Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar

Məhəbbət pritçalari

Gül və külək haqqında

Külək gözəl güllə rastlaşıb ona aşiq olur. O, gülə nəvaziş göstərir, gül də ona öz ətri və gözəlliyi ilə məhəbbətlə cavab verirdi. Ancaq külək hesab etdi ki, az iş görür və o, gülə daha güclü qayğı göstərmək istədi. Gülək elə bilirdi ki, onun qayğısı nə qədər güclü olsa, gülün ona verdiyi məhəbbət də o qədər çox olacaq. O, gülə məhəbbətini öz güclü nəfəsi ilə göstərdi. Lakin gül belə güclü nəfəsə dözməyib sındı. Külək onu qaldırıb yenidən diriltmək istəsə də, bunu bacarmadı. Onda o sakitləşib gülə sakit nəfəslə nəvaziş göstərməyə başladı. Ancaq gül onun gözləri qarşısında solurdu. Gülün solduğunu görən külək qışqırdı:
- Mən sənə bütün gücümlə məhəbbətimi verdim. Ancaq sən sındın! Yəgin, səndə mənə qarşı məhəbbət olmayıb. Deməli, sevməmisən!
Ancaq gül cavab vermirdi. O ölmüşdü.
Kim sevirsə, bilməlidir ki, məhəbbəti güc və ehtirasla yox, incə və zərif qayğı ilə ölçürlər. Bir dəfə sındırmaqdansa, on dəfə dözmək yaxşıdır.

 

Gənclərin özünə həyat yoldaşı seçməsi barədə

İki gənc oğlan iki qıza onların həyat yoldaşı olmağını təklif edir. Biri deyir:
- Mən ancaq öz ürəyimi təklif edə bilərəm. Ürəyimə mənimlə çətin yolu bərabər getməyə razı olacaq qız girə bilər. O biri isə dedi:
- Mən öz həyat yoldaşımla həyatın sevinclərini böyük sarayda bölmək istəyirəm.
Qızlardan biri fikirləşib cavab verdi:
- Sənin təklif etdiyini ürək mənə çox dar gəlir. O, mənim ovcumun içində yerləşə bilər. Ancaq mənə xoşbəxtlik və səadət gətirəcək yer geniş və işıqlı olmalıdır. Mən sarayı seçirəm və ümid edirəm ki, orda dar və darıxdırıcı olmayacaq. Deməli, çoxlu xoşbəxtlik olacaq.
Saray təklif edən oğlan qızın əlindən tutub dedi:
- Sənin gözəlliyin mənim sarayıma layiqdir. O, qızı öz gözəl sarayına apardı. İkinci qız isə əlini ona öz ürəyini təklif edən oğlana uzadıb dedi:
- Dünyada insan ürəyindən isti və rahat yer yoxdur. Heç bir böyük saray bu müqəddəs məskənlə müqayisə oluna bilməz.
Onların yolu çox çətin oldu. Çox çətinliklərlə, sınaqlarla üzləşdilər. Ancaq sevdiyi insanın ürəyində ona hər zaman isti və rahat idi. Xoşbəxtlik heç vaxt onları tərk etmirdi. O ürəkdə ona heç vaxt dar olmurdu. Çünki sevgidən ürək daha da geniş olurdu və hər bir canlıya orda yer var idi. Yolun sonunda, zirvədə onlar böyük bir xoşbəxtliyə nail oldular və anladılar ki, insan xoşbəxtliyinin yolu yalnız ürəkdən keçir.
Gözəl sarayı seçmiş gözəl isə oranın genişliyindən və gözəlliyindən çox zövq almadı. Az müddətdən sonra o anladı ki, saray nə qədər böyük olsa da, onun sərhədləri var. Ona görə də ora ona qızıl qəfəsi xatırlatmağa başladı. O qəfəsdə nəfəs almaq çox çətin idi. Qız pəncərədən bayıra baxırdı, sarayın içində o tərəf-bu tərəfə gedirdi. Lakin ordan çıxmağa yer tapa bilmirdi. Hər şey onu sıxır, boğur, incidirdi. Ancaq saraydan kənarda gözəl və əlçatmaz nə isə vardı. Sarayın gözəlliyi ətrafın işığı və genişliyi ilə heç cür müqayisə oluna bilməzdi. Qız anladı ki, heç vaxt belə xoşbəxtliyi hiss edə bilməz. O, sona qədər xoşbəxtliyə gedən yolun hardan keçdiyini anlamadı. Qız kədərləndi. Kədər isə onun ürəyini qəmə boyadı. Gözəl quş özü üçün seçdiyi qızıl qəfəsdə kədərdən öldü.
İnsanlar quş olduqlarını unudub. İnsanlar uça bildiklərini unudub. İnsanlar unudub ki, heç vaxt batmayacaqları sonsuz dəryalar var.

