Ömrün son akkordları
Beynəlxalq ahıllar 
          gününə ithaf edilir
           Bu bayramı 
          əvvəl Avropada, sonra Amerikada, 90-ci illərin sonundan bəri bütün dünyada 
          bayram edirlər. Rəsmi şəkildə 1990-cı ildə BMT-nin Baş Assambleyası 
          oktyarın 1-ni ahıllar günü hesab edir. Bu gün bütün radio və telekanallar 
          verilişlərini yaşlı auditoriyaya kökləyir və nəhayət ki, ahılların da 
          zövqü nəzərə alınır.
          
 
          Gümüş saçlara gümüş kimi ömür
           - Neçə yaşınız var?
          - 80.
          - Onda siz məndən cavansız, bu yerə əyləşin. Mənimsə 85 yaşım var.
          Bu tip dialoq yəqin ki, yalnız Yaponiyada avtobusda səslənə bilərdi. 
          Uzunömürlülər kimi ad çıxarmış Yaponiyada ahıllar günü bir az tez, yəni 
          senyabrın 3-cü bazar ertəsi qeyd edilir. İndi planetin ən uzunömürlü 
          və deyəsən ən keyfiyyətli ömrünü Yaponiyada yaşayırlar. Son illər yaponiyada 
          gümüş yaş ifadəsi tez-tez səslənir. Deyək ki, yaponun gümüş yaşı sağlam 
          və yaxşı görkəmdə görünür. Hamı bilir ki, təqaüd yaşına çatmış yaponlar 
          öz istirahət illərini kresloda deyil, dünyanı səyahət etməklə keçirməyi 
          sevir. Ona görə də Yaponiyadan gəlmiş turistlər qocalar evindən təşkil 
          edilmiş ekskursiyaya bənzəyir. Orda yaşlı adamların sözün yaxşı mənasında 
          kultu var. Qocaların yol keçidində rahatlığını təmin edən işarə hər 
          ölkədə də yoxdur. Ona Yaponiyada gümüş zolaq deyirlər. Burda canlı musiqi 
          və karaoke müsabiqələrinin iştirakçılarnın əksəriyyəti ahıllardır. Bayram 
          günü yaşlılar basseyn, suana və bərbərxanadan pulsuz istifadə edə bilərlər. 
          
          Yaponlar unutmur ki, ölkənin 2-ci dünya savaşından sonra qalan uçuntu, 
          dağınıqdan çıxarılmasında 70-dən artıq yaşı olanların zəhməti danılmazdır. 
          Ona görə də ahıllar günü burda hamının sevdiyi və hörmətlə yanaşdığı 
          bayramdı. Milli ənənəyə görə 5 dəfə 12 illik dövrü adlamış yapon, yəni 
          ki, 60 yaşını arxada qoyan kimi körpəlik dövrünə qayıdır. Uşaqları və 
          nəvələri qocalarına qırmzı jilet və balaca papaq bağışlayır. 60 yaşlı 
          idarə rəisi, meneceri 60 illiyinə belə hədiyyə alsa nəinki inciməz, 
          bəlkə də sevincindən gözləri yaşarar. İllər artdıqca jiletn rəngi də 
          dəyişir. 70-77-illiyə bənövşəyi, 80-90 illiyə sarı, 99 illiyə isə ağ 
          jilet hədiyyə edirlər. Deyilənə görə 25 min 554 adamın ağ jilet geymək 
          şansı var. Yəni hər 100 min adama 20 nəfər uzunömürlü yapon düşür. 
           Həyatında məna axtaran təqaüdçü
           Yəqin ki, bizdə də qocalar günü həmişəki təntənəsiylə qeyd 
          olunacaq. Tədbirlər keçiriləcək, pay-puş veriləcək. Amma bütün bunlar 
          kamera üçündür. Tədbirlər adətən qocalar evində keçirilir və mütləq 
          də kameraya çəkilir ki, göstərməyə nəsə olsun. İndi düşünək, qocalara 
          dingildədən musiqi lazımdırmı? Paylanan ərzaq hansı müddətə çatar? Cəmiyyətin 
          sonrakı addımını daha bir il də gözləməli? Evlərdə günlərini tamamlayan 
          qocalarımız niyə diqqətdən kənarda qalsın ki? Bu il hökümətimizin qocaların 
          yanında üzü qaradır. Çünki bayram ərəfəsində 65 yaşdan yuxarı müəllimləri 
          və həkimləri 100-150 manat təqaüdə möhtac edərək işdən çıxartdırıb. 
