Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

«Bakıya bahar gəlir» seriyasından

Əs, ey səba yelləri

Mağlar deyir ki, hava görünməyən şeylərlə doludur

Ey küləklər şəhəri, köhnə qədim-yana Bakı
Eliyibdir sənin eşqin məni divanə Baki

Bu gün Axır çərşəmbədi. Axır çərşəmbə İlaxır çərşəmbələr içində mərasim, ayin, etiqad, oyun və şənliklərlə ən zəngin olanıdı. Bu gün əvvəlki çərşəmbələrdə icra olunan bütün mərasimlər təkrar qeyd olunur. Ona görə çox vaxt sonuncu çərşəmbəyə nə Yel çərşəmbəsi, nə Od, nə Torpaq, nə də Su çərşəmbəsi demirlər. Çərşəmbələrin sıralanmasında mübahisələr olsa da bu gün kimsə mübahisə etmək istəməz. Axı hamı inanır ki, Axır çərşəmbəni necə qarşılayıb yola salsan, elə də bütün ili keçirərsən.

Yel eləyəni fələk də edə bilməz.
El içində Yel çərşəmbəsini «küləyi oyadan», «yelli» də adlandırırlar. Etiqada görə bü çərşəmbə oyanan yel və külək ərzi gəzir, oyanmış suyu, odu hərəkətə gətirir. Bu günü səhər suya tapınma ayini ilə başlar. Bütün günü davam edən mərasimlər axşama doğru daha da maraqlı olur. Bu axşam üzərrik yandırır, tonqaldan tullanırlar. Bacalardan torbalar sallanır, qurşaq tutulur, fal açılır. Bu günü xüsusilə subaylar gələcək qismətini axtararaq qulaq falına çıxır, suyla, odla, başqa üsullarla fala baxırlar.
Dünyanın yaranmasında iştirak edən sonuncu ünsür hava olduğuna görə yazqabağı mərasimlərdə Yel çərşəmbəsi adı ilə qeyd olunur. Yel canlılara nəfəs verməklə öz hərəkətliyini, dinamikliyini onlara keçirib cansız torpağı və suyu durğunluqdan çıxarır. Ona görə də yeli ruhla eyniləşdirirlər. Od və hava qarışmasa maddi, əşyavi tərəf əbədi dayişməz qalar, sular coşub daşmaz, dalğalanmaz, torpaqlar vulkanna sevrilib püsgürməz.
Novruz kasıb qonşuya kömək etmək istəyənlər üçün ideal şərait yaradır. İmkanlı adam qonşuya pul versəydi, yəqin ki, o, inciyərdi. Ona görə də bayram xonçası qurular, onu yer-yemiş, bişmişlərlə bəzəyərdilər. Axı xonçanı heç kim dala qaytarmazdı. Xonça müqəddəsdir. Bəlkə ona görə xalçalarımızın tən ortasındakı ornamentə də xonça deyirik. Nəsildən-nəslə ötürülən xalçanın tən ortasında oturub niyyət eləsən yerinə yetəcək deyən qədim inamımız da var.
İlaxır çərşəmbələr Yer üzündə analoqu olmayan rituallar silsiləsidir . Həmin ritualların mahiyyəti ondan ibarətdir ki, Allah ilk olaraq qarmaqarışıq xaosdan suyu ayırır. Başlanğıcda kürreyi- aləm ancaq sudan ibarət idi (su çərşəmbəsi buna eyham vurur). Sonra odun köməyilə suyun keyfiyyətlərini dəyişir və günəşin şüalarıyla suyun müəyyən hissəsini qurudub torpağı üzə çıxarır (od çərşəmbəsində simvolizə edilir). Torpaq meydana gəlməklə dünaynın bir çox elementlərinin doğuşuna şərait yaranır (torpaq çərşəmbəsi ona görə sırada üçüncüdür). Axırda yaradılmış ilk insan suyun dibindəki gildən yaranır. Ulu Allah Yel vasitəsilə ilkin yaranışları bir məkandan başqa məkana aparır (göydən yerə endirməklə) və hava, nəfəs verməklə (yenə də yel vasitəsilə) ruhu meydana gətirir (Bu da sonuncu mərhələ, yel çərşəmbəsi).
Müqəddəs günlərin çərşəmbə seçilməsinin isə izahı budur ki, tanrı dünyanı yaradanda həftənin ilk günündə hazırlıq işlərini yerinə yetirib, 2-ci gün (çərşəmbə axşamı) yaratmağa başlayıb. 3-cü gün su, 4-cü gün od, 5-ci gün torpaqla bağlanan varlıqlar yaratmış, 6-cı gün yaranışların hamısına can (ruh) vermiş, 7-ci gün bütün işlərini tamamlayıb istirahət etmişdir. Bu inama görə bütün yaradılış işlərinin bünövrəsinin qoyulması çərşəmbə axşamına düşür.