Seçim etməmişdən əvvəl soyuq, hissi olmayan beyni yox, ürəyi dinləmək lazımdır.
İnsanlar unudub ki, rahat, yaxında olan xoşbəxtlik olmur. Onun arxasınca uzun, ağır və çətin yolla getmək lazımdır. İnsan həyatının mənası da məhz bundadır.

 

İki qardaşın dünyanı fəth etməsi haqda


Biri varlı, biri isə kasıb olan iki qardaş vardı. . Onlar dünyanı fəth etmək fikrinə düşdü. Varlı qardaş qızıllarını, varını toplayıb böyük qoşun yığıb yad ölkələri zəbt etdi. O, oazisləri tutdu. Lakin ordakı insanları öldürdüyünə görə bir ildən sonra həmin torpaqlar bar gətirmədi. İnsan məhəbbəti olmayan torpaqlar qurudu. O, gözəl şəhərləri zəbt etdi. Lakin həmin yerləri dağıtdığına görə xarabalıqlar padşahı oldu. Öz əlləri ilə yaratdığı səhralar onun qoşununun ölümünə səbəb oldu. Özü isə ac və səfalət içində ölü torpaqlarda dolaşırdı. O heç cür anlaya bilmirdi ki, xoşbəxtlik quşu niyə onun qanlı qılıncında özünə yer tapa bilmədi.
İkinci qardaş da dünyanı fəth etmək istəyirdi. Lakin səfərə çıxmamışdan əvvəl o, öz ürəyində gözəl məhəbbət gülü yetişdirdi. O gülü əlinə götürüb dünyanı dolaşmağa başladı. Onun ayağı dəyən hər yerdə məhəbbətin işığı yayılırdı. İnsanlar ona baxıb öz ürəklərində elə bir gül yetişdirməyə çalışırdılar. Bütün dünya bu insanın ayaqları altında idi. Lakin o, insanların üzərində hökmranlıq etməyə çalışmırdı. Bilirdi ki, ətrafına nə qədər çox məhəbbət bəxş etsə, əvəzində də o qədər alacaq. Onda olanları heç bir xəzinəyə yerləşdirmək olmazdı. O var-dövlət ancaq ürəyə sığa bilərdi.
Allah dünyanı məhəbbətlə yaradıb. İnsan öz məhəbbəti ilə dünyanı fəth edib onun hökmdarı ola bilər.

 

Anasına xəyanət etmiş oğul barədə


Bir qadını cadugərlikdə ittiham edib tonqalda yandırmağa hazırlaşırdılar. Lakin o dövrün qanunlarına görə hamı onun cadugər olduğunu təsdiq etməli idi. Tonqalın ətrafına toplaşan böyük izdiham qadına «cadugər» deyə qışqırırdı. Qışqırmayan yeganə adam qadının öz oğlu idi.
Birdən kimsə «oğlunu da yandırın, cadugərin oğlu şeytandı» deyə qışqırdı. Oğlunun həyatına görə narahat olan qadın «o mənim oğlum deyil» dedi.
Bundan qəzəblənən oğul da başqaları kimi anasına «cadugər, cadugər» deyib qışqırmağa başladı. Bu an qadının ayaqları altında tonqal alovlandı. Alov onun bədənini bürüyürdü. Lakin onun ürəyini ağrıdan bu deyildi. Günahsız qadın oğlunun necə dünyaya gəlməsini, onun ilk addımlarını, ilk dəfə «ana» dediyini yada salırdı. O izdihama qarışmış və onlardan fərqlənməyən doğma sifətə baxırdı. Gözlərindən axan yaş isə onun yanaqlarını alovun istisindən çox yandırırdı.
Qəddar alov söndü, külək onun yerində qalan gülü ətrafa səpələdi. Ətrafa toplaşmış insanlar dağılıb getdi. Qadının oğlu isə meydanda tək qalmışdı. Onun nə gedəcəyi yeri, nə də doğma bir adamı yox idi. Bir azdan onu meydandan qovdular. Oğlan başqa həyat axtarmağa yollandı. Lakin getdiyi hər bir yerdən qovulur, döyülür, söyülürdü. Nə qədər çox çətinliklərlə, acılarla rastlaşırdı, bir o qədər də çox anasını, onun isti, yumşaq əllərini, ürəyinə yaxın olan doğma səsini, göstərdiyi nəvazişi və məhəbbətini yada salırdı.
Zavallı tez-tez həyatın qəddar olduğundan və ondan ən qiymətli varlığını aldığından gileylənirdi. Lakin bu sözləri deyəndə onun daxilindən bir səs gəldi:
- Yox, sənin ən qiymətli varlığını həyat yox, sən özün almısan. Sən öz həyatını qorumaq məqsədi ilə ondan imtina etdin.
Oğul vicdan əzabı və ləkə ilə yaşamağa başladı.
Bir müddət keçdi. Qadın bəraət aldı, onun təmiz adı qaytarıldı. Oğlu isə hər zaman hər yerdən qovulurdu və hörmətsiz rəftarla üzləşirdi. Heç vaxt rahat həyat sürə bilmirdi. Heç rahat ölə də bilmədi.
Öz xilasınıza görə məhəbbətdən imtina etməyin. Kim imtina etsə, təmiz addan və insanların məhəbbətindən məhrum olur.

