Qızlar qalıb, qızıla dönüb/h2>

Elə bil həyatında hər şey yaxşıdı. Yaxşı işin, səni tanıyan dostların, hətta pərəstişkarın da var. Bəs niyə hərdən balışın yeganə dostuna çevrilir? Buna qadın narzılığı, məhz şəxsi həyatından narazılıq deyirlər. Yadındamı, bir zamanlar bizdə seks yozuydu. Bunu sənə nənən, anan yaxşıca başa salmışdılar. Böyüyüb məktəbi hətta institutu bitirəndə sən tam əminiydin ki, əvvəl oxumaq, karyera, sonra şəxsi həyat olmalıdı. Sən hesab edirdin ki, sevgi sirk, teatr və kitabxanaya birlikdə getməyə deyilir. Rəfiqələrin də çoxdan ayılmışdı. Onların əksəriyyəti çoxdan ərdədi və yaxşı ailələri var. Vaxt gedir, ağ atlı oğlan hardasa azıb, gəlmir. Ətrafındakı olan qalan kişilərin heç ağlına gəlmir ki, sənə də qayğı və nəvaziş lazımdı. Bəs niyə tanışların səni görəndə «İşlərin necədi?» soruşurlar? Çünki onlar bilir ki, bu illər ərzində sən yalnız işi düşünmüsən. Hər gecə soyuq yatağına girəndə inanırsan ki, səni sevib anlayan birisinə rast gələcəksən. Amma bir bax gör, sənin həyatında kişiyə yer varmı? Problemlərini o qədər tək həll eləmisən ki, heç kimə yer qoymamısan. İndi başa düşürsən ki, kişilər hər şeydən çox azadlıq və müstəqilliyi və sənin sərt həyat qrafikinə yaraşmayan seksi sevir. Ən dəhşətlisi odur ki, problemini səni tanımayanlar da duyur. Hərəkətlərindən, səsindən, danışıq tərzindən... Bir gün özün-özünə bu murdar «qarımış qız» sözünü deyəcəksən. Eşidirsizmi, qızlar, başqalarının səhvini təkrarlamayın. Sevib sevimli olmağı öyrənin!
Desəm ki, Azərbaycan qarımış
qızlar ölkəsidir Amerika kəşf eləmərəm. Belə bir statistika da var:
Azərbaycan evdə qalmış qızlarına görə keçmiş sovet respublikaları içərisində
Moldovadan sonra ikinci yerdədir. Bizim cəmiyyətdə evdə qalmış qızlara
münasibət deyərdim ki, qəddardır. Onları daim müzakirə obyektidir və
daim tənbeh olunurlar. Çünki cəmiyətdə müəyyən kanonlar var: qadın ərdə
olmalıdı, uşaq böyütməlidi. Ona görə də ailə qura bilməyən qızlarımız
özü haqqında «Axı mən niyə hamı kimi deyiləm?» düşünür. Bir qədər sonra
«Mənə belə də yaxşıdı» fikriylə rahatlansalar da ictimai fikir onlara
şans vermir. Əgər yaşın keçibsə, deməli ümidin yoxdu.
Bizə öyrədirlər ki, seks pisdir və yad kişilərlə danışmaq olmaz
Ərə getməmiş qadın hələ də şübhə və çaşqınlıq, bəzən isə mərhəmət və
yazıqlıq hissi doğurur. Gəlin baxaq, qarımış qızların yanında fərsiz
ərlərimizdən deyinib danışan, yemək, yır-yığış, uşaq xəstəlikləri, yuxusuz
gecələrdən gileylənən biz deyilmiyik? Hər birimiz o tənha qadına nəinki
həsrətlə baxır, hətta onu görəndə bu fikirləri bölüşürük: «Filankəs
necə də xoşbəxtdi? Heç kim onun boynunda oturmayıb. Çox gözəl görünür,
hətta teatra getməyə də vaxtı var! » Amma həmin o filankəs bəlkə də
teatra getməkdən bezib, oxumağa artıq kitab tapmır, qohum-qardaşın işinə
yaramaqdan usanıb indiysə sevimli kişisinin köynəyini yuyub-ütüləmək
arzusundadı.