Əs ey, Səbayıl yelləri
Bahar bayramını bütün dünya xalqları qeyid edir. Amerikanın qızıldərili hinduları indi də bahar bayramı mərasimini icra edir. Adını «Diriliş» şənliyi qoyaraq bayramı yaşadıqları ərazinin tam ortasında uzun dirək basdırıb onu dünyanın mərkəzi adlandırarlar. Bu dirək Ulu Tanrının simvolikasıdır. Qəbilənin şamanı həmin dirəyə çıxaraq şər ruhlardan, xəstəliklərdən, bəlalardan qurtararaq onlara bol məhsul verməsi məqsədilə Ulu Ruha- Gök Tanrıya dua edər.
Dünya xalqlarının mifik sistemlərində hava mifik zamanın başlandığı nöqtədə baş ilahdır. Məsələn, Misirdə baş ilah Şu göyü və yeri məğlub edir, bütün aləmi ələ alıb canlıları yaradır. Hindistanda Brahm nəfəsini bayıra buraxanda dünya yaranır, içəri alanda məhv olur. Cinlilərin təsəvvürlərində isə göyün qapılarının açılıb bağlanması ilə həyat –ölüm hadisələri baş verir. Müsəlman miflərində İsa nəfəsi ilə ölüləri dirildir, ona Məsih (nəfəs verən) deyilməsi bununla bağlıdır.
«Münisnamə»yə görə dünya hava və sularının hamısı bir məxluqun timsalında təqdim edilir. Bir əlini yerə dirəyən, digərini isə göyə dikən Səhayil dəniz suyunun və küləklərin qoruyucusudur. Ola bilər ki, Səbayel adlı qədim külək tanrsının adı da bu inancdan yaranıb. Havanın himayəçisi və tənzimləyicisi Səhayıl yüksələn əli ilə sərt küləklərin, qaçırğanın, yerə dikilən əli ilə isə coşub daşan dəniz sularının qarşısını alır. Əgər Səhayıl sol əlini yerdən götürsə dəniz suyu kükrəyib butun çölləri, düzləri basar, insanları batırar, boğub öldürər. Sağ əlini aşağı salarsa tufan qasırğa qopar, dünya üzünündə canlılardan əsər-əlamət qalmaz.
Yel Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi rolunu da yerinə yetirir. Yel Baba əksər hallarda əldən-ayaqdan düşmüş qoca sifətində peyda olur. O, qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirləməyi tələb edir. Yel Babanın üfürməsiylə yumaq açılır və azmışları mənzil başına çatdırır. Yel Baba haqqındakı bu təsəvvürlər sonralar Fatma nənənin yumağı şəklində nağıllara keçib. Azərbacanlıların qədim təsəvvürlərinə görə Yel Baba xırmana gəlməmişdən qabaq ordan buğda, dən götürməzlər. Ulularımız deyirlər ki, «Yel əsdirəni söyməzlər». Çünki onun arxasında Baş Ruh durur. Yelə tüpürsən öz üstünə qayıdar. Bir inancda isə deyilir ki, «Yel çərşəmdəsi girən gün söyüd ağacının altına gedib niyyət elə və Yel Babanı çağır. Əgər Yel Baba səsini eşidib söyüdün budaqlarının torpağa toxundursa diləyin yerinə yetər».

