Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar

Daoist pritçaları


Xoşbəxtlik, yoxsa bədbəxtlik?


Bir kənddə bir qoca vardı. O, çox kasıb idi. Amma bütün imperatorlar ona qibtə edirdilər. Çünki onun bir gözəl ağ atı vardı. Heç kəs ömründə belə güclü, gözəl at görməmişdi. At yox, möcüzə idi. İmperatorlar onun atını almaq üçün qocaya nə istəsə, verə biləcəklərini deyirdilər. Amma qoca deyirdi: “Bu mənim üçün at deyil, şəxsiyyətdi, lütfən deyin, şəxsiyyəti də heç satarlarmı? O, mənim dostumdu, əmlakım deyil. Dostu satmaq olar? Heç vədə!» Onun kasıblığının həddi-hüdudu yox idi, at üçünsə nələr vəd etmirdilər? Amma kişi atı satmırdı.
Bir gün kişi tövləyə gedəndə atı orada görmədi. Bütün kənd onun evinə toplandı. Kişini məzəmmət eləməyə başladılar: “Ağlın yoxdu. Biz bilirdik ki, bu atı bir gün oğurlayacaqlar. Sən gərək onu satardın. Nə qədər istəsən, imperatorlar verməyə hazır idilər. İndi hanı atın? Nə böyük bədbəxtlik!»
Qoca dedi: “Çox da dərinə getməyin. Sadəcə, deyin ki, at tövlədə yoxdur. Bu, faktdı, qalanları mülahizə. Xoşbəxtlik, bədbəxtlik... Hardan bilirsiniz, nə xoşbəxtlik, nə bədbəxtlikdi?»
Adamlar dedilər: “Bizi aldatma, düzdü, filosof deyilik, amma o qədər də axmaq deyilik ki, gün kimi aydın olan şeyi görməyək. Atın oğurlanıb və bu, faciədir».
Qoca dedi: «Siz nə istəyirsiniz, deyin. Mən onu deyirəm ki, tövlə boşdusa, demək, at yoxdu. Bu, faktdı. Başqa şey deyə bilmərəm. Xoşbəxtlik və ya faciə olduğunu deyə bilmərəm. Kim bilir, sonra nə olacaq?»
Adamlar güldülər. Onlar düşünürdülər ki, bədbəxtlikdən kişinin başına hava gəlib. Elə əvvəl də düşünürdülər ki, onun ağlı çatışmır. Atı satıb şah kimi yaşaya bilərdi. Amma o, qoca vaxtı meşəyə gedib odun doğrayır, güc-bəla ilə dolanırdı. İndi yüz faiz aydındır ki, ağlı çatmır.
Amma on beş gündən sonra at geri qayıtdı. O oğurlanmamışdı, meşəyə qaçmışdı. Və tək qayıtmadı, özü ilə bir düjin vəhşi at gətirmişdi. Adamlar yenə toplaşıb qocaya dedilər: «Sən haqlısanmış, qoca. Biz axmağıq. Bu, əsl xoşbəxtlikdi».
Qoca dedi: «Siz Allah, bəsdi. At qayıtdı. Özü ilə atlar gətirdi. Bu, faktdır. Nə olsun? Bu, xoşbəxtlikdi, yoxsa bədbəxtlik? Kim bilir? Mülahizə yürütməyin. Siz kitabın bir səhifəsini oxumusunuz. Bütün kitab haqda rəy yürütməyin. Həyat sahilsiz bir ümmandır. Atın qayıtmasının xoşbəxtlik və ya faciə olduğunu deyə bilmərəm. Kim bilir, sonra nə olacaq?» Gedin və mənə mane olmayın. Allah xətrinə!»
Bu dəfə ona etiraz etmədilər. Bəlkə, qoca bu dəfə də haqlıdır? Susdular, amma qəlblərinin dərinliyində yaxşı başa düşürdülər ki, atın qayıtması və özü ilə on iki at gətirməsi əfsanəvi bir xoşbəxtlikdir. Sat, istədiyin kimi yaşa.
Qocanın bircə cavan oğlu vardı. O, vəhşi atları miniyə öyrətməyə başladı. Bir həftə ötməmişdi ki, o, atdan yıxıldı və qıçı sındı. Yenə adamlar toplandı – adamlarsa hər yerdə eynidilər – başladılar kişini qınamağa: “Qoca, sən düz deyirdin, bu, bədbəxtlikdi. Yeganə oğlunun qıçı sındı. Sənin evinin dirəyi idi oğlun. İşin çətin olacaq!»
Qoca dedi: «Yenə mülahizələr. Niyə tələsirsiniz? Sadəcə, deyin: “Oğlunun qıçı sındı. Xeyirdi, yoxsa şər – kim bilir?».
Bir neçə gündən sonra ölkəyə düşmən hücum elədi, müharibə başladı. Kəndin bütün cavanları müharibəyə getdi. Bircə qocanın oğlunu aparmadılar. Çünki o, şikəst idi. Adamlar yenə yığıldı. Onlar qışqırır, ağlayırdılar. Hər evdən neçə oğlan müharibəyə getmişdi. Onların qayıdacağına ümid az idi. Çünki hücum edən düşmən ölkə çox güclü idi və müharibənin uduzulduğu hər kəsə bəlli idi – uşaqları qayıtmayacaqdı. Onlar qocaya dedilər: “Bizi bağışla! Allah görür ki, sən haqlısan. Oğlunun atdan yıxılması da xeyir imiş. Qıçı sınsa da, gözünün qabağındadı. Sənin oğlun axsasa da, sağalacaq! Bizimkiərsə həmişəlik getdi».
Qoca dedi: «Sizə söz deməyin xeyri yoxdu. Yenə mülahizə yürüdürsünüz. Kim bilir, nə olacaq? Sizin uşaqları zorla müharibəyə apardılar, mənimki evdə qaldı. Heç kəs deyə bilməz ki, bu, xoşbəxtlikdi, yoxsa faciə. Və heç kim, heç vaxt bunu bilməyəcək. Bir Allah bilir».
Bizim toyuğa inanın!

