Tarixin qadın dərsləri
Kişiləri sevdirməyin
sınanmış üsulları
Kişini yoldan çıxarmağın, onu əldə saxlamağın, onu yedirməyin,
doyurmağın yolları elə bil ki, çoxdan məlumdu. Amma həyat bizə sürprizlər
verməkdə davam edir. Yəqin ki, bəşəriyyət tarixində uğurlu cütlüklər,
sevgi əhvalatları olub. Dərs almağa gələndə, onu da görkəmli adamlardan
almaq lazımdı.
Lenin və Krupskaya
Üzücü həsrətdənsə bir aylıq sevgi macərası
İnqilabi mübarizə, sürgün, gizlin görüşmələr – bunlar heç
biri proletariatın rəhbərinə öz şəxsi həyatını uğurla qurmağa mane olmamışdı.
Superaktiv İliç soyuqqanlı Nadejda Konstantinovna ilə çox uğurlu bir
cütlük idi. Bu uğurun arxasında isə qadın əli, qadın sığalı aydın görünür.
Krupskaya bu qədər kasad təbii keyfiyyətləri ilə o boyda inqilabı eləmiş,
çarı taxtdan sala bilmiş kişini əlində saxlaya bilib. Sürgün olunmuş
Lenin taxta daxmada yerləşən kimi gizli şifrovka ilə (Deyilənə görə
bu mətndə bir tikə də romantika yoxuydu) Nadenkasına evlənmə təklifi
göndərib onu yanına çağırmışdı. Nadenka isə təmbəllik eləmədən anasını
(bəs təzə evlənənlərə yeməyi kim hazırlamalıymış?!), royalı və kitablarını
«qoltuğuna vurub» çağırılan istiqamıtdə yollanır. Royal könül açmaqçün,
kitablar isə sevgilisi üçün nəzərdə tutulmuşdu.
Sevgililər bütün günü şaxtalı gündə bərq vuran donmuş çayın üstündə
konki sürür, kənd uşaqlarıyla birgə qar topu oynayır, qarda dombalaq
aşıb mazaqlaşırdılar. Axşam çay içib qızınır, royalda çalır və bir-birinin
gözünə baxmaqdan ləzzət alırdılar. Bu idilliyanı ucuzvari nişan üzükləri
bir qədər pozurdu. Partiya tarixçiləri proletariatın rəhbəri və onun
xanımının həyatını çətinliyini və sürgün həyatının «dözülməz» şəraitini
təsvir eləməkçün dəridən qabıqdan çıxsalar da dahi ərindən sətiraltı
fikir yürütmək qabliyyətin mənimsəmiş Nadyuşa memuarlarına bir neçə
cümlə sala bilib: «... Axı biz təzə evlənmişdik. Mən xatirələrimdə bunu
yazmıramsa bu o demək deyil ki, həyatımızda nə poeziya, nə də ehtiras
olub...»
Bizimçün nəticə: kişinin məcburi sürgünündən də səmərəli
istifadə eləyib onə ərə getməklə sürgünü Sevgi ayına çevirmək də olar.
Puşkin və Nataliya Qonçarova
Müdrik yönəltmə
Nataşa Qonçarova gənc olsa da yaxşı əqli imkanı və məişət
müdrikliyinin sahibiydi. Ərinə olan məktublarını məhv eləməsi bu siyasətin
bir hissəsiydi. İndi biz oturub başımızı sındırmalıyıq ki, Puşkin ona
«Mən sənin qəlbini sifətindən çox sevirəm...» deyəndə ürkək gözəl nə
cavab verirmiş. Adam heç inana bilmir ki, o, həmişə susurmuş. Amma dəcəl,
avara, arvadbaz şairi o necə vertuozcasına idarə edirmiş ki, şair öz
istəyilə Boldina kəndində soyuq komada yarıac vəziyyətdə yazıb ailəsinə
bir tikə çörək qazandıra bilirmiş. Axı Nadejda cehizsiz qız idi. Çox
hayıf ki, biz heç bilməyəcəyik ki, o Puşkinə nə yazırmış ki, məktubu
alan kimi o, «İndi məktubunu aldım. O qədər mənə toxundu ki, bu dəqiqə
sənə 900 rubl yollayıram» cavabını göndərirdi.
Bizimçün nəticə:
Bu qadının təcrübəsi sübut eləyir ki, kəskin hərəkətlər edib,
kəskin fikirlər də söyləmək lazım deyil. Necə deyərlər, bir az incə,...
lap incə,.. hə,bir az da...