Bu bayram ruhunuzun təmiz olmasını istər
Zərdüştlükdə Novruza beş gün qalmış insanlar oruc tutardı. Onlar bu məqamın adını «kədər və göz yaşları günləri» qoymuşdular. Bu beş gün 4 ünsür və bir də ruha həsr olunardı. Novruz təkcə cismin yox, rühün da təzələnmə günüdür. Əgər insan ruhunun təmizlənmək məqsədini qarşısına qoyursa başqa məqamlar da onun içində gedir. Əslində, Allah-Taalanın da istəyidir ki, insanlar evdə xoş sözlər danışsın, Özü də təkcə bu günü yox, həmişə. Gözəl mələklər tərəfindən eşidilsin və il boyu evin ruzi-bərəkəti bol olsun. İnsanlar ruh aləmlərinin təmişlənməsinə o qədər də önəm vermir. Yaxşı olar ki, ev-eşiyimizi, həyətimizi silib təmizlədiyimiz qədər ruh aləmimizin təmizlənməsinə diqqət verək. Bayramqabağı evlərin təmizlənməsi də heç də təsadüfdən baş vermir. Hələ zərdüştilik zamanından bəri yeni ilə bir gün qalmış evdə nə qədər sınıq şeylər varsa, xüsusən də güzgü, cırılmış paltar və sairi birmənalı olaraq atırdılar. Ruhun təmizləmə mərasiminin izləri rəqslərimizdə çox aydın görünür. Rəqsin funksiyası xəbis ruhlardan xilas olmaqdır. Bizim milli rəqslərimizdə də hərəkət elementlərinin əksəriyyəti ruhi aləmlərlə təmas, yaxşı və pis ruhlar arasında özünə yer tapmaqla bağlıdır. Rəqs edən insan ruhunun təmizlənməsi üçün xüsusi hərəkətlər edir və ali varlıqlarla təmasa girir. Rəqslərimizin magik xüsusiyyətləri, eləcə də muğamlarımızın sehrinin səbəblərini uzaq tariximizdə, mağlar adlanan tayfanın mədəniyyətimizin formalaşmasında oynadığı rolunda axtarmaq lazımdı.

Mağlar deyir ki, hava görünməyən şeylərlə doludur
Dünya elmində magiya termininin maqlarla bağlı olduğunu bütün lüğətlər etiraf edirlər. A. Kamyu «magiya»nı spesifik sivilizasiya adlandırıb. Pifaqorçular, platonçular da magiyanı dediyimiz anlamda başa düşüblər. İndi magiya deyəndə cadu, sehr nəzərdə tutulur. Qədim dövrlərin insanı üçün Tanrıya sitayiş və onunla ünsiyyət ən böyük sehr olub. Bu cadu, bolluq, bərəkət istəyən dualar zamanla mərasimə çevrilib.
Mağlar, bəzi ədəbiyyatda , xüsusilə Y.V. Çəmənzəminlidə muğlar adlanan tayfalar Azərbaycanın ən qədim əhali birləşmələrindən olub. «Tarixin atası» sayılan Herodot mağları Midiya qəbilələrindən biri hesab edirdi. Onların dini ayinlərə rəhbərlik etdiyini də göstərib. Layerti Diogenin «Görkəmli folosofların təlimi və deyimləri» adlı əsərdə mağlar və birinci mağ Zərdüşt haqqında maraqlı fikirlər yazılıb. Müəllif mağların bütün vaxtını allaha ibadətdə, dua oxumaqda keçirdiklərini və allahın yalnız onları eşitdiyinə inandıqlarını yazır. Mağlar fala baxmaqla gələcəkdən xəbər vermək qabliyyətinə malik olduğundan ilahların onların gözünə göründüyünü göstərir və sübut etməyə çalışırdılar ki, hava görünməli şeylərlə doludur, iti gözlər üçün onları görmək o qədər də çətin deyil. Onlar cadugərliklə məşğul olmurdular. Ona görə də təsadüfi deyil ki, ən güclü ekstrasensor qabliyyətli adamlar mağların birbaşa varisləri sayıla biləcək Azərbaycandan çıxır. Mağlar ali mərasimlərinin əksəriyytini keçirmək üçün Bakı şəhərini seçirdilər.

