Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

İlin sehr yapma məqamı

Hamıya elə gəlir ki, bu bayramı çox yaxşı tanıyır

Bizdə belə inam var ki, Novruz bayramında evdə olmasan 7 il sərgərdan gəzəcəksən. Ona görə də mart ayında Novruzdan yazmamaq günahdır. Hamıya elə gəlir ki, bu bayramı çox yaxşı tanıyır və barəsində də hər şeyi bilir. Amma üstümüzə su çiləyib odun üstündən atılmaq, şəkərbura, paxlava yeyib qulaq falına çıxmaq bu sirli bayramı anlamaq üçün kifayət deyil. Minilliklərdir Novruzu xalqa unutdura bilmirlər. Dinini, dilini, əqidəsini dəyişə bilən xalq Novruzunu dəyişdirmək istəmədi. 19-cu əsrin ilk illərində rus imperiyası tərəfindən işğal edilən Azərbaycan türkü ildə 3 dəfə – məhərrəmin 1-də, yanvarın 1-də və yaz gecə-gündüz bərabərliyi anında yeni il keçirmək məcburiyyətində qalır. Bunlardan birini ruhani aləm, ikincisini dövlət himayə etdiyi halda Novruzu xalq özü yaşadır. 1922-ci ildə Nəriman Nərimanov Genuya konfransında olduğu vaxt Kirovun əmriylə küçələrdə Novruz bayramını qeyd edən əhaliyə atış açıldı. Amma bundan sonra da Kosa və Keçəlin xurcunundakı şəkərburaların sayı azalmadı.
İslam dini yayıldığı torpaqlarda ibtidai təsəvvürləri, bütləri sındırıb dağıtsa da, Novruz bayramı mərasimlərinə toxunmayıb. Çünki bu mərasimlər əzəldən dünyaya düzgün baxışla köklənib. Mərasimləri nəinki toxunmaz şəkildə saxlayıb, hətta bəzi dini hadisələri də bu bayramla əlaqələndirərək insanların inamında möhkəmləndirib. Hər dini bayramımızın öz duası var. Novruzun isə öz duası yoxdur. Bu, Novruzun İslamdan çox-çox əvvəl artıq el arasında qeyd olunduğuna dəlalət edir.

Yaranışın ssenarisi üzrə
İlaxır çərşənbələr Yer üzündə analoqu olmayan rituallar silsiləsidir ki, ilkin təsəvvürlər toplu halında xalq tərəfindən gen yaddaşında yaşadılır. Dünya duranı olan inanclara görə Allah ilk olaraq qarmaqarışıq xaosdan suyu ayırır. Başlanğıcda kürreyi-aləm ancaq sudan ibarət idi (su çərşənbəsi buna eyham vurur). Sonra odun köməyilə suyun keyfiyyətlərini dəyişir və günəşin şüalarıyla suyun müəyyən hissəsini qurudub torpağı üzə çıxarır (od çərşənbəsində simvolizə edilir). Torpaq meydana gəlməklə dünyanın bir çox elementinin doğuşuna şərait yaranır (torpaq çərşənbəsi ona görə sırada üçüncüdür). İlk insan suyun dibindəki gildən, yaxud Allahın gərgin zəhmət çəkdiyi anlarda alnından düşən tərdən yaranır. Ulu Allah Yel vasitəsilə ilkin yaranışları bir məkandan başqa məkana aparır (göydən yerə endirməklə) və hava, nəfəs verməklə (yenə də yel vasitəsilə) ruhu meydana gətirir (bu da sonuncu mərhələ, yel çərşənbəsi).
Qədim Şumerdə tapılan mixi yazıların içərisində mətnlərdən biri «Kainatın və insanın yaranması barədə mif»dir. Ehtimal var ki, bütün dinlər mənbəyini buradan götürüb, yerini göstərməyiblər. Burada deyilir ki, dünya əvvəlcə başdan-başa su olur. Ata Göylərlə Ana Yer əvvəlcə bir yerdə ər-arvad şəklində olublar. Zaman keçdikcə Göy Yerdən ayrılıb. Lakin Ata Göylər heç zaman öz sevimli «arvad”ını nəzərdən qaçırmayıb. Ondan öz məhəbbətini əsirgəməyib, günəşin şüasını, yağışı, qarı göndərib. Hava, od, yel torpaqla birləşərkən Yer «hamilə olub». Nəticədə Yerdə canlı həyat əmələ gəlib. İncildə bu münasibət Adəm və Həvva şəklində verilib. Bu mifin yaşı 45-50 min il göstərilir. Bəşəriyyət isə hələlik ki, şumerlərdən başlayır. Ondan əvvəlki dövrlərə aid faktlar yoxdur.
Müqəddəs günlərin çərşənbə seçilməsinin isə izahı budur ki, Tanrı dünyanı yaradanda həftənin ilk günündə hazırlıq işlərini yerinə yetirib, 2-ci gün (çərşənbə axşamı) yaratmağa başlayıb. 3-cü gün su, 4-cü gün od, 5-ci gün torpaqla bağlanan varlıqlar yaradıb, 6-cı gün yaranışların hamısına can (ruh) verib, 7-ci gün bütün işlərini tamamlayıb istirahət edib. Bu inama görə bütün yaradılış işlərinin bünövrəsinin qoyulması çərşənbə axşamına düşür.