          İndi evində oturub həyatına məna axtaran yaşlı nəsilin incikliyini bir 
          qutu konfet, ya da oynaq hava ilə almaq çətin olacaq. Yəqin ki, cəmiyyətin 
          diqqəti onlara təqaüddən artıq lazımdı. Başqa ölkələrdə, məsələn Ukraynada 
          təqaüdlərdə ciddi artım gözlənir. Rusiya isə bu günün münasibətilə hər 
          təqaüdçüsünün hesabına əlavə 500 rubl köçürəcək. Bununçün Rusiya büdcədən 
          180 milyon rubl ayırıb.
          Afrika xalq məsəlində deyilir: «Qoca, ahıl adam öləndə onunla birgə 
          bütöv bir kitabxana yoxa çıxır». Yaşlı adamlar keçmiş və gələcək arasındakı 
          bağlayıcı iplərdir ki, onların hamısının birdən qırılması millət üçün 
          fəlakətə bərabərdir. Etiraf etməliyik, bu gün təhsilin, yaşamın keyfiyyətinin, 
          tibbin nailiyyətlərinin sayəsində qocalarımız cəmiyyətin inkişafında 
          danılmaz rol oynayırlar. Ona görə də işləmək istəyən və işləməyə halı 
          olan təqadçüləri cəmiyyətdən təcrid etmək o qədər də yaxşı çıxış yolu 
          deyil. Axı cavanlardan fərqli olaraq yaşlılar hətta təqaüd yaşında da 
          oxumaqda, öyrənməkdə davam edirlər. 
           Köhnə skripka təzəsindən heç də pis çalmaz
           21-ci əsr demoqrafik inqilablar dövrüdür. Qocaların sayı durmadan 
          artır. Hər ay planetin milyon vətəndaşının 60 yaşı tamam olur. Proqnozlara 
          görə sonrakı 50 il əlzində bu rəqəm 4 dəfə artacaq. BMT-nin İqtisadi 
          və Sosial məsələlər üzrə Deportamentinin göstəricilərinə görə bütün 
          düyna üzrə doğumun ölümü üstələməsi tendensiyası davam etsə 2050-ci 
          ildə yer üzünün hər 5 sakinindən biri 60 yaşı rahat adlayacaq. 2150-ci 
          ildə isə hər 3 nəfərdən biri təqaüd yaşına çatacaq. Hazırda yaşlılar 
          əhalinin 11 faizini təşkil edir. 2050-ci ildə bu, 19-21 faizə qalxacaq. 
          Ahılların sayca artması bəzi dövlətlər, sosial təminat, pulsuz tibb 
          və güzəştlər nəzərdə tutulmuş ölkələr üçün kifayət qədəp ciddi problemə 
          çevriləcək. Çünki büdcə daha artıq pul ayırmalı olacaq. 20-ci əsr insan 
          həyatının artması məsələsində inqilabi əsr oldu. Bu əsrdə orta insan 
          ömrü 66 yaşa çatdı. 1950-ci ildə 20 il artaraq rekord vurdu. 2050-ci 
          ilədək daha 10 il artacağı da gözlənir. 2000-ci ildə təqaüdçülər artıq 
          600 milyon adam idi. 2050-ci ildə onlar 2 malyarda qədər arta bilər. 
          
           Qoca olmağı kimsə arzulamır 
          Yaşlı adamlar və qocalıq, bu barədə biz nə fikirləşirik? Əlbəttə, şəhərdə 
          yaşayan yaşlı adamla kəndin qocamanı arasında sosial, mədəni və fiziki 
          cəhətdən fərqlər böyükdür. Onların tələbləri də ayrıdı. Kəndin qocası 
          sağlamlığı ilə, şəhərin yaşlısı intellekti, yaddaşı, təhsili ilə seçilə 
          bilər. 