İctimai fikir tənha qadının monumental və komik obrazını yaradıb. Çoxları
düşünür ki, tənha qadın mütləq heyvanları sevməli, mikroblardan mütləq
çimçəşməli, yay gələnədək qalın gorab geyməli və konvet kağızı toplamalıdı.
Belə qarımış qızlara çətin ki, rast gələk. Bəs qadınlar niyə tənha qalır,
qız qarıyırlar? Psixoloqlar bunun səbəbini uşaqlıqda axtarır. Nə qədər
qəribə olsa da ilk intim kontakt atayla olur, ata qızını qucağına alır,
başını sığallayır, öpür. Bizdə bu, əsil azəlbaycanlı kişisinin obrazına
bir o qədər də uyğun deyil. Bu yaxınlaracan kişinin uşaqlarını əzizləməsi
eyib sayılardı. Ata evdən gedibsə qızda bütün kişilərə qarşı qorxu və
nifrət yaranır. Qızını həddən artıq nəzarət edən ana da onun beynində
mənfi izlər buraxa bilər. Ananın nəzarəti tədricən qızın öz nəzarətinə
keçir və o, yalnız nəyin yaxşı, nəyin pis olmasını düşünərək daim özünə
nəzarət edir. Üçüncüsü səbəb isə hər qadının beynində ideal kişi obrazının
olmasıdır. Ondan əl çəkmək çox çəitin olur. Valideynlərnin seçdiyi oğlan
obraza uyğun gəlməyirsə zorla ərə getməkdənsə evdə qalmağa üstünlük
verənlər də tapılır. Bütün bu psixoloji təzyiqlərdən sonra kişi elə
bir personaja, lap Marsdan gəlmiş canlıya çevrilir ki, qız onunda necə
danışacağını, necə davranacağını da bilmir. Axı bizə öyrədirlər ki,
seks pisdir, yad kişilərlə danışmaq olmaz, kişiylə münasibət nəsə alçaq
və çirkin bir şeydi.
Qızları qarımağa məhkum edən cəmiyyətimizçün həmin yaşda subay oğlan
qorxulu deyil, amma vaxtında ərə getməyib hələ bir selülit toplamış
qız cəmiyyətçün çox xətalıdır, xüsusilə idarə başçısıdırsa. 30-dan sonra
evlənməmiş kişinin nə qədər qızı tora salmaq şansı var. Həmin yaşda
qızın isə ərə getmək şansı bizim futbol komandamızın udmaq şansı qədər
olur. Hesab olunur ki, 30-dan sonra oğlanlar kamillik axtarır, qızlarda
isə psixoz başlayır. Etiraf eləməliyik ki, hazırda 30-u keçmiş qızlar
20-30 il əvvələ baxanda çox yaxşı görünürlər. Qəribəsi odur ki, bu yaşda
məşuq tapmaq çox asandı, amma həyatının kişisini, arzuladığını gözlədiyini
yox. Qızları qılınclayan cəmiyyətdə boşanmış qadına münasibət daha yaxşıdı.
Ailə qurmaqdan savayı bütün sahələrdə uğur qazanmış qadın bilir ki,
super yaşayıb yaxşı qazansa da hamının - qonşuluqdakı bir dəstə burnu
fırtdıqlı uşaqların anası və sərxoş ərin arvadının da ona yazığı gələcək.
Çüqki onlar cəmiyyətin qanunlarına baş əyərək yol verilən həddə qədər
ərə gedə biliblər. Kimə gəldi ərə getməkdən imtina edənlərdən bəziləri
hesab edir ki, valideynləri olmasaydı uşaq doğub ərə getməyə taləsməzdi.
