Ayrılıq
Yenə də yanına zibilləri tapdayıb gəlməli oldum. Addımladıqca ağırlığım
altında xırçıldayan tullantıların iniltisini ləzzətlə dinləyirəm. Elə
bilirəm ki, bu da sənin səsindi və mənim gəlişimə hay verirsən. Elə bilirdin
səni atmışam? Heç atarammı, bu qədər insafsız olarammı? Mən bilirəm ki,
sən həmişə yanımdasan. Nəfəsin bütün şəhəri sərinlədir, təravət verir.
Biz hamımız sənsiz ölərik, inan mənə.
Çoxdandı görüşmürdük. Görüşümüzə hazırlaşmısan elə bil. Mənimlə təklikdə
görüşməyə ürək eləmədin? Bu nədi, sahilini doldurmusan adamnan. Bəs biz
təklikdə nə vaxt danışaq, gözəlim. Uzaqdan baxanda rəngbərəng çimərlik
kostyumlu adamlar canına daraşmış bit-birəyə daha çox oxşayır. Qışqırışır,
atılıb düşür, yeyib quma sərilir, soyunub özünü günə də verir, Onlar elə
bilir ki, komplekslərindən azad olur, «Bax, mən də soyuna bilirəm» deyib
bir-biriylə bəhsə girir. Sən onlara niyə demədin ki, dənizin suyu əclaflıqları,
pislikləri yuyub aparmır. Aldadırsan? Yaxşı deyil.
Başa düşürsən, buna, yəni insanların soyunub çığıraraq emosiyalarından
azad olmasına «qruppovoy seks» deyirlər. Yəqin mən təbiətcə əyalət adamıyam,
bunu qəbul eləyə bilmirəm. Şəhərin göbəyində böyüsəm də hamının birgə
sevişməsini götürə bilmirəm. Yəqin çox dala qalmışam, zəmanə adamı deyiləm.
Özünü mənim yerimə qoy. Bax, təsəvvür elə ki, sən sevgilinin yanına gəlmisən.
Yaxınlaşmamış onun qoxusunu, iyini duyur, xatirələr selində çimirsən.
Amma bu vaxt kiminsə əli, ayağı gözünə girir, ya da kimsə gözlənilməz
qaqqıltı çəkir, o birisi siqaret, üçüncüsü dərd. Belə «porno»nu heç televtzorda
iki saniyə də dözməzdim. Mənim nəyimə lazımdı ki, büzdümünü yellədə-yellədə
keçib gözümü mazol eləyən birisinin dalına baxım. Onu kadrdan yığışdırmaq
səlahiyyətim yoxdu axı. Vəfasız, sən də ki, heç kimə «yox» demirsən. Bu
qədər əzzəvara olmazlar axı. Bilirəm, bu sənin də ürəyincə deiyil. Amma
bir səsini çıxart, etiraz elə. Deyim ki, sənin Xəzri ilə ilişgilərin mənim
daha çox ürəyimcə idi, nəinki insanlarla. Onda təmizlənirdin, yenilənirdin.
İnsanların zir-zibilini çölə tullayandan sonra elə bil ki, mənimki olurdun.
Əminəm, gəlmələr xəzri-gilavarı sevməz, onun fəlsəfəsini anlamaz. Dağdan
enmiş adamlara çimərlik etibar eləyəndə belə olar da. Onlar sənin nəvazişini
görməyiblər. Sənin «bədənini» satıb qazanan adamlara sutenyor deyərlər.
Onları yalnız pul maraqlandırar.
Vəfasız, mənə də bir qırıq yer saxla sahilində. Hamısını satma. Bilirəm,
səni satıblar, alıblar, üstündə insandan qiymətli kağız da veriblər. Axı
nə zamansa sən həm də mənimki idin. Etibarsızsan, üfüqünü də bölüşdürmüsən,
qumunu da, suyunu da… Vaxt vardı mənim günəşim həmişə dənizdə batırdı.
İndi Günəş acıq verirmiş kimi dənizin içinə irəliləmiş estakadaların içindən
bolanıb sonra dənizə girir. İndi anlayıram, sən onu da aldatmısan yəqin.
Günəş də elə bilir ki, dənizdə batır. Onu yeni çimərliklərdən, içtirahət
komplekslərindən, sağlamlıq zonalarından xəbəri yoxdu.
Mənimçün sən həmişə əsil kişi olmusan. İçimdəki bütün boşluqları doldurmağı
çox yaxşı bacarardın. Saçımı qarışdırar, çınqılını ayaqlarıma batırardın.
Titrəyə-titrəyə suya girən kimi ağuşuna alar, əzəzləyər, az keçmiş soyuğumu
alıb isidərdin. Ola bilər elə o vaxt da özümü aldadırdım. Axı bilirdim
ki, qumlu sahilnən sən bunu əsrlər boyudur ki, eləyirsən. Sahilini yalayırsan,
sığallayırsan, əsəbləşəndə eşib dağıdır, sonra yenidən yanına çığırırsan
və heç vaxt da tək qoymursan, buraxmırsan. Heyhat, mən həmişə üçüncü olmuşam.
Amma bunu üzümə vurmazdın. Əgər sən istəməsəydin məni özündən gen saxlayardın.
Etiraf elə, məni sən də istəmisən. Axı gözünün qabağında böyümüşəm.
İncimə, sahilindəki zir-zibili yığışdırmamış sənə gələn deyiləm. Mən də
sənsiz çox darıxıram. Sənin keyfiyyətlərini kişilərdə axtarmışam. Tapanda
sevinmişəm. Bizim ayrılığın faciəsi odur ki, mən hər il yanına gəlirəm,
amma səni görə bilmirəm. Gün gələcək insanlar sahilinə bir-biriylə yox,
səninlə sevişməyə gələcək. O vaxtacan tikililərin öhdəsindən gələrsən.
Mən gələndə sahilini hasara almış daşların xarabalıqlarının üstündən adlayıb
keçmək istəyirəm. Bunu sevgimizin nişanəsi kimi qəbul edəcəm. Onda qovuşarıq.
Eşidirsən, gözləyəcəm ha…