariya doğru