Valideynlər bir yana cəmiyyət buna sakit baxardımı? Ağzıgöyçəklərin
qınağından qurtulmaq olardımı?
«Bəlkə boşanmış Rlmeoya rast gəldim?»
Bir neçə evdə qalmış sayılan qadınla söhbəti ixtiyarınıza
vermək istərdim. Onların ad və familinin gizlətmək xahişini başa düşmək
çətin deyil:
27 yaş: «Ərsizlik məni hələ ki incitmir. Sevdiyim adam da deyim ki,
heç olmayıb. Məktəbdə yaxşı oxumuşam, intstitutda «qırmızı diplom»a
gedirdim. İndiysə qabağıma çıxan kişilər məni qane eləmir. Ya evlilər,
ya da axmaqlar mənə rast gəlir. Baxın nə qədər gözəl və ağıllı qadınlar
var, bəyəm onların hamısı ərdədir? Məncə onların çoxu mənim həyatımla
heç olmasa bir həftə yaşamaq arzusundadır. Evə gəlirəm, ayaqqabılarımı
kandarda, çantamı otaqda tullayıram, yubkamı divana tərəf gedəndə «itirirəm».
Bütün axşamı əlimdə telefon televizor qarşısında keçirə bilrəm. Evlilər
evə çatan kimi mətbəxə qaçıb kartof təmizləməlidi, qaz qabatında marten
peçi qarşısındakı kimi durmalıdı ki, ərinin mədəsinə isti yemək düşsün.
Təkrar evliliklər 30-dan sonra başlayır. Bəlkə boşanmış Romeoya rast
gələ bildim. Hələ ki, «Toya nə vaxt çağırırsan?», «Niyə ərə getməmisən?»
soruşan var. Bir azdan məni incitməməkçün sualları da yığışdıracaqlar.
Onda biləcəm ki, artıq qarımış qızam.»
38 yaş: «Arxanda sənə «qarımış qız» deyib gülüşəndə çox pərt oluram.
Mən özümə qəribə qadın deyərdim. Sevmək istəyirəm, amma o nədənsə gəlib
çıxmır. Görüşdüyüm oğlan da vardı. Mən «görəsən bu sevgidirmi?» düşünənə
qədər o, artıq evləndi. Bakirəliyimdən də canımı qurtarmaq istərdim,
amma kişilər şorcöz baxışlarla baxanda «bircə rədd olsaydı» düşünüb
sinir yumağına dönürəm. Rəfiqələrim deyəndə ki, bir az kosmetika, bir
neçə damcı ətir və qısa yubkadan istifadə eləyim mənim ürəyim bulanır.
Bu ayıbdı! Ərimi belə ucuz vasitələrlə əldə eləsəydim onunla yaşaya
da bilməzdim. Bilirəm axmaqlıqdı, mən hələ də sevgi gözləyirəm.»
52 yaş: «Mənə niyə təksən deyəndə «ağ atlı oğalanı gözləyirəm» deyirdim.
Mənimçün deyirlər ki, belələri gözləmir, əksinə onları gözləyirlər.
Özümü tərifləməzdim, vaxtilə çox yaxşı görünürdüm. Düzün desəm aristokrat
təbiətimə uyğun oğlanı gözləyirdim. Bu səbəbdən ağzından nəsə səhv söz,
rayon ləhcəsi qaçıran adama ikrahla baxırdım. Ən dəhşətlisi o idi ki,
kişilər məndən qorxurdu. Mən onlarla postmodernizmdən və pis rejissuradan
danışıb, yeri gəlsə siqaret də çəkə bilərdim. Savadsız kəlməyə görə,
elementar şeyləri bilməməyə görə ələ də sala bilərdim. Qırxı keçəndən
sonra anamla uşaq haqqında danışmağa cəhd elədim. «Mən oləndən sonra!
Bizim nəsildə ərə getməmiş uşaq doğan olmayıb» dedi».
