Öldürmək ləzzəti
Linç məhkəməsinin vətəni bütün dünyaya insanpərvərlik dərsi keçir
 
        1900-c ildə boğazından asılmış 
          zəncilərin yanında təbəssüm nümayiş edən insanların fotolarını açıqca 
          şəklində bir-birinə göndərmək dəbdə idi. Fotoda arxada asılmış, ya da 
          yandırılmış insan cəsədi olmasına baxmayaraq şən insan kütləsi şəklə 
          yaxşı düşmək üçün kameraya poza verirdi. Çox vaxt bu açıqcanı qohumlara, 
          tanışlara «Soldan birinci mənəm» kommentrisi ilə göndərirdilər. Bu açıqcalar 
          1908-ci ildə qadağan edilsə də 1930-cu ilə qədər qeyri-qanuni yolla 
          çap edilirdi. Çünki ona tələbat var idi.
          Qurtulmuş qulların qisası
           Mühakiməsiz, sübut və dəlilləri dərindən öyrənmədən kütlənin 
          qəfil törəmiş emosiyaları altında qətllər törətməsi bütün zamanlarda 
          və bütün millətlərdə olub. Amma linç məhkəməsi termini Amerikada 19-cu 
          əsr və 20-ci əsrin əvvəllərində ictimai proses kimi yayılmış hadisələrə 
          deyilir. Linç məhkəmələrinin 85 faizi cənub ştatlarında baş verib. Sistematik 
          şəkildə linç məhkəməsi 1860-cı illərdən tətbiq edilib. Vətəndaş müharibsində 
          uduzmuş Cənubi Amerikanın torpaqları şimaldan gəlmiş işgüzar adamlara 
          satılır, hərbi əməliyyatlar meydanına çevrilirdi. Azad elan edilmiş 
          zənci əhalisi isə öz sahiblərindən qisas almağa girişmişdi. Hər hansı 
          qanun pozuntusu: qətl, oğurluq, zorakılıq hadisəsində zəncini günahkar 
          bilsəydilər zənci bunun cəzasını yerindəcə çəkirdi. Cim Krou qanunlarına 
          görə zənci davranış qaydalarına görə də cəza ala bilərdi. Amma bəzən 
          bu qanunlar lazımsız adamdan qurtulmaq üçün işlədilirdi. Məsələn, əksəriyyətinin 
          maraqlarına mane olan insanlar, tətil iştirakçıları, torpağını əlindən 
          almaq məqsədilə zənci fermerlər linç məhkəməsinin qurbanı olurdu. 1892-ci 
          ildə 151 nəfər qurban vermiş linç məhkəmələri seriyasının pik nöqtəsi 
          sayılır. Zəncilərlə bərabər bəzən ağdərili adamlar da linç məhkəməsinə 
          verilirdi. İngilisdilli amerikalılar içində azlıqda olan italyanlar 
          (mafiya ilə əlaqədə ittiham edilərək), yəhudilər, ingilisdilli katoliklər 
          və s. 
           Kollektiv qətl
           Tarixə Linç məhkəməsi kimi düşmüş bu müthiş ölüm hadisələri 
          böyük şou, sanki bir sirk kimi düzənlənir və ətrafına bəzən minlərlə 
          adamı yığırdı. Bura fotoqraflar gəlir, şəhərin hakimləri, qubernatoru, 
          hörmətli adamları ön sıralarda yer alırdı. Linç məhkəməsi həmişə kollektiv 
          rəydən asılıdır və kollektiv şəkildə də icra edilir. Linç məhkəməsi 
          federal hakimiyyət tərəfindən pislənsə də bu aksiyaların qarşısına almaq 
          üçün kimsə barmağını da tərpətmirdi. Çünki hakimiyyətdə olanlar linç 
          məhkəməsini zəncilərin özbaşnalığının qarşısını alan bəlkə də yeganə 
          vasitə bilirdi. Bəzən məhkəmə zalından çıxan kimi zənci məhkumu kütlə 
          alıb aparır və qərarı həmən dəqiqə yerindəcə xüsusi qəddarlıqla icra 
          edirdi. 