Toyuq damının ətrafındakı hasarın üstündə qaranquşlar oturub cikkildəşirdilər. Onlar çox şey danışsalar da, hamısı yay və cənub haqda düşünürdü. Payız qapının ağzını kəsmişdi. Bir gün qaranquşlar uçub getdi. Ev quşları qaranquşlar haqda danışmağa başladılar. Toyuq dedi: «Gələn il özüm cənuba uçacam». Bir il keçdi, qaranquşlar qayıtdı. Sonra payız gəldi və ev quşları toyuğun gözlənilən səfərini müzakirə etməyə başladı.
Səhər tezdən şimal küləyi əsməyə başladı və qaranquşlar qatarla göyə qalxıb cənuba doğru uçdular. “Bu, səmt küləyidi, uçmaq lazımdı” deyib toyuq qanadlarını düzəltdi və hasardan atılıb qanadlarını şaqqıldatdı və bağa düşdü. Axşam tərəfi çətin nəfəs ala-ala o, geri - hinə qayıtdı orda olanlara cənub təəssüratlarını danışdı: “Orda şose yolu var, dünyada görünməmiş maşın karvanı var... Kartof əkən adamlar gördüm. Bağda çoxlu güllər və bağban var idi...”
-Çox heyrətamizdi, necə gözəl təsvir elədin – dedi quşlar.
Qış gəldi, sonra yenə yaz. Qaranquşlar qayıtdı. Amma hindəki quşlar cənubda dəniz olduğu haqda qaranquşların dediyinə inanmırdılar: «Bizim toyuğun dediyinə qulaq asın!» - deyirdilər bir ağızdan.
Hindəkilərin hamısı toyuğu bilici sayırdı. O, özü isə yaxşı bilirdi ki, cənubda olmayıb, olsa-olsa yolun o üzünə keçib.