Allah, məni su elə…
Novruzla bağlı bütün mərasimlərimiz su çərşənbəsi ilə başlar. Su hər şeyin əzəli və çıxış nöqtəsidir. Su çərşənbəsi suya sitayişlə başlar. Günəş doğmadan su başını gedərlər, təzə suda yuyunarlar, yaralıların yaralarına su səpərlər, bir-birini suyla çiləyər, arx üstündən atlanarlar. Əski inama görə su çərşənbəsində günəşin şəfəqi görünən anda şüaların toxunduğu su təzə və müqəddəs sayılır. Həmin suda yuyunan arzusuna çatarmış. Əzəl çərşənbə erkən köpüklənən su hər dərdin dərmanı sayılar. «Kitabi Dədə Qorqud»da su ona görə aydınlıq sayılır ki, Tanrının üzünü görüb.
Su çərşənbəsində erkən durub axar sudan, bulaqdan, çaydan «lal su» gətirərlər. Yəni suyu evə gətirənədək heç kimlə danışmazlar. Bu su niyyətləri çin eləmək üçün yarayır. Ən təmiz su insanla təmasda olmayan sudur. Çünki suyun yaddaşı var. Dünya alimlərinin qoyduğu təcrübələr sübut edir ki, su bütün hadisələri yaddaşına yazıb ona reaksiya verir. Maddəyə toxunması kifayətdir ki, su onun haqqında hər şeyi bilib yaddaşında saxlasın. Suyun hər molekulunda 444 informasiya paneli var. Bu bir növ kompyuter yaddaşı kimidir. Su fikirləri oxuyur. Alimlər təcrübələr aparıblar. İki qab qoyulub, birinə hər gün xoş söz deyilirdi, o birini isə hər gün söyürdülər. Nəticədə mikroskop altında hər iki su damcısının çox fərqli quruluşu gözə çarpıb. İki söz suyu təmizləyir: sevgi və şükranlıq. Keçmişdə bu suya dirilik suyu deyərmişlər. Dirilik suyu ilə suvarılmış bitkilər, canlılar sağalır. Bu artıq faktdır. Məbəddən götürülmüş suyun strukturu altıguşəli ulduz formasında olur. Bizim bayrağımızdakı altıguşəli ulduz kimi.

