Bütün canlılar bir su dolu bardaqdı
Əzəl çərşəmbənin sehrləri
Bu gün əzəl çərşəmbə,
su çərşəmbəsidir. Su hər şeyin əzəli və çıxış nöqtəsidir. Su çərşəmbəsində
təbiət hələ yuxuludur. Ona görə də insanlar «Ay çərşəmbə, sən mənimlə
çərşəmbələşsən də, mən səninlə çərşəmbələşəcəyəm, çərşəmbələşməsən də».
Allah,
məni su elə…
Boz ayın 4 müqəddəs çərşəmbəsindən ilki olan su çərşəmbəsində günəş doğmadan
su başını gedərlər, təzə suda yuyunarlar, yaralıların yaralarına su səpərlər,
bir-birini suyla çiləyər, arx üstündən atlanarlar. Əski inama görə su
çərşəmbəsində günəşin şəfəqi görünən anda şüaların toxunduğu su təzə və
müqəddəs sayılır. Həmin suda yuyunan arzusuna çatarmış. Səsi batıb danışa
bilməyənlərə çərşəmbə suyu içirdərlər. Tədqiqatçıların fikrincə «Xızırın
dirilik çeşməsindən su içdiyi və Koroğlunun Qoşa Bulaqdakı köpüklü su
götürdüyü gün «əzəl çərşəmbə» olub.
Babalarımız su qırağında, bulaq başında, arx kənarında suya müraciətlə
nəğmələr oxuyurdular: «Allah məni su elə, su gözəllər yüküdür» yalvarışında
ilkinə dönüş ideyası əks edilib. Nəğmələrimizdə analar çaylardan, göllərdən
qürbətdəki oğlanlarının sorağını istərlər. Su çərşəmbəsində erkən durub
axar sudan, bulaqdan, çaydan «lal su» gətirərlər. Yəni suyu evə gətirənədək
heç kimlə danışmazlar. Bu su ilə hətta fala da baxmaq olar.
Yuxumu suya danışım
Şumer-akkad mifoloji sistemində bütün dünyanı əhatə edən yeraltı şirin
sular və dünya okeanı Abzu adlanır. Bu sözün hər iki hecası su mənasını
verir. Abzu həm də yerin dərin qatlarında gizli qalan sirli yer mənasını
da verir, ora hətta tanrılar da gedə bilmir. Şumer miflərində ilk insan,
bizim Adəm və Həvva kimi tanıdığımız insanlar Abzunun dibindəki gildən
düzəldilib.
Atəşpərəstlər yeni ilin birinci günündə ilk sözü ağızlarından çıxarmamışdan
əvvəl «axar suya» deyərlərmiş. İstər türk, istər islami yaradılış haqqında
görüşlərdə su ən vacib komponentdir. Yaradılışdan əvvəl bütün varlıqların
sudan ibarət olması haqqında qədim türk mifi də var. Azərbaycan türklərinin
qədim inanclarına Su yiyəsi böyük ailəsiylə göllərin dibində yerləşən
iri daşların altında yaşayır. Bəlkə ona görə həmişəaxar bulaqlar və çayların
mənbələri müqəddəs yerlər sayılıb. «Kitabi Dədə Qorqud»da su ona görə
aydınlıq sayılır ki, tanrının üzünü görüb.
Birisini bəyənməsək «Gözüm səndən su içmir» deyirik. Səfərə çıxanın arxasıyca
su atırıq ki, işi avand olsun. Bizlərdə qorxunu da su içməklə, qorxanın
üstünə su çiləməklə alırlar. Lap anadangəlmə ekstrasenslər kimi. Bunları
da atlar deyir: «Süfrəyə su tökülərsə xeyrə yozular», «Su içən adama toxunmazlar»,
«Su dolu qabla önünə çıxsalar işin yaxşı gedər», «Su kiçiyin, yol böyüyündür»,
«Su axdığı yerə bir də axar», «Su ehsandır». Bir sözlə, hər şey sudan
başlanıbmış.
Su nədir?
Dünya yarananda su nə qədər idisə indi də o qədərdir, nə az, nə də çox.
Bizim tanıdığımız dünya yaranana qədər o həmişə bizimlə olub. Suyun yaddaşı
var. Dünya alimlərinni qoyduğu təcrübələr sübut edir ki, su bütün hadisələri
yaddaşına yazıb ona reaksiya verir. Maddəyə toxunması kifayətdir ki, su
onun haqqında hər şeyi bilib yaddaşında saxlasın. Bununla onun kimyəvi
göstəriciləri dəyişmir. Adi suyu dirilik suyuna çevirə bilən əcdadlarımız
bunu deyəsən bizdən yaxşı bilirdi? Suyun hər malekulunda 444 informasiya
paneli var. Bu bir növ kompüer yaddaşı kiimdir. Suyun dilini bilsək ona
təsir etməyi də bacararıq.