Bakı- küləklər şəhəri
Bakı şəhərinin adı barədə çox müxtəlif və çox fərqli versiyalar səslənib. Onlardan biri 18 əsrdən bəri fars mənbələrində «Badkubə» kimi verilir. Farsca iki sözdən ibarətdir: «bad»- yəni külək, «kubə» - vuran. Yəni küləklər vuran şəhər, yaxud küləklər şəhəri. Ola bilər Bakının küləkləri bura gələn səyyahların lap çox yadında qalıb. Həqiqətən də Bakı küləkləriylə tanınır. İndi Bakının küləkləri elə bil əvvəlki kimi qəddar deyil. Çoxmərtəbəli binaların hazırda küləkqıran kimi işləməsini nəzərə alsaq yəqin əmin olarıq ki, burda küləklər neçə əsr bundan əvvəlki qədər rəhimsizdir. Deyirlər ki, qədimdə binaların təkdənbir olan vaxtlarında küləyin cənginə düşsəydi insanı yerindən götürüb apara bilərdi. Heyvanların da küləklər tərəfindən uçurdulmasından da danışırlar. Hamı bilir ki, Bakıda qar çox nadir hallarda olur, amma küləklərin əsmədiyi zamanı heç kim xatırlamır. Bakının qışı qarıyla yox, küləyilə yadda qalır. Bu külək adamın sümüyünə qədər işləyib bəzən ağacları köküylə birgə yerindən çıxarıb böyrü üstə qoyur. Külək atını qamçılayan kimi bakılılar onun Xəzri, yoxsa gilavar olduğunu dəqiq bilir. Çünki burda küləklərin də xasiyyəti var. Xəzri dağıdıcıdır, bir az da cığal. Giləvar mülayimdi, amma hikkəlidir. Şahildən dənizə doğru əsəndə çiməni ehmallıcı dənizə elə aparır ki, heç ruhu da incimir. Burda el arasında tanınan bir külək növü də var. Sinoptiklər onun adını çəkmir. Bakılılar gah arxadan, gah irəlidən əsib burulğana çevrilən, sonra birdən sakitləşib 2 dəqiqə sonra fəğan qoparan küləyə Gicəvar deyirlər. Neynək, Bakının da naxışı küləklərlə tutulub.
Suraxanı Atəşgahında gördüklərindən herətlənən Düma «Qafqaz səfəri» əsərində Suraxanı atəşgahı barədə yazırdı: «Atəşgahın dövrəsindəki binalar, tüstü və alov sovuran yüzlərlə irili-xırdalı ağaclar ovuc içi kimi görünürdü. Külək isdikcə yanan alovun dilləri sanki qəribə rəqslər edir, gah bulaq kimi qaynayır, gah dalğa tək yan-yörəyə hücum edib şaxə qalxır, gah da gözlənilmədən ucalırdı. Elə təsəvvür yaranırdı ki, guya külək alovla oynayır, onlar bir-birinə sarılır, sonra bir-biriylə əlbəyaxa olurlar. Külək nə qədər cəhd edirdisə, odu, alovu söndürə bilmiirdi».
Abşeron camaatının küləklə bağlı çoxlu inamları var. Dənizə ərlərini, oğulların yola salmış qadınlar, uşaqlar ürəklərinin sözünü küləyə deyərdilər ki, əzizlərinə çatdırsın. «Giləvar yat, xəzri əs ki, ərim (atam, oğlum) evə qayıtsın». Xəzri dənizdən əsən soyuq külək olsa da sahildən əsən isti küləkdən daha çox arzulanardı. Axı o, əzizlərimizi geri qaytarırdı. Abşeronda günlərlə əsən küləyin istiqamətini dəyişdirməyin maraqlı üsulları da var. Küləyin «saqqızını oturlamaq üçün» evin ilki ağaca dırmaşmalı və budaqları silkələyərək deməliydi: «Mən anamın ilkisiyəm, ağzı qara tülküsüyəm, giləvar get, xəzri gəl». Deyilənə görə külək evin ilkinin çözünü yerə salmazdı.

Dua və ovsun günü
Axır çərşəmbə elə bil ki, dua və ovsun günüdür. Bu gün biz düz bir illik ömürün necə olacağını sanki öncəgörməlik edib sonra pisliklərdən qurtulmaq üçün fikirlə ovsun yapırıq. Qədimdə sözlə süalicə edər, fikirlə daşları yerindən tərpədərdilər. Nə olsun ki, indi Bakıda küləkləri süpürgəçi kimi işlədirik. O olmasaydı zibil dizə çıxardı. Zibilləri künc-bucağa qovlayan küləklərin ovutduğu qumsala Azərbaycanın daha münbit torpaqlarından köçənlər şəhərə nə suyunu, nə də torpağının keyfiyyətini bağışdaya bilirlər. Onlar nə burda yandıran günəşin, nə də at çapan küləyin xasiyyətini anlamırlar. Amma bir vaxt Ulu Yaradan bütün bunları bizimçün yaratdı. Suya, oda, torpağa və yelə tapşırdı ki, gözü üstümüzdə olsun. Bakı isə 4 ünsürü içində gizləmiş mücrü kimi qapağını yalnız onu anlayanlar üçün açır.

 

Yuxariya doğru