          Linç məhkəməsiylə mübarizə Amerikada Demokratik Partiyanın hakimimyyətə 
          gəlişi ilə əlaqədardı. Amma hələ 1936-cı ildə Ruzveld cənub seçicilərini 
          itirmək qorxusu altında linçlənməyə qarşı kəskin qanunlar tətbiq etməyə 
          ürək etməmişdi. Eləcə də Q. Trumen. Cim Krounun qanunlarının ləğv edilməsi 
          və zəncilərin hüquqlarının ağlarla bərabərləşməsi Kennedi və L. Consonun 
          apardığı islahatlar kütləvi şəkildə linçlənmə marisimini heçə etdirdi.
           Linç döymək deməkdir
           Linç məhkəməsi termini Amerikanın iki tarixi şəxsiyyətinin 
          adıyla bağlıdır. Çarlz Linç müstəqillik uğrunda müharibə zamanı Bedfordda 
          öz məhkəməsini quraşdıraraq hər şeyi kəndir vasitəsilə həll edirdi. 
          İngilis kralının adamları çox vaxt onun qurbanı olurdu. Amma Linç əlinə 
          düşən adamları bir başa dar ağacına sürükləmirdi. Onları dinləyir və 
          sonra qərar qəbul edirdi. O vaxtkı xaos şəraitində müəyyən qədər stabillik 
          də əldə edə bilmişdi. Çarlz Linçin hərəkətlərində irqi ayrı-seçkilik 
          əlamətləri yox idi. Uilyams Linç isə Pensilvaniyada «Linç qanunu» kimi 
          tanınan qanunun müəllifidir. Terminin yaranmasında müstəsna rolu olmuş 
          mülkədar Çarlz Linç qanunu pozanların cəzasını hələ 1790-cı illərdən 
          bəri özbaşnalıq yoluylu verməyə başlayıb. Onun işi zəncilərlə idi. Mülkədarların 
          öz qullarını cəzalandırmaq adəti həmişə olub, amma linçlənmə fərqli 
          anlayışdır. Uilyam Linçi rasizmdə ittiham etmək yersizdi, çünki zamanə 
          başqa idi. Mülkədar Linç inanırdı ki, «canlı əşyalarını» (o vaxtlar 
          zəncilərə belə deyirdilər) səliqədə saxlayır. Bəzi mənbələr linç məhkəməsi 
          terminini İrlandiyada Qalveye şəhərinin meri Cems Fistefan Linçin adıyla 
          bağlayır. Deyilənə görə o, 1493-cü ildə öz oğlunu yalan, səyahətçilərin 
          qətli üstündə öldürüb ki, başqalarına da görk olsun. Qədim ingilis-sakson 
          ləhcəsində linç döymək deməkdir. Bu söz Britaniyada işlədilməsə də Amerikaya 
          köçmüş sakinlərin leksikonunda hələ də qalırdı. 
           Məhkəmə quranlar və qurbanları
           19-cu əsrin sonunda «sayıqlıq komitələri» adı altında dəstələr 
          yaranırdı. Çünki onlar Amerika qanunlarının cinayətkarlığa qarşı mübarizədə 
          zəif olduğunu düşünürdü. 1921-ci ilin zənci əhalinin inkişafına yönəldilmiş 
          Milli Assosiasiyanın verdiyi rəqəmlərə görə 1889-1918-ci illər arası 
          3224 adam linçlənib. Onlardan 2522-si qaradərili idi. Başqa bir mənbə, 
          amerikalı müəllif Frenk Şey «Hakim Linç» adlı kitabında linçlənmiş 4730 
          hadisənin adını çəkir. Onlarda 3657-si zənci idi. Bəzi ştatlarda, məsələn 
          Viskonsida ölüm cəzası ləğv edilən kimi orda linç məhkəmələrinni sayı 
          kəskin artdı. Özlərinin «nəzarətçi», «haqq ədalət tərəfdarı», «sayıq 
          dəstələr» kimi adlandıran qruplar vaxaşırı tarixi bir az da qəddar şəkildə 
          təkrarlayır və cibgirləri qatil kimi cəzalandırırlar. 
          Linç məhkəməsi quranların və qurbanların adları yalnız tarixdə qalıb, 
          amma heç vaxt da gizlədilməyib. Ona görə də hazırda bütün dünyaya «insan 
          hüquqları»ndan dərs keçən bir ölkənin tarixində kütlənin qanunvericilik 
          yapması faktı norma sayılıb və demokratik qanunlarla yanaşı yaşayıb.
