«Ürkək» şahzadələr ölkəsi
«Özünü arzularınla 
          üzbəüz qalacaq dar qəfəsə soxma»
           
 
          İlıq aprel günlərindən birində ingilis Keyt Middlton bir göz qırpımında 
          Kembric hersoqinyasına çevrildi. Bu mərhələdən ölkənin kraliçəsi olmağa 
          bir addım qalırdı. Toy mərasiminin bütün dünya üzrə efirdə izləmək imkanı 
          milyonlarla adamı televozorlara pərçimlədi. Bu hadisə ərəb inqilablarını, 
          yapon sunamisini və başqa sensasiyalı hadisələri kölgədə qoydu. Deyərsiz 
          ki, iki nəfərin toyu bu qədər adamı niyə cəlb edə bildi? Anlamaq çətin 
          deyil, tamaşaçıların əksəriyyəti qadınlar idi. Onlar illərin arzularının 
          həyata keçməsini özündə olmasa da başqasının həyatında görmək istəyirdilər. 
          Nağıllar da reallaşarmış!
           Hər qadına bir şahzadə!!!
           Sən demə zoluşkalar şahzadəyə dönərmiş. Düzdü Middlton Zoluşka 
          kimi o qədər də sadəlöhv, bir o qədər də gözəl deyil. Amma taxt-tacın 
          varisi ilə nikaha girməklə ağlasığmaz nemətlər qazanacaqdı. Bu cütlük 
          evliliklərinə «bəli» deyən kimi milyonlarla qız ürəyi titrədi: «Mənim 
          ondan nəyim əskikdi? Bəs mənim layiq olduğum şahzadə niyə gəlib çıxmaq 
          bilmir?». Belə bir statistika da var ki, son illər müxtəlif qadın kursları, 
          treninq və seminarlar artmaqdadır. «İçindəki şahzadəni oyat», ya da 
          «Xoşbəxtlik üçün doğulmusan» şüarları altında keçən məşğələlər minlərlə 
          potensial şahzadələri və eləcə də iddialı qadınlar ordusunu yaradır. 
          Bu kursların təşkilatçıları heç ağlına gətirmək istəmir ki, küçələr, 
          meydanlar «şahzadə»lərin əlindən keçilməz cəngəlliyə dönüb. Onların 
          əksəriyyəti əmindir ki, bir neçə, özü də çox sadə priyomları öyrənməklə 
          xoşbəxtliyinə çatacaq. Sonra şahzadələrin sevimli nəqliyyat vasitəsi 
          olan ağ atın yəhərinə sıçrayıb tullanmaqdan başqa nə iş qalır ki? 
           Mən buna layiqəmmi?
           
