Pis fikirlər yoluxucudur
Şəhərdə xəstəlik gəzir. Yoluxucu və çox amansız xəstəlik. Qorxulusu odur ki, xəstələnənlər azarını, dərdini anlamır ki, başqası olmasa da özü özünə yardım eləsin. Azar da nə azar? Havayla, suyla yayılsaydı əlimizi ağzımıza dayayardıq, suyumusu qaynadar, həyatımızı sterililzə edib başımızı dolandırardıq. Xəstəlik KİV ilə daha yaxşı yayılır. Biri peşmandı ki, ağzından pis söz qaçırsın, ardıyca pessimistlər dəstəsi, özünü öldürənlər ordusu, gumansızlar, ümidsizlər legionu yaranır. Sonra onlar da solğun baxışlarıyla sağlam insanların üzünə baxıb, bəzən ah-vayla, bəzən dava - dalaşla xəstəliyini cammata yoluxdurur. Bizim redaksiyada da birisi var, interneti açmağına peşmandı, bütün pis xəbərlər onu gözləyirmiş kimi tökülüb gəlir ekranına. Adı da bəddam olub ki, pis xəbərləri cəzb eləyir. İnanmaq olmur, bir az uydurmaya bənzəyir? Gəlin yoxlayaq. Gündəlik qəzetlərin «öldürdü – asdı»dan tutmuş «söydü-sürüdü»yə qədər bütün məlumatlarını oxuyub (yəni özünü birbaşa əjdahanın ağzına ataraq yoluxmaq ehtimalının yüksək olmasına baxmayaraq) sorğuya başlayaq:
- Au…., eşidirsiz? Hər şey bu qədər pisdir?
- Pisdir…, pisdir…, pisdir…
- İrəlidə bizi heç nə gözləmir?
- Gözləmir…, gözləmir…, gözləmir…
- Yaxşı bir şey olmayacaq?
- Olmayacaq…, olmayacaq…, olmayacaq…
- Gözəllikdən yazmayacağıq?
- Yazmayacağıq…, yazmayacağıq…, yazmayacağıq…
- Həqiqəti eşitmək bəzən xoş olmur?
- Olmur…, olmur…, olmur…
- Bu cür yaşamaq yaramaz axı!
- Yaramaz…, yaramaz…, yaramaz…
Elə bil bomboş qayalıqda özünlə təkbaşına qalmısan. Qulağına gələn səslər
jurnalistlərin replikaları, köşələri, araşdırmaları deyil, əks sədadır.
Bəlkə də elə belə də olmalıdı. Jurnalist cəmiyyətin əks - sədası olmalıdı.
Dilimizə bir yaxşı söz gəlirmi ki, yaxşıdan da yazan olsun. Jurnalist
də adamdı, hər səhər hamı kimi «xəstə» sürücünün sürdüyü marşruta minib
«xəstə» sərnişinlərlə yol gedir. Sağına baxır, solunu görür, çirkətab
şəhərin çirkin söhbətlərini dinləyir. Bundan sonra gəlib nədən yazmalıdı
ki?
Amerikalıların özünü optimist eləməyin bizə qəribə gələn bir üsulu var.
Gün ərzində əhvalını saxlamaq və içindəki çirkabı çölə tökməməkçün –
hamının problemi, dərdi və çatışmazlığı ola bilər – hər səhər güzgü
qarşısında məşğələlər eləməyi tövsiyyə edirlər. Özünü normal saymaq
istəyən hər bir amerikalı dünyanı fəth edə biləcək təbəssümünü hər gün
məşq eləməlidi. Dodağı qulaqlarına çatmırsa deməli kifayət qədər amerikalı
deyil, lazımi qədər cəmiyyətə layiqli deyil, bir sözlə adam arasına
çıxacaq halı yoxdu. Məşğələlər «hər şey gözəldir», «bu gün necə də yaxşı
gündür», hətta «mən necə də cazibədaram» tipli frazalarla başlamalıdı.
Bu təbəssümü və əhval-ruhiyəti sifətdə fiksasiya eləməsinə əimn olandan
sonra günün ardını yaşaya bilər. Əslində bu məşğələlər köklü amerikalılara
lazım da deyil. Üzügülərliyi onlar anadangəlmə qazanırlar. Oralarda
bir iki həftə dolaşıb geri qaydanların da ilk etirafı olur ki, burda
hamının üzündən zəhrimar yağır, danışdırsan dilindən. Havasını dəyişmiş
həmvətənimiz hələ bir neçə gün üzündən gülüşünü silə bilmir. Deməli
yaxşı fiikrlər də yoluxucudur. Bax, bu bizim xəstəliyimizin dərmanı
ola bilər. Bəlkə çalışaq?
-Hər şey yaxşıdır!
- …
-Həyat əsrarəngizdir!
- …
-Vallah hər şey düzələcək, yoluna düşəcək!
- …
- İnanmaq lazımlır e …, inanmaq!
- …
- Həqiqətə də dözmək olar!
-…
- Gözəllikdən yazmaq yox, gözəllik yaratmaq lazımdı!
-…