Suyun Allahla sazişi
Su elə bil ki, Allah və insan arasında vasitəçidir. Hələ hazırlanmamış
heykəllərin obrazı gildə olduğu kimi, bütün canlıların obrazı suda yaşayır.
Qədim dövrün müdrikləri düşünür ki, Yaradan bütün həyatın ssenarisini
suya danışıb, suya tapşırıb. Ona görə də onu yalnız su dəyişə bilər.
İnsan və başqa canlıların sudan yaranmasını deyən Quran ayələrinə diqqətlə
baxsaq canlıların Yer üzündə yaranmasının bir möcüzə olduğunu başa düşərik.
Əl-Ənbiya (Peyğəmbərlər) surəsi - 30 - Məgər kafir olanlar göylə yer bitişik
ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?!
Yenə də iman gətirməzlər? (Göylər ilk yaradılışda bir-birinə bitişik bir
təbəqə olduğu halda, onların arası hava ilə açılıb yeddi təbəqəyə ayrılmış,
yer də bir təbəqə ikən sonra yeddi təbəqəyə bölünmüşdür. Bu, Allahın qüdrətini,
əzəmətini sübut edən ən tutarlı dəlillərdəndir).
İncildə də su fiziki substansiyadan daha artıq sayılır. Onun adı həyat
ideyası ilə yanaşı çəkilir. İncildə deyilir ki, inam sahibləri üçün mümkün
olmayan heç nə yoxdur. Bütün dövrlərdə inamla sehr yarada bilən insanlar
olub. Musa peyğəmbərinin qarşısında dəniz də aralandı, çünki o, inanırdı
ki, Allah onun xalqını darda qoymayacaq.
Su fikirləri
oxuyur
Dinlərin demək olar ki, hamısında ibadətdən əvvəl yuyunmaq, dəstəmaz almaq
və böyük bayramda zamanı yeməyi su ilə salavatlamaq ritualı da var. İnsan
Tanrının qarşısına təmiz şəkildə çıxmalıdır. Hər mənada təmiz. Bəs bu
qədər fərqli düşüncəli insanlar niyə əmindir ki, məhz belə etmək düzgündür.
Alimlərin indi baş sındırıb laboratoriyalarda tapdıqlarını insanlar qədimdən
bilirdilər. İnsanın sudan necə istifadə etməsindən asılı olmayaraq su
həmişə müsbətdir. İnsanın suya qarşı münasibəti ona sağlamlıq gətirə də
bilər, onu öldürə də bilər. Başqasına neqativ göndərən adam isə ən əvvəl
öz suyunu çirkləndirir. Ətrafımızda neqativ fikirləri yaymaqla biz suyu
da mənəvi çirkləndiririk, bir damcı mürəkkəb suyu boyaya bildiyi kimi.
Hər birimizin içində ilkin yaradılmış sudan bir damla var. Ağzımızdan
çıxardığımız hər söz informasiya okeanında bir damla su kimi təsir edir.
Suyun neqativini yalnız dua ilə təmizləmək olur. Bütün dinlərin duasının
vibrasiyası 8 gertsdir. Bu yer kürəsinin elektoromaqnit titrəməsi ilə
üst-üstə tüşür. Yəni dua edən adam Yer kürəsinin vibrasiyasına qoşulur.
Bakı şəhəri və Abşeron yarımadası artıq 3 min ildən artıqdır ki, insanların
dua etməkçün gəldikləri müqəddəs məkanlardan biridir.
Alimlər təcrübələr aparıblar. İki qab qoyulub, birinə hər gün xoş söz
deyilib, o birini isə hər gün söyüblər. Nəticədə mikroskop altında hər
iki su damcısının çox fərqli quruluşu gözə çarpıb. İki söz suyu təmizləyir:
sevgi və şükranlıq. Keçmişdə bu suya dirilik suyu deyərmişlər. Məbəddən
götürülmüş suyun strukturu altıguşəli ulduz formasında olur. Bizim bayrağımızdakı
altıguşəli ulduz kimi.
Suyun
etirazı
Əgər bütün neqativi özündə cəmləsəydi su sözün əsl mənasında dəli ola
bilərdi. Amma sahil zolağında yaşayanlar kimi biz də bilirik ki, o, təmizlənə
bilir. Buxarlananda və yağışa çevrilib yenidən torpağa qayıdanda, donub
sonra əriyəndə su yenidən əvvəlki keyfiyyətinə qayıdır. Ən təmiz su insanla
təmasda olmayan sudur.