7-ci Edvard və Uollis
Simpson
Bir ömür uzunluğunda psixoanaliz

Kim bilə bilərdi ki, sərxoş
ərinin kötəklərindən qaçan, cibində bir senti də olmayan yöndəmsiz,
kifirçə Uollis kralın könlünə girə biləcək? Amma Uollisis bütün ömru
boyu öz üzərində işləyib. Gözəl olmadığını yaxşı bilən bu amerikalı
xanım qeyri-adi və incə zövq sahibiydi. Bunlar onun kostyumunda da,
orijinal replikalarında da, əməllərində, hətta şlyapalarında da özünü
göstərirdi. Özünü Uollisin tam sahibi olmasını hiss etməyə imkan verməyən
qadının qarşısındı Britaniya krallığının varisi davam gətirərdimi? Çünki
o, həmişə əlçatmaz, əldə olunmamış bir zirvə kimi qalmaqdaydı. Uşaqlıqdan
baş əyən insanlardan bezmiş şahzadəyə Əlçatmaz Zirvə o qədər lazımıydı
ki... Krallığı varis alacağı gün Edvard xalaqa belə bir müraciət etdi:
«Mən üzərimə düşən ağır vəzifəni sevdiyim qadın yanımda olmayacağı halda
daşıya bilməyəcəyəm». Taxtdan imtina edərək kral tacını sevgiyə dəyişdirdi.
Sonralar birlikdə yaşadığı illər ərzində də Uollis öz cazəbəsini itirmədi.
Bizimçün nəticə:
Psixoanaliz əcaib Freyd babanın tərsliyi, qəribəliyi deyil.
Bəlkə sevdiyin kişinin qəlbinin xəlvətli yerlərində eşələnməkdə nəsə
bir məna tapmaq olar? Məqsəd nəticə ilə mükafatlandırılır, dünyada o
qədən subay şahzadə və krallar var ki!..
Napaleon və Jojefina
Yataq otağını Kainatın mərkəzi kimi
Hamı bilir ki, Jozefina və Napaleonun nigahı ona görə dağılır
ki, Jozefina imperiyanını varisi olacaq uşaq doğa bilmirdi. Bundan əvvəl
isə bu imperator cütlüyün arasında nə söz –söhbət olardısa gərgin ailə
müharibələrindən sonra barışmağı bacarırdılar. Başqa imperatorlar kimi
ayrı-ayrı yataq otaqlarında yatsaydılar, yəqin ki, kiçik bir söz uzun
küsmələrə gətirə bilərdi. Amma onlar davalarını da elə bil ki, eyni
ssenari əsasında qururdular. Napaleon bağıraraq otaqda gəzişib, əlinə
keçənləri qırıb tökürdü. Jozefinanın sevdiyi, kolleksiya elədiyi kiçik
cəh-calal predmetlərinin sadstcəsinə onun gözləri qarşısında xıncım-xıncım
edirdi. Bu səhnəyə baxmağa taqəti olmayan Jozefina üzüqoyulu yatağa
sərilib hönkürürdü. Amma səhər açılanda yataq otağından şən səslər,
hənirti, gülüş səsi gəlir və nəhayət qapıda xoşbəxt, saç-başı pırtlaşıq
imperator görünürdü.
Taxtını itirmiş, qohumlarının xəyanətini yaşamış, ikinci arvadının da,
Jozefinanın da ölümünü yaşamış sonuncu dəfə Parisi tərk edən Napaleon
onu edamını arzulayan kütlənin əlindən qaçarkən qiymətli dəqiqələri
Kainatın mərkəzinə çevirdikləri yataq otağında keçirmək istədi. Malmezon
sarayı Jozefinanın sağlığındakı kimi gül-çiçək içindəydi. Onu təqib
edənlər yaxında olsalar da imperator gecəni səhərəcən burda qaldı. O
ağlayırdı. Dünyanın yarısını ram eləmiş insan üçün bura dünyanın ən
xoşbəxt yeri idi...
Bizimçün nəticə:
Təsəvvür edin ki, sevgiliniz qaçaqdır. Onu killer- sneyperlər
təqib edən vaxt o sizin yataq otağınıza gəlib səhərədək ağlayır, xatirələrə
dalır... Qorxuram ki, belə tapşırığı hər qadın boynuna götürməz. Ah,
Jozefina, sən axı niyə dəqiq instruksiyalar qoyub getmədin?!
Marçello Mastroyani və Katrin Denyov
Ən soyuq aktrisa və ən qızğın aktyor
Mastroyaninin daimi xəyanətləri, coşğun məhəbbət macəralarına
artıq adətkar olmuş arvadı Flora cəmi bir nəfər haqqında danışanda nifrətini
gizləyə bilmir. Axı təkcə ona görə onun Marçellosu saatlarla diz üstə
oturub boşanma ərizəsinə imza etməyi xahiş etmişdi: «Başa düş, mən onsuz
yaşaya bilmirəm!..» Katrin Denyova, soyuq, təkəbbürlü, əlçatmaz reputasiyalı
gözələ rast gələndə Marçellonu xəbərdan eləmişdilər ki, ürək məsələlərindən
onun yanında danışmasın. Xasiyyətcə Mastroyaninin tam əksi olan Katrinə
baxanda heç kim deməzdi ki, bu qəribə qadının həyatında bir xeyli sevgi
macərası olub. Yumşaq baxışı və cəzbedici görkəmiylə kontrastlıq yaradan
təkəbürlü davranışı Marçelloya çox erotik görünmüşdü. Birgə film çəkilişlərində
yaxınlaşandan sonra soyuq gözəl gözlənilmədən Mastroyaninin vaqonuna
köçdü. Sonra Katrin Parisdə Marçello Romada yaşayanda dünya qadınlarının
ürəklərində yer tapmış aktyor hər gün bir dəstə gül alıb «sevir, ya
sevmir» deyib ləçəkləri yolmaqla fala baxırdı. Nadir halda görüşəndə
də soyuq nəvazişləri Katrini daha da cazibədar və arzulanan edirdi.
