Hind
pritçaları
Makedoniyalı
İsgəndər və sanyasin
İsgəndər
Hindistanı tutmağa gedəndə müəllimi Aristotel ona dedi:
"Hindistandan mənə bir hədiyyə gətir. Özünü dərk
etmək üçün dünya həyatından imtina etmiş sanyasini mənə
gətir".
Müxtəlif yerlərdən keçəndə İsgəndər özünü dərk etmiş
adamı soraqlayırdı. Ona dedilər ki, o dağların ətəyində,
çayın sahilində yaşayır həmin qoca. İsgəndər öz sərkərdəsini
göndərib dedi ki, o kişini hörmət-izzətlə yanıma gətir.
Deyilən yerə gələndə sərkərdə yerli ağsaqqaldan sanyasinin
yerini soruşdu. Ağsaqqal dedi:
-Burda sanyasin var. Amma inanmıram ki, onu özünüzlə
getməyə razı sala biləsininz.
Sərkərdə gülüb dedi:
-Boş sözdü. Əgər İsgəndər əmr etsə, şəhər onun arxasınca
gedər.
Sonra sanyasinin yanına gəlib dedi ki, İsgəndər səni
qonaq çağırır. Sənə çox hörmət ediləcək, nə istəsən,
veriləcək. İsgəndər səni Yunanıstana aparacaq.
Sanyasin sakitcə dedi:
-Bu dünyada heç bir qüvvə məni zorla apara bilməz. Əgər
mən sizin İsgəndərə lazımamsa, qoy o, özü gəlsin.
İsgəndərin elçisinə bu sözlər ağır gəldi. O, İsgəndərin
yanına gəlib dedi:
-Bu adam çox yuxarıdan gedir, qorxuram səninlə də elə
davrana. İsgəndər qürurla dedi:
-Mənə lazımi hörmət göstərməyənlər hamısı ölür. Mən
gedirəm.
Qocanın olduğu yerə gələndə İsgəndəri titrətmə tutdu.
Sanaysin ona dedi:
-Demək, böyük İsgəndər sənsən? Mən düşünürəm ki, kim
özünü böyük adlandırırsa, o, böyük deyil və heç vaxt
böyük olmayacaq.
-Mən mübahisə eləməyə yox, səni dəvət eləməyə gəlmişəm.
-Mən külək kimi azadam. Küləyi dəvət eləməzlər. O, istədiyi
yerə gedər. Mən istəsəm, Yunanıstana özüm gedərəm, istəməsəm,
heç kim məcbur edə bilməz.
Bu sözlər İsgəndəri qəzəbləndirdi. O, əlini qılınca
atıb dedi:
-Qoca, əgər getməsən, səni öldürərəm.
Sanyasin dedi:
-Sən bir az gecikmisən. Mən özüm özümü öldürmüşəm.
İsgəndər dedi:
-İndi başın bədənindən ayrılacaq.
Sanyasin dedi:
- Sən mənim başımı bədənimdən ayıra bilərsən, amma məni
öldürə bilməzsən. Çünki sən mənim başımı yerə düşərkən
gördüyün kimi mən də onu görəcəm. İsgəndər bu adamı
öldürə bilmədi. Onun adı Datdameş idi.
Kim daha böyükdü
Bir
padşah var idi. Kiminsə ondan böyük olması fikrinə dözə
bilmirdi. Bir gün o bütün vəzirlərini çağırıb onlara
bir sual verdi:
-Hansımız daha böyükük: mən, yoxsa Allah?
Vəzirlər qorxudan əsməyə başladılar. Onlar düşünmək
üçün vaxt istədilər. Vəzirlərin hamısı yaşlı idi. Heç
biri bu yaşda təqib olunmağı, xoşbəxt həyatı itriməyi
istəmirdi. Amma onlar həm də ləyaqətli adam idilər,
Allahın qəzəbinə gəlmək istəmirdilər. Onlar çox düşünüb-daşındılar.
Axırda ən qoca vəzir təşəbbüsü ələ alıb dedi: “Hər şeyi
mənə həvalə edin, sabah mən padşahla danışaram”. Səhəri
gün saray əhli toplaşdı və vəzir də gəldi. O, sakit
idi. Padşahın qarşısında baş əyib dedi:
- Qibleyi-aləm, sən daha böyüksən.
Padşah bığlarını burub başını bir az da dik tutdu. Qoca
vəzir davam elədi:
- Sən istəsən, bizi öz səltənətindən qova bilərsən,
amma Allah bunu edə bilməz. Çünki onun səltənəti hər
yerdi. Başqa yer yoxdu.
Eyibli
küpə
Hindistanda su daşıyan bir kişinin iki küpəsi vardı.
Onları ağacın ucuna keçirib çiynində su daşıyırdı. Küpələrin
birində çat vardı və bulaqdan ustadın evinə gələnə kimi
suyun yarısı tökülür, küpənin ortasından su qalırdı.
İki il ərzində bu, belə davam elədi. Su daşıyan hər
dəfə bir küpə yarım su gətirirdi. Çatsız küpə öyünürdü.
Çatı olan küpə isə xəcalət çəkirdi. Bir gün o dilə gəlib
su daşıyana dedi:
-Mən utanıram və səndən üzr istəyirəm.
-Niyə? Nədən utanırsan?
- İki ildir, mən doldurduğun suyun yarısını aparıb evə
çatdırır, sənə ziyan vururam. Mənim nöqsanıma görə sən
də öz məqsədinə çata bilmirsən.
Su daşıyan küpəyə dedi:
-İndi biz evə qayıdanda sən yolun qırağındakı güllərə
bax.
Döğrudan da, qayıdanda küpə gördü ki, yolun bir qırağında
çox gözəl güllər bitib. Amma evə çatanda yenə qanı qaraldı,
çünki suyun yarısını gətirib çıxarmışdı. Bu vaxt su
daşıyan ona dedi:
-Fikir verdinmi, güllər yolun yalnız bir tərəfində bitib?
O biri küpənin getdiyi tərəfdə gül yoxdu. Məsələ burasındadır
ki, mən sənin bu nöqsanını bilirdim və bundan istifadə
etdim. Mən yolun sən olan tərəfinə gül toxumları səpdim
və hər dəfə sudan qayıdanda sən onları suvardın. İki
il ərzində mən bu gözəl güllərlə ustadımın stolunu bəzədim.
Sən olmasan, evdə bu gözəllik olmazdı.