Yaşıl dialoq
Yaxud bitkilər bizim haqqımızda nə düşünür?

Biz ətraf mühitə bir balaca
diqqətlə baxa bilsək görərik ki, hər yanda həyat qaynayır. İnsanların
istəyib-istəməməsindən, cəmiyyətdəki sosial durumdan asılı olmayaraq
bu həyat daim dəyişir və yenilənir. Heyvanlar, bitkilər, həşəratlar,
bakteriyalar, viruslar bizim iştirakımız olmasa da artıb törəyir, ölür,
yenisini doğurur və gördüyünüz kimi bizdən icazə istəmirlər. Onlar bizim
məişətimizə soxulublar. Çoxdan təmizlənməyən soyuducunun içində bəzən
adını da bilmədiyimiz canlılardan kaloniya yaranır. Biz isə hələ də
düşünürük ki, onların şüuru və duyğuları yoxdur.
Bitkilər insanların fikirlərini oxuya bilir
Bitkilərin düşünmə qabliyyətinin olub-olmaması məsələsiylə keçən əsrin
60-cı illərindən maraqlanırlar. Kliv Baksterin məqaləsi elmi-populyar
jurnalda çap edilən kimi bu məsələ müzakirələrə təkan verdi. Müəllif
deyirdi ki, bitkilər insanın emosiya və fikirlərini tutmaq qabliyyətinə
malikdir. «Fikirləşən bitkilər» fenomeni artıq Amerikanın sərhədlərini
çoxdan aşıb və hələ də müzakirə obyekti kimi aktual olaraq qalır. Hər
şey Baksterin Drasena adlı palmaya bənzər bitki üzərində təcrübələrindən
başladı. Təcrübədə suyun kökdən yarpaqlara qədər keçmə sürəti hesablanmalı
idi. Bunu aydanlaşdırmaqçün yalan detektoruna bənzər apparatı bitkiyə
qoşmuşdular. Bakster sanki bitkinin yalanını çıxarmaq məqsədilə onu
sorğu suala tutmaq fikrinə düşdü. Əvvəl o, bitkinin yarpağını isti kofeyə
saldı. Heç bir reaksiya olmadı. Amma sonra alim ötürücü qoşulmuş yarpağı
yandırmağı planlaşdırdı. Bu fikir onun beyninə gələn kimi, daha doğrusu
əlini kibritə doğru uzadanda aparatın göstəriciləri kəskin tərpəndi.
Yəni ki, bitki «qorxdu». Bunu etmək üçün bitki insanın fikirlərini oxumalı
idi. Bəzən bitkilər otağa bitki sevməyən insan, ya da it girəndə narahatlıq
göstərirdi. Sonradan aparılan anoloji təcrübələr alimin gəldiyi bu nəticəni
təsdiqlədi: Bitkilər insanların fikirlərini oxuya bilir. Başqa tip təcrübələr
də qoyuldu. Bu dəfə təcrübədə hörümçək də iştirak edirdi. Təcrübə altında
olan insan hörümçəyi tutmağa çalışanda bu məsələdə tam neytral qalmalı
olan bitki həyəcan keçirməyə başlayırdı. Belə çıxır ki, bitki nəinki
insanın, hətta həşəratın da fikirlərini oxuya bilir. Çünki onun qaçmaq
istəyindən xəbərdardır. Bəzən bitkiyə çox böyük təhlükə üz verirdisə
onlar şok keçirir, hətta huşunu da itirirdi.
Bir dəfə Baksterin laboratoriyasıea kanadalı fizioloq gəldi. O, otağa
girəndə ötürücüyə qoşulmuş bitkilərdən heç biri reaksiya vermədi. Amma
söhbət zamanı qonaq bitkiləri sobada yandırıb quru çəkisini öyrəndiyini
danışdı. Bitkilərə qoşulmuş aparatın göstəriciləri onların şoka düşdüyünü
göstərdi. Yalnız bu adam çıxıb geləndən sonra bir qədər keçmiş bitkilər
yavaş-yavaş əvvəlki göstəricilərə qayıtdılar.
