Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Gəldi gedər Bakı

Bakı dünyaya nə verdi və nə aldı

Kimlər gəldi, kimlər getdi
Bu dünyadan, bu dünyadan…

Bayırda gün qızdırır. Günəşin şüaları Bakıın torpağının olan-qalan suyunu buxarlandıranda bakılılar çox da fikir eləmir. Qoy dəniz qızışsın, hamı özünü Xəzərin sahilinə atacaq. Qoy əcnəbilər yol çantalarını qablaşdırıb Baham adalarına, Haitiyə, bəd ayaqda Antaliyaya getsinlər. Amma vaxt vardı hamı bura axışırdı. İş üçün gələnlər mafal tapıb bir yol istirahət etməyə də vaxt ayırardılar. Bakının isə göstərəsi çox nəsnələri var. Ölkəmizin Avropa və Asiyanın kəsişməsində yerləşməsi, coğrafi və iqlim şəraiti beynəlxalq turizmin inkişafı üçün əlverişli şərait yaradır. Deyirlər ki, 2020-ci ilədək Böyük İpək yolu dünyanın bütün turistlərinin üçdə birini qəbul edə bilən marşruta çevriləcəkdir.

«Bakıda yaşamaq yaxşıdı»
20 –ci əsrin simvolu sayılan rəssam Salvador Dalinin «Geopolitik uşaq» əsərində təsvir olunan adam barmağını qlobusa uzadıb Bakını göstərir. «Bu təsadüfdür, yoxsa rəssam bunu bilərəkdən belə çəkib?» mövzusunda çoxlu mübahisələr olub. Bəlkə rəssam bu şəhərin gələcəkdə dünyanın mərkəzi şəhərlərindən biri olacağına eyham vurur?. Hazırda Bakı dünyanın ən bahalı şəhərlərin yüzlüyündə 99-cu yerdədir. Bunu «Economist Intelligence Unit» ingilis agentliyi öz tədqiqatlarında təsdiqləyib. Bakının tutduğu yer təxminən San-Paulu və Rio-de-Jeneyro ilə bir səviyyədədir. Amerikanın Notr-dam Universitetinin simpozium iştirakçıları isə «Bakıda yaşamaq yaxşıdı» nəticəsinə gəldilər. Sən demə şəhərimiz Yoxannesburq, Karaçi, Barselona və Bombey kimi meqapolislərtək sakitliyi və stabilliyi ilə seçilirmiş.

Bakı Şərqin Parisi
Sovet dövrünün ən çox baxılan filmlərindən sayılan «Budulay» filmində belə bir kadr var: qəhrəman köşkdən xanımına hədiyyə axtarır. Satıcı isə ona deyir ki, «Tərəddüd eləmə, Bakı malı götür. Bakı malı Paris malından keyfiyyətli olur». Təbiətcə pissimist olanlar «Parisi bütün dünya tanıyır, bəs Bakını kim tanıyır ki?» deyib sual edə bilər. Necə olurdu ki, eramızdan 2-3 min il əvvəl Misirdə Bakını nəinki tanıyır, hətta «Ölülər kitabı»nda adını da çəkmişdilər? İngilis arxeoloqu Vimdan Petri yazını «Zühur edən günəşin şəhəri» Baxau (Bakhay) kimi tərcümə etmişdi. Artıq formalaşmış şəhər kimi Bakının adına 5-8-ci əsrlərdən rast gəlinən 70-dən çox yazılı mənbələr var. Bir də ki, İçərişəhər yalan deməyə qoymaz. İçərişəhər hələ də qiymətli memarlıq irsinin açılmayan sazlanc yeridir.
Bakı şəhəri dünya sivilizastyasının beşiyi sayılan Yunanıstan və İtaliya ilə eyni paraleldə yerləşir. Buranın nəinki iqlimi, insanlarının temperamenti, hətta ərazilərdə tapılan abidələr də eyni üslubdadır. Bütün dünya Roma imperiyasının qalıqlarını seyr etməyə oralara axışan zaman biz tarixi abidələrimizi şəxsi həyətlər üçün paylaşdırır və dağıdırıq. Qobustanda Roma ordusunun Bakıda olmasını təsdiqləyən sənədlər var. Bizim eranın 80-90-cı illərinə aid yazı Böyükdaşın ətəyindədir. «İmperator Domisian Sezar Avqusta Qermanikanın zamanı. Lutsiy Yuli Maksim, 12-ci senturionun leqionu». Ramana kəndinin adı da Roma ordusunun şərəfinə qoyulduğu ehtimal edilir. Düzdü, o vaxtlar «qonaqlarımız» silahla gəlmişdi.