34 yaş: «Bakirəyəm, kişilər mənə heç gözünün ucuyla da baxmır.
Çox sadə geyinirəm. Kişilərlə ünsiyyəti sevmirəm, amma bu o demək deyil
ki, onlara nifrət edirəm. Bəzən evdə rahat yemək yeməyə vaxtım olmur,
kosmetika hardan yada düşə? Mən düşünürəm ki, iki nəfərin görüşməyi
taleyində varsa kosmetikasız, ya necə bu baş verəcək. Mənim tələblərim
çox deyil, ən azı 3 dil bilsin, opera və klassik musiqini mənim qədər
sevsin və antikvariatı sevsin. Mən biləni bu elə elə çox deyil».
39 yaş: «Özümü qarımış qızlar arasında pis hiss eləmirəm. Çünki ətrafda
bizim kimilər çoxdu. Biz bir-birimizə mənəvi dayaq oluruq. Mən artıq
çıxış yolu axtarmıram».
30 yaş: «Mən qızlığımla özümə ev-eşik və şərait düzəltməyə bacarığım
çatıbsa fərsizin birinə necə ərə gedə bilərəm? Bu yaxınlarda maşın da
alacam. Əhd eləmişəm, oğlanı yanımda otuzdurub evəcən özüm sürəcəm».
Traqikomik monoloq
Vaxt keçdikcə qəribəlikləri əmələ gəldiyinə görə adam arasında
qarımış qızları tanımaq bir elə çətin deyil. Onlardan bəziləri həmsöhbəti
seks mövzusunda söhbətə cəlb eləyir. Nəzəriyyəni tam öyrəndiklərinə
görə məsləhətlər də verə bilərlər. Tənha qadınların əksəriyyətində özünü
yüksək qiymətləndirmə adəti başında qalıb. Yaşları artdıqca özlərini
yenə 20-25 arası hiss edirlər. Elə bil əvvəlki kimi cavan və təravətlidi.
Ona görə də cavan və gözəl kişini gözləyir. Bu səbəbdən elçi çıxanlardan
birisini keçəl, o birisini gombul, üçüncüsünü fərsiz adlandıraraq özünə
layiq saymır. Vaxtı keçmiş xanımlardan bir növü isə kişiylə münasibətlərdə
təcrübəsi olmadığından hər hansı diqqəti vurğunluq kimi qavrayırlar.
Onlar hətta komplimentləri, hərəkətləri yaddaşında toplayıb saxlamağı
sevir. Ona elə gəlir ki, ətrafdakı bütün kişilər onu sevir. Bu traqikomediya
ömur boyu davam eləyir. Əmələ gələn qəribəliklər içində aqressiya böyük
rol oynayır. Bu müstəqil və kişilərə nifrət edən iş xanımlarında daha
çox olur. Qarşısındakının akademik ya çilingər olmasının onunçün heç
bir fərqi yoxdur. İş birincidir, ərə getməli olsa ən azı padşaha gedə
bilər. Bu qadınların problemi fizioloji yox, psixolojidir. Bəziləri
aqressivləşir, bəziləri depressiyaya düşür, kimsə xəstələnir. Seksual
marağı az olanlar tənhalığı daha rahat keçirir. Seksual şövqü yüksək
olanlarsa kişiləri alçaldıb başına gələnlərdə onları günahkar sayırlar.
Qarımış qız – bu diaqnozdur yoxsa tale?
20 yaşlı qızın qarımaq şansı azdır, amma onların əksəriyyətində
qız qarımaq qorxusu var. Bizi qarımış qızın özü yox, onun cəmiyyətdə
yaradılmış obrazı qorxudur. Orta statitistik qarımış qız oxumuş və kifayət
qədər gözəgəlimli ledidir. Qarımış qız deyəndə fikrimizdə ərə getməmiş
qadın yox, əsəbi və narazı, adamayovuşmaz bir obraz canlanır. Mənimlə
razalaşarsız, qarımış daha çox ruhi vəziyyətdir. Bir testə baş vuraq.