Bitkilərin yaddaşı da var. Təcrübələrin birində 3 bitki və 6 adam iştirak
edirdi. Püşk atma yolu ilə 6 nəfərdən birinə (o biri adamlar bilməsin
deyə) bitkini sındırıb tapdalamaq əmri verilmişdi. Salamat qalmış və
hadisələri gözləriylə «görmüş» o biri bitkini aparata qoşub onun iştirakı
ilə 6 nəfəri dindirirlər. Onlardan 6–sı da bitkini öldürməyini inkar
etdi. Amma bitki yalan danışan adamın ifadəsi zamanı az qala özündən
çıxmışdı və emosiyalarını öz bildiyi tərzdə ifadə etməyə çalışırdı.
Etiraf edək ki, müəyyən aparatlar olmasa biz heç vaxt incitdiyimiz bitkinin
nə hiss etdiyini duya bilmirik.
Bitki təbəssümü
Bitkilər şəri unutmadığı kimi xeyiri də yaddan çıxarmırlar. Bakster
yazır ki, bir dəfə əyalət şəhərciyində məruzə deyirmiş və ekranda ilk
dəfə təcrübə altına salınmış bitkinin şəkli göründü. Bu məqamda məruzə
zalından yüzlərlə kilometr uzaqlıqla olan laboratoriyada həmən bitki
sanki zalda bütün bunları görüb eşidirmiş kimi müsbət reaksiya verdi.
Sanki o, keçmiş günləri xatırlayıb, bəlkə də «gülümsündü». Baksterin
dediyinə görə o labortoriyada təsadüfən əlini kəsən vaxt otaqdakı bitkilər
reaksiya verdi. Alimin dediyinə görə bitkilər çox rəhmdil və ürəyiyanandır.
Onlar ətrafdakı bütün canlı aləmin məhvini hiss edirlər.
Bakster öz təcrübələrində bitkilərlə kifayətləməyib təcrübələri canlı
hüceyrələr üzərində də qoydu. Məlum oldu ki, hüceyrələr də ətraf canlı
mühitə reaksiya verirlər. Alim düşünür ki, bu minvalla malekulluar da,
atom da, hətta hissəciklər də canlı aləmin problemlərinə müvafiq emosiyalarla
cavab verirlər. Bizim indiyədək canlı saymadığımız həyat formaları kifayət
qədər canlı imişlər. Bəs görəsən bitkilər canllı aləmin əzablarına bu
qədər həssasdırlarsa niyə ətraf mühitdə baş verən hadisələrdən dəli
olmurlar?
Məhsuldarlıq mənəviyyatdan asılıdır!
Bitkilər canlı aləmin bir hisssi, müstəqil bir dünyadır. Onlar da duyur,
sevir, qorxur, özlərini qurban verirlər. Onlar insan emosiyalarına qarşı
həssasdırlar. Bu ünsiyyət fiziki dünyadan daha nazik, efir səviyyəsində
baş verir. Hələ qədim zamanlardan babalarımız bilirdi ki, torpağın əkinə
hazırlanmasını və xüsusilə də toxum səpilməsini hər adama tapşırmaq
olmaz. Çünki bitkilərin insan təbiətinə münasibətindən xəbərdar idilər.
