Köstəbək
Köstəbək atasının, babasının qazıb təmizlədiyi yeraltı
yolları gəzib dolaşmağı xoşlayırdı. O, bu yollarla yuxarı
qalxır, aşağı düşürdü, özünün yemək ehtiyatlarını yoxlayırdı.
Bir gün özünün ərazisini və var-dövlətini yoxladığı vaxt
ona tanış olmayan bir cığır tapdı və o yolun hara apardığını
öyrənmək istədi. Belə etmək istəyəndə səs eşitdi:
- Dayan! Bu təhlükəli yoldur!
Lakin yolun hara apardığını öyrənmək marağı onu dayandırmadı.
Köstəbək yuxarı qalxırdı. Nəhayət, o, yerin üstünə çıxdı.
Ətraf çox işıqlı idi. Bu zavallının ömründə gördüyü sonuncu
şey idi. Gün işığı onun gözünü kor etdi.
Yalan
da belədi. Qaranlıqda gizlənib istədiyi kimi yaşaya bilər.
Ancaq işığa çıxan kimi həqiqət onu kor edir.
Tırtıl
Yarpağa
yapışan tırtıl ətrafdakı həşəratların oxumağı, oynamağı,
tullanmaqlarına, uçmaqlarına maraqla baxırdı. Ətrafda
hər şey hərəkətdə idi. Bu zavallı isə hərəkətsiz qalmışdı.
Ancaq böyük əziyyətlə sürünə bilirdi. Bir yarpaqdan o
biri yarpağa çatana qədər elə bilirdi ki, bütün dünyanın
ətrafına fırlanıb. Buna baxmayaraq o, taleyindən narazılıq
etmirdi. Anlayırdı ki, hər kəs öz işi ilə məşğul olmalıdır.
Oda öz işi ilə məşğul olur, ipək toxuyurdu.
Ancaq
bir gün bunun nə vaxta qədər davam edəcəyini və sonra
nə baş verəcəyini soruşdu. Cavabında eşitdiyi bu oldu:
«Hər şeyin öz zamanı var. Bir qədər səbrli ol. Sonrasını
görəcəksən». Bir müddət keçəndən sonra tırtıl ayıldı və
gördü ki, o əvvəlki kimi hərəkətsiz deyil. Onun rəngli,
yüngül qanadları çıxıb. Bundan sonra qanadlarını qaldırıb
havaya qalxdı.
Ülgüc
Bir
bərbərin çox gözəl və iti ülgücü var idi. Bir gün sahibinin
işdən aralandığından istifadə edən ülgüc çıxıb gəzmək
istədi. İsti yaz günlərindən biri idi. Küçəyə çıxan kimi
gün onun üstünə düşdü və ülgüc günəşin altında parıldadı.
Bundan heyrətə gələn ülgüc dedi:
-
Belə bir gözəllikdən sonra mən bərbərxanaya qayıtmalıyam?
Heç vaxt. Öz həyatımı məhv etmək, kimlərinsə sabunlu sifətlərini
qırxmaq mənimçin ağılsızlıq olardı. Mənim kimi incə ülgücün
yeri bərbərxana deyil. Gizlənəcəm, ora qayıtmayacam.
O
vaxtdan ülgüc yoxa çıxdı. Aylar keçdi. Payız gəldi. Gizləndiyi
yerdə tək darıxan ülgüc havaya çıxmaq istədi. Ancaq nə
baş vermişdi? Bir vaxtlar parlaq olan ülgüc indi paslanmışdı.
Artıq onun üstünə gün düşəndə parıldamırdı. Bunu görən
ülgüc ağladı:
-
Niyə mən aldandım? Bərbər mənə necə qulluq edirdi, gördüyüm
işlə fəxr edirdi. Ancaq indi nə vəziyyətə düşmüşəm. Mən
öldüm. Artıq heç kim məni xilas edə bilməz.
İstedadı
olan, lakin inkişaf etmək əvəzinə özündən razılıq edən
hər kəsi belə bir aqibət gözləyir. Bu zavallı ülgüc kimi
insan da ağlını itirdikdə tənbəl, lazımsız olur. O da
paslanır və bu pas onu məhv edir.
Su
Dənizdə
olan su bir gün göyə qədər qalxmaq fikrinə düşdü. Kömək
üçün o, oda üz tutdu. Od suyu buxara döndərdi. Buxar göyə
üz tutdu. Yuxarı qalxdıqca hava soyuyurdu. Buludlardan
xeyli yuxarı qalxan buxar damcıları donurdu. Qızınmaqdan
ötrü bir-birinə yaxınlaşan buxar dənələri bir yerdə havadan
ağır olduğundan yenidən adi yağış kimi yerə tökülürdülər.
Şöhrətpərəstlik xəstəliyinə tutulan su yenidən göyə qalxır,
hər dəfə də ordan qovulurdu. Yağış kimi yerə düşən suyu
torpaq axır damlasına qədər udurdu. Dənizə qayıtmaqdan
əvvəl su torpaqda hələ xeyli cəza çəkməli oldu.
Qovaq
Məlumdur ki, qovaq o biri ağaclardan tez böyüyür. Onun
budaqları sürətlə göyə qalxır və digər ağacları ötürdü.
Bir gün cavan qovaq özünə dost tapmaq istədi. Bunun üçün
üzüm ağacını seçdi. Dostları ona bunu etməməyi məsləhət
görürdü. Lakin cavan ağac heç kəslə razılaşmayıb üzüm
tənəyilə birləşdi. Ona öz budaqlarına dolanmaq imkanı
verdi. Özünə güclü dayaq tapan tənək daha da tez artmağa
və bar verməyə başladı. Bunu görən kəndli qovaqın budaqlarını
kəsməyə başladı və onun daha da çox uzanmasına imkan vermədi.
