Yazılası və yazılmayası
Yaxud masaüstü bayramda qara əjdahayla nə qayıraq?

Hər il bu vaxt mən
yeni il ərəfəsi olduğu üçün bayram yazısı yazıram. Məşhur filmdə deyilən
kimi «Hər il yeni il qabağı dostlarımla hamama gedirəm» ifadəsinə bənzər
şəkildə mən də bu vaxtlar yeni ili vəsf eləyirəm. Gah Şaxta babanın həyat
hekayəsində eşələnib hər ölkədə qazandağı adları və xasiyyətləri araşdırıram.
Gah Qar qızı yanına salıb diyarbadiyar gəzməsi faktından narahat oluram,
gah də üzümüzə gələn ilin qarderobunu, mətbəxini araşdırıram. Arabir yeni
il gecəsinin erotik ssenarisini yazmağa də cəhd eləmişdim. Amma bu il
fərqlidir. Hamı bilir ki, Şaxta baba bizim personaj deyil və yenə də bu
bayramı qeyd etməkdə davam edir. Bir də, məndə elə bir duyğu var ki, bu
ilin oxucusu başqa əhvaldadır və fərqli bir şeylər oxumaq istər.
«Gələcəyi qabaqcadan görməyin ən yaxşı üsulu onu kəşf etməkdir»
Bir qədər pissimist əhvaldayıq. Əvvala onunçün ki, bütün dünya
maya təqviminə uyub sonunu gözləyir. İnananlar da, inanmayanlar da gözləmə
mövqeyindədir. Bu təqvimi hələ də dəqiq oxuya bilməyənlər deyir ki, son
tarix kimi 2012-ci ilin dekabrın 21-də qiyamətə yaxınlaşmış olacağıq.
Bu fikrə inansaq deməli bu bayram keçirəcəyimiz son yeni il bayramıdır.
Belədirsə nəyimiz varsa tökək masanın üstünə. Axı bizdə bütün bayramlar
masa üstü keçir. Bayrama münasibətimiz də süfrəyə düzdüyümüz yeməklərin
miqdarı və çəkdiyimiz xərcdən asılıdır. Bir neçə il əvvəl maya təqvimi
barədə məlumatlar yayılanda bunu o qədər də ürəyimizə salmadıq. Çünki
irəlidə hələ neçə il vardı. Hamı arxayın idi ki, o vaxtacan hər şey həll
olar, ötüşər. Sonradan maya təqvimini başqa cür şərh eləyən onlarla alim
tapıldı. Birisi dedi ki, təqvimi başayaq oxuyublar, o birisi dedi ki,
orda dövr hər 26 min ildən sonra dəyişir, hələ vaxtımız var, tamam başqa
birisi isə sadəcə «mətbuatın boşboğazlğıdır, elmə dəxli olmayan şərhləri
yayırlar» dedi. Danılmaz faktdır, təbiət və hətta cəmiyyət də müəyyən
dövrlərlə yaşayır. Bir quruluş, bir zaman ölür, yerində o biri doğulur.
Ona görə də «Zamanımız öləcəksə deməli yenisi doğacaq» düşünməliyik.
Bu gün bizim gələcəyə münasibətimiz sanki şüşələri tərləmiş pəncərəyə
baxmaq kimidir. Gözləyirik ki, duman keçəndən sonra yenidən tanış mənzərəni
görəcəyik. Cələcək isə sürüşgən məsələdi! İndi hamının işlətdiyi portativ
kompüter ideyası hələ 38 il əvvəl də vardı. Bu ideyanın sahibi Alan Key
yastı ekranlı, bloknot boyda kompüterini göstərdikcə dodaqlarda gəzən
təbəssümü görəndə deyirdi: «Gələcəyi qabaqcadan görməyin ən yaxşı üsulu
on kəşf etməkdir». Alimin haqlı olduğunu sübut etməyə lüzum yoxdu, çünki
əksəriyyəti noutbuk işlədir…
Gələcəyə ümid bəslərkən pulluların, məsələn Bill və Melində Qeytsin fondu
kimi qurumlardan əl üzməliyik. Çünki onlar yeni, əlçatmaz sahələri maliyyələməklə
məşğuldur. Onlar 18-ci əsrdə icad edilmiş klassik unitaza alternativ olaraq
yenisinin yaranmasına 41, 5 milyon qrant ayırıblar. Yəni ki, başları qarışıqdı.