Toxum səpiləndə , həmçinini məhsul yığılanda da Ayın fazasından tutmuş
işə qoşulan adamların mənəvi keyfiyyətlərinə qədər hər məqam nəzərə
alınırdı. Müasir adam üçün bu məhsuldarlığın mənəviyyatdan asılılığı
kimi görünür. Toxum da onu səpən insan kimi vahid biosferanın üzvü olaraq
ondan qidalanıb sistemi pozmamalı idi. 21-ci əsrdə torpağın və insanın
ekologiyası məsələsi kəskin şəkildə dayanlığı bir zamanda alimlər və
biznesmenlər bu faktorları məsğərəyə qoyub gülürlər. Zaman sürətli prosesləri
tələb edir. Artıq keyfiyyət məsələsi arxa plana keçib. Amma hələ keçən
əsrin 70-ci əllərində bəzi fermalarda təbii şəraiti, astoroloji xüsusiyyətləri
qədim reseptləri nəzərə almaqla əkin-biçin işləri aparılırdı. Nəticələr
heyrətamiz idi. Almaniyanın bəzi bölgələrində, Quanaxuato ştatında Santyaqo
vadisində məxfi formul tətbiq edildiyindən 43 kiloqramlıq kələm, yarpağı
1,83 metr olan ağ turp, 4,5 kiloqramlıq soğan yetişdirilirdi. Onlar
nə kimyavi gübrə, nə də pestisidlər istifadə edirdi. Onların sistemi
astrologiya və «gəlmələrdən» alınmış informasiyaya əsaslanırdı. Rəsmi
dəirələr, alimlər bu sistemi tənqid edəndən sonra kəndlilər ruhdan düşüb
aqronomik təcrübələrini dayandırdılar. Amma şəkillər və çəkilmiş filmlər
hələ də durur.
Bitkilərlə maqlar danışa bilər
Bitkilr çarlığı ilə əlaqəyə girmək cəhdləri barədə biz demək
olar ki, heç nə bilmirik. Heyvanlarla, balinalar, delfinlər, itlərlə
linqvistik təcrübələrin aparıldığından xəbərdarıq. Amma bitkilərlə məsələ
daha mürəkkəbdir. Biz bitkilərə bir yerdə dayanıb qalmağa məcbur olan
və işi bizi yedizdirməkdən ibarət bir canlı kimi baxırıq. Bəzən onlarla
evlərimizi bəzəyirik, bəzən də müalicə olunuruq. Amma diqqət verək,
okkultizm tarixi elə bitkilər aləminin ətrafında baş verir və bu dünya
ilə yaxınlan tanış olduqca heyrətlənməyə bilmirsən. «Bitkilərin ruhu
varmı?», «Onlar öz aralarında ünsiyyətə girirlərmi?» və s. bu tipli
suallar cavabını gözləyir.
Qədim zamanlarda insanlar deyirdi ki, bitkilərin də ruhu var. Bitkilərin
ruhu ilə «danışmağı» hər adam əlbəttə ki, bilməzdi. Bunu maqlar bacarardı.
Onlar inanırdı ki, bir bitkinin budağını kəsəndə bütün canlı aləmdən
üzr istəmək lazımdı. Çünki bu informasiya göz qırpımında bütün aləmlərə
yayılır. Bu günün şamanları da həmin bu dünyagörüşü ilə yaşayır və bununla
da müasir insandan çox fərqlənirlər. Deyək ki, müasir insanın və muasir
elmin bəzi məsələlər qarşısında aciz qalması halları artmaqdadır. Bu
cualları indi ekstrasens adlandırdığımız insanlar rahatlıqla cavablayır.
Bitkilərə pis münasibətə görə bütün bəşəriyyət cavab verəcək
Ağ dərililər Amerikanı zəbt edəndən sonra uzun müddət qırmızıdərililəri
torpaqda işləməyə məcbur edə bilmirdilər. Hindu qəbiləsinin başçısı
bunu belə izah edirdi: «Siz istəyirsiz ki, mən otları yolub varlanmaq
üçün onları satım? Əgər mən anamın saçını kəsib satsaydım siz mənə necə
baxardız?». Bu hindu bilirdi ki, dünyada bütün canlılar qarşılıqlı əlaqədədir.
Bitkilərə pis münasibətə görə bütün bəşəriyyət cavab verməli olacaq.