          Təqaüd yaşına çatmış adamlara artıq yaşlı adam demək olar. Dünya səhiyyəsi 
          terminalogiyasına görə onlar 75-ə çatan kimi qoca adlanacaq, uzunömürlü 
          olmaqçün 90-nı adlamalıdırlar. Amma xaricdə bu terminalogiyadan imtina 
          etməyi düzgün bilirlər və qoca, ahıl sözləri əvəzinə yaşlı, lap yaşlı 
          ifadələrini işlədirlər. Amma işlətdiyimiz bütün bu sözlərin arxasında 
          nəsə neqativ çalar var. Çünki heç kim qoca, yaxud yaşlı olmaq istəmir, 
          özünü onun yerinə qoymağı fikrindən keçirmir. Qoca olmağı kimsə arzulamır. 
          Ona görə də qoca, həm də cəmiyyətə lazımsız şəxs kimi qavranıla bilər. 
          Ömrünün son günlərini yaşayan, intellektual cəhətdən geriləyən, deyingən, 
          yaxınlarına yalnız yük olan qoca kimsəyə lazım deyil. Bəzən yaxınları 
          da ağır yükü çiyinlərində daşıyanda deyinir, nırçıldayır, ya da narazılıq 
          edirlər. Çünki qocayla rəftar uşaqla rəftardan daha çətindi. Əslində 
          bu, irəlidə gözlənilən sonluğun qarşısındakı qorxu hissindən doğur. 
          Heç kim qocalmaq, xəstələnmək, kiməsə möhtac olmaq istəmir. Tibbi kitablar 
          depressiyadan tutmuş, tənhalıq, yaddaş pozuntusu, ağıldan kəmlik kimi 
          qocalıqla bağlı çeşidli xəstəlikləri sadalayır. Qocalıqda adamın maddi 
          durumu da ürəkaçan olmur, o yaxınlarının əlinə baxır. Bu faktorlar ömrün 
          sonunu anlamağa çalışan adamlarda optimist duyğular yaratmır. Qocaları 
          da qınamalı deyil. Ömrün payızında adətkarlıqda olduğun sosial statusu 
          itirmək, sağlamlığın pisləşməsi, sevimli işi, yaxın adamlarını itirmək 
          adamda depressiya yarada bilər. Uşaqlar, nəvələr evdən quş kimi uçub 
          gedəndən sonra yəqin ki, tənhalıqla üzbəüz daha çətin olur. Yeniliyə 
          maraq azaldıqca həyatın rəngləri də solur. Bəzi tədqiqatçılar deyir 
          ki, ömrün son dövründə insanın şəxsi xarakteristikası, mənəvi, nə də 
          sosial keyfiyyətləri dəyişmir. Əqli əməklə məşğul olanlar oxumaqda, 
          öyrənməkdə davam edir. Fiziki işlə məşğul olanların işi bir az pis olur. 
          Çünki bədən əvvəlki kimi fəalliyyət göstərə bilmir və onun həyatdan 
          yapışdığı bağlar daha tez korşalır. 
          
 
           Qoy bununla dövlət məşğul olsun!
           Yaşlı adamların sayı artdıqca cəmiyyətdə onlara münasibət 
          də dəyişir. Qocalıq astanasında olanlar bəzən bu faktı qəbul etmək istəməyib 
          kosmetoloji əməliyyatlarla, idmanla, xüsusi diyetalarla qocalığı mümkün 
          qədər uzaqlaşdırmaq istəyir. Heç kim parlaq dəbli jurnalın üz qabığına 
          büzüşmüş dərili adamın rəsmini vurmur. Ona görə də hamı dərisinin qeydinə 
          qalır, onu qocalmağa qoymur, qocalıqda isə dartıb hamarlaşdırır. Bəzən 
          qocalara qarşı neqativ münasibətdə kütləvi informasiya vasitələrinin 
          xüsusi rolu olur. Qocalar evinin, xüsusi stasionarların qayda-qanunları 
          da adi adamlara xoş gəlməyəcək tondadır. Axı qoca hələ də ağıldankəm 
          demək deyil. Onun da bizim qayğımıza və mərhəmətimizə ehtiacı var.
          Hər kəs bu problemi özündən uzaqlaşdırmaq istər. «Qoy bununla dövlət 
          məşğul olsun» deyib məsələni unutmaq da olar. Onsuz da hər kəsin evində 
          öz qocası var, nazını çəkməyə qohumları kifayət qədərdir. Qərbdə valideyni 
          qocalar evinə vermək ayıb deyil. Bizdə bu, çox utanmalı, ayıb iş sayılır. 