SOROS fondu da əldən getdi, daha doğrusu ölkədən getdi. Yeri gəlmişkən,
bayramqabağı müəllimlərin maaşı 8 manat 50 qəpik artdı. Amma bunu yaxşıya,
yoxsa pisə yozacağımı hələ ki, bilmirəm. Çünki müllimlərin əmək stajına
və kateqoriyalara bir daha əl gəzdirəndən sonra rəqəm irəli yox, geriyə
getdi.
Əjdahalar otlamaz !
Bütün pissimist proqnozlara inansaq, ən pis halda belə irəlidə bir ildən
10 gün az vaxtımız var. Bu zamanı da adam kimi yaşamaq olardı. Bütün yaxşılıqlara
layiq olduğunu düşünmək, pis şeyləri qulaq ardına vurmaq lazımdı. Çünki
həmişə zarıyan adamla olmaq burnu axan adamla bir otaqda yatmaq kimidir,
yəni yoluxucudur. Sevgilin və ürəyində sevgin varsa onu ilıq saxla. Fransız
müğənnisi Edit Piaf demiş sevgi sərin yerlə saxlayası ərzaq deyil ki,
lazım gəlsə onu qızdıra biləsən.
Camaatın qorxusunun, eytiyat etməsinin səbəbləri var. Gələn il qara əjdaha
ilidir. İndi necə edək ki, bu qara əjdaha bizdən razı qalsın? Deyirlər
ki, bu gecə fantaziyaların başını açıb buraxmaq lazımdı. Qara əjdaha rahatlıq,
sakitlik sevməz. Həmişəki kimi il qarşılamaq da olmaz. Elə bilin ki, axırıncı
yeni il gecəsidir. Səs-küy, mahnı, rəqs və çoxlu yemək olmalıdı. Əjdahalar
otlamaz, bunu bilirsiz. Ona ət lazımdı, çoxlu-çoxlu və istiotlu, ədvalı
dadlı bişirilmiş ət. Əyninizdə alov rəngli paltar olsa əjdahaya xoş gələr.
Onda gələn ili bu əjdaha suyun qarşısını kəsib sonra bakirə qızı qurban
götürmüş əjdaha kimi sizi rahat buraxacaq. Əjdahanı özündən çıxartmaq
sizə lazımdı?
Dünya bizdən fərqli məqamları arayır
Demək olar hamının beynində ötən ilin xüsusi olduğu barədə fikirlər dolaşır.
İnsanların internet asılılığını nəzərə alıb ilin xarakteristikasını axtarış
sistemlərindən aradıq. Araşdırmalar göstərdi ki, dünya bizdən bir qədər
fərqli məqamlarla maraqlanır. 2011-ci il ərzində Google başda olmaqla
bütün axtarış sistemlərində sorğu onluğunun başında Rebekka Blək adlı
rok ulduzu dayanır. Onun yeni buraxdığı klipinə «You Tube»da 167 milyon
dəfə baxılıb. Sırada ikinci gələn Googlu+ sosial şəbəkəsidir ki, üç həftədən
sonra istifadəçiləri 10 milyonu keçdi. Avtomobil qəzasında 34 yaşında
vəfat etmiş aktyor Rayan Dann ən çox axtarılanlardan üçüncüsüdür. Sırada
növbəti namizəd amerikalı Keysi Entonidir. Onu 2 yaşlı qızını öldürməkdə
ittiham edirdilər. Amma məhkəmə onu günahsız elan etməklə milyonların
marağına səbəb oldu. Axtarılan 4-cü namizəd «Battlefield 3» adlı kompüter
oyunudur. Dünyanın oyunbazları bu versiyanı çox səbirsizliklə gözlədiklərindən
Google-ni rahat oturmağa qoymayıblar. Camaat oyunla birgə iPhote 5-i yamanca
axtarıb. «Apple» kompaniyasının yeni smartfonunu hamı müzakirə edib. Sırada
növbəti yeri Adel adlı müğənninin «21» adlı albomu gəlir. Çünki bu albom
müsiqi dünyasına sanki bomba qoyub. 22 yaşlı müğənninin albom 16 həftə
balbadal bütün hitparadların birinciliyini heç kimə verməyib. Axtarış
sistemi «東京 電力» kimi yazılan heroqlifi də çox aramalı olub. Tokiya enerji
kompaniyası kimi tərcümə edilən bu heroqlif bir göz qırpımında məşhurlaşdı.