İçimə od düşdü
Mifoloji təsəvvürlərdə dünyamızın yaranmasına təkan verən ikinci mühüm amil oddur. Əski inanclarda odu günəşlə, işıqla, gündüzlə əlaqələndirirlər. Novruzla bağlı çərşənbələrdən ikincisində dan yeri qızarmamış durub odla ünsiyyətə girmək lazımdır. Hələ zərdüştilikdən çox-çox əvvəllər də insanlar inanırdılar ki, Günəşi əzizləsələr, oxşasalar, təbiət tez isinər, adamlara xoşbəxtlik gətirər. Günəş istisini arzulayan ulu babalarımız od çərşənbəsində sübh tezdən Günəşə qurban aparardılar.
Od çərşənbəsi insanın yaradılışında ikinci mərhələni, od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Qədim dövrdə tonqalı yetkinlik yaşına çatmamış oğlan uşağı çaxmaq daşı vasitəsilə qalayardı. Belə od müqəddəs sayılardı.
Səməni, saxla məni
Sayca üçüncü olan torpaq çərşənbəsində torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi və onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkininə xışla-kotanla məhz torpaq çərşənbəsində başlayardılar. Nənələrimiz «Səməni, saxla məni, ildə göyərdərəm səni» deyib buğda isladardılar. Novruz mərasimləri içərisində Səməni hazırlama mərasimi ən vaciblərindən biri sayılır. Bu təbiətin, insanın məhsuldarlığının simvolu olaraq magik və ibadət funksiyasını da daşıyırdı. Məsələn, Səməni vasitəsilə sonsuz qadınların təmizlənməsi mərasimini keçirirdilər. Səməni hazırlama prosesi lap dini mərasimə oxşayırdı. Bura yalnız qadınlar buraxılırdı. İri qazan qoyulmuş ocağın odunu başı bütöv (yəni ailədə xoşbəxt, əri, uşaqları olan) qadın yandırardı. Mərasimi isə hörmətli, ağbirçək qadın idarə edərdi. Səməni hazırlanan yerə kişilər, başqa dinə inananlar və bəd nəzəri olanlar buraxılmazdı.
Torpaq çərşənbəsində bar gətirməyən ağacları zaminə götürmək mərasimi də icra edilir. Kimsə baltanı götürüb ağacın üstünə gedir ki, guya onu kəsəcək. Bu vaxt başqa birisi yaxınlaşıb onun nə edəcəyini soruşur. Ona deyirlər ki, ağac bar vermir ona görə kəsiləsidir. Bu dialoqu guya ki, ağac eşidir deyən tamaşa reallığa mümkün qədər yaxın oynanılır. Bu zaman ikinci adam ağacın yerinə söz verir ki, gələn il o, mütləq bar verəcək, ona görə səbr edib onu kəsməsinlər. Bir növ ağacı zaminə götürür. Deyilənə görə, belə üsulla zaminə götürülmüş ağaclar bar verməyə başlayır və heç vaxt da kəsilmirdi.