Aşağıdakı əlamətlərdən bir neçəsi sənə uyğundursa artıq düşünmək zamanıdır.:
1. Özünü yüksək qiymətləndirməmək (Kimə lazımam?)
2. Kişilərə yüksək tələb (Şahzadə gözləyirəm)
3. Boş vaxtı evdə keçirmək (Bazar günü evdə oturub tort bişirərəm və
televizora baxaram)
4. Kişilərlə asan dil tapan rəfiqələri qınamaq (İndi sevirəm deyir,
görək bir ay sonra nə olacaq)
5. Kişilərə qarşı vasvasılıq (Təsəvvür eləmirəm, kişiylə yaşayıb onun
corablarını necə iyləmək olar?)
6. Boşananlar haqqında xəbərləri sevinclə qarşılamaq (Belə ərə getməkdənsə
tək qalmaq yaxşıdı)
7. Kişinin qayğısını başqa gür don geydirmək cəhdləri (Arvadbazın biridi,
özünü aparmağına bax!)
8. Evlənmək haqqında elanlarla qəti maraqlanmamaq (Mənim kişim özü məni
tapacaq)
9. Seks qarşısında qorxu (Bu çirkinlik və ədəbsizlikdi)
Qızlar, ideal axtarmayın!
Başqa millətdən qız almağı sevən kişilərimizdən fərqli olaraq qızlarımız
yad millətə həvəssiz ərə gedir. Son vaxtlar xarici vətəndaşlarla evlilik
halları artıb. Sərhəddi bağlayıb «striteji materialı» buraxmamaq da
olar, Azərbaycanan demoqrafik xilası naminə hərbi mükəlləfiyyətlə yanaşı
ailə qurmaq borcu yaratmaq da. İstəsən maşaları və daşaları xoşbəxt
edən məmmədləri vətən xaini elan edərik. Deyirlər, xaricdə qarımaq anlayışı
yoxdu. Bəlkə bizim xalaşkaları oralara eksport eləyək? Zarafat bir yana,
amma nəsə çıxış yolu axtarmaq lazımdı, özü də tezliklə.
Evdə qalmış, qarımış qızlarımız əslində Azərbaycan xalqının böyüklüyü,
qeyrəti haqqında illyuziyalarına verdiyi ən böyük qurbanıdır. Hissləriylə,
təbiətlə, bəlkə də yaradanın özüylə mübarizədə təkbətək qalmış bu qızlar
əslində cəmiyyətin çirkinliklərinə bir növ etiraz edirlər. Gözüyumulu
ərə getmək istəmir, ehtirasını küncdə-bucaqda söndürməyi ayıb bilir,
uşaqlarını sevdiyi insandan doğmaq arzusuna ömrünü qurban verir. Əvəzində
qarımız qız yarlıkını boynunda daşımalı olur. Narkomanlar, fahişələr,
yetimxanalarda böyüyən uşaqlar kimi qarımış qızların da günahı cəmiyyətin
ciyinlərindədir. İnsanın xoşbəxt olmasına mane olan qanunlarla işləyən
cəmiyyət bir gün bunun meyvələrini mütləq dadacaq. Ən yaxşı, gözəl və
ağıllı qızlarını evdə qalmasının səbəblərini burda axtarmaq lazımdır.
Seksual həvəs insan orqanizminin çoxsaylı tələblərindən biridir. Onlardan
birini təmin etməsə də insan xoşbəxt ola bilər. Qabaqda karyera, yaradıcılıq,
insanlarla ünsiyyət. İdeal axtarmaq faydasızdı, çünki o yoxdur. Evdə
qalmaq səni narahat etmirsə heç kimə qulaq asma. Ömrünü, həyatını elə
qur ki, sənə qarımış qız deməyə heç kimin dili də gəlməsin!
«Bizim Yol» qəzeti
24.08.07