Hələ doğulmamış uşaqların göz yaşları
Hər gün dünyada 21 min uşaq öldürülür.
Ananın boynuna
uşaq düşən ilk gündən bətnində insan formalaşır. 18-ci gün onun balaca
ürəyi döyünməyə başlayır. 6 həftədən sonra böyrəkləri, ciyərləri və beyni
işə düşür. Bünövrəsi qoyulandan 10 həftə sonra o, ağrını hiss eləyir,
bəyənmədiyi səs-küydən sir-səfətini turşudur. Bir az da keçən kimi başını
tərpədir, əl-ayağını açıb bağlayır, qaşlarını da çata bilir. O hələ ağzını
tapıb barmağını sovurur, əsnəməyi də olur. Təxminən elə bu dövrdə insanların
istəyi ilə o əziyyətli ölümlə üzbəüz qalmalı olur. Uşağı parça-parça döğrayıb,
hələ ölməmiş turşu tərkibli maddələrlə yandırır, qarmaq kimi dəmir bıçaqla
qaşıyıb doğrayırlar. Bu səhnə şişirdilməyib, bu reallığın sadə adı var:
ABORT.
Aborta
məhkum uşaqların duası anasının qarnından uşaqlarda eşidilməz...
Müasir cəmiyyətdə abort sözü az qala artıq problemlərdən qurtulmaq, təsadüfi
intim əlaqənin izlərini silmək, yaxşı işi itirməmək cəhdi kimi ifadələrlə
sinonim olub. Buna heç kim «bizdən birini öldürmək» adı verib cinayət
adlandırmır. Hələ doğulmamış uşaqlar görən ağlayırmı? Görəsən onlar danışa
bilsəydi ata-analarına nə deyərdi? Bir çox ölkələrin qanunvericiliyi insanın
yaşamaq hüququnu qoruyur, amma ana bətninda olan uşaqların hüququ heç
kimi narahat eləmir.
Biz istərdik
ki, siz də biləsiz: doğulmamış uşaqlar da ağlayır!
Ağ mələfələr, iti kəsici alətlər, qan izləri kimi döyüş meydanını xatırladan
abort otağında «bizimkilər» və «sizinkilər» olmur. Müharibədə yaralanmış
döyüşçü öz duasını ilk öncə anasına ünvanlayır. Təbabət insanın bətndəki
dövrü barədə çox quru informasiya verir: neçə santimetr boyu, neçə qram
çəkisi və s. 18-ci günündən ananın iri ürəyinin yanında duet yaradan kiçik
döyünmələri, beyni işə düşəndən sonra həssas aparatlarda izini qoyan emosiyalarını
qeydə alandan sonra onun həyatının qiymətini, ruhunu necə ölçək? Məncə
bunun qiymətini illərlə həkimlərin müayinəsində, xəstəxanalarda keçirib
nəhayət sonsuzluq ittihamını eşitmiş qadınlardan soruşmaq lazımdı. Bunu
uşağını itirmiş analardan, müharibədən qayıtmamış oğlunu gözləyən qarılar
yaxşı bilər. Biz doğulmamış uşaqlarımızı böyüklərin dəyərləriylə ölçüb
yararsız sayaraq ölmə məhkum eləmişik. Aborta məhkum edilmiş uşaqların
duası anasının qarnından uşaqlarda eşidilməz...
«Uşaqlarımın
ahı tutub məni»
Kim deyə bilər ki, uşağını öldürmüş ana həyatının ardını rahat yaşayır.
Onunçün canlı insan hekayətlərini eşitmək lazımdı. Onların adı, kimliyi
nəyinizə lazımdı ki?...