Hardan başlanır Vətən?
Qobustan abidəsi ən qədim insan məskənlərindən sayıldığı kimi bir çox hələ açılmamış sirrləri də özündə gizləyir. Dünya tarixinə sağ döşü olmayan (onlar döşlərini uşaq ikən bağlayırmışlar ki, böyüyüb ox atmağa mane olmasın) döyüşkən qadın tayfaları kimi girmiş Amazon qadınların məskəni Qobustan qayalıqları olub. Şairə Nuridə Atəşi bu fikri sübuta yetirəcək çoxlu faktlar toplayıb. Amazonlar 10 min il boyunca bütün Qafqazda, Xəzər, Qara dəniz sahillərində və Kiçik Asiyada yaşayaraq, öz cəngavər savaşları ilə tarix yaradıblar. Xəzər dənizinin sahillərindən baş alıb gələn bu cəngavər xalq Qara dəniz sahillərinə yayılıb, bütün Kiçik Asiyanı öz tabeliyi altına alıblar. Amazonların saldığı ilk “şəhər” - Qayalar yurdu - əzəmətli Qobustan olub! Yunanıstanda olan Tamnos, Lemnos və Lesbos adaları zaman-zaman “Qadın adaları” adlanıb. Amazonlar Qafqazdan Qara dəniz sahillərinə, oradan isə Egey sahillərinə,Türkiyəyə, Yunanıstana və bütün dünyaya yayılıblar.
Abşeronda tapılmış kurqanlar (qəbirlərin üzərində 8 rəqəmi şəklində dairəvari tikinti) Şotlandiyadakı kurqanlarla eynidir. Maraqlıdır ki, Şotlandiyanın qədim kelt adı Albaniyadır. Şotlandiyanın dağlıq adalarından birinin adı Arrandır. Ola bilər ki, oranın adamları Arrandan gəlmə idilər. Onlar müqəddəs yeri «vatan» (azərbaycanca vətən) adlandırırlar, lap bizim kimi.
Məşhur norvecli alim səyyah və antropoloq Tur Xeyerdal təkid edir ki, qədim vikinqlərin də vətəni indiki Azərbaycan olub və dediklərinin sübutunu Qobustan qayalıqlarında tapıb. Şotland saqasına görə vikinqlərin əcdadı Odin «Aser» adlı ölkədən gəlib. Odin, yəni "od canlı", "od ruhlu", ya da "od məskəni". İslamdan öncə azərbaycanlıların oda sitayişi etməsini nəzərə alsaq Odin adının bu cürə izah olunmasına inanmaq olur. Yurdumuzun qədim sakinləri olan asların İrlandiya, Danimarka, İsveç, İslandiya xalqlarının inkişafında mühüm rol oynaması barədə də faktlar var. XVIII əsr və müasir İrland tarixçiləri qeyd edirdilər – «Biz Aser torpağının davamçıları və nəsliyik.» İrlandiya və Şotlandiya arasında kiçik "Azer" adasının olması bunu təsdiqləyən faktdır. Danimarka, İsveç və Norveçin mifologiyasında yazılıb ki, xalq Odin adlı allahdan başlanğıc götürür. Odin allahlar nəslindən imiş. Şaman kimi maqik məşğələləri ilə ətrafdakıları heyrətə salarmış. Tur Xeyerdan deyir ki, çox guman ki, vikinqlər Xəzər dənizi ilə Volqa çayına keçmiş , sonra Novqorod və Kiyev tərəfdən Qərbə yollanmışlar. Məhz onlar İngiltərə, Şotlandiya, Fransa, İrlandiyanın ilk krallarından olmuşlar. Azer ölkəsindən çıxmış dəfn mərasimini norveclilər uzun müddət, xristianlığı qəbul edənədək saxlamışdılar.