Yelə tüpürsən, öz üstünə qayıdar
Axır çərşənbə ilaxır çərşənbələrin mərasim, ayin, etiqad, oyun və şənliklərlə ən zəngin olanıdır. Bu vaxt əvvəlki çərşənbələrdə icra olunan bütün mərasimlər təkrar qeyd olunur. Ona görə çox vaxt sonuncu çərşənbəyə nə Yel çərşənbəsi, nə Od, nə Torpaq, nə də Su çərşənbəsi adını vermirlər. Çərşənbələrin sıralanmasında mübahisələr olsa da, bu günü yəqin kimsə mübahisə etmək istəməz. Axı hamı inanır ki, Axır çərşənbəni necə qarşılayıb yola salsan, elə də bütün ili keçirərsən.
Mağlar deyirdi ki, hava görünməyən şeylərlə doludur. El içində Yel çərşənbəsini «küləyi oyadan», «yelli» də adlandırırlar. Etiqada görə bu çərşənbə oyanan yel və külək ərzi gəzir, oyanmış suyu, odu hərəkətə gətirir. O, lazım gələndə insanları əzizləyir, onlara kömək edir, qəzəblənəndə isə adamları cəzalandırır.
Bu günü səhər tezdən suya tapınma ayinini keçirirlər. Bütün günü davam edən mərasimlər axşama doğru daha da maraqlı olur. Bu axşam üzərlik yandırır, tonqaldan tullanırlar. Bacalardan torbalar sallanır, qurşaq atılır, fal açılır. Bu günü xüsusilə subaylar gələcək qismətini axtararaq qulaq falına çıxır, suyla, odla, başqa üsullarla fala baxırlar.
Dünyanın yaranmasında iştirak edən sonuncu ünsür havadır. 4 ünsürdən ikisi od və yel mənəvi-ruhi, kişi başlanğıcı, torpaq və su isə maddi, qadın başlanğıcı hesab edilir. Bu ünsürlər maddi və mənəvi başlanğıca bölünərək əks cəbhələrdə dayanırlar. Yel canlılara nəfəs verməklə öz hərəkətliyini, dinamikliyini onlara keçirir. Bir sözlə, cansız torpağı və suyu durğunluqdan çıxarır. Ona görə də yeli ruhla eyniləşdirirlər. Lakin od və hava qarışmasa, maddi, əşyavi tərəf əbədi dəyişməz qalar, sular coşub daşmaz, dalğalanmaz, torpaqlar vulkana çevrilib püskürməz.
Novruzda xonça tutub bayramlaşmaq adətimiz də var. Xonça müqəddəsdir. Bəlkə ona görə xalçalarımızın tən ortasındakı ornamentə də xonça deyirik. Nəsildən-nəslə ötürülən xalçanın tən ortasında oturub niyyət eləsən yerinə yetəcək deyən qədim inamımız da var. Ulularımız deyirlər ki, «Yel əsdirəni söyməzlər». Çünki onun arxasında Baş Ruh durur.
Bu gün təkcə cismin yox, ruhun da təzələnmə günüdür. Yaxşı olar ki, ev-eşiyimizi, həyətimizi silib təmizlədiyimiz qədər ruh aləmimizin təmizlənməsinə diqqət verək. Evlərin təmizlənməsi də heç də təsadüfdən baş vermir. Hələ zərdüştilik zamanından bəri yeni ilə bir gün qalmış evdə nə qədər sınıq şeylər varsa, xüsusən də güzgü, cırılmış paltar və sairi birmənalı olaraq atırdılar. Ruhun təmizləmə mərasiminin izləri türkmənlərin «xəncər rəqsi»ndə çox aydın görünür. Rəqsin funksiyası xəbis ruhlardan xilas olmaqdır. Bizim milli rəqslərimizdə də hərəkət elementlərinin əksəriyyəti ruhi aləmlərlə təmas, yaxşı və pis ruhlar arasında özünə yer tapmaqla bağlıdır. Rəqs edən insan ruhunun təmizlənməsi üçün xüsusi hərəkətlər edir və ali varlıqlarla təmasa girir. Rəqslərimizin magik xüsusiyyətləri, eləcə də muğamlarımızın sehrinin səbəblərini uzaq tariximizdə, mağlar adlanan tayfanın mədəniyyətimizin formalaşmasında oynadığı rolunda axtarmaq lazımdı.

Axır çərşənbə dua və ovsun günüdür
Bir vaxt Ulu Yaradan bütün bunları bizimçün yaratdı. Suya, oda, torpağa və yelə tapşırdı ki, gözü üstümüzdə olsun. Hər il gecə-gündüz bərabərləşəndə biz bütün bunları yenidən xatırlayıb Allaha dualarımızı və şükranlığımızı çatdırırıq. 4 ünsürü bir araya gətirən Novruz bayramının daha bir keyfiyyəti odur ki, bu günü insanlar bir-birinə sevgilərini izhar edir. «Beşinci element» filmində qəhrəman su, od, torpaq və hava ünsürlərini yerinə qoyandan sonra onları işə salmaq üçün 5-ci elementi tapmalı idi. Yalnız sevgi bu 4 ünsürü tərpədə, onların ən yaxşı keyfiyyətlərini işə sala bilər. Bunu biz çoxdan bilirik…

31 Mart, 2011

Yuxariya doğru