Birinci əhvalat: (35 yaş) «Cəmi bir dəfə abort eləmişəm. Cavan olmuşam,
başa düşməmişəm yəqin. İkinci uşağa imkanımız yoxuydu. Bir yaşında olan
oğlumdan sonra fasilə vermək fikrindəydim. Başa düşəndə ki, hamiləyəm
şoka düşdüm. Abort eləyəndə qabağımı heç nə, heç bir fikir kəsmirdi. Səfilliyi
artırmadığıma görə hələ bir razı qalmışdım özümdən. Amma bir neçə il sonra
qəribə yuxu gördüm. Orda məni ağıllı başlı sorğuya çəkib hər şeyi başa
saldılar. «Öldürdüyün oğlunu xatırlayırsanmı?» soruşub onu canlı uşaq
kimi mənə göstərdilər. Onun üzünü gördüm, nəfəsini, qoxusunu duydum. O
qədər hönkürüb ağladım ki, axırda öz səsimdən oyandım. İndi o uşağın üzü
uzun illərdir ki, gözümdən çəkilmir. O abortdan sonra evimizin olan-qalan
ruzusu çəkildi, onsuz da çətin həyatımız bir az da çətinləşdi. Axı mən
bilməliydim ki, uşağı verən Allah ruzusunu da verəcək... »
İkinci əhvalat: (51 yaş) «Bu günə qədər 40-dan çox abort eləmişəm. Sonuncu
dəfə həkimlər mənə dedi ki, bir də gəlsən, öləcəksən. Bunu yoldaşıma danışdım.
O gündən bəri üzünü divara çevirib necə yatdısa bir də mənə əl vurmadı.
Bizi uşaqlarnan hara desən aparıb, adını çəkdiyim bütün istirahət yerlərində
olmuşuq. Amma qadın kimi məndən üz döndərdi. Bu yaşımda isə həkimlərdə
düşüb qalmışam. Şəhərdə ginekoloq qalmayıb ki, qəbulunda olmayım. Dərdimə
əlac tapılmır. Bir həkim isə mənə «Yazdığım iynə-dərman hamısı boş şeydi.
Get özünə bir kişi tap» deyib. Mən də yaxama «Kişi axtarıram!» yazıb vura
bilmərəm. Görünür abort elədiyim uşaqlarımın ahı tutub məni...»
Üçüncü əhvalat: (21 yaş) «Nişanlı vaxtı gələcək ərimlə intim münasibətim
olmuşdu. Hamilə olduğumu biləndə qaynanam az qala saçımı yolacaqdı. Uşağın
oğlundan olduğunu dəqiq bilsə də əlimdən tutub zorla məni aborta apardı.
Toyda gəlinin qarnının burnuna dəyməsi biabırçılıq sayılırdı axı. Mənə
deyirdi ki, bəs arzularım var, təm-təraqla qapılara getmək istəyirəm,
bir il nişan saxlamalıyam ki, hamı görsün necə xonçalar tutacam. Hər şey
o istəyən kimi təmtəraqla oldu. Amma ondan sonra uşağımız olmur. Müalicə
filan heç nə kömək eləmir. Uşağımı öldürdüyünə görə qaynanamın üzünü görə
bilmirəm. Bu xonçalar ona nəvəni əvəz eləyə bildi?»
Dördüncü əhvalat: (45 yaş) «İkinci uşağı doğmağı heç ağlıma gətirmirdim.
Balaca daxmada güclə yerləşmişdik. Hamilə olduğumu hiss eləyəndə ultrasəs
müayinəsinə getdim ki, dəqiqləşdirim. Dedilər ki, heç nə yoxdu, bəlkə
soyuqlamısan. Bir ay gözlədim, sonra yenə də həkimə getdim. Bu dəfə həkimlər
heyrətləndilər ki, burda ikiaylıq uşaq varmış. Bapbalaca yerdə gizlənməyə
yer tapıbmış. Uşağı salmaqçün iynə vurdum. Elə bildim ki, uşaqdan canımı
qurtardım. Bir aydan sonra yenə də həkimə getməli oldum. Məlum oldu ki,
uşaq ölməyib. Yenə də sağ qalmağın yolunu tapıb. İndi isə fikirləşirəm
yaxşı ki, bu uşaq sağ qaldı. Ərimi və böyük oğlumu itirəndən sonra o,
mənim yeganə ümidimdir».
Ana,
məni eşidirsən?!