          Amma hazırda qocalığını gözünün qarşısına gətirib son illərini təmin 
          etmək üçün pul yığan valideynlər də əmələ gəlib. 50-ni təzəcə haqlamış 
          adamın uşaqlarını yerbəyer edəndən sonra yenə də pul yığmasına sakit 
          baxmaq olmur. İndiyədək başqaları üçün işləyirdi, bundan sonra acından 
          ölməmək üçün özünə yığır. Etiraf edək ki, bu məsələdə dövlət heç bir 
          formada vətəndaşına dayaq deyil. Dövlətimizin nə qocasının sağlamlğnı 
          qorumağa, nə də layiqli həyat təminatı verməyə imkanı, ya da arzusu 
          yoxdu. 
           Demoqrafik bomba
          Cəmiyyəti qocalıqla hürkütmək olmaz. Cəmiyyətin yavaş-yavaş qocalmasını 
          «demoqrafik bomba» kimi qələmə verəndə qocalarımız inciyə də bilər. 
          Hamı qocalacaq. Təsəvvür etməyə başlasaq qocalıq həyətdə skamyada oturmaq, 
          ya da nəvələrin qayğısını çəkmək kimi müsbət çalarda görünür. Bəs çağlayan 
          həyat eşqini, təcrübəni nə etməli? Axı çox vaxt cavanların hazır təcrübəyə 
          ehtiyacı olmur, onlar öz təcrübəsini qazanmaq istəyir. 
          Qocalıq kiminçünsə cəmiyyət qarşısında borcu ödəyəndən sonra özüyçün 
          yaşamaq vaxtıdır. Pensilvaniya ştatından Andora Kuinbi ağır atletikayla 
          məşğul olmağa başlayanda 78 yaşı vardı. Bu yaxınlarda o, 45 kiloqramlıq 
          ştanqanı qaldırdı. Özünün çəkisi 56 kiloqram və yaşı 88 olanda. Yaponiyalı 
          Miura Keydzo 70 yaşında Everest dağının Şanqri buzlağından, eləcə də 
          Kilimancaro dağının kraterindən xizəkdə sürüşüb düşdü. 100 yaşını qeyd 
          edəndən sonra da o, ilin 6 ayını dağ yamaclarında keçirir. Rusiyalı 
          keçmiş şaxtaçı Mixail Kotlyarov, 4 saat 17 dəqiqlik marafonu qaçanda 
          78 yaşı vardı. İndi onun 87 yaşı var və hələ də qaçır və qışda buzlu 
          suda çimir. Yaşlı xanımlar özünü gözəllik müsabiqələrində də sınayır. 
          İlk dəfə yaşlılar arasında gözəllik müsabiqəsi İsveçrədə keçirilib. 
          Onlara qarşı tələblər sadə idi. 70 yaşı adlamaq, səhnyə kimsənin köməyi 
          olmadan çıxmaq və tək yaşamaq lazım idi. Bəziləri ahıl yaşda evlənir 
          də. Bu mənada Braziliyada 83 yaşlı Xoze Fereyte və 14 yaşlı İolanta 
          arasında nikah ən qəribəsi sayılır. Nikah pula görə deyil, aralarında 
          hisslərin olduğunua görə bağlanmışdı. Çünki hər ikisi varlı idi. 
           Niyə yaşayırsan?
          Biz hələ ki avtobusda qocalara yer veririk. Yaxşı ki, o gün ayağı əsə-əsə 
          avtobusdan düşən qarının dalıyca sürücünün dediklərini o, eşitmədi. 
          «Niyə yaşayırsan, a yazıq. Niyə qaxılıb evində otura bilmirsən» replikasından 
          sonra adamın özünə qəsd eləməyi gələr. 