Həlim axan suyun da hərdən dəliliyi tutur. Alimlər kütləvi aksiyalarda,
meydanlarda, stadionlarda insanların özünü eyni cür aparmasını da su vasitəsilə
informasiya ötürülməsilə bağlayırlar. Məsələn, hökümətin etinasızlığında
gileylənən və hər dəfə imam Hüseyn meydanında çığırıb təkər yandıran nardaranlıların
ağlına da gəlməz ki, bu emosiyalara bütün təbiət qüvvələri reaksiya verir.
Bəlkə heç nardaranlıların da özləri bilmir ki, Nardarandakı Xan sarayında
bir quyu daşıb bütün sarayı su altına almaq istəyir. 1 metrə qədər su
sarayın içində dayanıb və hələ də artmaq üzrədir. Su hər yerdən çıxmır,
bircə dənə balaca quyudan daşıb ətrafı basır. Bu da suyun nardaranlıların
etiraz mitinqlərinə reaksiyasının real təzahürüdür.
Bakı dəniz kənarında yeganə paytaxtdır
İnsan 70-90 faiz sudan ibarətdi. Hər insanın bədənindəki su doğulduğu
yerin suyunun strukturu ilə eynidir. Biz doğulduğumuz yerlə əlaqəmizi
ömrümüzün sonuna kimi saxlayırıq. Ona görə də vətən anlayışı təkcə yüksək
poetik anlayış, məna deyil, həm də konkret fiziki məzmundur. Biz içdiyimiz
su ilə, yuyunduğumuz su ilə eyni cür «fikirləşirik». Bakı dəniz kənarında
yerləşən yeganə paytaxtdır. Bu şəhərin həmişə içməli su problemi olub.
Dünyada hər yerin sudan ibarət olduğu vaxt şirin su ehtiyatı bütün suların
bir faizinin yarısı qədərdir. Hətta belə olsa da insan tərəfindən şiddətli
hücuma qalmasa şirin su hamıya çatar. Bu gün evimizə gələnəcən su böyük
yol keçir. Qədimdə bilirdilər ki, təbii su olan yerlərdə məskunlaşmaq
lazımdı. Bizimçün bu önəmli deyil, çünki min kilometrlərlə uzaqdan suyu
şəhərə gətirməyi bacarırıq. Su borularla axanda bir növ zorlanır.
Dənizə doğru içəriyə uzanmaş Abşeron qumsallarında bir neçə metrlikdə
şirin suyun çıxması özü bir növ möcüzədir. Məntiqlə quyulardan şor su
çıxmalı idi, axı dəniz Abşeronun həm sağında, həm solunda, bir sözlə hər
yerindədir. Abşeronda quyu qazmaqda ixtisaslaşmış adamlar, kərkanlar deyir
ki, harda qaratikan kolu bitirsə, deməli orda su var. 10-20, lap 50 metrdə
olsa da orda su çıxmalıdır. Tikan kökünü suya çatdırmasa qumsal çöllərdə
yaşaya bilməz. Suyu tapmağın başqa bir maraqlı üsulu da var. Payızın sonlarında
canlı və üstü düyünlü meynə budağını kəsib sərin yerdə saxlayırlar ki,
çox qurumasın. Yazın əvvəlində onu əllərində tutub qumun üstündə gəzdirirlər.
Meynə budağı suyu hiss elədiyi yerdə torpağa tərəf dartınır.
Bakıda və Abşeronda məhdud yeraltı sularından başqa içməli suyun olmadığını
hamı bilir. Hazırda şəhərə su 4 mənbədən gəlir: Bakı-Şollar su kəməri,
«Samur-Abşeron» kanalı, Kür çayı və Ceyranbatan su anbarı. Bakıya ilk
su kəməri çəkilməzdən əvvəl əhali quyu sularından və bəzən də duzsuzlaşdırılmış
dəniz suyundan istifadə edib. Amma əhalisi total şəkildə artmamışdan,
neft şəhəri şişirdib əndazədən çıxarmamışdan əvvəl İçərişəhərə su dağüstü
parkdan «şah kərnizi» vasitəsilə gəlirdi. Bayır şəhərdə də insanlar suyu
artezian quyularından çıxarırdı. İçməli su probemini milyonçu və xeyriyyəçi
Hacı Zeynadabdin Tağıyev həll etdi. 1917-ci ilin fevralın 18-i tarixə
«Bakı-Şollar» su kəmərinin açılışı günü kimi düşür. Bu xəttin açılışından
sonra bir müddət şəhər keyfiyyətli su ilə təhciz edildi. Amma indi durmadan
böyüyən şəhərimiz yenə də içməli suyun qıtlığından əziyyət çəkir. Hazırda
«Oğuz-Qəbələ-Bakı» su kəmərinin çəkilişi gedir. Su adı çəkilən rayonların
yeraltı bulaqlarından şüşəlifli borularla şəhərə gətiriləcək. Məlumata
görə kəmərin su ehtiyatı 50 il tükənməyəcək. Quyulardan götürülən nümunələr
müayinə üçün Fransaya göndərilib. Alınan nəticələrə görə həmən bu su əlavə
maddə qatılmadan və təmizlənmədən istifadəyə tam yararlıdır. Kəmərin özəlliyi
ondadır ki, su Bakıya qədər öz təzyiqi ilə axacaq, yəni ki, matorlar tərəfindən
borulara sıxılıb zorlanmayacaq. Yəqin ki, su çərşəmbəsində belə suyu bir-biriimzə
çiləyə bilərik.