          Yanmış barmaqdan suvenir
           Bu qanlı və əyləncəvi mərasimə minlərlə adam yığılırdı. Sonra 
          sanki ürəkləri soyumayıb burdan çəkilmiş fotoları qohumlara Milad bayramına, 
          ya da Pasxaya hədiyyə kimi göndərirdilər. 
          Linç məhkəmələri tarixində 1916-cı ildə baş vermiş hadisə hələ də dəhşət 
          hissiylə xatırlanır. 17 yaşlı Cess Vaşinqtonu ağdərili qadını öldürməkdə 
          ittiham edirdilər. Məhkəmədə o, günahını etiraf edir və ölümə məhkum 
          edilir. Bundan sonra məhkəmədə iştirak edənlər onu sürükləyib çıxarır, 
          təpikləməyə, bel və kərpiclərlə döyməyə başlayırlar. Onu Ueyko şəhərinin 
          hakimiyyət binasının qarşısında soyundururlar. Sonra artıq hazırlanmış 
          tonqala qədər sürüyüb 15 min şahidin gözü qarşısında yandırırlar. Bəzi 
          tamaşaçılar onun barmaqlarını suvenir şəklində kəsib aparırdı. Bədənindən 
          yanandan sonra qalmış hissələri kisəyə yığıb camaatın başı üzərindən 
          asdılar. 
          Ölkənin şimal və qərbində edamlar ip və ya güllə vasitəsilə olurdusa 
          cənubdakı edamlar xüsusi sadizmi ilə seçilirdi. 1893-cü ildə Texas ştatının 
          Paris adlı şəhərciyində ağıldankəm zəncinin edamına 10 min adam yığışmışdı. 
          Onu uşaq öldürməkdə ittiham edirdilər. Əvvəl onu odda qızdırılmış dəmirlə 
          deşib sonra gözlərin çıxardılar və ağzına yanar kösöv soxdular. Bütün 
          bu işgəncələr azmış kimi sonra onu ocaqda yandırdılar. 
          1893-cü ildə Memfes şəhərində baş vermiş linç məhkəməsi də qəddarlığına 
          görə fərqlənir. Burada Li Uolker adlı zəncini 2 ağ dərili qadına yaxınlaşdığına 
          görə ittiham etdilər. O, ac imiş və yemək xahiş edirdi, qadınlarsa çığırışıb 
          onlara hücum etdiyini dedilər. Şəhərə səs yayıldı ki, nəhəng bir zənci 
          qadınları zorlamaq istəyirmiş. Şəhər sakinləri türməyə hücum çəkib zorla 
          olsa da məhbusu axşamnan ordan çıxarmaq qərarına gəlmişdi. Qəzəbli kütlə 
          məişət əşyaları vasitəsilə turməyə həmlə edib polisin müqavimətinə baxmayaraq 
          gecə 12-də polis bölməsini ələ keçirdi. Məhkumu müqavimət göstərdyinə 
          görə döyə-döyə və bıçaqlanmış şəkildə meydana sürüklədilər. Çığıran 
          və söyüşən kütlə onu yumruqlamaq və üzünə tüpürmək şansını da əldən 
          vermirdi. Onun başnı teleqraf dirəyindən asılmış ipə salanacaq o biriləri 
          ayağının altın bərkidirdilər. Asılanda ağırlıq az olduğundan birisi 
          onun ayaqlarından yapışıb elə sallandı ki, fəqərələri xırçıldadı. Sonra 
          camaat onu soyundurub artıq ölmüş bədənə o qədər bıçaq vurdular ki, 
          qabırğaları görünməyə başladı. Ürəyi soyumayanlar cəsədin güllənməsilə 
          məşğul oldu. Güllə səsini eşidəndən sonra deyəsən kütlənin hirsi bir 
          az soyudu. Amma kimsə ipi kəsdi və meyit yerə sərildi. Adamlar meyiti 
          təpikləməyə başladı. Bu zaman kimsə artıq ocaq qalayırdı ki, meyiti 
          yandırsın. Göz qırpımında kerosin də, odun da tapıldı. 5-6 nəfə qan 
          içində olan meyiti ocağa tulladı. Yanan meyitə baxmaq istəməyənlər oraları 
          tərk etsə də kütlə arasında bu mənzərəni daha da yaxından görməkçün 
          irəlı çıxan bir neçə ağdərili qadın gözlərini yanan mənzərədən çəkmirdilər. 