«Apple» şirkətinin rəhbəri Stiv Cobs ölməmişdən əvvəl də məşhur idi, amma
ölümüylə iPod, iPhone və iPad planşetləriylə eyni dərəcədə axtarılan oldu.
Bəlkə də ona görə iPad 2 planşeti satışa çıxan kimi bir göz qırpımında
500 mindən artıq satıldı.
«Ərəb baharı»nın çiçəkləri
Sabahdan artıq 2012-ci ildir deyəcəyik. Bəlkə çiynimizin üstündən
geri qanrılıb ötən ilə bir qıyğacı baxışla baxaq? Arxada ən əvvəl «Ərəb
baharını» görəcəyik. Taleyi sonacan məlum olmayan demokratiya tutması
bütün dünyanı təşvişə və heyrətə saldı. Tunisdə katolik milad ərəfəsi
baş qaldıran etirazlar zəncirvari reaksiya kimi hələ də Yaxın Şərqi və
Şimali Afrikanın titrədir. Onilliklər boyu topdağıtmaz taxt-taclar oyuncaq
evciklər kimi gözümüzün qarşısında dağıldı. Bir vaxt xalqın qəhrəmanı
olub sonradan harınlamış diktatorlar da, hakimiyyəti doğlmağıynan qazananlar
da eyni taleyi yaşamalı oldu. Bütün dünya köksünü ötürüb Süleyman peyğəmbər
kimi «Bu da keçər» dedi. Diktatorların barmaq yelləməyini də, meyitinin
yerlə sürülməyini də gördük.
Bu il dünya növbəti böhran ərəfəsindəydi. Varidatı olanlar itirməkdən
qoxurdu, pulu olmayanlarsa olmayanını itirməkdən. Defolt olmadı, borcu
olan ölkələr yeni borc götürüb ölkənin köhnə borclarını ödədilər. Hamı
gözünü inkişafda olan ölkələrə dikib.
Fukusimoda olan qəzadan sonra hamı atom energetikasına olan münasibəti
kökündən dəyişməli oldu. Təbii fəlakətdən sonra özünü adam balası kimi
aparan yaponların davranış nümunəsi nəticə çıxıranların sayını ikiqat
artırıb. Hamı barmağını dişləyib fikirləşdi: Əgər bu boyda inkişaf etmiş
Yaponiya yenə də özünü təbii fəlakətdən qoruya bilmədisə biz, Allahın
yazıq bəndələri nə edə bilərik ki? Çernobıl qəzasının 25 illik yubiley
ilində dünya atom enerjisinə bir daha çəp baxdı.
2011-ci ildə monarxiya xalqın itirilmiş maraqlarını özünə qaytara bildi.
Britaniya şahzadəsi Uilyam və «Zoluşka» Ketrin Middltonun toyunu efirdə
24, 5 milyon adam izləyirdi. Bəzi hesablamalara görə bu xəbərlə maraqlananların
sayı 2 milyarda çatmışdı. İlk dəfə idi ki, İngiltərədə kraliçə kürsüsündə
ali savad diplomu olan namizəd otura biləcəkdi. İndi bu cütlük varis doğmaq
kimi çox vacib dövlət məsələsini həll etməklə məşğuldur.