Ekoloji tədbirlər bu gün çox dəbdədir. Amma müasir insan lap yüzlərlə
bitki əkmək mərasimini keçirsə də onlara münasibətini dəyişməsə, özünü
bitkilər çarlığının bir üzvü kimi duymasa əkilən bitkilərin çox az hissəsi
bizimlə birgə yaşamağa razı olacaq. Bəlkə də həmin səbəbdən Bakının
küçələrində əkilən yüzlərlə ağacdan bir neçəsi salamat qalır. Ona sərf
edilən qayğı və zəhmətə baxmayaraq.
Bitkilərlə ünsiyyətə girmək olarmı?
Amerikanın MKİ –nin keçmiş agenti yalan aparatını bitkilər üzərində
tətbiq edəndən sonra bu əməliyyata onlarla laboratoriya qoşuldu və əksəriyyəti
müsbət nəticələr aldı. Hələ keçən əsrin əvvəllərində hindli Çandra Bose
kəşf etdiyi aparatda bitkilərin də heyvanlarda olduğu kimi əsəb sisteminin
olmasını nümayiş etdirdi. Amma biz yenə də tərəddüd içindəyik, bəs bu
bitkilərlə neçə anlaşaq? Bəli biz artıq bilirik ki, onalar qayğı görəndə
xoşbəxt olur, aqressiv hərəkətdən qorxur, fikirlərimzə reaksiya verirlər.
Rusiya alimi Viktor Adamenko Baksterin təcrübələrindən sonra cinayətkarları
dindirərkən şahid qismində aparata bitkilərin də qoşumasını təklif etdi.
Təcrübədə cani hər yalan danışanda bitki reaksiya verirdi. Adamenkonun
fikrincə bitki sahibinin emosiyasına yanında olanda da, 200 kilometr
uzaqdıqdan da cavab verə bilir. Bu fikri Nyu-Cersidən olan elektrik
Pol Souvin də öz təcrübələriylə təsdiqlədi. O, belə nəticəyə gəldi ki,
bitkilər insan fikirlərini uzaq məsafələrdən də cavab verə bilir. Bitki
emosiyalarının öyrənməsiylə psixoloq V. Puşkina da məşğul olur. O, Tanya
adlı tələbəni hipnoz altına salıb ona birləşdirilmiş ətirşah bitkisində
lazımi dəyişiklikləri qeydə alıb. Onun fikrincə bitkilərin yaddaşı var
və onlar ora təkcə özünün deyil, həm də insanların fikirlərini yaza
bilir.
Qoyulan təcrübələr içində kalofornialı Lüter Berbenkanın aldığı nəticələr
maraqlıdı. O, bitkiylə sadəcə söhbət etməklə yeni, tikansız kaktus növü
yarada bilib. Bitkilər nəinki ona anlıdı, hətta tabe də oldu. Həmin
bu texnika ilə başqa bitki mutantları alındı: içindəki toxumları görünən
şəffaf tut, iri, şirəli gavalı, tam ağappaq marqaritka, qoxusu olan
su zambağı. Bu üsulun əsas ideyası odur ki, nə istədiyini təsəvvür edəsən
və bu işdə bitkilərlə əməkdaşlıq olsun. Berberk deyir ki, bitkilərdən
istədiyin nəticəni almaq üçün onlarla danışanda sevgi vibrasiyaları
yaratmaq lazımdı. Müasir təcrübələr nəhayət ki, ulu babalarımızın dediyinə
gəlib çıxaraq həmən bu fikirləri təsdiqləməli oldular. Bitkiylə ünsiyyət
üçün insan dilinə ehtiyac yoxdu. Bitkilər meditasiya, ya da dua «dilini»
də yaxşı anlayır. Doktor Robert Miller təcrübə əsasında sübut etdi ki,
dua yolu ilə çovdar 84 faiz daha artıq məhsul verir. Həmin məntiqlə
bitkilərin qarğışa reaksiyasını təsəvvür etmək çətin deyil. Təcrübə
aparanlar əmindir ki, duanın sehirli qüvvəsini təkcə sözlə deyil, əllə
də ötürmək mümkündür.