 
          Reklamlar da rahatlıq vermir: «Axı sən buna layiqsən!». Bu fikrin cavabında 
          hansısa lap ürkək qız «Doğrudanmı?» soruşar? Əslində bu, özünə dəyər 
          verməmək, özündə kifayət qədər əmin olmamaq, neqativ düşüncə tərzi kimi 
          əbədi qız problemlərindən daha dərindir. Həddən artıq şişirdilmiş özündən 
          razılıq hissi əsil xoşbəxtlik üçün böyük əngəl ola bilər. Çünki iddialı 
          qızlar qədərində şahzadə oğlanlar yoxdu. Onlar metrolarda, təhsil ocaqlarında 
          dolaşmır. Şahzadələri bahalı maşınlarda axtaranlar bir gün ayılıb görür 
          ki, ayağı çoooox sürüşgən yoldadır. Keçmişdə bu hissə ambisiya deyərdilər 
          və sözün bir qədər neqativ çaları vardı. İndi ambisiyalı olmaq düzgün 
          sayılır. Ona görə də ambisiyaların həqiqətlə, real həyatla qarşılaşdıqda 
          nə günə qaldığı barədə düzünməyin əsil zamanıdır.
          Həqiqəti görmək, özünə və ətrafına həqiqi dəyər vermək qabliyyətini 
          inkişaf etdirən kurslar açsan onu kandarından içəri keçən 1-2 adam da 
          çətin tapılar. Çünki əksəriyyəti şahzadə xanım obrazının özündən ləzzət 
          alır. Bu hissi uşağını ərköyün böyüdən analardan tutmuş həyatına müsbət 
          emosiyaları zorla soxan psixoloqlara qədər hamı inkişaf etdirir. Sağlam 
          düşüncə tərzi isə durmadan qulağımıza pıçıldayır: Qadın (hətta kişi) 
          xoşbəxtliyi ambisiyaları səpələməklə deyil, özündə sadə, hələ min illər 
          əvvəl babalarımızın sınaqdann keçirib qiymət verdiyi insani keyfiyyətlərin 
          tərbiyəsindən asılıdır. Təvazokarlıq, sadəlik, insanpərvərlik, ədalət 
          hissi, həqiqətə can atmaq və s. Zoluşka nağılına bir daha diqqətlə baxsaq 
          görərik ki, o, hikkəli, ambisiyalı deyil, əksinə, sadə və yaxınlarına 
          görə özünü qurban verməyi bacaranlardan idi. Şahzadəni əldə etməkçün 
          heç bir üsllara əl atmamışdı, onun ağlını başından çıxara biləcək heç 
          nə etməmişdi. İndiki xanımlar Zoluşki kimi olmaq, arzuya çatmaq üçün 
          özlərini onun eybəcər bacıları kimi aparırlar. 
           İstək qığılcımı şikarı hürküdər
           Xoşbəxtlik lotoreya deyil ki, onu udasan. Həyatın boyu qazandığın 
          müsbət cəhətlərini istəsən bütün dünyaya, istəməsən yalnız bir, seçdiyin 
          adama göstərirsən. Onda ən yaxşı keyfiyyətlərin dəyərini verən mütləq 
          tapılır. Braziliya seriallarındakı kimi kişi ovuna çıxmış qadın həyatı 
          boyu layiqli bir insana rast gəlincə hər yerdə tələ qurmasıyla şahlıq 
          quşunu hürküdə də bilər. Qızın gözlərində parıldayan istək qığılcımı 
          ən sadəlöhv «şikar»ı da hürküdər. Xoşbəxtlik ovuna çıxmazlar. Onu dibçək 
          çiçəyi kimi içində yetişdirirsən. Onda bəlkə bir gün ağ atlı oğlan rəqiblərinin 
          quraşdırdığı bütün tələləri keçib yanına gəldi. 
          Xoşbəxtlik uydurulası duyğu deyil, onu qazanırlar. Bu mövzuda yaxşı 
          bir lətifə də var: Deyirlər ki, Ancilina Coli və Bred Pit dünyanın ən 
          bədbəxt adamıdır. Çünki yataqda uydurmağa adamları yoxdur. Bütün dünyanın 
          kişiləri Ancelinanı, qadınları Bred Piti təsəvvür edərkən bu mənada 
          onların həyatında boşluqdur. 
          Daş cəngəlliyin öz qanunları var!
           Onsuz da kişilər nə bizim ambisiyalarımızla, nə də uğurlarımızla 
          maraqlanır, bu faktdır. Bəlkə də əksinə, evdə əsayişi qorumaq xətrinə 
          ağıllı qadın üstünlüyünü bilərəkdən gizləməli, aşağılamalı olur. Kişiyə 
          maşını yaxşı sürməyin barədə danışsan o, əsəbləşib maşını əlindən ala 
          bilər. Çünki özünü tərifləməyinlə onun ərazisinə girmiş olursan. Bəli, 
          bu haqsızlıqdır, amma reallıq belədir. Kişilərə güclü olmaq şansı vermək 
          lazımdı. Yalnız onda kişilər həqiqətən güclü və özündə əmin olurlar. 
          Güclü tərəflərini onun gözünə soxmasan da əvvəl-axır bunu görəcək. Amma 
          baş rolları ifa edənlərə nağıl qəhrəmanları kimi falş yaraşmaz. Bir 
          də ki, yanındakı şəhzadə, ya dilənçi olmasından asılı olmayaraq xoşbəxt 
          olmağı öyrənmək lazımdı. Xoşbəxtlik yanında olan , ya da olmayan kişi 
          ilə ölçülmür. 
          Mənim də yanımdakı şahzadə deyil. Onun xırda, ya böyük uğurlarını heç 
          vaxt Ginnes kitabına salmayıblar. Nə olsun?! Vətən qarşısında əldə etdiyim 
          uğurlarım onun nəyinə lazımdı ki? Vacibi odur ki, yanındakı mənəm… Ümidləri 
          daşa çırpılıb qırılan onlarla qadın tanıyıram ki, xoşbəxt olmağa bəlkə 
          də hamıdan çox şansı vardı. Nə qədər ki, insanın kəsici dişləri var 
          o, onsuz da ovçu olaraq qalır. Biz daş cəngəllikdə yaşayır, uğur ovlayır 
          və qazanan kimi öz mağaramıza çəkilirik. Şəxsi həyatda qazanılar uğurları 
          kimsəylə bölüşə bilmərik.
           Qurbanı həmişə qadın verir
           Oliqarxlar, şahzadələr və cəmiyyətin başqa almazlarını, qaymaqlarını 
          axtarmaq marafonu günümüzdə çox aktual məsələdir. Qəzetlər, televizia 
          verilişləri boş siçan təbiətli qadınların həsəd aparacaq adaxlılar tapması 
          barədə əhvalatlarla doludur. Jurnallar kişiləri tora salmağın gündə 
          yüz yolunu uydurur. Belə məqalə yazanlar bəlkə də özləri heç inanmır 
          ki, məqalənin hər punktuna riayət edən adamlar var. 
          Matriarxat sözü indi kişilərin ən sevmədiyi sözə çevrilib. Onlar bu 
          sözlə birgə at çapan, oxla əla davranan, kişilərlə kefi istəyəndə görüşən 
          amazonkaları xatırlayırlar. Amma bu azadlığına görə amazonkalar bir 
          döşünü qurban verərdi. Hələ körpə ikən qızların bir döşünü sıxıb bağlayardılar 
          ki, böyüyüb ox atmağa mane olmasın. Yəni ki, qadın üçün azadlıq mütləq 
          qurbanla bağlıdır. Müasir zamanda xoşbəxtliyini karyerasına qurban verənlər 
          də var. 
          ***
          İnsan beynində eşələnməyi sevən ekspertlər deyir ki, layiq olmadığın 
          xoşbəxtlik olmur, qazanmadığın uğursuzluqlar da. Gözünü ingilis şahzadəsindən 
          çəkə bilməyənlərə isə deyirlər ki, padşahın oğlunu deyil, öz padşahını 
          gözlə. Bu ki, realdır! Yalnız belə adamın yanında şahzadəyə çevriləcəksən. 
           
        
Qadın baxışı