          Uolkerin asıldığı ip süvenirə sevrildi. Həvəskarlar onu xırda-xırda 
          doğrayıb ciblərində gizlətdilər. Suvenir sevərlərin ən zirəkləri tonqalın 
          sönməyini gözləyib oradan hələ də közərən sümük qırıqları, dırnaq və 
          dişləri çıxarmağa başladı. Bu da azmış kimi yanandan sonra qalmış bədənə 
          məftil keçirib şəhərin küçələrində sürüklədilər. Sonra həmin teleqraf 
          dirəyinə asdılar. 
          Günahlı, ya günahsız – fərq etməz
          
 
           Məhkəməsiz qətl mərasimləri Ku-Kluks-Klan adlı gizli cəmiyyətin 
          adıyla bağlıdır. 1870-ci ildə bu cəmiyyət dağıdılsa da zəncilərə qarşı 
          terrorın ardı kəsilmədi. Ku-Kluks-Klan cəmiyyətinin uzun illər boyu 
          günahkar və günahsız zəncilərin saysız-hesabsız qətllərində əli olub. 
          Bu cəmiyyət qətlləri, edamları xüsusi sirli və tükürpədici şəraitdə 
          keçirirdi. Onlar zəncini lap küçədə tutub öldurə də bilərdi. Amma ağdərili 
          adamın edamını orta əsr mərasimlərinə bənzədərdilər. Mərasim gecə vaxtı 
          insan ayağı dəyməyən yerdə, ya da meşədə keçirilərdi. Klan məhkəməyə 
          adətən gecə vaxtı dəvət göndərərdi. Bu mərasimə gəlməmək öz günahını 
          boynuna almağa bərabər idi. Dəvətnamə alan adamın şəhərdən, ölkədən 
          qaçmaq imkanı da olurdu. Klanın dəvətini saya salmayan adamın edamı 
          elə ustalıqla quraşdırılırdı ki, hüquq mühafizə orqanları əsil canini 
          tapa bilmirdi. Həm də Klanın cənub ştatlarda o qədər tərəfdaşı vardı 
          ki, onları tutmaq mümkün olmurdu. Əgər mərasimə dəvət almış ora gələrdisə 
          onu qorxulu mistik mərasimlə qarşılardılar. Zülmət içində uzun plaşlar 
          geymiş üzvləri yalnız məşəllərin işığı işıqlandırardı. Deyilənə görə 
          təbiətcə mövhümatçı olan zəncilərə elə gəlirdi ki, onlar müharibədə 
          ölmüş əsgərlərin ruhlarıdır ki, qisas almağa gəliblər. Günahsız olduğunu 
          sübuta yetirmək cəhdləri işi daha da qəlizləşdirirdi. Burda yalnız günahı 
          boynuna alıb diz çöküb yalvarmaq ölümdən qurtara bilər. Ku-Kluks-Klan 
          cəmiyyəti zəncilərlə seksual əlaqəsi olmuş qadınlarla çox qəddar davranırdı. 
          Amma kişilərə zənci qadınla münsibəti bağışlayırdı. Günahını etiraf 
          etmişləri buraxır, nadir hallarda döyürdülər. Tərslik edənlərin halı 
          çox pis olurdu. Qadının başını qırxıb soyundura, qamçıyla döyə və zorlaya 
          da bilərdilər. Bəzən günahkar bilinmiş qadının bədəninə dağ basırdılar 
          ki, ömrünün sonunacan utansın. Klanın sirrini ağzından qaçırmış adamın 
          taleyi çox acınacaqlı olurdu. 1918-ci ildə bu cəmiyyətin Corciya ştatında 
          quraşdırdığı 5 günlük kütləvi zorakılıq orqiyasından sonra 8 zənci və 
          bir hamilə qadın öldürüldü. Bu qadını ocaqda qızarmamışdan əvvəl qarnındakı 
          uşağı çıxarıb ayaq altına salıb tapdalamışdılar. Ölənlərdən ikisinin 
          günahı ağdərili adamlara cavab qaytarmaq idi. 