          Yaşlı adamlar psixi xəstəliklərdən daha çox əziyyət çəkir. Çünki evində 
          qocasının yaddaşının pozulmasını, əhvalının pisləşməsini görən adam 
          bunu onun yaşı ilə bağlayır və çox vaxt həkimə müraciət etmir. Amma 
          bu əlamətlər arxasında uzun sürən depressiya, yaddaş pozuntusu və irsi 
          faktorlarla əlaqəli olan xəstəliklər gizlənir. «Başım ağrayır» deyib 
          üzünü divara çevirən qocadan halını soruşmasan, dəqiqləşdirməsən sonra 
          bunu özünə bağışlamayacaqsan. Nə qədər qocalar özünü divardakı xalçaya 
          çevirib sakitcənə dünyasını dəyişib. Ondan «Sənə nə olub?» soruşan olmayıb. 
          
          Yaşınızı bilməsəydiz özünüzə nə qədər yaş verərdiz? (Doktor 
          Ueyn U. Dayer)
           Ömür rəqəmlərlə ölçülmür. Biz xaricə gəzməyə gedəndə turistlər 
          arasında yaşlıların daha çox olduğunu görürük. Onlar aktiv, həyatsevər 
          və ünsiyyətcil olurlar. Sanki onlarda yaş kompleksi olmur. Bizdə təqaüdə 
          çıxmaq bəladırsa, orda asudəçilik, qayğılardan azad olmaq deməkdir. 
          Axı ömür boyu işləmiş adamn hesabında yaxşı da pulu olmalıdı! Sosioloqlar 
          deyir ki, Qafqazda gürcülər və ermənilər araçında Azərbaycanın əhalisi 
          daha cavandı. Gürcüstanda 65 yaşdan yuxarı adamlar 16,7 faiz, Ermənistanda 
          11,2 faiz, Azərbaycanda isə 7 faizdir. Sonuncu siyahıya alınmada Azərbaycanda 
          2639 uzunömürlü qeydə alınıb. Dövlət Statistikası İdarəsi məlumat verir 
          ki, Azərbacanda orta insan ömrü 72,4 ildir. Ola bilər hansısa qərarlar 
          verilir, hansısa kağızlara imza atılır, dövlət proqramları fəaliyyət 
          göstərir. Amma qurduğumuz cəmiyyətdə ahıllar hələ ki, uşaqlarına arxayındır, 
          dövlətə yox. 
          Hətta ağ saçları görməyə ümidi olmayan Roma legionçuları bilirdilər: 
          Əgər döyüşdə öləsi olsalar imperiya onların ailəsinin qayğısını çəkəcək. 
          Təqaüd sözü də burdan yarandı. Əvvəl imperiya pulu hamıya verirdi. Sonra 
          yalnız seçilmişlərə, daha sonra isə heç kimə. Yuli Sezarın vaxtında 
          bu sözü unutdular, düz 2000 illik. Adama elə gəlir ki, təqaüd məsələsi 
          dünya dürdüqca olub. Ölkədə işləyənlərin sayı təqaüdçülərin sayı ilə 
          bərabərləşsə nə olacaq? Yəni Roma imperiyasının aqibəti bizi də gözləyir? 
          Türkmən başqanının tapdığı çıxış yolu da müasir dünya üçün gülməli görünür. 
          O, hesab edirdi ki, qocalara dövlət baxmamalıdı, təqaüd verməməlidi. 
          Hər kəs öz ata-anasının qayğısını çəksə dövlətə də rahat olar. Roma 
          döyüşçüləriniq həyat tərzi onlara gələcəyə planlar cızmağa imkan vermirdi. 
          Onların devizi belə idi: «Ya yolu tapacam, ya da özüm yol salacam». 
          
           Qocalmayanlar…
          Bu gün həm də Beynəlxalq musiqi günüdür. Bütün orkest işçilərinin, ifaçıların, 
          filarmoniya işçiləri və musiqişünasların da bayramıdır. Bu bayramın 
          adı Dmitri Şostakoviçlə bağlıdır. Bayram 1975-ci ildən qeyd edilir. 
          İnsanlar məişətində musiqi terminləri işlətdiyini düşünmürlər. Təqtli 
          hərəkət, ritmik iş, harmonik şəxsiyyət – bütün bu terminlər musiqidən 
          gəlir. Dahilərlən kimsə deyib ki, musiqi insanla birgə doğulub. Amma 
          insandan fərqli olaraq o qocalmır. Bəlkə də beynəlxalq müsiqi gününün 
          ahıllar günüylə bir gündə olmasının gizli mənası da var. Axı musiqi 
          qocalmır və insanları qocalmağa qoymur. 
Qadın baxışı