Katrinin başqalarından yaxşı gizlədilmiş ehtiraslığı arvadbazın ürəyində
yanğın törətmişdi. Ən bahalı hədiyyələri də, məsələn Nitsedə dəniz kənarında
zəngin villanı hədiyyə alarkən də təmkinini pozmadan «Niyə belə xərc
çəkirsən?» deyib evin məhəbbət ocağı olacağına inanan Marçellonun ürəyini
sındırırdı. Amma Katrinin bu villada verilən qonaqlıqların heç birində
dodağı da qaçmadı. İkinci dəfə qızları doğulanda da evlənmə təklifini
rədd edəndən sonra münasibətləri saxlamaq mümkün olmasa da, artıq ahıl
yaşda sayılan Mastroyani arvadının yanına qayıtsa da arabir gizlincə
qızıyla Katrini evdən çıxarkən görməkçün kolluqda gizlənib həsrətlə
arzularının xanımına, onu rədd edən yecanə qadına bir də baxmağı çox
sevərdi. Qızı bir az boyüyəndən sonra Katrinin iştirakıyla filmə tamaşa
edəndə axır qızcığaz dözməyib deyir: «Gedək, ata. Sən daim ağlayırsan
deyə sənə baxa bilmirəm».
Bizimçün nəticə:
Kişini əldə eləmək, onu özünə bağlamaqçün bəzən ayzberq kimi
soyuq olmaq da keçir. Xüsusilə də bizim isti iqlimimizdə bəzən əlçatmazlıq,
təkəbbürlük çox erotik görünə bilər.
Ekzüperi və Konsuela
Balaca şahzadənin qızılgülü

Deyirlər ki, elit gecələrin
birində Konsuela Ekzüperinin başına boşqabları tolazlayır, kişi isə
sadəcə gülümsəyərək ehtiyatla onları tutub yerinə qoyurdu.
Onlar tapışanda Kansuela iki dəfə dul qalmağa macal tapmışdı. Hətta
şaiyələr də gəzirdi ki, sonuncu əri onun ucbatından özünü öldürüb.
Son dərəcə dəlisov olan Kansuelada real həyatla maraqlanmayan qadın
kimi Ekzüperinin qadınlarda qorxduğu keyfiyyətlər tamam yoxuydu. Onların
evi də, bəzən yaşamağa rulları da olmayanda Kansuela onun boynunu qucaqlayıb
«heç ürəyini sıxma, düzələcək» deyirdi. Ekzüperi isə xanımına gülləri
arabayla alıb ayaqlarının altına sərirdi. Axı o, adilikdən bezmiş bir
insan idi. Sonuncu arvadının ona görə atmışdı ki, evə gələndə onun corablarını
yamamasının şahidi olmuşdu. İndiysə onun uçmağa qanadları vardı sanki.
Ona görə də Konsuela onu doğrayacağını çığırıb, qonşuları başına yığdığı
anları da ona həvəslə bağışlaryırdı. Amma yazı yazmaqçün hərdənbir sakitlik
də lazım olurdu. Belə vaxtlarda qadın yoxa çıxır, sonra onu gecə barlarından
axtarıb çıxarmaq lazım gəlirdi. Əsəbindən ərinin impotent olduğunu aləmdə
danışan Kansuelanın acığına Ekzüperi bunun səhv olduğunu bütün Parisə
sübut eləməli olurdu. Ekzüperi yazırdı ki, sevgi əzab qatılmış xoşbəxtlikdir.
Bütün dünyanın valeh olduğu təyyarəçi-yazıçı yarı dəli, yalançı xanımına
olan vəhşi sevgisini qisməti kimi qəbul eləmişdi. 1998-ci ildə Fransa
balıqçıları dənizdən Ekzüperi və Konsuelanın adı yazılmış bilərzik çıxarmışdılar.
Falçının 1944-cü ildə dediyi kimi Ekzüperi dənizdə həlak olmuşdu.
Bizimçün nəticə:
Heç də həmişə tikansız balıqları, dilsiz insanları, səssiz
gözəlləri sevmirlər. Təlatümlü dənizi, burulğanlı həyatı sevən kişilər
başıaşağı qadınları necə sevsin?! Gorab yamayan qadınla yaşamaq bəzən
dəlisov sevgiliylə yaşamaqdan daha çətin olur...