Yazım, yoxsa yazmayım?! Bax, budur sual…
Yeni il elə bir ərəfədir ki, dinindən, mənsəbində asılı olmayaraq bütün
insanların ürəyi informasiyaya qarşı açıqdır. Ona görə də firmaların,
şirkətlərin əksəriyyəti bayrama xüsusi olaraq reklam çəkdirir və onun
yayımlanmasını bilərəkdən ləngidir. Elə həmin səbəbdən də bayramqabağı
ürəkağrıdan reklam çarxları da yayımlanır. Məsələn, İngiltərədə bir neçə
il əvvəl «Milada 12 gün qalmış» adlı reklam çarxı yayımlandı. 42 saniyəlik
reklamda sərxoş sürücülərin şikəst eldiyi uşaqlardan danışılırdı. Əli,
ayağı olmayan körpələr, xəstəxanada huşsuz uzanmış uşaqlar mələklərin
xoru altında göstərilirdi. Bu çarx ona baxmış kimsəni rahat buraxa bilməzdi.
Elə həmin səbəbdən də mən bu yazıda arsız, şən Şaxta babadan yaza bilmərəm.
Çünki ürəklərə girmək iddiam var.
İlin sonunda ev-eşikdə səliqə yaratmaq adətimi kompüterə də şamil edirəm.
Mənim «Yazılar» adlı qovlğumda bəzən illər uzunu «Saxla samanı, gələr
zamanı» prinsipiylə onlarla yazılar yatır. Onları müxtəlif mənbələrdən
yığıram və yazılarda informasiya qıtlığı olmasın deyən istifadə edirəm.
İndi illərin qovşağında onlardan bəziləri aktuallığını itirib və gələn
ildə yazılacaq mövzulardan deyil. Ona görə də mən onları bu il, daha doğrusu
bu yazıda yazmalıyam. Yoxsa boyatlaşacaq gələn ilə. Məsələn, faylların
birində Fransız prezidenti Sarkozinin kafedə kofe içib pulunu verməyi
unutması barədə informasiya yatır. Bu xəbərin vaxtı indidir, bu il, bu
gün, bu saatdır. Sarkozinin onsuz da aşağı düşmüş reputasiyasına daha
bir zərbə vurmağa gələn ili gözləmək olmaz. Onsuz da onun reytinqi öz
ölkəsində də yuxarı deyil. Ona görə də xalqın ürəyinə girməkçün Sarkozi
əyalətə gedib söhbətləşmək istəyib. Kafelərin birində kişiləşib «Hamını
qonaq edirəm» çığırır. Sonra xalqının qulaqlarından bir ton əriştə asıb
çıxıb gedir və pulu vermir. Ona elə gəlir ki, dediklərinin, əməllərinin
dalında dayanmalı deyil! Yəqin fransızlar da çayının, kofesinin pulunu
verməyəni kişi saymırlar.
Hələ nə qədər yazılası mövzum qaldı? Nijni Novqorodda şəhər administrasiyası
məmurlarına lüğət paylanması barədə yazacaqdım. Bu lüğətdə danışanda vurğunu
hansı hecaya qoymaq barədə ətraflı məlmatlar var ki, adam kimi danışa
bilsinlər. Orda məmurlar üçün ilk «Mərifət məktəbi» də açılıb. Hələ Qvatemalada
yalnız qadınları mindirən avtobus reysləri də açılıb, bizdə bir kəlmə
yazan yoxdu bu barədə. Belə avtobsa 7 yaşından böyük oğlanları da buraxmırlar
ki, qadınlar tər iyi, sürtüşməsiz, dava-şavasız və təcavüzsüz rahat gedə
bilsinlər. Gələn ildən Azərbaycanda xarici seriallara qadağa barədə informasiyanı
sonuncu ləzzətli tikə kimi axıra saxlayıram. Bilmək olmaz, bəlkə bundan
hələ yazası olduq.