Ana, mənə yaşamaq şansı ver. Mən sənin içindəyəm, ürəyinin hər döyüntüsünü
eşidirəm. Sən sevinəndə mənə də atılıb düşürəm, sən kədərlənəndə mənim
də qanım qaralır. Mən sənin karyerana mane olmaram, ana! Axı mən həkimlərin
dediyi kimi bir parça laxta qan deyiləm, sən bunu bilirsən. Axı onlar
bilmir ki, məni öldürəndən sonra sənin də həyatında sakitliyin, rahatlığın
olmayacaq. Mənim ağlamağımı sən həmişə eşidəcəksən. Çiçəkləyən, meyvə
tökən bağlarda bircə mənə yer olmadı? Bütün dünyanı sevən ürəyində bircə
mənim sevgimə yer tapılmadı? Başa düşürəm, sən məni planlaşdırmamışdın.
Məni öldürmə, ana! Ölənlərinizi kəfən büküb torpağa basdırırsız, bəs niyə
bizi odda yandırır, zibilliyə atırsız? Müharibələrdən qorxur, qan tökmək
istəmirsiz, bəs niyə bizim qanımıza qıyırsız? Heç heyvanlar öz balasını
öldürmür.
Hələ
doğulmamış uşağın gündəliyi
5 oktyabr – Bu gündən yaşamağa başlayıram. Amma valideynlərim hələ bilmir
ki, mən çiçəkləri çox sevən bir qız olacam.
19 oktyabr - Bəziləri elə bilir ki, mən hələ adam deyiləm. Çörəyin qırıntısı
da çörək olduğu kimi mən də insanam.
23 oktyabr – Mən ağzımı aça bilirəm. İnanmağım gəlmir, bir ildən sonra
gülməyi, danışmağı biləcəm. İlk sözüm mütləq «ana» olacaq.
25 oktyabr – Bu gün ürəyim döyündü.
2 noyabr – Hər gün bir az artıram, əl-ayağım formalaşır.
12 noyabr – Mənim barmaqlarım əmələ gəlib. Mən onlarla anamın saçını sığallayacam.
20 noyabr – Bu gün anam mənim ürəyimin döyünməsini özü gördü. Yəqin o,
çox xoşbəxtdi.
23 noyabr – Yəqin ata və anam mənə ad axtarırlar.
13 dekabr – Mənim saçım çıxır. Bir az görməyə başlamışam. Anam məni dünyaya
gətirəndə işıqlı və çiçəkli dünyanı görə biləcəm.
24 dekabr – Görəsən anam mənim ürəyimin səsini eşidir? Ana, sənin sağlam
qızın doğulacaq.
28 dekabr – Bu gün anam məni öldürdü...
«Bunu
sən də istəmisən...»
Aborta gedənlərin 15 faizi başı ilk dəfə daşa dəyən cavan qızlardı. Onlar
nə əvvəl, nə sonra nəinki uşağının, heç öz taleyini də düşünmək iqtidarıqda
deyil. Bəzən elə valideynləri özü onların əlindən tutub həkimə aparır.
Başqa bir qrupa fiziki və mənəvi cəhətdən yetişmiş qadınlar aiddir. Ola
bilər ki, hamiləlikdən qoruyan vasitələrin effektivsizliyindən, zorlama
halları olduqda, kəskin xəstəlikdən sonra yaranan fəsadlara görə, ərinin
ölmüylə bağlı, yaxud sosial şəraitin olmamasından aborta qərar verirlər.
Bəzi qadınlar isə abortu hamiləlikdən qoruyan vasitə hesab edərək vaxtaşırı
elə bil iynə vurdururmuş kimi çox rahat eləyir. Elə bil ki, dünyada başqa
kontraseptik vasitə yoxdu. Azyaşlı uşaqlara başa salınan tərzdə bu qadınlara
da bəzi qoruyucu vasitələri göstərib anlatmaq lazımdı.