Döyüş xoruzu

Tszin Cin-tszı şah üçün döyüş xoruzu yetişdirdi. On gün keçdi, şah soruşdu:
-Xoruz döyüşə hazlrdır?
-Hələ yox. Lovğa-lovğa gəzir, bəzən qəzəblənir – dedi Tszin Cin-tszı. On gün keçdi. Şah yenə həmin sualı verdi.
- Hələ yox – dedi Tszin Cin-tszı – kölgə görəndə, səs eşidəndə hücum edir.
Daha on gün keçdi, şah yenə həmin sualı verdi.
- Hələ yox. Qəzəblə baxır, gücünü göstərməyə cəhd edir.
Daha on gün keçdi, şah yenə həmin sualı verdi.
-Demək olar ki, hazırdır – dedi bu dəfə Tszin Cin-tszı – hətta yanında başqa xoruz qışqıranda narahat olmur. Kənardan baxırsan, elə bil ağacdan yonulub. Onda həyat qüvvəsi ən yüksək həddə çatıb. Artıq başqa xoruzlar ondan çəkinirlər. Onu görəndə qaçırlar.
Quyruğumu palçıqda sürüyəcəm

Çjuan tszı çayda balıq tuturdu. Ona şahdan namə gətirdilər. Orada yazılırdı:
-Sizin üzərinizə dövlət işləri yükləmək istəyirəm.
Çjuan tszı nə tilovu çəkdi, nə də başını döndərdi. Sakitcə dedi:
-Eşitdiyimə görə, Çuda müqəddəs tısbağa var. O, üç min il bundan əvvəl ölüb. Şah onu nazik ipəyə bükərək məbədə qoyub. Bu tısbağa nə istərdi? Sümüklərinə səcdə etsinlər deyə ölü olmağı, yoxsa quyruğu palçıqda sürünsə belə diri olmağı?
Naməni gətirən əyanlar dedilər:
-Əlbəttə, o sağ olmağı, quyruğunu palçıqda sürüməyi istərdi.
-Di çıxın gedin – dedi Çjuan tszı – mən də quyruğumu palçıqda sürüyəcəm.

Gülmə qonşuna

Dzen çarı Vey krallığına hücum etmək üçün özünə müttəfiqlər topladı. Şahzadə Çu göyə baxıb gülümsədi.
-Niyə gülürsən – deyə çar soruşdu.
-Qonşuya gülürəm. O, arvadını valideynlərinin yanına ötürürdü. Yolda tut ağacının yarpağını toplayan bir qadın gördü. Qadın onun xoşuna gəldi və onunla əylənməyə başladı. Sonra dönüb baxanda gördü ki, bir başqa kişi arvadını tovlayır. Ona gülürəm. Çar bildi ki, o, nəyə işarə edir və qoşunu geri qaytardı. Saraya çatmamışdı ki, ölkəsinə hücum elədilər.

Güzgü


Qədimlərdə bir şah böyük bir saray tikdirmişdi. Burada milyonlarla güzgü vardı. Bütün divarlar, döşəmə, tavan güzgü idi. Bir dəfə saraya bir it girdi. Ətrafına baxanda o, çoxlu it gördü. Hər tərəf itlə dolu idi. Bu it ağıllı idi. Ona görə onu əhatə edən milyonlarla itdən özünü qorumaq üçün dişlərini ağartdı. Cavab olaraq bütün itlər ona dişlərini ağartılar. İt mırıldadı, o biri itlər də ona mırıldandı. İt artıq dərk edirdi ki, həyatı təhlükədədir, hürməyə başladı. O, bütün gücü ilə uladıqca cavabında o itlər də hürürdülər. Səhər bu bədbəxt iti sarayda ölü tapdılar. O, sarayda tək idi. Orada heç kim onunla savaşmırdı. Orada heç kəs yox idi. O, özünü güzgüdə görüb qorxmuşdu. Döyüşə hazırlaşanda güzgüdəki əksi də döyüşə hazırlaşmışdı. O, güzgüdəki milyonlarla əksi ilə döyüşdə öldü.
Əgər daxilinizdə heç bir maneə yoxdusa, kənarda da heç bir maneə ola bilməz, heç kəs yolunuzun üstünə çıxmaz. Qanun belədir. Dünya yalnız əksdir, o, bir böyük güzgüdür.

1- 2- 3 - 4- 5 - 6 - 7 - 8 - 9 - 10 - 11 - 12 - 13 - 14 - 15 -16