«Santa Klausun davranışı Quran prinsiplərinə zidddir»
Yazılası mövzulardan biri də abidələrimiz və film qəhrəmanı
Miminoya Gürcüstanda açılmış abidə barəsindədir. Mən bu xəbəri ideyası
elan olunan, təməl daşı qoylan gündən izləyirəm. Amma yazmıram ki, bizdə
nəsə paralellər tapıb əlaqələndirim ki, oxucuya maraqlı olsun. Deyim ki,
bizdə abidələr gürcülərdən daha sürətlə peyda olur. Bəlkə də həmin səbəbdən
çaş-baş qalıram. Amma bizim abidələr avanqard üslubdadır. Onun tamaşaçısı
nə istəsə fikirləşə bilər, adını xeyir də qoya bilər, şər də. Mənimsə
sürüşgən mövzularnan aram yoxdu. Oxucular məni bağışlasın, amma balalarım
var, onları qorumalıyam.
Balalar demiş, balalar Şaxta baba və hədiyyə istər. Özü də hədiyyəni Şaxta
babadan elə arzulayarlar ki, elə bil əllərini göyə Allaha uzadır. Şimal
qütbünə məktub yazan kim, bir il arzusunu ürəyində gəzdirən kim, il boyu
yaxşı qiymətlərinin əvəzini Şaxta babadan gözləyən kim. Alimlər deyir
ki, (əlbəttə ki, Qərb alimləri) insan Allaha yalvaranda da, Şaxta babadan
nəsə istəyəndə də beyninin eyni hissəsi aktivləşir. İnsan üçün Allahın
da, Şaxta babanın da obrazı qeyri müəyyəndir. Hər ikisi barədə heç nə
bilmirik. Amma tədqiqat deyir ki, Allaha olan inam Santa Klasa olan inamdan
güclüdür. Dindar şərq alimləri isə Qərbin bütün obrazlarına qəti qarşıdır.
Türkiyədən olan imam Süleyman Yeniçeri deyir ki, Santa Klausun davranışı
Quran prinsiplərinə zidddir və ona inanmaq olmaz: «Axı Şaxta baba evə
bacadan girir. O, abırlı adam olsaydı hamı kimi qapıdan içəri keçərdi».
Amma Kazanda Şaxta baba rəsmi şəkildə bacadan girmək icazəsi alıb.
Başqalarna kömək etmək istəsən hər şey mümkündür
Mən burda mövzu axtarmaq zülmü çəkərkən Stokholmda 9 yaşlı balaca qızcığaz
Afrikanın aclıq çəkənləri üçün pul toplayır. İl bitməmiş bunu da yazmaq
lazımdı. O, aclıq çəkənlər barədə reportaja baxandan sonra ev pirojnaları
satmağa başlayıb və qazancını xeyriyyə fonduna keçirir. Bir aya dostlarıyla
birgə 35 min kron (5500 dollar) yığa biliblər. «İnsanların heç nə etmədiklərini
görəndə mən çox pərt oldum. İstəyirəm bütün uşaqlar bilsin ki, başqalarna
kömək etmək istəsən hər şey mümkündür» deyən qızın dedikləri bir növ dua
kimi səslənir.
Biz ağzı dualı xalqıq, amma zamanını gözləyənik. Oskar Uayldın «Dorian
Qreyin portreti» əsərində qəhrəmanın dedikləri də duadır: «Yalnız məhdud
adamlara hansısa duyğudan və təssüratdan qurtulmaqçün illər lazımdı. Özünü
əldə saxlaya bilən şəxs sevinci tapa biləcək asanlıqla kədərdən də qurtula
bilər. Mən öz duyğularımın qulu olmaq istəmirəm. Mən onlardan ləzzət almaq,
nə mümkünsə hasil etmək və öz duyğularıma hakim olmaq istəyirəm». Bu dua
bir yana, məncə yeni il gecəsi evdə bayram şamı yandırarkən azərbaycanlı
olduğuna görə əziyyət çəkən hər kəs üçün də bir ağız dua etmək lazımdı.
Bu da olar bizim həmrəylik günümüz…