Onlar bizim kimi musiqini də duyur. Bitkilərin musiqisevərliyini nəzərə
almaqla yaradılan yeni becərmə sistemlərində adətən klassik musiqi istifadə
olunur. Amerikalı Doroti Retallek və Frensis F. Bromen bitki və tərəvəzlərə
pozitiv təsir edən sistem icad ediblər. Bu təcrübələri davam edən Den
Karlson mühahidə edib ki, musiqinin təsiri altında bitkilərin yarpaqlarında
kiçicik dəliklər açılır ki, bu da qidalı maddələri mənimsəməyə kömək
edir. Musiqi məsələsində proses qarşılıqlıdır. Bitkilər gözəl musiqini
duyur və özləri də həssas insanların duya biləcəyi vibrasiyalar yaradırlar.
Buna botanik musiqi deyilir. Bu effekti amerikalı Con Keycin adı ilə
bağlayırlar. O, səhra kaktuslarının tikanlarının yaratdığı siqnaları
yazıb başqa bitkilərin «musiqi pyesləri» ilə müqayisə edib. Bitkilər
təkcə musiqiyə deyil, həm də rəqsə də həssasdırlar. Hindistanlı doktor
Sinqxa hər səhər kalendula bitkisinin qarşısında klassik hind rəqsi
ifa edirmiş. Nəticədə bitki 60 faiz daha artıq inkişaf etdi.
Yaşıl dialoq
İnsanlara «düşünən bitkilər» fikri daha xoş gəlir. Çünki biz evimizdə,
bağda, istixanada bitkilərin qayğı və sevgiyə reaksiya verməsini öz
gözlərimizlə görürük. Bəzən olur ki, ömrünü bitkilərə qulluğu həsr etmiş
adam dünyasını dəyişəndə davamlı qayğı və qulluğa baxmayaraq onlar da
xiffət çəkir və sahibinin ardınca məhv olurlar. Bu sadəcə enerji mübadiləsi
deyil. Əlbəttə, bir yerdə dayanıb duran canlıların uzaq məsafələrə informasiya
mübadiləsi etməsi fikri ilə razılaşmaq çətindir.
Cənubi Afrikadan olan zooloq Van Helen zürafələr və antiloplar üzərində
təcrübə apararkən ortaya çıxardı ki, bitkilər informasiyanı kimyəvi
elementlər vasitəsilə ötürür. O sübut etdi ki, akasiyalar ünsiyyət zamanı,
təhlükə siqnalı olan kimi etilen (CH2) ifraz edir. Helen müşahidə edib
ki, zürafələr bir-birindən çox aralı dayanan akasiyaların yarpaqlarını
yeyir. Amma antiloplar fərqinə baxmadan bütün akasiya ağaclarının yarpağını
yeyir, ona görə də daha tez ölürlər. Yəni ki, akasiya ağacı təhlükə
zamanı o biri ağacları xəbərdar etməkçün etilen ifraz edir və xəbərdarlıq
almış ağacın yarpaqları tanin adlı zəhərin ifrazı ilə onu yeyən heyvanın
ciyərini dağıdır.
***
Hazırda Bakının abadlaşması adı altında küçələrimizdə əsil bitki genosidinin
şahidi oluruq. Bu proses hər yerdə gedir və hər kəsin gözü qarşısında
baş verir. Avropadakı kimi etiraz əlaməti olaraq ağaca çıxıb onu kəsilməkdən
qorumaq bizim mentalitetə zidd hərəkətdir. Ona görə də bitkisiz dünyada
yaşamaq istəməyənlər başqa təsirli və effektiv yollar axtarıb məhv edilmə
işinə əngəl yaratmağa artıq başlamalıdır.