Yalnız Bakıda…
Caz muğam yalnız Bakıda doğula bilərdi. Bununçün muğamı ana südüylə canına çəkmiş bir adam cazın sehrinə düşməliydi. Caz azad adamların musiqisidir. Muğamda olan azadlıq isə heç bir musiqi formasında yoxdur. Təbiətcə azadlıq sevər bakılılar həm cazsevər, həm də muğamsevər insanlar kimi ad çıxarıb. Bakı kəndlərində bu yaxınlaracan toylarını muğamla keçirərdilər. Sovetlər zamanında Bakı ölkənin caz mərkəzlərindən biri idi. Bakıda ilk caz orkestri artıq 1920-ci ildə yaranıb.
Bütün dünya simfonik muğamlardan bayılır. Şərq və Qərbin qovşağında olması və mədəniyyətlərin sintezi ilə Bakı bu tövhəsini dünyaya verə bildi. Dünyada analoqu olmayan musiqi formasını muğam bilicisi və Avropa musiqi məktəbini keçmiş adam yaza bilrdi. Bu hadisə isə yalnız Bakıda baş verə bilərdi. Şərqin ilk operası da Bakıda yaranıb, ilk Konservatoriya və ilk sirk də eləcə.
Hər il dünya səbirsizdliklə Nobel mükafatının nəticələrini gözləyir. Yəqin hamı bilir ki, məşhur milyonçu Alfred Nobel varidatını Bakı neftindən toplayb. Hesablamalara görə bu məbləğ Nobel mükafatının 12 faizini təşkil edir. Təsəvvür edin ki, hər il mükafat alanlara bizdən də pay düşür. Hələ hamının tanıdığı mükafat təsis edilməmişdən əvvəl Bakının öz Nobel mükafatı vardı. Onu Alfred Nobelin qardaşı oğlu Emmanuel Lüdviqoviç Nobel 1904-cü ildə Rus imperator Texniki cəmiyyətinin Bakı şöbəsində təsis etmişdi. Ümumi kapitalın gəlirindən nəzərdə tutulmuş 1000 manatlıq bu mükafat hər ilin 25 mayında neft, texniki üsullar və neftə yaxın elmlərin inkişafı sahəsindəki uğurlara görə verilirdi.
Dünyada ilk kinomatoqrafçı kimi tanınmış Lümyer qardaşlarından biri Mişon ilk sənədli filmi Bakda Bibiheybət buruqlarında çəkib. Film «Bibiheybət buruqlarında yanğın» adlanırdı. Təqvimdə 1898-ci il görünürdü. Lümyer qardaşları möcüzələrinin dünyaya göstərəndə Bakıdan da yan keçməmişdilər. Filmləri Parisə aparmamışdan əvvəl avqustun 1-də Vasilyev sirkində bakılılara göstərmişdilər. Burada Bibiheybət buruqlarında yanğın, Buxara əmirinin qarşılanması, knyaz Aleksandrın gəlməsi və bir neçə komediya səhnəsi göstərildi.
İlk dəfə neft buruğu Bakıda qazılıb. Dünyada ilk neft tankeri Bakıda suya salınıb. 1878-ci ildə Xəzərdə Nobel qardaşlarının tidirdiyi «Zərdüşt» adlı tanker üzürdü. 1823-cü ildə Bakıda dünyanın ilk parafin zavodu tikilib. Bakı-Krasnovodsk telefon xətti dənizin dibiylə aparılanda hələ 1879-cu il idi.
1930-cu ildə Bakı alimləri indi bütün dünyada tətbiq edilən neft çıxarma üçulunu kəşf elədilər. Bu üsulla neft buruğunu şaquli yox, maili qazırlar. Ona görə də buruğu yataqdan uzaqda quraşdırmaq mümkün olur. Bakıda bu üsulla nefti yaşayış məntəqələrinin altından da çıxara bilirdilər. Həmin üsulun davamı kimi 10 -12 buruğun kol kimi budaqlaşmış şəkildə çıxarılması üsulu da Bakıda kəşf edilib. Bu üsulla 5 min metr dərinlikdə buruq işləri aparmaq olur. Sovet zamanı bu yeni texnologiyalar geniş işlədilmirdi. Amma dünya neft çıxaranlarının nəzərindən qaçmayıb. Məsələn Şimal dənizində neft çıxaran norveclilər yeni üsula görə bakılılara minnətdar olmaqdan çəkinmirlər.