Kavalerlərə gəlincə isə yeniliyi eşidən kimi əksəriyyəti sevgilisini problemiylə
üzbəüz qoyub aradan çıxmağa üstünlük verir. Bəzən əlini cibinə salıb abortun
xərcini çəkənlər də tapılır. Yerdə qalanı isə məsuliyyəti qadının üstünə
ataraq «bunu sən də istəmisən» deyir. Deyəsən onları əməliyyat zalına
dəvət eləmək lazımdı. Deyilənə görə bu səhnəni bir dəfə görənlər uzun
müddət özünə gələ bilmir.
«...kasıblıq
üzündən uşaqlarınızı öldürməyin.
Sizin də, onların da ruzisini biz verdik»
(Qurani Kərim, Davar surəsi, 151-ci ayə)
İslama görə qanuni ərindən olan hamilələliyi 40 gün ərzində pozmaq günah
deyil. Amma aborta icazə verən insan və həkim də eyni dərəcədə günahkardır.
Yəni ər və arvad hər ikisi razılıq veribsə də həkim ölmüş uşağa görə cavabdehdir.
Hamilə qadının həyatı riks altında olanda şəriətə görə ananın xilası vacib
sayılır. Zinadan doğulacaq uşağı 40 gün ərzində belə öldürmək qadağan
olunur. Əgər qadını əri yaxud valideynləri aborta məcbur edirlərsə, Allahın
qanunlarına zidd getmiş qadın qurrat verməlidi. Qanın bahası 5 dəvə, yaxud
onun qiymətinə bərabərdir. Əgər qadın ərindən icazəsiz dərman içərək uşağını
öldürübsə bu məbləği uşağın atasına verməlidi. Ər də bu işdə arvadıyla
əlbir olarsa qurrat ölənin bacı və qardaşlarına düşür.
Abort
materialından kosmetika hazırlanır
Keçən əsrin 80-ci illərində aborta qarşı çəkilmiş «Səssiz çığırtı» adlı
bir film böyük səs-küy yatarmışdı. Abortu qadağan edənlər hərəkatı qadının
sosial problemlərini həll etmək və qadına qarşı mərhəmət prinsipindənsə
embriona qarşı diqqəti əllərində bayraq eləmişdilər. Filmdə cərrah bıcağı
altında qorxudan titrəyən, qaçıb gizlənməyə yer axtaran, doğrananda ağrıdan
çığıran bətndəki uşaqların video təsviri verilmişdi.. Ultrasəs exoqrafiyası
altında aparılan cərrahiyyə əməliyyatının kadrlarını görənlər həmən dəqiqə
abort haqqında fikirlərni tamam dəyişirlər. Bu film dünyada böyük əks-sədə
doğuraraq aborta əlini balaşdıran həkimlərin öldürülməsiylə məşğul olan
təşkilatın fəaliyyətinə təkan verdi. Onlarla həkim terrorçuların qurbanı
oldu. Embrionu müdafiə edənlər canlı insanları öldürməyə başladı.
Nə qədər qəddar olsa da abortu qadağan eləmək olmaz. Çünki bu kriminal
abortların, evlərdə gizli, antisanitariya şəraitində olunan abortların
sayını artıracaq. Çarəsizlikdən doğulan uşaqlar sevgidən məhrum olmuş
insanlar təbəqəsi yaradacaq ki, cəmiyyət bu problemi də həll edə bilməyəcək.
Amma analar bilməlidi ki, onların öldürdüyü uşaqların qanından ulduzları
cavanlaşdıracaq preparatlar yaradırlar və «Filankəs uşaq qanı vurdurub
cavanlaşır» cümləsinin arxasındakı həqiqətləri də bilməlidilər. Onların
məhv elədiyi embrionlar kosmetik firmaların cibinə milyonlarla gəlir gətirir.
Abort eləyən qadınlar həmişə olub, yəqin ki, olacaq. Amma bu insanların
savadçızlığı, nadanlığı ucbatından baş verməməlidi. Hər kəs elədiyi hərəkətin
məsuliyyətini anlayıb addım atmalıdı. Onsuz da hamı cavab verəcək, o dünyaya
inananlar da, inanmayanlar da...