          İda Uells adlı jurnalist qəzet məqalələri və fotolar əsasında linçlənmə 
          mövzusunda araşdırma aparıb. Nəticələr belə idi: kütlənn qətlə yetirdiyi 
          728 zəncidən 70 faizi çox xırda qanun pozuntusuna görə vəhşicəsinə öldürülmüşdü. 
          1889-cu ildə jurnalist xanım U. Makkinliyə məktub yazaraq federal hakimiyyəti 
          bu məsələnin həllinə cəlb etməyə çalışdı. Yalnız 10 ildən sonra yaradılmış 
          assosiasiya linçlənməyə qarşı mübarizyə çıxaraq ona son qoydu. Linçlənmə 
          azalaraq əsrin ortalarında demək olar ki, aradan çıxdı. 
           «Birləşmiş linçləyən ştatlar»
           Mark Tven ölkəsinin tarixində linç məhkəmələrinin olduğundan 
          çox utanırdı. Onun «Birləşmiş linçləyən ştatlar» əsərindən: «Mən insanları 
          cinayət etməyə təhrik edən səbəblər üzərində dayanmaq istəmirəm. Bu 
          adamlar bilirdi ki, günahı varsa həmin adamı onsuz da öldürəcəklər. 
          Amma onlar özləri hakimlik etmək istədilər. Çünki bu dəhşətli, eybəcər 
          cəza kiçik turmə həyətində şahidsiz baş verəcək ölümdən daha təsirli 
          və dərs vericidir. Amma balaca uşaq da bilir ki, sös-söhbətə səbəb olan 
          qeyri-adi əməlin mütləq davamçıları peyda olur. Kimsə Bruklin körpüsündən 
          özünü aşağı atsa hətta onun da həmən dəqiqə davamçısı və təlqidçisi 
          tapılacaq. Ona görə də qaranlıq dalanlarda qadınların bağırsağını bayıra 
          tökən Cekin barəsində söhbətlər gəzən zaman kimsə özünü onun yerinə 
          qoyub hərəkətlərini təkrarlamağı düşünür. Ona görə də bir zənci sensasiyalı 
          cinəyət və qətl törədibsə onun linçlənməsi daha artıq qətllər törədəcək 
          və cinayətlər azalmaq əvəzinə gündən-günə, ildən ilə artacaq. Həmin 
          prinsiplə linçləmə artıq bütün ştatları ağzına alıb və ildən ilə artır. 
          
          Linç məhkəmələrini insanın təlqin etmə instikti ilə və ən zəif yeri 
          - qorxusu ilə izıh etmək olar. Heç kim istəmir ki, ona barmaq uzadıb 
          hamı kimi olmadığını desinlər. Deyirlər ki, linçləmək insanlara ləzzət 
          gətirir və hamı bu mənzərəni öz gözüylə görməyə gəlir. Əgər edamı görəndə 
          insan əzablarından ləzzət almaq mümkün olsaydı onda «Vindzor» otelinin 
          yanğınında adamlar dəhşət əvəzinə heyranlıq hissi keçirərdi. Bəs həmin 
          bu adamlar linçlənmə prosesinə necə sakit baxa bilirlər? Məncə onlar 
          azlıqda olduğu üçün öz qonşusunun narazılığına səbəb olacağına əmindir, 
          ona görə. Sıravi adam üçün bu, ölümdən betərdi. Belə çıxır ki, hər cəmiyyətdə 
          linçlənməyi tənqit etməyə qadir, casarətli adamın olmağı kifayətdir. 
          Onda icma daxilində insanların bənzəməyə çalışacağı yaxşı insan əmələ 
          gələcək. Belə adamları hardan götürməli, məsələ də bundadır».
          ***
          Dəhşətlisi odur ki, linç məhkəməsi hiddətlənmiş insanların etirazı, 
          qanun bərqərar etmək istəyi, nə də amerika həyatınnı bir parçasıdır. 
          Linç məhkəmələri bütün dünyada, bütün millətlərdə olub və hələ də olmaqdadır. 
           
Qadın baxışı