Yolçu yolda gərək
Hər il 12 milyon quş yolunu burdan salır. Onlardan 5 milyonu qışı burda keçirir. Yəni onlar buranın havasını, suyunu, yəqin ki, insanlarını də bəyənirlər. Bakı gəldi gedər Bakıdı. Nədənsə Yeseninin Mərdəkanda qonaq qaldığı vaxt harda olmasını bilməməsi barədə əhvalat daha çox yayılıb. Bəlkə də burda yaranan əsər «Fars motivləri» adlandığındandır. Amma o, «Bakı və bakılılarsız yaşaya bilmirəm» deyirdi və hər dəfə bura qayıtmağı arzulayırdı.
Məhəmmədi kəndi yaxınlığındakı Yanar dağ hələ Aleksandr Makidonskinin vaxtından yanırmış. Bunu o dövrün yazılarından oxuyuruq. Deməli Makedonski özü olmasa da əhatəsindən kimsə buralara təşrif buyurub.
Nargin və Volf adalarının adını 1-ci Pyotr qoyub. İsveçlə müharibədən təzəcə çıxmış Pyotr Narqin adalarının quruluşunu Fin körfəzindəki Revel adasına oxşatdı. Həmin adanın Narqin- alman forması, Nartinqen eston formasıdır. Dar boğaz deməkdir. Vulf isə almancadan qurd, qurd adası deməkdir. Bulla adasının adı isə Stepan Razindən qalıb. Yəni ki, «Bıl ya», rusca «Burda mən olmuşam» deməkdir.
Məşhur bariton Şalyapin Tiflisə gedərkən yolunu Bakıdan salıb. O, Mailov qardaşlarının teatrında konsert verib. Çaykovski isə bura lap tez-tez gəlirdi. Onun qardaşı Bakıda çinovnik vəzifəsində idi: «Bu şəhər hər cəhətdən yaxşı imiş. Daha doğrusu səliqəli, gözəl tərtib edilmiş, təmiz və bununla yanaşı çox qeyri-adi xasiyyətli».
Mendeleyev «Bakı çox səliqəli şəhərdir. Dənizə mənzərə və dənizdən görünüşü də əladır» deyirdi. O, Suraxanıdakı kimya zavodunda bir müddət işləyib. Amma deyilənə görə kimya zavodu işə düşəndən sonra Atəşgahın təbii odu sönməyə başlayıb.
Mayakovski isə yazırdı: «Bakını çox sevirəm. Burda nəsə var ki, onu heç vaxt unuda bilmirsən». Onun Bakı nefti haqqında bir şeri də var. Orada təxminən belə fikir yazılıb ki, Bakı qanı, yəni nefti başqa şəhərlərin damarlarına donor qanı kimi yeridilir ki, onlar da yaşaya bilsin. Düzdü Bakı Qorkinin gözünə bir az tutqun görünmüşdü. «Tutqun cəhənnəm lövhəsinin dahiyanə şəkildə çəkilmiş mənzərəsi» deyib Bakı proletariatının təsvir etmişdi.
1943-cü ildə kinorejisyor, Stalin mükafatının laureatı Aleksandrov Q.B. Bakı studiyasında faşizm üzərində qələbəyə həsr edilmiş «Bir ailə» adlı böyük filmi bitirdi. Çarli Çaplin bu münasibətlə Bakıya teleqram vurdu: «Sovet İttifaqının xalqlarının ümumi düşmənimizə qarşı cəsarətli savaşından iftixar duyuram. Sizin yeni işinizlə çox maraqlanıram. Çarli Çaplin»
Pakistanın prezidenti Pərviz Müşərrəf multanı karvansarasına hədiyyələr edib. Axı Pakistanda da belə şəhər var. «Pakistanın Multanı şəhərindən mətbəx ləvazimatı» adlı dolabda dəvə dərisindən lampa, gül vazası, keramik kasa və piyalələr, boşqab, su qazanı, çay dəsti, qazança və güzgü indi də saxlanlır. Britaniyanın keçmiş baş naziri Marqeret Teççer də həmən multanı karvansarasının qonağı olub.

«Mən Bakıda doğulmuşam!»
Zaman belə gətirib, Bakı dünyanın ən beynəlmiləl şəhərlərindən biri olub. Son illərin hadisələrinə baxmayaraq burda 72 millətin nümayəndəsi yaşayır. Harda yaşamasından asılı olmayaraq burda doğulanlar fəxrlə «Mən Bakıda doğulmuşam» ifadəsini işlədirlər. Elmdə Nobel mükafatçısı, riyaziyyatçı Lütfizadəni, futbol arbitrı Tofiq Bayramovu, sahibkar Vaqit Ələkbərovu, bəstəkar, dirijor Vaynşteyni, partizan Mehdi Hüseynzadəni, kəşviyyatçı Rixard Zorgeni, kinodramaturq Rüstəm İbrahimbəyovu, kinorejisyor Qusmanı, şaxmatçı Kasparovu, kosmos tədqiqatçısı Kərim Kərimovu, fizik Lev Landaunu, müğənni Müslim Maqomayevi, cazmen Vaqif və Əzizə Mustafazadəni, beynəlxalq qroysmester Teymur Rəcəbovu, violonçel çalan və dirijor Rostrapoviçi, yazıçı Çingiz Hüseynovu, rəssam Tahir Salahovu hamı həm də sadəcə bakılı kimi tanıyırlar.

***
Bu yaxında məşhur rus şoumeni Dmitri Malaxovun «Baku» jurnalına müsahibəsində oxudum ki, o, şəhərimizin qonağı olubmiş. Bizim boğanaq saydığımış şəhərin havasında o, duyduğu sehrli qoxuları təsvir edirdi. O, deyirdi ki, gözlədiyim şərq şəhəri əvəzinə artıq formalaşmış meqapolislə rastlaşdım. Bakı çox təmiz şəhər imiş və onu qonaqlardan gizləmək günahdır. Deyəsən şəhərimizə qonaqların gözülə baxmaq zamanıdır…

Yuxariya doğru