Üzüm tənəklərinin bir qədər aşağıda olmasını istəyirdi
ki, salxımları rahat dərə bilsin. Hara getdi qovağın hündür
boyu? Onun boyu qısaldı, əvvəlki görkəmindən əsər-əlamət
qalmadı. Taleyilə barışan qovaq ancaq özünün bar verən
rəfiqəsi üçün dayaq idi. Digər qovaqlar isə durmadan yüksəklərə
qalxırdı.
Daş
və yol
Böyük
və gözəl bir daş var idi. Yaxınlıqdan axan bulaq onun
hər tərəfini təmizləyib, parıldatmışdı. Ancaq bir qədər
sonra bulaq qurudu. Daş isə həmin yerdə qalırdı. Onun
ətrafında çoxlu otlar və gözəl güllər bitirdi. Yuxarıdan
baxanda daş aşağıdan keçən yolu görürdü. Yolda bir çox
xırda daşlar vardı. Tək qalmaqdan darıxan daş tez-tez
aşağı baxır, ordakı daşların yanında olmaq istəyirdi.
Bir gün dözməyib yerindən tərpəndi və aşağı dığırlandı.
Bu yoldan kimlər, nələr keçmirdi! Arabalar, atlar, inəklər,
qoyunlar, keçilər. Kəndlilər o tərəf-bu tərəfə gedirdi.
Daş ayaq altında qaldı. Hər keçən onu kənara tullayır,
tapdalayırdı. Onun əvvəlki gözəlliyindən əsər-əlamət qalmamışdı.
İndi o əvvəlki yerinə həsrətlə baxırdı. İndi keçmiş günlərini
yada salmaqdan başqa əlindən heç nə gəlmirdi.
İnsanlar
da elədi. Bəzən öz sakit kəndlərini atıb səs-küylü şəhərlərə
üz tuturlar. Orda isə çətinliklərə düşüb, itib-batırdılar.
Varlı və kasıb
Bir kasıb usta var idi. O, öz emalatxanasında işləyir,
hərdən yaxınlıqda yaşayan varlı adamın yanına gedirdi.
Usta qapını döyüb, ehtiyatla içəri daxil olur, papağın
çıxarıb varlının qarşısında başını aşağı əyirdi.
Bir gün ev sahibi ustadan soruşdu:
- Sənə nə lazımdı? Görürəm, tez-tez gəlirsən. Ancaq heç
nə deməyib sakitçə çıxıb gedirsən. Bəlkə, nəyəsə ehtiyacın
var? Utanma, istə.
- Təşəkkür edirəm. Bura gəlirəm ki, varlıların necə yaşamasına
baxım. Bir qədər işdən başım açılsın. Belə imkan ancaq
biz kasıblarda var. Təəssüf ki, siz varlılar belə imkandan
məhrumsuz. Siz sakitləşməkdən ötrü heç yerə üz tuta bilmirsiz.
Çünki ətrafınızda ancaq kasıblar yaşayır.
Nizamnamə məcbur edir
Məlumdur
ki, ilin müəyyən dövründə rahiblər oruc tutmalıdırlar.
Bu günlərdə rahib nizamnaməsi onlara ət və yağlı yeməyi
qadağan edir. Düzdür, yolda olsalar, onlara əllərinə düşən
hər şeyi yemək qadağan deyil. Bir dəfə yolda olan iki
rahib dincəlmək üçün kiçik qonaq evində dayanmalı olublar.
Burda onlar bir tacirlə rastlaşıblar. Qonaq evinin sahibi
kasıb olduğundan qonaqlara balaca toyuqdan başqa heç nə
təklif edə bilməyib. Toyuq hazır olandan sonra ev sahibi
onu bütöv halda masanın üstünə qoyur. O, güman edirdi
ki, qonaqlar toyuğu öz aralarında bərabər böləcəklər.
Balaca toyuğa baxan xəsis tacir onun üç nəfərə bəs etməyəcəyini
anlayıb rahiblərə dedi:
- Məncə, indi orucluqdu. İstəmirəm ki, mənə görə qanunu
pozasınız. Günahı öz üzərimə götürüb toyuğu tək yeyəcəm.
Rahiblərin tacirlə razılaşmaqdan başqa yolları qalmamışdı.
Onlar ona orucluğun bəzi xırdalıqlarını, yolda olan rahiblər
üçün güzəşt olduğunu da izah etmədilər.
Tacir
bütün toyuğu yedi. Rahiblər isə çörək və pendir yeməli
oldular. Yeməkdən sonra hər üçü yola çıxmalı oldular.
Rahiblər kasıblıqdan, tacir isə xəsislikdən piyada gedirdilər.
Yolda onlar böyük çaya rast gəldilər. Adətə görə, rahiblərdən
ən güclüsü taciri kürəyinə mindirib çayı keçməyə başladı.
Lakin yolun yarısında rahib nizamnaməsini yada saldı və
tacirdən soruşdu:
- Sənin üstündə pul var?
- Nə axmaq sualdı. Sən bilməlisən ki, özünə hörmət edən
hər bir tacir yola çıxanda özü ilə pul götürür.
-
Təssəüf edirəm. Ancaq biz rahiblərə üstümüzdə pul gəzdirmək
qadağandır.
Bunu
deyib taciri kürəyindən suya atdı. Suya düşən tacirin
toyuğu rahiblərlə bölmədiyinə görə aldığı cəza ilə barışmaqdan
başqa yolu qalmırdı.