 

Xoşbəxtliyin qiyməti barədə

Kasıb və dilənçi kimi yaşayanların həyatları hədsiz ağır olur. Bu ağır həyat onların övladlarına da nəsib olur. Onlar da öz valideynləri kimi əzablı həyat sürməyə məhkumdurlar. Ancaq belə ailələrdə də özünəməxsus sevinc və xoşbəxtlik olur. Bu xoşbəxtlik saf, təmiz məhəbbətdən doğur və onu heç bir pulla qiymətləndirmək olmaz. Belə ailələr öz dünyalarında özlərinin fərqli həyatlarıyla yaşayırlar. Ancaq bütün digər insanlar kimi tale onları da sınağa çəkir. Onları yeganə həyat ölçüsü olan məhəbbətlə sınayır.
Ailələrdən biri belə bir sınaqla qarşılaşır. Onların qapısını, bəlkə də, yeganə uğur döydü və övladlarını valideyn evindən apardı. Onlara daimi bayram və var-dövlət vəd etdi. Ailənin övladlarından biri bu xoş vədlərə inanıb kasıb valideynlərini atıb xoş həyat ardınca getdi. Heç kəs onu saxlamadı, geri qaytarmağa cəhd göstərmədi. Çünki bunun əvəzində oğullarına qiymətsiz məhəbbətdən başqa heç nə təklif edə bilməzdilər. Oğlan ailəsini tərk edib xoşbəxtlik ardınca getdi. O, xoş həyatın qoynuna atıldı və uzun müddət doğmalarını unutdu. Var-dövlət əldə edən oğlan yeyir-içir, əylənirdi. Sonra evləndi, övladları oldu. Ancaq bir gün xəstəlik onu əldən saldı. Bu an bütün xoşbəxtliklər sona çatdı. Yeganə ümidi olan övladları da ona baxmır, özləri üçün əylənirdilər. Onlar da öz valideynindən uzaqlaşırdı. Bir vaxtlar valideynlərini tərk edən oğlanı dözülməz bir ağrı və kədər bürüdü. O, övladları üçün hər şey etsə də, övladları onu qiymətləndirmədi. Ağır, acı anlarında o doğma evini və onu sevən valideynlərini yada saldı. Bir vaxtlar doğma evini atan oğul indi yenidən ora qayıtmaq qərarına gəldi. Ən ağır anlarında onun yadına doğma diyarı düşdü. Zülümlə doğma yerlərinə çatdı, ata evini tapdı və qapını döydü. Qapıda doğma bir sifətlə qarşılaşdı. Bu onun qardaşı idi. Qardaşını görüb ağladı:
- Qardaş, mən geri döndüm. Övladlarım məni atdı. İndi səndən və valideynlərimdən başqa heç kimim yoxdur.
- Sənin valideynlərin də yoxdur. Onlar çoxdandı dərddən ölüblər.
Evlərini atıb getmiş qardaş özünə bəraət qazandırmaq istədi:
- Ancaq mən onların həyatını rahat etdim. Mən gedəndən sonra onların yükü azaldı.
- Yox, onlar həyatlarını bəzəyə biləcək bir adamı itirmişdilər. Ağlamaqdan üzüldülər, ürəkləri sənsizliyə dözmədi. Onların bir məhəbbəti var idi. O məhəbbətlə varlanmaq olmur. Onlar həyatdan getdilər. Çünki məhəbbət bəslədikləri adamın onların sevgisinə ehtiyacı yox idi.
Bundan sonra rahat həyat axtaran qardaş anladı ki, axtardığı rahatlıqda onun ağır gündə qızdıra biləcək, çətin anlarda yardım edə biləcək məhəbbət yoxdur. Anladı ki, var-dövlət ardınca qaçanda həyatında ən qiymətsiz bir şey olan insan ürəyinin məhəbbətini itirib. Bundan sonra doğma yerlərdən uzağa gedib Allahdan özünə rahat ölüm arzuladı. Bu ölüm onu alçaqlıq və nifrətdən azad edə bilərdi. Lakin tale belə rahat cəza vermir. Tale insana ağır cəza verir və onu ömrünün sonuna qədər çəkmək məcburiyyətində qalırsan.

1- 2- 3 - 4- 5 - 6 - 7 - 8 - 9 - 10 - 11 - 12 - 13 - 14 - 15 -16