Su kənarında
olan Bakı su altında qalmayacaq!
Bakını dəfələrlə su basıb. Hər dəfə təhlükə Xəzərdən gəlib. Hazırda Xəzər
dənizi dünya okeanı səviyyəsindən 27 metr aşağıdır. Bu yaxında antarktik
tədqiqatlar Elmi Komtəsinin məruzəsisini «The Times» qəzeti açıqladı.
Ekoloqların fikricə planetdə suyun səviyyəsi 1,4 metrə qədər qalxa bilər.
Bu hadisə artıq 21-ci əsrin birinci yarısında gözlənilir. Nəticədə bir
çox dövlətlər su altında qalacaq və milyonlarla insan didərgin düşəcək.
Ehtimal var ki, bütün Avropa şəhərlərini su basacaq. Şanxay, Aleksandriya,
Boston, Nyu-York kimi şəhərlərin də batmaq təhlükəsi var. Yer sakinlərinin
10 faizi yaşayış yerini dəyişməli olacaq. Ona görə də içməli su uğrunda
müharibələr də qopa bilər. Məruzəyə əsasən 100 milyon asiyalı, 14 milyon
avropalı, 8 milyon afrikalı və o qədər də amerikalı qaçqın olacaq. Antarktida
isə əriyəcək. Bir sözlə sahil zolağına düşən bütün ölkələr zərər çəkəcək.
Antarktik tədqiqatlar Elmi Klmitəsinin təqdim etdiyi xəritəyə inansaq
nəinki Azərbaycan, hətta Xəzərin sahilində və çökəkliklə yerləşən paytaxtımız
su altında qalmayacaq.
Həmişə
təmizlikdə
«Daşlarda yaşayan xatirələr» kitabında içərihərlilərin xatirələrindən
oxuyuruq: «Şəhərin altında tunellər var ki, dörd tərəfə çıxışı var. Bu
şəhərin altı sudur. (Deyirlər ki, şəhərin altında 3 dənə təbii yeraltı
göl var, amma metro çəkilənədək onların bir-biriylə əlaqəsi yoxmuş (G.R).
Qəzəbli ilan kimi dik duran hündür binalar çökəndə görəcəklər ki, Bakı
onların düşündüyü qədər mülayim deyil…»
Biz kənarları, altı su ilə dolu bir şəhərdə yaşayırıq. Bu su bizim bütün
arzularımızı, diləklərimizi, dualarımızla birgə murdarlıqlarımızı canına
çəkib hələ ki, susur. İnsanlar özü də bir su dolu bardaqdır. Su malekulları
arasında telepatik əlaqə olduğundan Bakı bütün sakinlərinin nə düşündüyünü
çox yaxşı bilir. Biz su kənarında ən çirkli şəhərdə yaşayırıq. Elə bil
ki, şəhərin yuyulması həlledilməz problemdi. Amma Bakıda şəhər küçələrinin
yuyulmasına ilk cəhd 1933-cü ildə edilib. Hər ayın 10, 20 və 30-u şəhəri
yuyurdular. İndi 80 il sonra Bakının yuyulması qalıb yağış yağandan-yağana.
Su çərqəmbəsində adam təmiz yerdə və təmiş su ilə yuyunmalıdır ki, aydınlıq
olsun.
Havanın necə olmasını izləyəndə əslində biz suyun nə edəcəyini gözləyirik. Hər şey onun əhvalından asılıdır. Biz bunu yalnız müşahidə edə bilərik. O narın duman damlaları kimi dənizin üsütündə yığılıb günəş şüalarının nurunu canına yığıb işıqlana bilər. O, qara çevrilib şəhəri ağ rəngə bələyə bilər. Ya da yağış olub küçələrə tökülər, selə çevrilib ətrafı dağıda bilər. Yaxud çiskin olub ürəklərə səpilə bilər. Həmişə təmizlikdə olun!